15 Mart 2025

Şənbə, 00:30

QƏDİM ŞƏRQİN MÖCÜZƏSİ

Onu görmək üçün yolunuzu Ordubaddan salmaq kifayətdir

Müəllif:

01.03.2009

Ordubad təbii gözəlliyi, 17-ci əsrdən qalma ənənəvi plan quruluşu, orta əsr şəhərlərinə xas siması ilə bir çox Azərbaycan şəhərlərindən fərqlənir. Ən böyük məscidi mərkəzi meydanda yerləşən Cümə məscidi olan Ordubad məhəllələrdən ibarətdir. Hər bir məhəllənin öz meydanı, məscidi, çinar ağacları, çarhovuzu, çeşməsi və hamamı var. Sovet dövründə paytaxt Bakıda yalnız 1 məscid olduğunu nəzərə alsaq, Ordubadda hər bir məhəllənin öz məscidinin olması diqqəti cəlb edir. Məscidlər ibadət yeri olmaqdan başqa, adamların xüsusi səbəb olmadan, adi günlərdə də yığışaraq söhbət etdiyi, vaxt keçirdiyi yerdir. Burada birisi ehsan verib, nəzir paylamaq istəyəndə hamını məhəllə məscidinə toplayır. 

 

Sərşəhər məhəlləsi

Ordubadın əsas böyük məhəlləsidir. Fars dilindən tərcüməsi “baş şəhər” deməkdir. Sərşəhər Ordubadçayın sol sahilindəki ən qədim məhəllə olduğundan, burada qədim tikililərin sayı  çoxdur. Orta əsr məhəllələrinin gözəl nümunəsi kimi keçmiş cəhətlərini qoruyub-saxlayıb. İkimərtəbəli məhəllə məscidi, meydanı, çarhovuzu, bulağı, hamamı və minillik qoşa çinar ağacından ibarət kompleksin 18-ci əsrə xas üslubu qorunub. Sərşəhər mərkəzdə elə yerləşib ki, bütün istiqamətlərdə hərəkət edənlərin yolu mütləq buradan keçir. 

 

Ambaras məhəlləsi

Ordubadçayın sağ sahilində yerləşir. Aşağı və Yuxarı Ambaras adlanan iki qədim məhəllədən ibarətdir. 18-ci əsrin əvvəllərinə aid yazılı qaynaqlarda adı çəkilir. Mərkəzdə 17 - 18 -ci əsrlərə aid məhəllə məscidi, çeşmə və bir neçə xırda dükan var. Meydanı bütünlüklə iri çinar ağaclarının  kölgəsi örtür. Bu səfalı məhəllənin qocaları nağıl edirlər ki, buranın keçmiş adı Abirasd olub. Fars dilində “bol sulu” deməkdir. Bu məhəllədə çeşmə sayı çoxdur. 

 

Mingis məhəlləsi 

Məhəllə 9-cu əsrdən qalma məscidi ilə məşhurdur. Görkəmli yazıçı Məmməd Sədi Ordubadinin doğulduğu ev buradadır. Mingis - min kəs mənasına gəlir. Yerli ağsaqqallar keçmişdə bura 1000 nəfərin yaşadığı məhəllə olduğu üçün belə çağırıldığını nəql edirlər. Əslində, 1000 qədimdən bəri şifahi xalq ədəbiyyatında tez-tez işlədilən 3, 7, 40 kimi simvolik saylardan biridir. Poetik məna daşıyır və qeyri-müəyyən çoxluğu bildirir.  

Mingis şəbəkə sexləri ilə məşhurdur. Ən tanınmış şəbəkə ustası Cabirin emalatxanasından arzu edənlər əl işlərini sifariş edə bilərlər. Azərbaycanda Şəkidən sonra şəbəkə işi Ordubadda yaşadılır. 

 

Ordubadda şəbəkə 

İlk dəfə 12-ci əsrdə Memar Əcəmi Əbubəkr oğlu, Naxçıvani Xaraba Gilandakı məqbərəni inşa edərkən şəbəkə formalarından geniş istifadə edib. Onun bütün tarixi əsərlərində şəbəkəyə rastlamaq mümkündür. Ordubad tarixi Zorxana - Qeysəriyyə binasında, Cümə məscidinin inşasında şəbəkə işinə geniş yer verilib.  Şəkidən fərqli olaraq Ordubad ustaları şəbəkəçilikdə kiçik mıxlardan istifadə edirlər. 

 

40 pilləkən və ya kəhrizlər

17-ci əsrdə Ordubadda 70-dən artıq gur çeşmənin olduğu söylənilir. Ordubadın bu gün də əsas su təchizatı olan kəhriz sistemi orta əsrlərdə yaradılıb. Məhəllə meydanlarında və ya bəzi həyətlərdə yerləşən bu kəhrizlərə xalq arasında “40 pilləkən” deyirlər. Oraya rahat enib - çıxmaq üçün pilləkənlər tikilib. 

Əslində, yeraltı hidrotexniki qurğusu olan kəhrizlər su mənbəyi kimi minillərboyu məişət və təsərrüfatda böyük əhəmiyyət kəsb edib. İçməli sudan başqa bunlardan dəyirmanları işlətmək, əkinləri, bağları və bostanları suvarmaq üçün, habelə soyuducu kimi istifadə edilib. Yay aylarında üzüm, yemiş, qarpız, ət-süd məhsulları və sairi sərin saxlamaq üçün “40 pilləkən”in içinə yerləşdirirlər. 

 

Kiçik Qafqaz

Ordubad relyefi, əsasən, dağlıq, dağətəyi hissədədir. Kiçik Qafqaz dağ silsiləsinin ən yüksək nöqtəsi, 3904 metrlik Qapıcıq zirvəsi burdadır. Naxçıvan dağlarındakı bütün təpələrin adı və qədim tarixçələri var. Bu adlar ya dağın formasına görə verilir, ya da bir əfsanə ilə bağlıdır. Şəhərin girişindəki Plovdağ formasına görə diqqəti çəkir. 

 

Plovdağ 

Yerlilər, dağı plova bənzətdikləri üçün bu ada layiq görüldüyünü deyirlər. Gilançayın sol sahilində yerləşən dağın hündürlüyü 1036 metrdir. Plovdağda  tunc dövründən qalma çox qədim mədəniyyətin qalıqları var.  

 

Xaraba Gilan

Plovdağ ərazisində 100 hektardan çox sahə yerləşən qədim yaşayış ərazisidir. E.ə. 2-1-ci minilliklərə aid yaşayış məskəni və nekropol aşkar edilən Xaraba Gilan şəhəri e.ə. 5 - 4-cü əsrlərdə formalaşıb. 14-cü əsrə qədər yaşayan bu şəhər mədəniyyəti 10 - 12-ci əsrlərdə intibah dövrü yaşayıb. Plovdağ nekropolu 4 min il əvvələ qədər olan dövrü əhatə edir. O dövrdə insanlar müdafiə olunmaq və sudan istifadə etmək üçün çay kənarında və dağ üstündə məskən salardılar. Plovdağ bu cəhətdən əlverişli yer sayılırdı. Möhtəşəm müdafiə istehkamı olan Xaraba Gilanın etnik tərkibi türkdilli tayfalardan ibarət olub. Tədqiqatçılar monqol istilaları zamanı Gilan şəhərinin böyük ziyana uğradığını yazırlar. Xaraba Gilan 14-cü əsrdə baş verən dəhşətli zəlzələdən sonra tamamilə dağılıb. 

 

Aza kəndi

Xaraba Gilanın süqutundan sonra əsas yerləşmə mərkəzi bura olub. Kənddən bir neçə kilometr aralıda yerləşən Der Gümbəzi 14-cü əsrdən qalma tək tarixi abidədir. Gümbəz  Ordubadda Nuh tufanıyla bağlı ərazidə durur. Rəvayətə görə, həmin yerdə Nuh Peyğəmbərin kiçik və sonuncu oğlu Yafəs dəfn olunub. Yafəsin adının da burayla bağlı olması təsadüfi deyil. Çünki eyni əraziyə yaxın yerdə Yafəsin şəhəri olub. Onun xarabalıqları bugünədək qalır və müqəddəs yer kimi ziyarət edilir. Aza kəndindəki digər tarixi abidə məşhur Aza körpüsüdür. Bu körpünün inşaatı rus imperiyasının əyalətlərdə quruculuq işləri aparmaq siyasətinin yeridildiyi illərə aiddir. Körpünü Gilan çayının üstündə, 1826-cı ildə yerli  bir tacir tikdirib.  

Ordubadı yaxşı tanımaq üçün bir neçə istiqamətdə turist marşrutu üzrə səyahət etmək məsləhətdir. Onlardan biri Dırnıs - Kələki - Pəzməri kəndlərini əhatə edir. 

 

Dırnıs kəndi

Ordubadın kurort guşələrindən biridir. Kəndin hər tərəfi açıqlıq olduğundan, adını “qapısı yox” mənasına gələn “Dərnis”qoyublar. Bu istiqamətdə ilk kənddir. 300-ə yaxın evi var. 

Kiçik Qafqaza aid Zəngəzur dağ silsiləsinin möhtəşəm dağ mənzərəsinə doyum olmur. Eyni zamanda sərhəd ərazisidir. Gözəlliklər  addımbaşı maşından düşüb ətrafı acgözlüklə seyr etməyə məcbur edir. Eyni zamanda yola tökülmüş qaya parçaları hərəkəti ləngidir. Maşınla yola davam edə bilmək üçün daşlardan yolu təmizləmək lazımdır. Əks təqdirdə Qaplan çayı boyunca üzüyuxarı piyada yol getməli olursan. Yolun sonunda Qaplan şəlaləsinin səsi ətrafdakı səssizliyi pozur. May ayından etibarən piknik cənnəti olan bu ərazidə zəngin qızıl yataqları mövcuddur. Şəlalə Pəzməri kəndindən təxminən 40 dəqiqəlik məsafədədir.

Pəzməri kəndi

Rayon mərkəzindən 37 km şimal-qərbdədir. Ordubadın dağ cənnətidir. Qızmar yay aylarında çox sərin olan kəndlərdəndir. Təbii şəraitinə görə Pəzməridə keçmişdən bəri heyvandarlıq, arıçılıq geniş inkişaf edib.  İlk adı Pazəmi olub ki, bu da ilahi, müqəddəs yer mənalarını bildirir. Bu istiqamətin son yaşayış məskəni olan Pəzməri kəndində cəmi 35 ev var. Kənddə aşkar edilmiş mineral su bulağının tərkibi karbon qazlı, hidrokarbonatlı-sulfatlı, kalsiumlu-natriumlu olduğundan müalicə üçün yararlı olduğunu deyirlər. Kənddəki az sayda evlərin taxta sütunlarının üstündə qoç kəllələrini görmək mümkündür. Dağlıq ərazidə dağkeçiləri çox olur, onları bəzən ovlayır, ətini yeyir, dərisindən məişətdə istifadə edir, kəllə müqəvvasını da sütunlardan asırlar.

 

Kələki kəndi

Mərkəzdən 45 km şimal-şərqdədir. Ordubadın ən gözəl dağ kəndlərindən biridir. Adının mənasının “kələk,” yəni yalan, uydurma sözlərinə aidiyyətı yoxdur. Deyilənə görə, “qala” “qalaça” kəlmələrinin dəyişikliyə uğramasıyla meydana gəlib. 

Kələki qızıl yataqlarıyla məşhurdur. Bu mədənlər kənddən 300 metr aralıda - 1450 - 1550 metr hündürlükdə yerləşir. Başqa müxtəlif filiz mineralları ilə də zəngindir. Yerlilər, kəndin əhalisinin çar Rusiyası dövründə Qarabağdan buraya köç etdiyini danışırlar. Həqiqətən də Kələki camaatının ləhçəsi Qarabağ dialektinə bənzəyir. 

Ordubad üzrə önəmli digər səyahət marşrutu Nəsirvaz - Gəmiqaya qoruğu istiqamətindədir. Bu marşrutun uzunluğu 60 km-dir. Tərifəsığmaz gözəlliklərlə zəngin, heyranedici mənzərəsi olan bu yerdə hər daşın - dərənin dinləməklə bitməyən hekayəsi var. Kiçik Qafqaz dağ silsiləsi boyunca yerləşən kəndlər dağların qoynuna səpələnib. 

 

Biləv kəndi

Bu istiqamətdə ilk yaşayış mərkəzi və qədim şəhər yeridir. Buranın ən əhəmiyyətli tarixi abidəsi Babək qalası adı verilən şişuclu dağdır. Xalq qəhrəmanı Babəkin iqamətgah yeri olduğu ehtimalı var. Böyük İpək Yolu dayanacaqlarından sayılan bu yerdə tikilən qala karvanların quldur-qaçaqlardan qorunması üçün nəzərdə tutulub. 

 

Tivi kəndi

Rayon mərkəzindən 60 km şimal şərqdə yerləşir. Tivi sözünün mənşəyi haqda maraqlı söyləntilər var. Ərəb dilində tiv gözəl ətir qoxusu mənasını verir. Ətir saçan deməkdir. Tivi dağlarında bir-birindən təravətli 1001 cür bitki bitir. Kənddə saysız - hesabsız mineral bulaqlar mövcuddur. Bunlardan biri Narzan tiplidir və dəri xəstəliklərinin müalicəsində tövsiyə edilir. 1968-ci ildə kənd ətrafında antik dövrə aid arxeoloji abidə - Tivi nekropolu qeydə alınıb. 

Tividə xalq çalğı alətləri istehsal edən ustalar “nəfəsli alətlərin içərisində zurnanın xüsusi yeri var”  deyirlər. Qoz və ərik ağaclarından hazırlanan zurna nəfəs alətləri içərisində ən qədim olanıdır. Onun Nuh əyyamından qaldığını söyləyirlər. Tufandan öncə təhlükəni bildirmək üçün bir  çobanın dağ başına çıxaraq  zurnayla xəbərdarlıq etdiyini rəvayət edirlər. “Nuh havası” deyilən musiqi parçasını burda indiyədək ifa edirlər. Həqiqətən zurna ən cingiltili səsə sahib nəfəs alətidir. 

 

Nəsirvaz kəndi

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən kənd bu istiqamətdəki son yaşayış məntəqəsidir. Noyabrdan aprel ayının ortalarına qədər qar ilə örtülü, yaz aylarında çox dumanlı olur. Kənd Kiçik Qafqazın ən yüksək zirvəsi olan Gəmiqayanın ətəyində salınıb. Gəmiqaya Nuh gəmisinin lövbər atdığı ərazidir. Buranı Tanrıya yaxın olan yer - Nəbi Yurdu kimi təqdim edirlər.  Deyirlər, ensiklopediyaçı alim, filosof Nəsrəddin Tusinin (1201 - 1274)  xatirəsinə kəndi “nəsri - avaz”  yəni Nəsrəddinin səsi adlandırıblar. Arıçılıq və qoz ağacları əhalinin əsas gəlir mənbəyidir. Bu kəndlərin hamısının ortaq bir cəhəti var. Məişətin dəyişməz atributu olan ambarlar. 

 

Anbar 

Dağ kəndlərindəki dükanlarda ərzaq satılmır.Yeyəcəklərin hamısı evdə hazırlanır. Qış mövsümü çox uzun və ağır keçdiyi üçün ciddi azuqə tədarük etmək şərtdir. Qidalar xarab olmasın deyə, evlərin altında yeləşən xüsusi anbarlara doldurulur. Anbarlar ekoloji təmiz, orqanik qidalardan ibarət supermarketi xatırladır. Nə desən var. 1001 çeşid marinadlar, turşular, müxtəlif növ mürəbbələr, tərəvəzlərin demək olar hamısının konservləri, kompotlar, xüsusi reseptlə hazırlanmış göyərtilər, vedrələrlə nehrə yağı, xamalar, pendir və şor, eləcə də süzmələrdən ibarət bütün ağartı məhsulları, bir neçə yüz ədəd lavaş, çox sayda yumurta, bir tona yaxın kartof - soğan və həmçinin qoyun və keçi ətindən xüsusi reseptlə hazırlanmış qovurmalar.

Ləzzətiylə seçilən Sibir qovurması bunların içində ən sevilənidir. 6-7 yaşlı keçinin ətindən hazırlanan qovurmaya belə ad veriblər. Uzun sözün qısası, böyük bir ailə bu anbardakı qidalarla heç kimə və heç nəyə ehtiyac duymadan rahat bir neçə ay dolana bilər. Anbarı gəzərkən istər - istəməz insanın iştahı qabarır və qeyri-ixtiyari “nə olub, dünyanın sonudur” deyə sual verməkdən özünü saxlaya bilmirsən. Bunu çətin geoloji quruluş, mürəkkəb coğrafi mövqe və sərt təbii şəraitlə izah edirlər. Uzun qış axşamlarında Nəsivaz xanımları əsasən təkrəngli, bolnaxışlı, xalçanı xatırladan böyük yun şallar hörürlər. 

 

Gəmiqaya

1968-ci ildən elmi araşdırmaların aparıldığı Gəmiqaya 2006-cı ildən tarix-bədii qoruğu statusu alıb. NMR ərazisindəki ən qədim yaşayış məskəni olan Gəmiqaya, Zəngəzur silsiləsində zirvədir. Gəmiqaya yaylaqlarının ərazisi müqəddəs hesab edilir. Məbədlər daim qar və buludlarla örtülü şiş qayalar arasındadır. Uzaqdan mavi səma fonunda dənizdə üzən gəmiyə bənzəyir. Bu oxşarlığa görə Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 metr) xalq arasında Gəmiqaya adı verilib. Burada e.ə. 3-1-ci minilliklərə aid qayaüstü rəsmlər, qədim yazılar var. Gəmiqaya - Qaranquş yaylağı Naxçıvanın qədim tayfalarının yaşadığı yaylaq yeri olub. Həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan rəsmləri, yay - oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr həkk olunub. Gəmiqaya təsvirlərinin və ordakı yurd yerlərinin azı 5 - 6 min il yaşı olduğu bildirilən Gəmiqaya, Nuh əfsanəsi ilə bağlıdır.

 

Nuh tufanı əfsanəsi

Yer üzünü su basacağını bilən Nuh Peyğəmbər bir gəmi düzəldir və buraya topladığı canlılarla sağ qalmağı bacarır. Əfsanəyə görə, tufan zamanı Nuhun gəmisi Naxçıvanın şərqindəki İlandağa, Ordubaddakı Ələngəz və Kəmki dağlarına toxunduqdan sonra, Gəmiqayada quruya oturub. Bu əfsanə Nuh tufanı haqqında qədim Şumer və yəhudi əfsanələrinin hamısının bir kökdən olduğunu göstərir. Əfsanənin süjeti eramızdan əvvəl üçüncü minillikdə məlum olsa da, ikinci minilliyin ortalarında şumerlər tərəfindən yazıya alınıb. Bir sıra tarixçilərin fikrincə, bu, Naxçıvanın salındığı tarixlə, yəni, e.ə. 1539-cu illə eyni dövrə təsadüf edir. Rəvayətə görə, Gəmiqayada lövbər salan gəminin qalıqları indiyə qədər buradakı “Ayı çuxuru” deyilən yerdə qalmaqdadır. Alimlər Gəmiqayada Nuhla bağlı qədim yazı olduğunu qeyd edirlər.

Gəmiqaya qoruğunu görmək istəyənlərə buraya iyul - avqust aylarında gəlmək məsləhətdir. Çünki yalnız bu dövrdə zirvəyə çıxmaq və gözəllikləri duymaq mümkündür. 

Ordubad qədim adət-ənənələrin qorunduğu məkandır. Kələki kənd məktəbinin qızlardan ibarət folklor ansamblının “Haxışta” mərasimi buna əyani sübutdur. 

 

Haxışta

Toy - bayram mərasimləri ilə bağlı musiqili oyundur. Naxçıvanda geniş yayılıb. Qadınlar iki dəstə halında toplanırlar. Növbə ilə hər biri dördlüklərdən ibarət şeir deyirlər. Hər misradan sonra digər qızlar “haxışta” sözünü təkrar edir, əl çalıb oynayırlar. 

Xına gecəsindən sonra, gəlini aparmağa gələn oğlan evi qadınları qız evi xanımları ilə birgə haxışta oxuyurlar. Qaydaya görə, gəlini aparmağa gələn qadınların əllərində təzə gəlin üçün hədiyyələr, gəlinlik paltarı, qızıllar, şirniyyatdan ibarət xonçalar olur. Xonça podnosa doldurulmuş, şəffaf neylon və qırmızı lentlə bağlanmış bağlamalara deyirlər. Əliboş gəlmək olmaz. Oğlanın qohumları, təzə bəyin ünvanına birağızdan gözəl sözlərlər deyir. Qız evi də buna qarşılıq olaraq, öz qızlarını tərifləməklə cavab verir. Təriflərdə tərəflər bir-birlərinə sataşınca, oyun məzəli söz duelinə çevrilir.   

Ordubad sakinləri o qədər qonaqpərvərdirlər ki, qonaqların qarnını doyurmamış yola salmırlar. Azərbaycan mətbəxinin unudulmuş bəzi ənənəvi yeməklərinin Ordubadda hələ də hazırlandığını duymuşdum. Qonaqlıq zamanı onlardan dadmaq qismət oldu. 

 

Qurut və Ordubad qayğanağı

Kələkiyə gəlincəyədək qurutun, sadəcə, Qərb zonasına aid olduğunu düşünürdüm. Sən demə, Ordubad dağ kəndlərində də qurutdan istifadə edirlər. Qurut süddən hazırlanır. Qurutdan xörək hazırlamaq üçün onu ilıq suda ovuşduraraq həll edirlər. Qurutlu suyu  odun üstündə qaynayanadək qarışdırırlar. Digər yanda kərə yağında soğan qovurur, ardınca qurumuş lavaşı xırdalayıb boşqaba doldururlar. Üzərinə qaynar qurut suyu və soğança tökür və döyülmüş qoz ləpələri səpirlər. Qeyri-adi ləzzətdir. Yerlilərin yalnız soyuq qışda, ildə 1 - 2 dəfə bişirdikləri yeməkdir. Hər yeməyin yaranma səbəbini və tarixçəsini yaxşı bilən ordubadlılar, heyvandarlıqla məşğul olan əhalinin südü-qatığı çox olur deyirlər. Bu da artıq qalan ayranın xarab olub, tullanmaması üçün düşünülmüş yeməkdir.

Ordubaddan danışanda Ordubad qayğanağını da unutmaq olmaz. Bu, alışdığımız omlet deyil. Boşqaba qoyulan hazır qayğanaq daha çox piroqa bənzəyir. Xeyli vaxt və zəhmət tələb edən çox fərqli bir daddır.  Təsəvvür edin ki, bu qayğanağın hazırlanmasına nə az -  nə çox, düz 1 kiloqram kərə yağı, 12 yumurta və 1 stəkan baldan hazırlanmış şirə lazımdır. Orijinaldır,  deyilmi?

Ümumiyyətlə, Ordubadda hər şey çox orijinaldır və hər adət-ənənənin qədim tarixi var. Əgər kimsə orta əsrlərə aid əsl Şərq şəhəri görmək, adət-ənənələrlə tanış olmaq, təbiətin qoynunda dincəlmək, ləziz yeməklərin dadına baxmaq istəyirsə, uzağa getmək lazım deyil. Yolunuzu Ordubaddan salmaq kifayətdir.



MƏSLƏHƏT GÖR:

555