24 Noyabr 2024

Bazar, 19:57

NIZAM-INTIZAMA - " IKI "

Teatr qaydalarını pozan tamaşaçılar ifrata varırlar

Müəllif:

15.03.2009

Deyin, biz teatra niyə gedirik? İnsan niyə buna ehtiyac duyur? Deyəcəksiniz ki, adətən belədir, insanın işləri qaydasında gedəndə çörək və digər təbii ehtiyaclarla yanaşı, tamaşaya, estetik zövqə də tələbat duyur! Düz düşünürsünüz. Amma bəziləri bu iki istəyi eyni zamanda gerçəkləşdirmək fikrinə düşməsə idi, daha yaxşı olardı. 

 

Ədəbsizliyin dəyəri

Nə vaxtlarsa Aristotelin dövründə teatr, əlbəttə ki, fərqli idi, tamaşalar bəzən üç gün  və  daha çox uzanırdı. Hadisələr sabahdan-axşama qədər davam edirdi və tamamilə təbii idi ki,  qullar və patrisilər özləri ilə yemək gətirirdilər. Hər halda, səhnə incəsənətinə nə qədər böyük sevgiləri də olsa, acından ölmək istəməzdilər. Çağdaş tamaşalarda isə hadisələr 2 və ya 3 saat çəkir. Uşaqlar üçün tamaşaların uzunluğu isə daha az olur. Amma adama elə gəlir ki, analar, nənələr və ya dayələr səbəbi bilinmədən öz körpələrinin həyatından çox narahatdırlar. Buna görə də özlərini qəribə aparırlar/. 

Əlqərəz, indi özünü ictimaiyyət içində aparmaq mədəniyyətindən danışmağın vaxtı çatıb.  Təbii ki, mövzu bir qədər mənasız görünür, adama elə gəlir ki, biz artıq bu barədə hər şeyi bilirik. Ancaq mən yalnız teatrlardakı davranış qaydalarına toxunmaq istəyirəm. Daha doğrusu, körpə uşaqlara, onları sevən qohumlarının və onları heç sevməyən müəllimlərinin aşıladığı üslub və ədalardan danışacağıq. 

Sizin çoxunuz, yəqin bilirsiniz ki, uşaqlar üçün tamaşalar saat 12-də başlayır. Bileti əvvəldən alanlar buna tam əmindirlər. Ancaq bu heç nəyi dəyişmir. Biz indiki bakılılar elə  ləng, heyrətamiz dərəcədə tənbəl və zaman baxımından plansız həyat yaşayırıq ki, bəzən  nəfəs almağa da tənbəllik etdiyimizi düşünə bilərik. 

Söhbət əksəriyyətimizdən gedir. Sual olunur ki, görəsən, nə vaxtdan biz belə olmuşuq? Bəlkə yenidənqurma bizi dəyişib? Sovet İttifaqının dağılması buna səbəb olub? Yəqin ki, bütün bu suallara sosioloqların cavabı var. Onlar yəqin bilirlər ki, nədən əvvəllər saat 8-də küçəyə çıxaraq, səhər yeməyi və nahar hazırlamaq üçün süd, tərəvəz və göyərti almaq mümkün idi, amma indi saat 10-dan tez küçədə alverçi belə görmək mümkün deyil. Evdar qadınlar da alış-veriş üçün elə də tələsmirlər. 

Yəni hər şeyin mahiyyəti dəyişib. O cümlədən teatrın da. İndi insanlar tamaşalara öz istəkləri ilə bilet alırlar. Keçmişdə "şöhrətli" olmuş həmkarlar tərəfindən indi heç bir məcburiyyət yoxdur. Təbii ki, indi bilet alanda bilirlər ki, tamaşa neçədə başlayır.  Amma! Biz heç yerə tələsmirik. Biz "mənsiz başlamazlar" prinsipi ilə yaşayırıq. Əgər işdir, bu, baş versə və tamaşa başlasa, bəzi sakinlər satın aldıqları biletlərdə göstərilən yerlərə ayaqları ilə yol açmağa başlayırlar. Onların həmin zaman gətirdikləri arqumentlər isə etikadan və cəmiyyətdə özünü aparmaq mədəniyyətindən çox -çox uzaq olur. 

"Mən bu biletə pul vermişəm!" - deyə, demək olar ki, əsəbi, həm də təhdidedici kişi səsi eşidilir. Tamaşa isə artıq 20 dəqiqədir ki, gedir və bütövlükdə cəmi 45 dəqiqədir!  Həm də zalda oturan insanlar biletə pul veriblər və maraqla səhnədə baş verən hadisələrə diqqət yetirirlər!  Nə olsun ki, o, qürurla yanındakı qızın qolundan tutaraq, parterin ilk cərgələrindən birinin ortasındakı yerinə keçir! İnsanlar isə ayağa qalxaraq, onlara yol verməli olurlar, bununla da arxada oturanlar üçün səhnəni bağlayırlar. Arxada oturanlar diqqətləri yayındığı üçün əsəbiləşirlər! Və iş sadəcə, hansısa kişinin biletə pul verməsindən qaynaqlanır. Maraqlıdır ki, bu cür inadkarlığı məhz kişilər edir, qadınlara adətən nadir hallarda rast gəlinir. Biletin qiyməti isə 3 manatdan 5 manata kimidir. 

Haqlı sual yaranır: şərqli kişilər çoxdanmı nəzakətli olmaqdan imtina ediblər? Bu cür əsəbilik və anlaşılmaz hərəkətlər nədən qaynaqlanır? Və nə vaxtdan ədəbsizlik və qanmazlıq  igidlik sayılmağa başlayıb və ən dəhşətlisi isə adi hala çevrilib? Özü də hamı buna dözür. Düşünürəm ki, buna cavabı yalnız psixoloqlar verə bilər. Ancaq bu bizim qəhrəmanın əməllərinin heç də hamısı deyil. Bir azdan onun mobil telefonunun zəngləri başlayır. Təbii ki, qəhrəmanımız gələn zənglərə cavab verməyə başlayır. Təbii ki, onun bu fəal və "nəzakətli" ünsiyyəti, demək olar ki, hamıya, o cümlədən səhnədəki aktyorlara da mane olur. Ancaq bu, "qəhrəmanımızı" heç də narahat etmir. Nəzarətçi qadın əgər sakitcə xəbərdarlıq edərsə, hadisələr, hətta süjet xəttini yazmış dramaturqun belə ağlına gəlməyən gərginliklərə qədər  inkişaf edir. 

Nəzərə alın ki, kişi qadına qarşı kobudluq edir. Həm də nəzərə alın ki, bu, Bakıda baş verir. Biz nə vaxtdan bu günə dümüşük, cənab bakılılar? Niyə, yolverilməz kobudluq hər yeri - küçəni, nəqliyyatı, məktəbi, teatrı, konsert zalını və s.-i bürüyüb? Yaşlı qadına qarşı kobudluq edirlər!.. Biz şəhərimizi itiririk, cənab bakılılar! Onu itirə-itirə özümüzü də itiririk. Özü də bütün bunlar bizim susmağımız üzündən baş verir. Bizim qəribə mövqeyimiz var - "mənlə işi olmayan düşmən min il yaşasın". 

Bu, doğru yanaşma deyil. Biz hamımız sanki quyuya düşmüş kimi bu problemin içindəyik. Belə getsə, normal insani münasibətlər üçün tamamilə yer qalmayacaq. Bu cilovlanmayan qanmazlıq, hətta bahalı mənzillərin zirehli qapılarını belə keçərək bizi haqlayacaq. Yaxşı biz özümüzdən sonra gələnlərə nə irs qoyacağıq, onlara fransız kralının "məndən sonra istəyir dünya dağılsın" prinsipinə üstünlük verməyimi öyrədəcəyik? Bundan bir şey çıxmaz, buna heç ümid etməyə də dəyməz. Amma minilliyin şəfəqləri altında biz lap orta yüzilliklər vəhşisinə bənzəməyə başlamışıq. 

 

Şəxsi dünya modeli

Niyə bizim gənc analar öz kiçik oğullarını teatra gətirərkən, öz nümunələrində onlara teatra gecikməyin, tamaşa gedə-gedə zalda gəzişməyin, telefonla danışmağın, yemək yeməyin və nəsə içməyin, zaldakı başqa insanlara maneçilik yaratmağın düzgün olmadığını öyrətmirlər?.. Hər şeydən öncə, ətrafdakıların səhnədə baş verənlərə tamaşa etməsinə mane olmaq yolverilməzdir. Ulularımızın yüzilliklərə dayanan müdrikliyi bizə yaşca böyüklərə hörmət etməyin vacibliyini öyrətməyibmi? Biz niyə bunları unutmuşuq? Biz niyə özümüzü köklərini və doğmalarını xatırlamayan manqurtlar kimi aparırıq? Niyə ictimai yerlərdə özümüzü apara bilmədiyimiz üzündən insanları ətrafımızdan uzaqlaşdırırıq; bir millət olaraq, haqqımızda o qədər də xoş olmayan təəssüratlar yaranmasına rəvac veririk? 

Teatrdan niyə danışırıq? Ona görə ki, məhz teatr insanın çılğın istəklərinin və şüurlu yanaşmasının bir yerdə cəmləşdirildiyi kiçik dünya modelidir. Və teatra gəlmiş insanlar bu arzu və istəklərin bir hissəsinə çevrilirlər. Buna görə də bu kiçik zaman kəsiyində, yəni  2-3 saat ərzində onlar bir-birlərinə qarşılıqlı təsir göstərərək, nəsə bir ortaqlıq - mentalitet, mədəni səviyyə və sosial baxımdan ortaqlıq əldə edirlər. Məhz bu ortaq davranış tərzinə görə xaricilər bütövlükdə millətin mədəni səviyyəsinə qiymət verirlər. Nə isə, paradoks alınır! Biz özümüzü elə aparırıq ki, sanki öz yataq otağımızdayıq, istəsək pijama və çəkələkdə gəzə bilərik. Ümumiyyətlə, kimsə bizə söz deyə bilməz. Biz də mədəni adamıq və hər şeyi bilirik. Lazım gələndə öz sözümüzü deməyə də qadirik. Nə zaman və kimə sözümüzu deməli və kim olduğumuzu göstərməliyik?  Kimə göstərməliyik? Vaxtımızı buna sərf edə-edə bir də görürük ki, artıq qocalmışıq. Bu da normaldır. Yəni bütün mədəni insanlarda olduğu kimi. Öz içimizdə və çevrəmizdə bu mülayim və dinc duyğu aləmini yaratmaqla, yaradıcılığa təkan veririk və gərginliyi yox edirik. 

Düşünəndə elə də mürəkkəb deyil. Amma demək olar ki, yerinə yetirmək mümkünsüzdür. Çünki  bizim alaqanmaz "qəhrəman"ımızın çox sevdiyi həmin "azadlıq" növünə hər kəs nail olmaq istəyir. Hər bir kəs öz haqlarını və önəmini nümayiş etdirmək hüququ qazanmaq niyyətindədir.  Buna görə də, uşaqlarını teatra gətirən analar heç düşünmürlər ki, teatra yarım saat gecikməklə gətirəndə uşağa sevinc yox, iztirab, bu incəsənətə aid olan hər şeyə nifrət hissi aşılayırlar. Əslində isə teatra hər bu cür səfər bayram olmalıdır. Uşaq bunu həyatının ən önəmli hadisələrindən biri kimi xatırlamalıdır. Özünüz fikirləşin, daha bunun nəyi bayram oldu - əvvəl qaçırsan, təngnəfəs olursan, sonra anan qarderobda növbədə durmamaq üçün sənin gödəkcəni çantasına soxmağa çalışır! 

Ardından isə qaranlıqda kimlərinsə ayaqlarını basa-basa öz yerlərinə keçirlər, əyləşəndən sonra isə uzun müddət səhnədə nə baş verdiyini anlaya bilmirlər. Və təbii ki, uşaq zaldakılardan orada nə baş verdiyini soruşmağa çalışır. Qonşuluqda oturan yaşıdları isə ona indiyə kimi gördüklərini nəql etməyə çalışırlar. Amma bu, işi bir qədər də pisləşdirir. Çünki onlar əhvalatı yeni gələn uşağa izah eliyən zaman süjet xəttini əldən buraxırlar. Sonra da onlar öz qonşularından nə baş verdiyini soruşmağa məcbur olurlar. Hadisə zəncirvari reaksiya kimi bütün zala yayılır və hər yanı uğultu götürür. Elə vəziyyət yaranır ki, səhnədə hətta aktyorları belə eşitmək mümkün olmur. Ona görə də ana çantasından kotlet çıxararaq oğluna verir, yəni heç nə eşidilmir, qoy heç olmasa, uşaq yemək yesin. Yemək iyi bütün zalı doldurur və uşaqlar bunun haradan gəldiyini müəyyənləşdirməyə çalışırlar. Nəzarətçilər yemək iyinin haradan gəldiyini hamıdan tez tapırlar, amma onların xəbərdarlığına analar incimiş halda cavab verirlər: "Uşaqdır, da-a!". Zalda yeni bir səhnə həyatı başlanır. Kimlərsə qışqırır, kimlərsə kotlet istəyir, kimlərsə nəsə içmək istəyir, bəziləri isə tualetə getmək istədiyini deyir. 

Beləliklə, sehrli və əsrarəngiz teatr atmosferi məhv oldu. Həm də zalla səhnənin dialoqu yoxa çıxdı.  Və biz hələ aktyorlara qarşı edilməsi gərək olan hörmətin səviyyəsindən danışmırıq. Bu başqa məsələdir. Onlar qanmazlığa dözməyə məhkumdurlar. Ancaq uşaqlar! Görəsən, nədən onları anaları bu cür inadkarlıqla teatra gətirir? Yəqin ki, bunu öz meşşan təşəxxüsünü təmin etmək, "biz də teatra  gedirik" demək, yəni mədəni olduğunu göstərmək üçün edirlər. Özü də istirahət günləri. Lütfən, bunu etməyin, getməyin!

Çünki sizin bu cür gedişlərinizin faydasından çox ziyanı var. Uşağa kotlet yedirmək üçün ən yaxşı yer elə evdir. Əgər siz istirahət günü üçün söz verdiyiniz bayramı teatr vasitəsiilə gerçəkləşdirə bilmirsinizsə, bunu etməyin, çünki gələcəkdə bu sizin artıq böyümüş olacaq uşaqlarınızda zalımlıq və nankorluq hissləri formalaşdıracaq. Və inanın ki, onlar sizin verdiyiniz kotletlərin heç də qayğı və sevgi əlaməti olduğunu xatırlamayacaqlar. Onların yadında sadəcə  yarımqaranlıq zalda boğazlarına tıxanan kotlet və  utana-utana yemək barədə sərt tələblərə əməl etdikləri qalacaq. Cənab valideynlər, əgər uşağa  teatrla vağzal arasında fərq olduğunu başa sala bilmirsinizsə və bunu etməyə vaxtınız çatmırsa, lütfən, teatra getməyin! Şəxsən məndə belə fikir var ki, bunu etməyin vaxtı çoxdan çatıb. 

Bir vaxt teatr aristokratlara xas üstünlük sayılırdı. İnqilabdan sonra fərqli yanaşma formalaşdı və teart hamının gedə bildiyi yerə çevrildi. Onda bolşeviklər, doğrudan da, sənətə hamının əlinin çatması üçün çox işlər gördülər. Ancaq onlar proletarları tərbiyə edərək, onlara incəsənəti lazımınca həzm etmək qabiliyyətini aşılaya bilmədilər. 

Buna onilliklər xərclənib. Və böyük uğurlar qazanılıb! Hər bir şəhərli teatrın nə olduğunu və orada necə davranmaq lazım gəldiyini bilirdi. Bəs indi nə baş verir? Zallara uşaqlıqda teatra getməmiş insanlar axışır. Onlar teatrda necə davranmağı bilmirlər. Geyimdən danışmağa belə, dəyməz, axşam geyimləri və ayaqqabılar yada belə düşmür. Burada söhbət bizim tamaşaçılara yad olan elementar qaydalardan gedir. Vəziyyət tam dəqiqliklə keçən yüzilliyin başlanğıcını xatırladır. Ancaq görəsən, maarifçilik funksiyasını kim boynuna götürəcək? Amma müəllimlər uşaqları özləri ilə birgə teatra gətirə bilərdilər. Amma onların da çoxu teatrda özlərini necə aparmaq davranışlarından məhrumdurlar, ona görə də özlərini teatrda vağzaldakından da pis aparırlar. Bəlkə, teatrların özləri bir iş görsün? Yaxşı səslənir, amma. 

Bu, sadalanan problemlərin nə qədər ciddi və həll edilməsinin nə qədər önəmli olması barədə fikirlərimizin çox az bir qismidir. Məsələnin ən önəmli tərəfi bizim uşaqlardır. Onlar sabah beynəlxalq səviyyədə Azərbaycanı necə təmsil edəcəklər? Dünyanın başqa ölkələrinin teatrlarında belə şey yoxdur. Ən azından, oralarda olarkən belə şey görməmişik. Bir də ki axı biz bir şeyi əsaslandırmaq üçün niyə başqasından misal gətirməliyik?.. Axı biz musiqidə, elmdə, səhiyyədə və mədəniyyətdə çox şeylərin birincisi olmuşuq.  Biz istedadlı xalqıq, öyrənməklə yanaşı, öyrətməyi də bacarırıq. Sadəcə, təhsilin və maarifçiliyin çökmüş nüfuzunu yenidən qaldırmalıyıq. Amma nədənsə indi gənclərin müəyyən hissəsi bir savad yiyəsi olmadan diploma və yersiz  iddialara malikdirlər//.


MƏSLƏHƏT GÖR:

403