Müəllif: Aysel QARAYEVA Bakı
Azərbaycanda su sahəsində olan problemlər hələ də gündəlikdə qalır. Dünya Su Ehtiyatları Günü olan 22 martın yaxınlaşması da bir daha bu barədə düşünməyə əsas verir. Bu yaxınlarda Azərbaycanda içməli suyun keyfiyyətinə həsr edilmiş beynəlxalq-elmi praktiki konfransda BMT İnkişaf Proqramının ekspertləri bildiriblər ki, su təchizatı ilə bağlı problemlər ölkənin milli təhlükəsizliyi üçün qorxuludur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertləri də bu mövqeyi dəstəkləyirlər.
Xarici təhlükə
Azərbaycan ərazisindən axan 1000 çaydan yalnız 21-nin uzunluğu 100 kilometrdən böyükdür. Cənubi Qafqazın ən iri çayı olan Kür Azərbaycanı şimal-şərqindən cənub-qərbinə qədər kəsir və Xəzər dənizinə tökülür. Kürün əsas qolu Arazdır və Azərbaycan çaylarının çoxu Kür hövzəsindədir. Hər yerdə olduğu kimi, bu çaylar da suvarma və su təchizatı üçün işlədilir. Kürün üstündə Mingəçevir SES və həmçinin sahəsi 605 kv.km olan Mingəçevir su anbarı tikilib. Mövcud qaydalara görə, iri şəhərlər bir neçə müstəqil su təchizatı mənbəyinə malik olmalıdır. Bakı bu məqsədlə yerüstü (Samur və Kür çayları) və yeraltı (Şollar) sulardan istifadə edir.
Və bütün bunlarla yanaşı, bütövlükdə Azərbaycanda su çatışmazlığı hiss edilir və narahatlıq üçün xeyli səbəb var. O cümlədən, Azərbaycan Avropanın su ehtiyatlarının 50 faizindən 80 faizə qədərini kənardan alan ölkələr sırasındadır. Buna görə də yerli ekspertlər "həyəcan təbili" çalırlar, Milli Məclisin deputatları isə sanırlar ki, ölkənin su sahəsi ilə bağlı mümkün qədər çoxlu qanunvericilik aktları qəbul etmək lazımdır.
Nəzərə alınsa ki ölkənin su təchizatının böyük bölümü - 70%-i ekoloji baxımdan böhran vəziyyətində olan Kür çayının payına düşür, onda bizim ölkənin milli təhlükəsizliyinin yaxın gələcəkdə hansı təhdidlərlə üzləşəcəyini təsəvvür etmək çətin olmaz.
Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Ermənistan və Gürcüstanla transsərhəd Kür və Araz çaylarının monitorinqinin gedişində fenol və mis birləşmələri ilə yüksək çirklənmə səviyyəsi müəyyən ediblər. Araşdırma aparan mütəxəssislərin fikrincə, Ermənistan və Gürcüstan ərazisində transsərhəd çayların çirklənməsinin əsas səbəbi istehsalat və məişət sularının təmizlənmədən axıdılmasıdır. Sözügedən çaylarda oksigen rejimi sanitar normalarına uyğun olsa da, Qardabani tərəfdə Kürə daim azot atılması yalnız heyvan və bitki aləminə deyil, həm də insanların sağlamlığına təsir göstərir. Ermənistanla sərhəddə fenol və mis birləşmələrinin səviyyəsi normadan dəfələrlə yüksəkdir. Horadiz və I Şahsevən tərəflərdə Araz çayının əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələrinin səviyyəsi normadan 3 dəfə, Bəhramtəpədə isə 2 dəfə yüksəkdir.
Məhz buna göra, 2008-ci ilin noyabr ayında Azərbaycan prezidenti İlham Əliyev "Əhalinin ekoloji təmiz su ilə təmin edilməsi üzrə əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, Azərbaycan əhalisinin ekoloji tələblərə cavab verən su ilə təmin edilməsi üzrə dövlət tərəfindən görülən tədbirlər nəticəsində 2007-2008-ci illərdə Naxçıvanın bir sıra rayonlarında, həmçinin Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində modul tipli sutəmizləmə qurğularının tikintisinə başlanıb və bir çoxları artıq işlədilir.
Müsbət nəticələri nəzərə alan ölkə başçısı Kür və Araz çayı boyunca yerləşən rayonların daha 200 kəndində bu cür təmizləmə qurğusunun quraşdırılması barədə sərəncam verib. Sutəmizləmə qurğularının tikintisi həmçinin Azərbaycanın 23 may 2007-ci ildə təsdiq edilmiş milli təhlükəsizlik konsepsiyasında da nəzərdə tutulur. O cümlədən bu sənədlərə uyğun olaraq, milli təhlükəsizlik istiqamətləri sırasında başqa problemlərlə yanaşı, ekoloji problemlər və ətraf mühitin mühafizəsi problemi, həmçinin Azərbaycan əhalisinin sağlamlığı da durur ki, bu sıraya su təchizatı da aiddir.
Kür və Arazın monitorinqi
Hazırda Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən "Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" konvensiyanın da üzvüdür. Biz qonşu ölkələri bu konvensiyalara qoşulmağa çağırırıq. Ancaq Gürcüstan və Ermənistan bu konvensiyalara qoşulmurlar, buna görə də belə hesab edilir ki, məhz qonşuları Azərbaycanın içməli su mənbəyi olan Kür və Arazı çirkləndirir. Bu çaylar ölkənin içməli su ehtiyatının böyük bölümünü təşkil edir və onların ehtiyatı 34-35 kubkilometr qiymətləndirilir.
Beynəlxalq layihələrə gəldikdə isə Avropa Birliyi (AB) Kür çayı hövzəsində su ehtiyatlarının transsərhəd menecmenti layihəsi çərçivəsində Azərbaycana, Gürcüstana və Ermənistana böyük yardım edib. Cənubi Qafqaz ölkələri və Avropa Birliyi arasında bağlanan müqaviləyə görə, suyun keyfiyyətinin monitorinqi avadanlığını almaq üçün Gürcüstan, Ermənistan və Azərbaycanın hər birinə 1 mln 500 avro vəsait ayrılıb.
Layihənin məqsədi Kür çayı hövzəsində ümumi su qaynaqlarının idarə edilməsi sahəsində regional əməkdaşlığa yardım etmək, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistana su resurslarının inteqrasiya olunmuş şəkildə idarə olunmasında, birgə səylər nəticəsində ən çirklənmiş sahələri tapmaq və laızm olan tədbirlər üzrə ümumi proqramın işlənməsində, inteqrasiya olunmuş su resurslarının idarə edilməsi üzrə qəbul edilmiş qərarların dəstəklənməsi üçün transsərhəd monitorinq sisteminin quraşdırılmasına kömək etməkdir.
Avropa komissiyası layihə üzrə yardım göstərilməsi üçün "EPTISA & Grontmij - CarlBro Consortium" ilə saziş bağlayıb. Konsorsium USAID, UNDP, OSCE, NATO, EBRD və WB tərəfindən gerçəkləşdirilən ətraf mühit layihələrini əlaqələndirir. Proqram layihənin Tbilisidə yerləşən ofisi tərəfindən idarə edilən təcrübəli beynəlxalq və yerli məsləhətçilər komandası tərəfindən gerçəkləşdirilir.
2007-ci ildən Azərbaycanda Milli Su Kadastrı informasiya sisteminin yaradılmasına başlanıb. Bu sistemin formalaşdırılması həm daxili su resurslarını, həm də transsərhəd su resurslarını effektiv idarəetməyə imkan verəcək. Həmçinin məlumatların prosesə qoşulmuş müxtəlif idarələr arasında mübadiləsinə, onların fəaliyyətinin əlaqələndirilməsinə şərait yaradacaq. Azərbaycanın məlumat sisteminin işlənməsinə, tərtib və istifadə edilməsinə ABŞ beynəlxalq inkişaf agentliyinin Cənubi Qafqaz üzrə Proqramı yardım edir. Gürcüstan və Ermənistana da analoji yardım göstərilir.
Dünya SU Günü
Dünya Su Resursları Günü önəmli beynəlxalq ekoloji tarixlərdən biridir. Çünki dünya toplumu üçün təmiz içməli su məsələsi kəskin problemlərdən olaraq qalır. İyirminci yüzillikdə onun istehlakı 7 dəfə artıb. Planetin içməli su ehtiyatları, demək olar ki, tükənir. Dünya Meteorologiya Təşkilatının məlumatına görə, 2020-ci ildə planetin bütün əhalisi içməli su çatışmazlığı ilə üz-üzə qala bilər. Yerin yetərincə su ehtiyatına malik olmasına baxmayaraq, onlar qeyri-bərabər paylanıb.
Bu baxımdan, XXI yüzillikdə silahlı münaqişələrin əsas səbəblərindən biri su ehtiyatları uğrunda mübarizə ola bilər. Su üzrə dünya komissiyasının (World commission on water) hesablamalarına görə, bu gün hər bir adam üçün gün ərzində içmək, yemək hazırlamaq və şəxsi gigiyena üzrə ən azı 40 litr su tələb edilir. Ancaq dünyanın 28 ölkəsində bir milyarda yaxın insanın bu miqdarda su əldə etmək imkanı yoxdur. Təmiz içməli su çatışmazlığı problemi Afrikanın ən vacib problemlərindən biridir. İnkişaf etməkdə olan ölkələrdə patologiya və xəstəliklərin 80%-i bu və ya başqa şəkildə təmiz su çatışmazlığı ilə bağlıdır.
Ona görə də bu problem qlobal iqlim dəyişmələri və səhralaşma prosesinin, meşələrin qırılmasının güclü atropogen təsirini nəzərə almağı tələb edir. Ekspertlər insanın istehlak etdiyi suyun təmizliyinin vacibliyinə diqqət yetirirlər. Bu gün bir neçə milyard insan mikrobioloji baxımdan təmiz su istehlakından məhrumdur. Bundan nəticə çıxarmaq isə hamının borcudur...
MƏSLƏHƏT GÖR: