
AMERİKANSAYAĞI "TƏKRAR YÜKLƏNMƏ"
Hillari Klinton ABŞ-in yeni administrasi-yasının xarici siyasi kursunun detallarını açır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Yaxın Şərq və Avropa ölkələrinə turne Hillari Klintonun ABŞ-ın dövlət katibi qismində ikinci xarici səfəri oldu. Bundan az əvvəl o, Cənub-Şərqi Asiya ölkələrinə - Yaponiya, Çin, İndoneziya və Cənubi Koreyaya baş çəkmişdi.
Lakin Birləşmiş Ştatların sabiq birinci ledisinin məhz Müqəddəs Torpaq və Köhnə Dünyaya səfərləri Amerikanın hazırkı diplomatiyası üçün xarakterik sayılır. Bu səfərlər dünyanın fövqəldövlətinin müəyyən problemləri olan ölkələrə münasibətdə "yenilənmə"nin göstəricisi kimi qəbul olunur.
Bu turneni ABŞ-ın yeni administrasiyasının ölkənin müsbət imicinin formalaşdırılması istiqamətində atdığı addımların tərkib hissəsi kimi qəbul etmək olar. Çünki məlum olduğu kimi, ənənəvi olaraq demokratların hakimiyyəti dönəmində ABŞ beynəlxalq problemləri güc vasitəsilə yox, çevikliklə həll etməyə çalışır.
Yaxın Şərq motivləri
H.Klintonun Yaxın Şərqə səfəri İsrailin Qəzza zolağında hərbi əməliyyatları dayandırmasına baxmayaraq, bölgədə gərginliyin pik nöqtədə olduğu məqama təsadüf etdi. ABŞ-ın yeni dövlət katibinin ərəb-İsrail münaqişə zonasına baş çəkməsindən gözləntilər həddindən artıq çox idi: onun, ən azı, Barak Obama administrasiyasının Yaxın Şərq münaqişəsinin həllilə bağlı yürüdəcəyi siyasətə aydınlıq gətirəcəyi gözlənilirdi. Və xanım Klinton bu siyasətin, ən azı, müəyyən cizgilərini nümayiş etdirdi.
Misirin Şarm-əş-Şeyx şəhərində Qəzza zolağına yardımla əlaqədar təşkil olunmuş beynəlxalq konfransa qatılan Hillari Klinton Vaşinqtonun Fələstinin radikal HƏMAS qruplaşması ilə əlaqə yaratmaq arzusunda olmadığını, danışıqlar aparmaq üçün yalnız Fələstinin FƏTH lideri Mahmud Abbasın rəhbərlik etdiyi administrasiyanı gördüyünü nümayiş etdirdi. ABŞ Qəzza zolağının bərpası məqsədi ilə məhz bu struktura 900 milyon dollar ayırmaq fikrindədir.
Bunun ardınca Qütsdə İsrail rəhbərliyi ilə görüşən Klinton ABŞ-ın respublikaçı administrasiyasının da mövcud tezisi dəstəklədiklərini göstərdi. Söhbət "iki xalq üçün iki dövlət" yaradılmasının vacibliyindən gedir: yəhudilər üçün İsrail, ərəblər üçün Fələstin.
H.Klinton bildirdi ki, Fələstin dövlətinin yaradılması İsrailin də maraqlarına uyğundur və Fələstinin müstəqilliyinə qərar verilməsi "qaçılmazdır". Bununla yanaşı, dövlət katibi İsrailin HƏMAS-dan müdafiə hüququnun olduğunu etiraf edərək, faktik olaraq Benyamin Netanyahunun rəhbərliyi ilə bu ölkədə ultrasağçı qüvvələrdən ibarət yeni hökumətin formalaşdırılmasını dəstəklədi: "Obama administrasiyası İsrailin istənilən hökuməti ilə əməkdaşlığa hazırdır".
Qeyd edək ki, Netanyahunun komandası Fələstinə qarşı sərt tədbirlərin tərəfdarıdırlar.
HƏMAS-ın nəzarət etdiyi Qəzzada isə Klintonun fikirləri "Fələstin xalqına qarşı zorakılığın davam etdirilməsinə çağırış" kimi dəyərləndirilib. Amma ABŞ-ın dövlət katibinin turne çərçivəsində baş çəkdiyi Fələstin muxtariyyətinin paytaxtı Rəmallahda onun fikirlərinə loyal yanaşılıb.
İsrailin özündə isə bir daha əmin oldular ki, Qəzzada apardığı hərbi əməliyyatlar beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid olunsa da, Ağ evin yeni administrasiyası da yəhudi dövlətini özünün əsas müttəfiqi kimi qəbul edir. Yeri gəlmişkən, Hillari Klintonun "ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələni edəcək" fikri də İsraildə böyük məmnunluq yaradıb.
Bütün bunlarla yanaşı, Amerikanın siyasətində prinsipial yeni məqamların üzə çıxdığını söyləmək mümkündür. Məsələn, Klinton Barak Obama administrasiyasının "müəyyən şərtlər daxilində" Tehranla əlaqə yaratmağa hazır olduğunu deyib və bununla Obamanın İranın nüvə proqramından imtina edəcəyi təqdirdə iki ölkə arasında əməkdaşlığın qurulmasının mümkünlüyünə dair fikirlərini təsdiqləyib.
Lakin deyəsən, əsl yenilik Vaşinqtonla Dəməşq arasındakı münasibətlərdə olacaq. Xatırladaq ki, 2005-ci ildə Livanın baş naziri Rafiq Həririnin qətlindən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdir - Vaşinqton qətldə məhz Suriya rəhbərliyini günahkar sayır. Şarm-əş-Şeyxdə keçirilən konfrans zamanı H.Klinton Suriyanın xarici işlər naziri Valid əl-Muallimlə bir araya gəlib və danışıqlar başa çatdıqdan sonra bəyan edib ki, həmkarı ilə görüş "qısa, lakin çox xoş alınıb".
Bu işdə amerikalıların məqsədi bəllidir - Suriyanın İranın təsiri altından çıxarılması! Yəqin ki, ABŞ-ın Suriyaya İsrail tərəfindən işğal edilmiş Holan zirvəsini qaytarmaq, həmçinin Dəməşqə Livan və Fələstinin işlərinə qarışmaqdan imtina edəcəyi təqdirdə, iqtisadi yardım göstərmək niyyəti də məhz bu məqsədə xidmət edir.
Beləliklə, Hillari Klinton göstərib ki, ABŞ Yaxın Şərqdəki bütün ziddiyyətləri Vaşinqtonun bu strateji vacib regiondakı mövqelərinin gücləndirilməsi yolu ilə aradan qaldırmağı və onu sülh tənzimlənməsinin yeganə sponsoruna çevirməyi qarşısına məqsəd qoyub.
"Hər şeyə sıfırdan başlamaq"
Hillari Klintonun Avropa səfərinin prioriteti "Rusiya məsələsi" olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ilk rəsmi görüşündə o, bir qədər orijinal olmağa çalışıb. S.Lavrova üzərində rus və ingilis dillərində "Reset" ("Təkrar yüklənmə") yazılmış düymə şəklində suvenir bağışlanmalı idi. Son zamanlar məhz bu söz Moskva-Vaşinqton münasibətlərinin yeni rəmzinə çevrilmişdi. Buna qədər Rusiya ilə münasibətlərdə "yeniləşmə"nin vacibliyi haqda ABŞ prezidenti və vitse-prezidenti Barak Obama ilə Cozef Bayden, həmçinin Hillari Klintonun özü dəfələrlə fikir səsləndiriblər.
Lakin Dövlət Departamentinin tərcüməçiləri rəhbərlərini pis vəziyyətdə qoyublar: düymənin üzərində "yeniləşmə" sözünün əvəzinə tamamilə başqa məna verən "həddindən artıq yüklənmə" sözü yazılıb. S.Lavrov Klintona nəzakətlə düzəliş verən zaman dövlət katibi gülümsəyərək Rusiya-ABŞ münasibətlərində "həddindən artıq yüklənməyə imkan verməməyə çalışacaqlarını" söyləyib. "Biz "yenilənmə" sözünün həm rusca, həm də ingiliscə necə səslənməli olmasına dair razılığa gəldik. Mətn dəyişməzdir", - deyə Lavrov qeyd edib.
NATO-nun Brüssel sammitinin və Lavrovla Klintonun Cenevrə danışıqlarının nəticələri göstərir ki, "yenidən yüklənmə" birbaşa Moskva ilə Vaşinqton arasındakı geosiyasi rəqabətdə əsas rol oynayan postsovet məkanındakı dövlətlərə təsir göstərəcək.
ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri NATO-da ötən ilin avqustunda Güney Osetiyada yaşanmış müharibədən sonra Rusiya ilə kəsilmiş əlaqələrin bərpası qərarının verilməsində də böyük rol oynayıb. Brüssel sammitində H.Klinton bəyan edib ki, "artıq hər şeyin özbaşına düzələcəyini xəyal etmək yox, irəliləmək vaxtıdır". Moskva ilə əlaqələrin bərpasını "hər şeyi sıfırdan başlamaq" imkanı adlandıran dövlət katibi bununla, dəfələrlə Rusiya ilə əlaqələrin kəsilməsini səmərəsiz addım adlandıran Almaniya və Fransa rəhbərləri ilə həmrəylik nümayiş etdirib. Şimali Atlantika Alyansı ölkələrinin sammiti bu yanaşmanı artıq bir formula kimi qəbul edib. Təşkilatın baş katibi Yaap de Hoop Sxeffer bildirib ki, "Rusiya dünyanın vacib oyunçusudur və onunla danışmamaq çıxış yolu deyil".
S.Lavrovla görüşdə H.Klinton qarşı tərəfi "ümumi maraqların olduğu məqamlarda konstruktiv işbirliyinə çalışmağa" çağırıb. Belə "məqamlar"a isə ilk olaraq terrorizmlə mübarizə və nüvə silahlarının yayılmasının qarşısının alınması daxildir. Tərəflər strateji hücum silahlarının (SHS) ixtisarı istiqamətində planlı iş görülməsi və tezliklə bu məsələyə dair yeni razılaşmanın əldə edilməsi haqda razılığa gəliblər. Eyni zamanda İran və Şimali Koreyanın nüvə proqramı ilə bağlı mütəmadi məsləhətləşmələrin aparılması da Klintonla Lavrovun razılığa gəldiyi məqamlardandır.
Klinton Rusiyanı hava hücumundan müdafiə (HHM) sistemlərinin qurulması məsələsində də əməkdaşlığa çağırıb və Şərqi Avropada bu sistemin yerləşdirilməsinin "azad dünya"nı İran təhlükəsindən qoruyacağını bildirib.
Cenevrə danışıqlarının şübhəsiz nəticəsi kimi isə son zamanlar daha da kəskinləşən "Əfqanıstan məsələsi"nin çözümü və Yaxın Şərq münaqişəsinin həlli üçün birgə iş aparılmasına dair razılaşmaları göstərmək olar. Beynəlxalq məsələlər ətrafında Rusiya ilə Amerikanın konsensus əldə etməsi göstərdi ki, Klintonun Pekinə səfərindən sonra ABŞ-ın xarici siyasətdə əsas tərəfdaş-rəqibinin Çin olacağı haqda fikirlər vaxtından əvvəl səsləndirilib.
Lakin ümumi sevindirici fon Qərblə, ilk növbədə ABŞ-la Rusiya arasında ziddiyyətlərin tam aradan qalxması anlamına da gəlmir. "Rusiya- NATO Şurası formatında danışıqların bərpası bizim Moskva ilə bütün fikir ayrılıqlarımızın aradan qalxması demək deyil. Alyans Rusiya ilə hər məsələdə həmrəy ola bilməz və olmağa borclu deyil. Mövcud fikir ayrılıqlarının aradan qaldırılması vacibdir, lakin prinsiplərimiz və həyati əhəmiyyətli maraqlarımız təhlükə altına düşən zaman sərt olmalıyıq", - deyə Hillari Klinton qeyd edib.
Tərəflər arasında ziddiyyət yaradan əsas məqam yenə də Qafqaz böhranı ilə bağlı qiymətləndirmədir. Çünki bu böhranın arxasında postsovet Avrasiyasında geosiyasətin fundamentinə təsir edə biləcək daha qlobal məsələlər dayanır. Bu mənada, Klintonun "postsovet ölkələrinin heç biri Rusiyanın təzyiqi altına düşməməlidir" və "ABŞ müstəqil dövlətlərin təhlükəsizlik sahəsində müstəqil seçim etməsini və öz istəyinə uyğun qərar verməsini dəstəkləyir" kimi fikirləri xüsusi diqqət çəkir.
Dövlət katibi xüusilə qeyd edib ki, Ukrayna və Gürcüstan kimi dövlətlər Rusiyanın təsiri altına düşməməli - onlara qarşı nə "enerji təzyiqi" edilməlidir, nə də "ATƏT-in prinsiplərinə zidd addımlar atılmalıdır" (sonuncu müddəa Gürcüstana qarşı avqust müharibəsini nəzərdə tutur - red).
Bu iki ölkənin NATO-ya üzvlük perspektivinin qalmasının vacibliyini vurğulayan dövlət katibi Vaşinqtonun siyasətinin "Rusiya istiqaməti"nin Corc Buş prezidentliyi dönəmində olduğu kimi davam etdiyini söyləyib. Bununla da o göstərib ki, Birləşmiş Ştatlar yeni liderlə də MDB məkanında təsir imkanlarını artırmağa çalışacaq, bir sıra postsovet ölkələrinin Qərbə tərəf istiqamətlənməsinə yardım göstəcək.
Moskva isə bu məsələdə zərrə qədər də yanılmır və NATO-nun əməkdaşlığın bərpası qərarına Rusiyanın son dərəcə ehtiyatla reaksiya verməsi də bununla bağlıdır. Rusiya Xarici İşlər Nazirliyi alyansın sözügedən qərarını alqışlamaqla yanaşı bildirib ki, bu qərar Moskva ilə birlikdə verilməlidir. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin isə daha sərt mövqe nümayiş etdirib. O hesab edir ki, bundan sonra Moskva alyansla öz şərtləri əsasında əlaqə quracaq. Söhbətin nədən getdiyini anlamaq isə çətin deyil. Postsovet məkanını özünün həyati maraqlarının birləşdiyi yer sayan Rusiya ən əvvəl Qərbin bu məkana əl uzatmasının qarşısını almağa çalışır.
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçyov Hillari Klintonun "ABŞ müstəqil dövlətlərin müstəqil qərar verməsini dəstəkləyir" fikrinə münasibət bildirərək deyib ki, bu yanaşma Moskvanın düşüncəsinə də uyğundur. Bununla yanaşı, Kosaçyov hesab edir ki, bu seçimin anlaşıqla və düşünülmüş şəkildə edilməsi üçün qeyd olunan dövlətlər geosiyasi oyunların girovuna çevrilməməlidir, "necə ki bunu ABŞ və Qərb edir".
"ABŞ dövlət katibinin Ukrayna və Gürcüstan kimi ölkələrin "perspektivli olmasının vacibliyi" haqda fikrilə tamamilə razılaşmaq olar. Lakin bu perspektiv "alternativsiz şəkildə atlantik" olmamalıdır", - deyə rusiyalı parlamentari qeyd edib.
Hər şeyə rəğmən, qlobal siyasətin nəhəngləri arasında "SSRİ-nin mirası" uğrunda mübarizə bundan sonra da davam edəcək və məhz "perspektivin alternativliyi" əsasında aparılacaq.
Türkiyə sahillərində
Hillari Klinton turnesi çərçivəsində ABŞ üçün pozulmuş münasibətlərin bərpası yox, strateji müttəfiqliyin qorunması və daha da möhkəmləndirilməsinin vacib olduğu ölkəyə də baş çəkib. Söhbət xanım dövlət katibinin Yaxın Şərq - Avropa gəzintisinin son nöqtəsi olmuş Türkiyədən gedir.
Türkiyə rəhbərliyi ilə görüşlərində o, Ankaraya Yaxın Şərqdəki sülh prosesinə tövhəsinə görə minnətdarlıq edib, Türkiyə isə ABŞ qoşunlarının İraqdan çıxarılması üçün ərazisini verə biləcəyini bildirib.
Tərəflərin danışıqlarında çətinlik yalnız "Osmanlı İmperiyasında erməni soyqırımı" məsələsi ilə bağlı yaşanıb. Xatırladaq ki, H.Klintonun səfəri öncəsi Türkiyənin xarici işlər naziri Əli Babacan Vaşinqton tərəfindən "erməni soyqırımı"nın tanınması, yəni Barak Obamanın seçkiqabağı kampaniya dövründə verdiyi vədə əməl etməsi təhlükəsinin olduğunu bildirmişdi. O, bir daha ölkəsinin baş naziri Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonun "soyqırım"ı rəsmən tanıyacağı təqdirdə Amerika-Türkiyə münasibətlərinə sağalmaz zərbə dəyəcəyinə dair bəyanatını xatırlatmışdı. "Hadisələrin bu cür inkişafı həm Ermənistan-Türkiyə əlaqələrinə, həm də Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesinə zərər verəcək" - deyən Ə.Babacan məsələnin ABŞ-Türkiyə münasibətlərinə ziyan vurmadan həllinin mümkünlüyünü qeyd etmişdi.
Gözlənildiyi kimi, apreldə növbəti "erməni tarixi"nin yaxınlaşması ilə əlaqədar olaraq, bu məsələ ətrafında həyəcan artır. Dünya erməniləri Obamanın seçkiqabağı vədinə əməl etməsini gözləyir. Lakin aydın görünür ki, Obama və komandası Birləşmiş Ştatların "sükanı arxasına" keçdikdən sonra ermənipərəst ritorikanı xeyli azaldıb. Türkiyənin ABŞ siyasəti üçün həddindən artıq böyük əhəmiyyət daşıdığı məlumdur və bu, ilk növbədə Yaxın Şərq, Qafqaz-Qara dəniz regionları ilə bağlıdır. Məhz bu faktorlar üzündən Vaşinqtonun Ankaradan belə asanlıqla uzaqlaşması mümkün deyil. Ağ Evin "erməni soyqırımı" ilə bağlı mövqeyi isə guman ki, gələn ay, ABŞ prezidentinin sivilizasiyalararası dialoq üzrə konfransa qatılmaq üçün Türkiyəyə səfər etdiyi vaxt müəyyənləşəcək.
MƏSLƏHƏT GÖR: