
ŞƏRQİN SİRR DÜNYASI
Novruz torpağın dirçəlişi, təbiətin oyanışı, mənəvi təmizlik və bərabərlik bayramıdır
Müəllif: Zərifə BABAYEVA Bakı
Müxtəlif xalqların elə bayramları var ki, orada hər bir toplum özünü böyük bir tamın ayrılmaz hissəsi kimi hiss edir. Özü də adama elə gəlir ki, hər hansı bir hissəcik olmasa, bu bayram baş tutmaz. Azərbaycanlılar üçün Novruz belə bayramlardandır. Novruz Azərbaycan torpağının özü qədər qədimdir, heç bir şişirtmə olmadan onu Azərbaycan mədəniyyətinin rəmzi də adlandırmaq olar.
Ancaq bunun əsas özəlliyi ondadır ki, yeni ili astronomik yaz günbərabərliyi günündə qeyd etmək adəti, demək olar ki, Şərqin bütün xalqlarını birləşdirir, sadəcə yerli adətlərin təsiri altında azacıq fərqliliklər var. Şərqdə yeni ilin başlandığı bugünün özünəməxsus bir sirr dünyası var; bu dünya insanın yaranışını, ümumiyyətlə tək başlanğıcı ifadə edir.
Novruz Bayramı və onun ənənələri ayrıca bir elmi araşdırmanın tədqiqat mövzusu ola bilər. Axı hazırda tarix elmində bu bayramın haradan qaynaqlandığı və Şərqin hansı xalqının bu bayrama "müəllif hüququ"nun çatması barədə dəqiq məlumat yoxdur. İnsanlar bu bayramı ilk dəfə nə vaxt qeyd etməyə başlayıblar? Ola bilsin ki, nə vaxtsa ya yerli, ya da xarici alimlərdən hansısa maraqlı araşdıramaya başlayacaq və Şərqin bu adəti haqqında bəlli olanları bir axına toplayacaq. Onda elə irihəcmli bir əsər alınar ki, o, cavablardan çox suallar yaradar.
Bu gün Novruzdan danışanların çoxu orta yüzilliklərin Şərq qaynaqlarına istinad edirlər. Novruzun mənşəyi və onun Şərq xalqları arasında yayılması barədə qiymətli məlumatlar XI yüzillikdə yaşamış ərəb tarixçisi Əbu Reyhan əl-Biruninin (973-1048) "Qədim xalqların inciləri", "Qanuni-məsudi" ("Xoşbəxtlik qanunları"), "Ət-təhafim" əsərlərində, həmçinin Ömər Xəyyamın (1045-1131) "Novruznamə" antalogiyasında, XI yüzillikdə yaşamış ərəb tarixçisi Nizamülmülkün "Siyasətnamə" əsərində rast gəlinir.
Tarix və fəlsəfə
Novruz Bayramını daha çox ən qədim monoteist din olan zərdüştlük və onun yaradıcısı Zərdüştlə əlaqələndirirlər. Məhz bizim eradan qabaq I minillikdə zərdüştlüyün böyük kitabı "Avesta"nın müqəddəs mətnləri yazılan zaman bu bayramın adı Novruz kimi tanınmağa başlayıb. Zərdüştlərdən ötrü Yeni ilin şən bayram edilməsi insanın vacib öhdəliklərindən biri, şərə qarşı mübarizənin önəmli elementlərindən biri idi.
Zərdüştlərin ocaq qalamaq və s. kimi bir çox yeni il adətləri öz dini əhəmiyyətini itirsə də, bu gün də yaşamaqdadır. Başqa sözlə, zərdüştlük sisteminə görə, həyat yaradan və bəxş edən, onu dəstəkləyən və zənginləşdirən, qoruyan hər şey xeyir kimi qəbul edilir. Bu, insana fayda verən təbiət qüvvələrinə də aiddir. Torpaq, su, göy, canlılar, bitkilər hamısı xeyrə aiddir, yəni xeyir ruhu Hörmüzün təcəssümüdür. Ədalət və düzgünlük, sülh, sağlamlıq və gözəllik, sevinc və xoşbəxtlik də işıqlı qüvvələrə aiddir. Həyatı təhdid edən, nizamı pozan, qarışıqlıq salan hər şey isə şər ruhu Anqra Manyu (Əhriman ) tərəfindən yaradılıb. Bu ruh daim qaranlıqdadır və Hörmüzün əbədi düşmənidir.
Zərdüşt dinin işıqlı tərəfinin öyülməsi üçün çox sayda rituallar tətbiq etmişdi. Onlardan ən önəmlisi Novruz idi. Bu bayram yaz günbərabərliyi zamanı Müdriklik Tanrısının və Müqəddəs Odun şərəfinə keçirilirdi. İnsanlar sevinərək və şənlənərək, xeyir və işıq barədə daha çox düşünüb danışaraq, xeyir işlər görərək, xoşbəxtliyi və maddi rifahı artıraraq kosmik balansı dəstəkləyir və həyatın hər hansı bir təzahürünə qarşı düşmən kəsilmiş qara qüvvələrə qarşı mübarizə aparırlar.
Folklora görə, Əhriman dünyanı dağıtmaq üçün yerə on iki şər ruhu göndərir, onlar xeyir dünyasının üzərində dayandığı on iki sütunu dağıtmağa gəlirlər. İlin sonunda, yəni dünya ölümün astanasında olan zaman, şər qüvvələr öz qələbəsini bayram edən vaxt insanlar sevincləri, gülüşləri, rəqsləri və mahnıları ilə onları qovur və sütunları ilkin şəklində bərpa edirlər. Yeni ilin on üçüncü günü iblis yenidən öz qullarını dünyanı dağıtmağa yollayır.
Ancaq Novruzun yaranmasının başqa versiyası da var. Onlardan birinə görə və dünya alimlərinin əksəriyyətinin fikrincə, bu bayramın izləri Şumer, Babil və Assuriya mədəniyyətlərinin yarandığı qədim Mesopotamiyaya gedir çıxır. Babildə yeni il nisan (mart-aprel) ayının 21-ci günü keçirilirdi və bayram 12 gün davam edirdi. Özü də hər günün öz ritualı, tamaşaları və əyləncəsi var idi. Novruz farsca "yeni gün" deməkdir, türk ölkələrində isə Yaz bayramı, qabaqlarsa Turan adlanırmış.
Çuvaşlar indiyə kimi bu bayramı "Tura" adlandırırlar. Bu barədə qədim Çin qaynaqlarında və üç min il əvvəl yaradılmış türk dastanı "Ergenekon"da da bəhs edilib. Türkiyəli araşdırmaçı yazıçı Sərhat Günər isə hesab edir ki, Novruz Bayramının adı Nuh Peyğəmbərlə bağlıdır. Alim əmindir ki, daşqına qədər Nuh peyğəmbər üç gəmi hazırlmaqla məşğul olub. Gəminin birində o, kiçik oğlu Yafətlə gedib. İkinci gəmidə isə böyük oğlu Sam, üçüncü də isə ortancıl oğlu Ham olub. Günər düşünür ki, birinci gəmi Tyanşan (Tanrı) dağının, ikinci Türkiyədəki Cudi dağının və üçüncü isə Afrikadakı Elqon dağının başına düşüb.
Qərbdə və Rusiyada Novruzu çox vaxt "müsəlman yeni ili" adlandırırlar. Əslində isə bu bayram müsəlman dinindən çox qabaq yaranıb və müsəlman təqvimi 354 tam gündən ibarət ay təqvimidir. Onun başlanğıcı Qurban bayramına və ya İd-əl-Fitrə təsadüf edir. Ay təqvimi Günəş təqviminə, buna görə də Yerin Günəş ətrafında fırlanma sürətinə uyğun gəlmədiyi üçün Qurban bayramı gah yaya, gah qışa, gah yaza və gah da payıza düşür. Özü də bütpərəst və zərdüştlük tarixi keçmişinə görə, bu bayram sərt təktanrılıqla və təbiət qüvvələrinə sitayişin qadağan edilməsi ilə bağlı olan islamla əkslik təşkil edir.
Klassik islam təlimi keçmişin bütpərəst irsi ilə barışmaq meyillərini qəbul etmir. Özü də bu barışmazlıq həm ərəblərin özünün, həm də ərəb olmayanların bütpərəst ənənələrinə qarşı yönəlib. Beləliklə, klassik islam təlimində bütpərəstliyə yer yoxdur. Bu yanaşma çoxsaylı islam qaynaqlarındakı nümunələrlə özünü göstərir, tarix də islam adətləri ilə bütpərəst bayramlarının uyğun gəldiyini xatırlamır. Peyğəmbər Məhəmməd əleyhissalamın hədislərinin ən səhih toplularında da birmənalı şəkildə qeyd edilir ki, islam dünyagörüşü cahiliyyət dövrünün bayramlarını qəbul etmir.
Novruza "veto" ilk dəfə VII yüzillikdə ərəb xilafəti Azərbaycanı tutandan sonra qoyulub, lakin bu qadağan alınmayıb, çünki köklərə və ənənələrə bağlılıq həddindən möhkəm olub. Novruzu bolşeviklər də yasaq etmək istəyiblər və SSRİ dağılana kimi rəsmi qadağa mövcud idi. Amma bununla yanaşı, ötən illər ərzində hər bir Azərbaycan ailəsində yüzilliklərin adəti qorunaraq, Novruz bayramı keçirilirdi.
Əllinci illərin sonlarında və altmışıncı illərin başlanğıcında SSRİ-də yaşanan ümumi ilıqlaşma fonunda Şıxəli Qurbanovun təşəbbüsü ilə bu bayramın rəsmi qeyd edilməsinə baxmayaraq, tezliklə Novruz məhərrəmliyə düşdü və ruhanilər bayram şənliklərini ləğv etməyi tələb etdilər. Sonra SSRİ-də siyasi durum dəyişdi və Novruz yenidən de-fakto olaraq qadağa altına düşdü. Yalnız Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Novruz dövlət bayramı statusu alıb.
Çoxçeşidli Novruz
Azərbaycanla və Rusiyanın türk xalqları ilə yanaşı Novruz Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və hətta Hindistanda milli mədəniyyətin ayrılmaz hissəsi hesab edilir. Hindistanda yaşayan gebroy tayfası alova sitayiş edir və artıq minilliklərdir ki, oradan Odlar Yurduna - Azərbaycana zəvvarlar gəlir.
Maraqlı və məntiqlidir ki, dünyanın qədim xalqlarında Yeni ilin bayram edilməsi təbiətin oyanışı ilə üst-üstə düşürdü və adətən martda keçirilirdi. Musanın qanunlarında Yeni il bizim mart və aprel aylarına uyğun gələn "aviv" (yəni sünbül) ayından başlayırdı. Almaniya, Fransa və İngiltərədə yeni ili martdan yanvara yalnız XVI-XVIII yüzilliklərdə keçiriblər. Yeni ili martın əvvəlində bayram edən romalılar da yalnız miladdan öncə 46-cı ildə Yuli Sezarın istəyi ilə yeni yulian təqvimi qəbul ediblər. Yanvar ayı Roma tanrılarından biri - ikiüzlü Yanusun şərəfinə adlandırılıb. 1911-ci ildə monarxiya rejimi yıxılana kimi Çində də yeni ili qışın sonunda qeyd edirmişlər.
Rusiyada il həmişə martın 1-də başlayıb. 1492-ci ildə böyük knyaz III İoann Vasilyeviç Moskva kilsəsinin həm dini, həm də mülki ilin vergilərinin, rüsumlarının və müxtəlif ödənişlərinin 1 sentyabr tarixindən yığılmağa başlaması barədə qərarını təsdiq edib. Ancaq 1699-cu ildə I Pyotr fərman verərək, ilin 1 yanvar tarixdən başlamasını qərara alıb.
Novruz bayramı baharla, təbiətin oyanması, isti günlərin gəlməsi və kənd təsərrüfatı işlərinin başlaması ilə bağlıdır. İlin bu çağının insanların həyatı üçün böyük önəm kəsb etməsi hələ qədim çağlardan magiya, təbiət və məhsuldarlıq kultu, ölən və yenidən dirilən təbiətə inamla bağlı çox sayda adət və ənənələr yaradıb. Bayrama faktiki hazırlıq bir ay qabaq başlayır. Bayramdan qabaq gələn dörd çərşənbə axşamı "su çərşənbəsi", "od çərşənbəsi", "torpaq çərşənbəsi" və "axır çərşənbə" adlanır. Xalq inancına görə, birinci çərşənbə axşamı su təzələnir və durğun sular hərəkətə gəlir. İkincidə od və üçüncüdə torpaq təzələnir. Dördüncü çərşənbə axşamı isə külək ağacların kökünü açır və xalq inancına görə, yaz başlayır. Hesab edilir ki, insan özü də bu dörd elementdən - su, torpaq, hava və oddan ibarətdir və bunların hər birinin öz fizioloji və metafizik mənası var.
Başqa bir maraqlı adət su və atəşlə bağlıdır. Suya təmizləyici bir qüvvə kimi baxılması onun çirki yumaq xüsusiyyəti ilə bağlıdır. Su ilə bağlı adətlər sadalananda tez-tez ötənilki günahların yuyulması üçün axar suyun üzərindən tullanmaq gəlir. Küçələrdə evlərin damında bayram tonqallarının yandırılması da geniş yayılıb. Novruzqabağı son çərşənbə axşamı tonqalın üzərindən atlanmaq isə, demək olar ki, hər bir adam üçün məcburi adətdir. Adətən, ya bir tonqalın üzərindən yeddi dəfə tullanırlar, ya da birdəfəyə yeddi tonqal üzərindən atlanırlar. Qədimlərdə tonqalları həddi-büluğa çatmamış oğlan uşağı çaxmaqla yandırırmış. Bu cür tonqal təmiz sayılırmış.
Hər il bayrama xas olan şirniyyatlar bişirilir: şəkərbura şirin qozlu içlə və ədviyyatla doldurulmuş xəmirdən hazırlanır; şorçörəyi ədviyyatlı içi olan qat-qat xəmirli duzlu kökədir; Quba, Gəncə, Bakı paxlavası qozlu içliyi olan qat-qat un məmulatıdır; fəsəli yağlı nazik kökədir; külçə ədavalı şirin çörəkdir; səməni halvası cücərdilmiş buğdadan bişirilir.
Alman səyyahı Adam Oleari 1637-cı ildə Şamaxıda olarkən Novruz bayramının qeydedilmə mərasimi onda çox güclü təəssürat oyadıb və səyyah öz hisslərini yol gündəliyində yazıya köçürüb: "Münəccim tez-tez öz yerindən qalxaraq günəşin hündürlüyünü ölçürdü, saatına baxırdı, günəşin gecə ilə gündüzün bərabər olduğu nöqtəyə qalxacağı anı gözləyirdi. Gözlənən dəqiqə çatanda, o, yüksəkdən bildirdi: "Yeni il başladı". Həmin dəqiqə toplardan atəş açıldı, şəhərin divarlarında və qüllələrində musiqi çalındı, nağara vuruldu və yaz bayramı başladı"...
MƏSLƏHƏT GÖR: