
MÜNAQİŞƏ FONUNDA PARLAMENT QOVĞASI
Knessetə keçirilən seçkinin nəticələri Israil cəmiyyətində radikal əhval-ruhiyyənin göstəricisidir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
İsraildə seçki kampaniyası hər zaman dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir. Knessetə keçirilən fevral seçkisi də istisna olmadı. Özü də bu seçkini həm də Yaxın Şərq münaqişəsinin həllindəki hazırkı tendensiyanın özünəməxsus indikatoru da adlandırmaq olar. Çünki ölkədə aparılan bütün diskussiyaların əsas mövzusu bir müddət əvvəl Qəzza sektorunda keçirilən və bütün regionu silkələyən hərbi əməliyyatlar idi.
Sağlar sağları dəstəklədi
İsrail parlamentinə keçirilən seçki mərkəzçi "Kadima" partiyasının qələbəsi ilə başa çatdı. Lakin onun qazandığı uğuru çox şişirtmək lazım deyil - ikinci yeri tutmuş sağçı "Likud" "Kadima"dan cəmi 1 mandat az qazandı.
Bu qüvvələrin zəfəri İsrail cəmiyyətində radikal əhval-ruhiyyənin yüksəldiyini göstərir. Çünki bu partiyaların hər ikisi Yaxın Şərq münaqişəsinin "güc yolu ilə" həllinə üstünlük verir. Amma yəhudi dövlətinin gələcək sərhədləri ilə bağlı "Kadima" ilə "Likud" arasında fikir ayrılıqları var.
Maraqlıdır ki, "Kadima"nın lideri, İsrailin xarici işlər naziri, "Ərimiş qurğuşun" əməliyyatının əsas rəhbərlərindən hesab olunan Tsipi Livni seçki kampaniyası dövründə sülhsevər mövqedən çıxış edirdi. O bildirirdi ki, İsrail fələstinlilərlə sülh əldə etmək üçün işğal etdiyi torpaqların böyük bir hissəsindən imtina etməlidir. XİN başçısı artıq seçkidən sonra Qüdsdə keçirilən konfransdakı çıxışında bu mövqeyini belə əsaslandırıb ki, israillilərin fələstinlilər yaşayan rayonları tərk etməsi yəhudilərin öz maraqlarına da uyğundur: "Bu, İsrailin yəhudi dövləti kimi qorunub-saxlanmasına imkan verəcək".
Lakin Livninin rəqibi, "Likud" lideri, 90-cı illərin ikinci yarısında baş nazir postunu tutduğu zaman "qırğı" kimi tanınmış Benyamin Netanyahu işğal olunmuş ərazilərdə fələstinlilərin yaşamaq hüququnu tanımır. O hesab edir ki, İsrail "Fələstin müxtariyyətinin bütün sərhədlərinə, hava məkanına və elektrik enerjisi təchizatına nəzarəti öz əlində saxlamalıdır": "Sülh razılaşmasının necəliyindən asılı olmayaraq, fələstinlilər öz həyatlarını özləri yaşamalıdırlar. Onlar özləri-özlərinə rəhbərlik etməlidirlər. Lakin bununla yanaşı, İsrail dövlətinə təhlükə yaradan müəyyən səlahiyyətlər onlara verilməməlidir".
Bu yanaşmalardan hansının uğur qazanacağı parlament seçkisində üçüncü yeri tutmuş digər sağçı partiya - "Bizim evimiz İsrail"in (BEİ) simpatiyasından asılı vəziyyətə düşmüşdü. Onun lideri, millətçi baxışlarını gizlətməyən Aviqdor Liberman isə "Kadima"ya, yoxsa "Likud"a dəstək verəcəyinin bu partiyaların onun tələblərinə reaksiyasından asılı olacağını bildirmişdi.
Danışıqlar zamanı "Likud", demək olar ki, terrorizmlə mübarizə, tərxis olunmuş əsgərlərə yardım, vətəndaş nikahı institutunun yaradılması, iudaizmin qəbulu prosedurunun yüngülləşdirilməsi də daxil olmaqla, BEİ-nin bütün tələblərini qəbul edib.
Eyni zamanda, Tsipi Livni də Libermanın tələblərini məqbul sayıb. Amma BEİ lideri sonda "Likud"u dəstəkləməyə qərar verib. Prezident Şimon Pereslə görüşdə o, dövlət başçısına yeni hökumətin formalaşdırılmasını Netanyahuya həvalə etməyi məsləhət görüb. Bununla yanaşı, Liberman "Kadima", "Likud" və BEİ-nin daxil olduğu geniş koalisiyanın yaradılmasının vacibliyini də vurğulayıb.
Beləliklə, məhz BEİ-nin dəstəyi hesabına Netanyahu koalisiya formalaşdırmaq üçün lazım olan sayda (65 nəfər) deputatın səsini əldə edib.
"Merets" və Yeni Partiyanın təmsil olunduqları solçu blok namizədlərdən heç birinə dəstək verməyəcəyini bəyan edib.
Ehud Barakın rəhbərlik etdiyi "Avoda" isə baş verənlərə hər hansı şərh verməkdən yayınıb.
"Kadima"ya gəlincə, Libermanın seçimi onun üçün bir qədər gözlənilməz olub. Çünki T.Livni əmin idi ki, Liberman nə Netanyahunu, nə də onu dəstəkləyəcək, bu isə sonda seçkinin bilavasitə qalibi olmuş mərkəzçilərə yeni hökumət formalaşdırmaq imkanı verəcək.
Netanyahu ilə Livninin hesablamaları
Prezident Ş.Peresin yeni hökumətin formalaşdırılmasını B.Netanyahuya həvalə etməsindən sonra, "Likud" lideri qanunvericiliyə əsasən, bunun üçün 42 gün vaxt əldə edib. O bildirib ki, ölkədə geniş koalisiyanın formalaşdırılmasının vacibliyini anlayır. Lakin "Kadima" rənbərliyinin sərt mövqeyi ona yeni hökuməti millətçilərdən, yəni sağçılardan formalaşdırmaqdan başqa çıxış yolu qoymur.
Qeyd edək ki, Netanyahunun hökumətdə təmsil olunmaq təklifi əvvəlcə Livni tərəfindən sərt şəkildə rədd edilib. O, Netanyahunun rəhbərlik etdiyi sağçı koalisiyanın "dövlətçilik perspektivinin olmadığını" bildirib və vurğulayıb ki, bu koalisiyaya daxil olacağı təqdirdə, "Kadima" seçicilərinə verdiyi vədləri yerinə yetirə bilməyəcək. Parlament fraksiyalarındakı həmkarlarına müraciət edən Tsipi Livni sağçılarla fikir ayrılıqlarını belə izah edib: "Benyamin Netanyahunun rəhbərliyi ilə ultrasağçı hökumətin formalaşdırılması üçün əsas yaranıb. Bu, bizim yolumuz deyil və belə hökumətdə bizim yerimiz yoxdur. İsrail xalqı bizi sağçı ekstremistlərə əncir yarpağı olmaq üçün seçməyib. Biz müxalifətə keçməli və oradan öz siyasətimiz uğrunda mübarizə aparmalıyıq. Bu siyasət isə iki xalq üçün iki dövlət xəttidir".
Müşahidəçilər hesab edirlər ki, "Kadima"nın müxalifətə keçməsinin səbəblərindən biri də bu qurumun parlamentdəki dini partiyaların hökumətə qarşı kompromissiz mövqe tutacağına əmin olmasıdır. "Kadima" rəhbərliyi belə düşünür ki, B.Netanyahunun V.Libermanın həddində artıq dünyəvi tələblərini qəbul etməsindən sonra, dini partiyalar yeni hökumətin fəaliyyətinə müxtəlif maneələr yaradacaqlar.
Ola bilsin Livni hesab edir ki, "Likud"un klerikalların tələblərini yerinə yetirməyəcəyi təqdirdə, hökumətin formalaşdırılması prosesi iflasa uğraya və bu səlahiyyət "Kadima"ya həvalə edilə bilər.
Lakin Livninin əsas ümidi, şübhəsiz ki, başqa məqamla bağlıdır. "Kadima" inanır ki, Netanyahunun HƏMAS-ın tam məhvinə yönələn siyasəti ("Likud"un "Kadima"dan əsas fərqi, Netanyahunun bu məsələdə hər hansı kompromisi qəbul etməməsidir) onun Yaxın Şərq münaqişəsinin həlli üçün ortaya qəbulolunan formul qoymasına imkan verməyəcək, nəticədə beynəlxalq ictimaiyyətin ciddi təzyiqi ilə üzləşən yeni hökumət devriləcək.
Bundan başqa, Livni əmindir ki, Corc Buş administrasiyasından fərqli olaraq, ərəb-İsrail münaqişəsində Təl-Əvivin radikal mövqeyini o qədər də bəyənməyən yeni prezident Barak Obamanın hökuməti də HƏMAS-a qarşı son dərəcə sərt tədbirlərdən narazı qalacaq.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, hələ Şimon Peresin yeni hökumətin formalaşdırılmasını Netanyahuya həvalə etməsindən əvvəl, ABŞ-ın yəhudi icmalarının fəalları BEİ-nin İsrail hökumətində təmsil olunması ehtimalına etirazlarını bildirmişdilər. "Libermanın ideyaları İsrail cəmiyyətini irqçilik, demaqogiya və radikal millətçilik kimi qaranlıq yola sürükləyə bilər. Biz israillilərin öz liderlərini seçmək hüququna hörmət edirik, lakin demokratik dövlətin təmsilçiləri kimi bu kritik anda susmağa haqqımızın olmadığını düşünürük", - deyə imzalanmış birgə bəyanatda bildirilir.
Yəhudi fəallar, hətta Nyu-Yorkdakı Ümumdünya Sionist Konqresinin binası önünə yığışaraq, İsraildə keçirilmiş seçkinin nəticələrinə etiraz da ediblər. Onların fikrincə, İsrail Holokost xatirəsindən fələstinlilərə qarşı repressiyalar üçün istifadə edir.
Odur ki, Benyamin Netanyahu hazırkı ölkədaxili və beynəlxalq konyukturada onun üçün nə qədər çətin olacağını yaxşı anlayır. "Kadima" ilə koalisiyanın vacibliyini dərk edən Netanyahu, hətta Livniyə, yeni hökumətin siyasətini birlikdə müəyyənləşdirmək də daxil olmaqla, bütün sahələrdə əməkdaşlıq təklif edir. O, ciddi güzəştlərə getməyə hazır olduğunu da bildirir. Hətta mümkündür ki, Netanyahu "Kadima"ya eyni sayda nazir postu da təklif etsin. Artıq İsrail mətbuatında belə məlumat yayılıb ki, T.Livniyə 3 strateji portfeldən ikisini seçmək təklif ediləcək: maliyyə naziri, daxili işlər naziri və təhlükəsizlik idarəsinə rəhbərlik.
Amma bütün bunlara rəğmən, Livninin Netanyahunun təklifini qəbul etməsi ehtimalı çox azdır. "Kadima" lideri, çox güman ki, Netanyahu ilə tərəfdaşlıq müqabilində onun digər sağçı partiyalar - BEİ və ŞAS ("Likud"un sağçı düşərgədəki daha bir müttəfiqi) qarşısındakı öhdəliklərdən imtinasını, həmçinin Fələstin administrasiyası ilə sülh danışıqlarına razılıq verilməsini tələb edir. Netanyahu isə, çətin ki, bununla razılaşsın. Çünki o, İsrail siyasətindəki liderliyini yalnız prezidentlə məsləhətləşmələrdə namizədliyini dəstəkləyən bu partiyalar qarşısındakı öhdəliklərə əməl etməklə qoruyub saxlaya bilər.
Bundan başqa, Netanyahu məhz sərt siyasətçi mövqeyi ilə millətçilər arasında nüfuz qazanıb və bu səbəbdən də "Likud" ərəblərlə danışıqlarda kompromissizlik mövqeyindən imtina edə bilməz. Livni ilə ittifaq Netanyahuya onu yenidən İsrail siyasi iyerarxiyasının zirvəsinə qaldırmış sağçılar arasında birinciliyin saxlanacağına zəmanət vermir.
Odur ki, yəhudi dövlətində geniş koalisiyanın yaradılacağı ilə bağlı şübhələr kifayət qədərdir.
"Zorakılığın bərpası daha dağıdıcı ola bilər"
Diqqət yönəldilməli olan əsas məsələ isə İsraildə qüvvələr nisbəti yox, bu ölkədə millətçi qüvvələrin öz nüfuzunu bərpa etməsidir. "Ərimiş qurğuşun" əməliyyatı israillilərin HƏMAS hərəkatının darmadağın olunmasına ümidlərini tam doğrultmayıb və hətta dinc fələstinlilər arasında kütləvi tələfat da İsraildəki döyüşkənlik əhval-ruhiyyəsini azaltmayıb. İsraillilər hər an təhlükə içində yaşadıqlarını dərk edirlər və öz təhlükəsizliklərini ən sərt yollarla təmin edəcək qüvvələrə belə dəstək verməkdən çəkinmirlər. Prezident Peresin yeni hökumətin formalaşdırılmasını Netanyahuya həvalə edərkən, İsrailin İran və beynəlxalq terrorçular tərəfindən təhlükə ilə üz-üzə olduğunu söyləməsi təsadüf deyil. Dövlət başçısı bildirib ki, məhz bu faktor İsraildə vahid ümummilli hökumətin formalaşdırılmasını vacib edir.
Amma nə İran ətrafındakı vəziyyətin gərginləşməsi, nə bu ölkədə nüvə istehsalı istiqamətində səylərin artırılması, nə də hətta Fələstin-İsrail münaqişəsinin getdikcə daha gərgin hal alması belə, İsrailin öz mövqeyini sərtləşdirməsi üçün arqument sayıla bilməz. Əksinə, Təl-Əviv "terrorçulara cavabın vacibliyi"ni əsas gətirərək nə qədər sərt mövqe tutursa, ərəb dünyasının radikalları daha çox barışmazlıq nümayiş etdirirlər. Məhz bu qapalı dairə Yaxın Şərqdə sülhün reallaşmasını uzun illərdir mümkün olmayan arzuya çevirib.
BMT-nin Yaxın Şərqdəki sülh prosesi üzrə xüsusi koordinatoru Robert Syeri bir müddət əvvəl Təhlükəsizlik Şurasının üzvləri qarşısındakı çıxışında açıq şəkildə bəyan edib ki, hazırda regionda zorakılığın bərpa olunması təhlükəsi realdır: "Hərbi əməliyyatların dayandırılmasına dair birtərəfi bəyanatın verilməsinin üstündən 1 ay keçməsinə baxmayaraq, hələ də atəşkəs rejiminə əməl olunmur və qeyri-sabitlik hər an bərpa oluna bilər. Hətta daha böyük dağıntılara səbəb ola biləcək zorakılıq təhlükəsi realdır".
Həqiqətən də, faktlar həm fələstinli radikallara, həm də İsrail hökumətinə qarşıdır. "Ərimiş qurğuşun" adlı hərbi əməliyyatın dayandırılmasından sonra fələstinlilər yəhudi dövlətinin ərazisinə 15 raket atıblar. İsrail ordusu isə öz növbəsində Fələstin rayonları istiqamətində 19 hava hücumu təşkil edib.
Beləliklə, hər iki tərəf qurbanlar verməkdə davam edir və müharibənin nə vaxtsa başa çatacağına ümid, demək olar ki, yoxdur. Radikal qüvvələrin siyasi uğuru isə bu müharibənin sonunu qətiyyən yaxınlaşdırmır. HƏMAS-ın və İsrail millətçilərinin seçkidə uğur qazanması da bu reallığı sübut edir. Görünür, hər iki millət öz təhlükəsizliyini təmin etməyin yolunu "qırğı"lara dəstək verməkdə görürlər.
MƏSLƏHƏT GÖR: