
VAR QÜVVƏ İLƏ BÖHRANA QARŞI
Azərbaycan hökuməti sahibkarlara əlavə dəstək verəcək
Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycan ötən ili o qədər də pis olmayan göstəricilərlə başa vurdu. Payızda başlamış dünya maliyyə böhranına və neftin qiymətinin ən azı üç dəfə düşməsinə baxmayaraq, ölkə üzrə ÜDM artımı 11% təşkil edib. Bu, MDB məkanı ölkələri arasında ən yüksək göstəricidir. 2008-ci ildə dövlət büdcəsinin gəlirləri 80% artıb. Özü də bunun xeyli hissəsi neftdənkənar bölmənin hesabına olub. Bütün bunlar milli iqtisadiyyatın yetərincə dayanaqlı olmasından, onun qlobal təhlükələrə qarşı duruş gətirmək qabiliyyətindən xəbər verir. Ancaq ekspertlərin proqnozlarına görə, müşahidə edilən azalma dünya ölkələrinin əksəriyyətinin iqtisadiyyatının, demək olar ki, bütün sahələrini əhatə edəcək və az, ya çox şəkildə bizim ölkəyə də toxunacaq. Dünya böhranının təsirlərinin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan hökuməti bir sıra böhran əleyhinə tədbirlər hazırlayır.
"Ötən il hökumət fəaliyyətini elə də sadə olmayan şəraitdə, dünya iqtisadi böhranının təsirləri altında gerçəkləşdirib. Amma göründüyü kimi, bu il daha çətin keçəcək. Bununla belə, bizim ölkəmiz belə sınaqlara hazırdır: Azərbaycanın valyuta ehtiyatları 2009-cu ilin başlanğıcında $18 mlrd.-ı ötür. Bu, iqtisadiyyatı mənfi təsirlərdən qorumağa imkan verər", - deyə parlament sədri Oqtay Əsədov Milli Məclisdə hökumətin 2008-ci ildəki fəaliyyəti barədə hesabatı dinlənərkən bildirib. O, həmçinin qeyd edib ki, böhran əleyhinə proqramdan irəli gələn tapşırıqlar Azərbaycan prezidenti tərəfindən müəyyən edilib və inflyasiyanın azaldılmasını, rəqabətin gücləndirilməsini, iqtisadiyyatın gerçək bölmələrinə yatırımların gerçəkləşdirilməsini, sahibkarlığın dəstəklənməsini, ərzaq təhlükəsizliyinin təmin edilməsini və s. əhatə edir.
Risk qrupu
Bizim ölkəmiz hələ ki elə də fəlakətli çətinliklər hiss etmir. Bununla belə, bir sıra bölmələrdə - tikintidə, metallurgiyada, inşaat materialları istehsalında müəyyən qədər istehsalatın azalması müşahidə edilir. Aqrar, dağ-mədən və emal bölmələri, həmçinin turizm və beynəlxalq tranzitlə bağlı nəqliyyat bölməsi üçün də müəyyən risklər mövcuddur. Şəksiz, əsas enerjidaşıyıcısı olan neftin qiymətinin dünya bazarlarında düşməsinin uzun çəkməsi neft hasilatı sahəsi üçün də vəziyyəti çətinləşdirə bilər. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində vəziyyət nisbətən qənaətbəxşdir, çünki burada xidmətlər əsasən daxili bazara ünvanlanıb və onların həcmində hələ ki azalma müşahidə edilmir. Maşınqayırmanın, avtomobil sənayesinin və s. sahələrin zəif inkişf etməsi üzündən bu sahələrdə müşahidə edilən azalmanın ümumi iqtisadi duruma təsiri özünü o qədər də göstərmir.
İstənilən halda, fevralda bir sıra nazirliklər və qurumlar mümkün riskləri bəyan ediblər, ölkə KİV-ləri də bir sıra layihələrin dayandırılmasının mümkünlüyü barədə ehtimalları yayıblar.
Dövlət Neft Şirkətinin (ARDNŞ) başçısı Rövnəq Abdullayevin sözlərinə görə, iqtisadi böhran və neftin qiymətinin düşməsi ilə bağlı bir sıra layihələrin gerçəkləşdirilməsinin dayandırılması ehtimal edilir. O cümlədən bu, cari və gələn ildə gerçəkləşdirilməsi nəzərdə tutulan energetika yönümlü layihələrə də aiddir. Bununla yanaşı, ARDNŞ prezidenti qeyd edib ki, söhbət beynəlxalq layihələrdən getmir. Onların gerçəkləşdirilməsi davam etdiriləcək.
Nisbətən böyük qayçılama nəqliyyat sahəsində nəzərdə tutulub. Nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, bir sıra yolötürücülərinin, həmçinin rayonlararası və kəndlərarası avtomobil yollarının təmiri layihələri qeyri-müəyyən müddətə təxirə salınıb. Bununla belə, idarə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə layihələrin gerçəkləşdirilməsi çərçivəsində işlərini davam etdirməyi nəzərdə tutur.
İqtisadi böhrandan əziyyət çəkənlər arasında, şəksiz ki, məhsulları əsasən ixrac üçün nəzərdə tutulan Azərbaycan şirkətlərinin olması da mümkündür. Məsələn, Sumqayıt boruyayma zavodu "Azərboru"nu, "Azneftkimmaş" holdinqinin müəssisələrini, bentonit istehsalçılarını bu sırada göstərmək olar. Risk qrupuna büdcədən maliyyələşdirilən kommunikasiya və əsaslı tikinti layihələrinin podratçıları kimi işləyən özəl şirkətlər də aiddir.
Yaranmış durumda hökumət və Azərbaycan parlamenti böhran əleyhinə bir sıra qarşılama tədbirləri üzərində işləyir. Belə ki, Milli Məclis "Neft-qaz bölməsində ixrac fəaliyyəti üçün xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Qanun layihəsini qəbul etməyə hazırlaşır. Qanun regional energetika layihələrinin gerçəkləşdirilməsinin gedişində ölkənin sənaye potensialının açılması üçün xüsusi güzəştli vergi rejimi yaratmağa, ixrac potensialını artırmağa və ölkənin neft-qaz kompleksinin rəqabət üstünlüyünü gücləndirməyə imkan verəcək.
Sahibkarlığın dəstəklənməsi
Öz növbəsində İqtisadi İnkişaf Nazirliyi (İİN) ölkə iqtisadiyyatının neftdənkənar bölmələrində işləyən ixracatçı şirkətlərin dəstəklənməsinə yardım üçün fəaliyyət planı işləyib. O cümlədən, ABŞ administrasiyasının və AB-nin gerçəkləşdirdiyi və Azərbaycanın çıxış imkanı olan GSP və GSP+ proqramları çərçivəsində ixracat güzəştlərinin istifadəsinin genişləndirilməsindən söhbət gedir. İİN-ə bağlı olan Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) işində də nəzərə çarpacaq zəifləmələr gözlənilir.
"İnvestisiya kreditinin maksimum ölçüsünün 3 milyon manatdan 5 milyon manata artırılması, faiz dərəcələrinin maksimum azaldılması, kreditləşdirmə müddətinə düzəlişlər edilməsi imkanlarına baxılır",- deyə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. Kreditləşdirmə üçün layihələrin təqdim edilməsi qaydalarına da müəyyən düzəlişlər ediləcək. O cümlədən İİN hansı hallarda sahibkarların səlahiyyətli banklara, bankların isə fonda müraciət edə biləcəyi sistemini də tətbiq etmək niyyətindədir. Özü də banklara layihəni kreditləşdirmənin məqsədəuyğunluğunu öyrənmək üçün 15 gün ayrılacaq. Bütövlükdə, ərizənin verilməsindən, onun fond tərəfindən bəyənilməsinə kimi 28 gün keçəcək, üstünlük istehsal yönümlü layihələrə veriləcək.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun sözlərinə görə, SKMF kiçik və orta sahibkarlığın (KOS) maliyyə vəsaitləri ilə təmin olunmasının real mənbəyinə çevrilib və gözlənilən dəyişikliklər bu qurumun imkanlarını artıracaq. "Ancaq sahibkarlara dəstək yalnız SKMF-nin fəaliyyətində dəyişikliklərlə məhdudlaşmayacaq. Hökumət "2009-2013-cü illərdə sahibkarlığın inkişafı üzrə dövlət proqramı" layihəsinin hazırlanmasını başa çatdırır. Bu sənəd biznesin qeydiyyatında və gerçəkləşdirilməsində proseslərin liberallaşdırılması, güzəştli kreditləşdirməyə çıxış imkanlarının yüngülləşdirilməsi, ixrac imkanlarının genişləndirilməsi, sahibkarların hüquqlarının qorunması üzrə kompleks tədbirləri nəzərdə tutur", - deyə Y.Eyyubov aydınlaşdırır.
Yeni proqram altı blokdan ibarətdir və onların da hər biri iqtisadi yönümlər üzrə bölünüb. Proqramda KOS subyektlərinin maliyyələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və liberallaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, yeni maliyyə alətlərinin tətbiqi məsələləri öz əksini tapıb.
Proqramın vacib elementlərindən biri treninqlərin keçirilməsi, sahibkarlara məsləhət xidmətlərinin və infrastruktur dəstəyinin göstərilməsidir ki, bunun üçün sənaye şəhərciklərinin və biznes-inkubatorların yaradılması planlaşdırılır. Həmçinin, iqtisadiyyatın innovasiya yönümləri üçün fiskal rejimin yüngülləşdirilməsi nəzərdə tutulur. Bunun azad iqtisadi zonaların inkişaf etdirilməsi, əmlakın qeydiyatında "vahid pəncərə" sisteminin tətbiq edilməsi, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi və ədalətsiz rəqabətin aradan qaldırılması vasitəsiilə əldə edilməsi düşünülür.
Ölkənin ictimai birlikləri də böhran əleyhinə tədbirlər üzrə öz təkliflərini verirlər. Azərbaycan Milli Sahibkarlar Konfederasiyası tərəfindən də belə bir təkliflər zərfi işlənərək İİN-ə təqdim edilib. Onun əsas bəndləri arasında əsasən tikinti bölməsində və aqrar-sənaye kompleksində, yəni kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan və işçisi 2 mindən çox olan iri özəl müəssisələrə birbaşa dövlət yardımının edilməsi də nəzərdə tutulur. Həmçinin SKMF xətti ilə KOS subyektlərinə dövlət tərəfindən ayrılan vəsaitlərin həcminin bir milyard manatdan yüksək səviyyəyə qaldırılması da düşünülür.
Ancaq qeyri-hökumət təşkilatlarının təkliflərinin əsas hissəsi fiskal üstünlüklərlə bağlıdır. Kadr ixtisarlarının qarşısının alınması üçün şirkətlərə sosial-sığorta ödənişləri üçün "tətillər" verilməsi də təklif edilir ki, şirkətlər böhrandan sonra yavaş-yavaş bu vəsaitləri qaytara bilərlər. Sadələşdirilmiş vergi qaydalarının dəyişdirilməsi də nəzərdə tutulur. Hazırda bu vergi fiziki şəxsin rüblük dövriyyəsi 22,5 min manatdan aşağı olan hallarda tətbiq edilir və dövriyyənin 4%-i səviyyəsində tutulur. Konfederasiya sadələşdirilmiş vergi şamil olunan rüblük dövriyyəni ən azı 10 dəfə artırmağı, yəni 225 min manata çatdırmağı təklif edir. Buna səbəb kimi KOS subyektlərini rüblük dövriyyəni yetərincə artıran inflyasiyanın təsirlərindən qorumağın vacibliyi göstərilir.
Milli Sahibkarlar Konfederasiyasının və başqa biznes assosiasiyalarının sadaladığı təkliflərdən hansının hökumətin böhran əleyhinə zərfində əks olunacağı hələ aydın deyil. Ancaq bəllidir ki, karbohidrogen vasitələrin qiymətinin dəfələrlə düşdüyü bir şəraitdə məhz neftdənkənar bölmənin özəl müəssisələri yaxın bir-iki ildə dövlət büdcəsinin doldurulmasında əsas baza rolunu oynayacaq. Bu isə o deməkdir ki, hakimiyyət onların səmərəli və gəlirli işləməsində maraqlıdır.
MƏSLƏHƏT GÖR: