
HAVADAN GƏLƏN TƏHLÜKƏ
Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının vahid hava hücumundan müdafiə sisteminin yaradılması Azərbaycan üçün riskləri xeyli artırır
Müəllif: Fuad AXUNDOV, politoloq Bakı
Fevralın 4-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sammiti keçirildi. Bu sammitin məqsədi təşkilatın zahiri görünüşünü əsaslı şəkildə dəyişmək və Rusiya prezidenti Dmitri Medvedevin Kollektiv Çevik Reaksiya Qüvvələrinin (KÇRQ) yaradılmasına dair ötən il irəli sürdüyü təklifi reallaşdırmaq idi. KÇRQ-nin əsas hədəfi kimi KTMT üzvü olan ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı hərbi təhlükənin qarşısının alınması, həmçinin daxili hərbi münaqişələrin nizamlanması göstərilib. Bundan başqa, qarşıya qoyulmuş əsas məqsədlər kimi terrorçuların, ekstremistlərin məhv olunmasına dair xüsusi əməliyyatların keçirilməsi, mütəşəkkil cinayətkarlıq və narkotrafikə qarşı mübarizə, həmçinin fövqəladə halların aradan qaldırılması göstərilib.
Amma aydındır ki, birgə qüvvələrin yaradılması yalnız yuxarıda qeyd olunan məqsədlərlə bağlı deyil. Moskvanın bu təşəbbüsü, ilk növbədə, MDB məkanında və onun perimetri boyunca Rusiyanın strateji və siyasi mövqelərinin möhkəmləndirilməsinə yönəlib. Çünki Qərb dövlətlərinin, ilk növbədə isə ABŞ-ın yalnız Rusiyanın MDB üzrə qonşularını deyil, hətta Moskvanın KTMT üzrə müttəfiqlərini belə, öz tərəfinə çəkməsi və bu ölkələrin ərazilərində özünün hərbi iştirakını təmin etməsi RF-i narahat etməyə bilməz. Moskva hesab edir ki, qeyri-regional qüvvələrin KTMT-nin və "yaxın xaric"in işlərinə fəal müdaxiləsi, Rusiyanın bu bölgədəki mövqelərinin zəifləməsinə yönəlib. Odur ki, fikrimizcə, KÇRQ-nin yaradılması yalnız KTMT-nin deyil, bütün "postsovet məkanı"nın "birliyi"nin təmin olunması üçün vacibdir.
Lakin yalnız KÇRQ-nin yaradılması ilə kifayətlənməyən Moskva daha uzağa gedərək, KTMT formatında vahid hava hücumundan müdafiə (HHM) sisteminin qurulması təşəbbüsü ilə də çıxış edib. KTMT-nin baş katibi Nikolay Bordyujanın fevralın 13-də bildirdiyi kimi, vahid HHM sistemi ayrı-ayrı regionların HHM sistemini özündə birləşdirəcək. İnteqrasiya üç istiqamətdə həyata keçiriləcək - Şərqi-Avropa, Qafqaz və Mərkəzi Asiya.
Görünür, KTMT-nin hava hücumundan müdafiə sistemi 1995-ci il fevralın 10-da yaradılmış MDB dövlətlərinin vahid HHM sistemini əvəz etməlidir. Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı, general-polkovnik A.Zelinin dediyi kimi, mövcud olduğu 14 il ərzində əvvəlki sistem, "faktik olaraq, Ermənistan, Qırğızıstan və Tacikistanın HHM sistemlərini bərpa etməyi bacarıb", Belorusda isə HHM nəinki qorunub-saxlanıb, həm də "Avropanın ən güclü HHM sisteminə çevrilib".
Hazırda birgə sistemə 7 HHM briqadası, ixtiyarında S-125, S-75, S-200 və S-300 komplekslərinin olduğu 46 zenit-raket hissələri daxildir. Bundan başqa, MiQ-29, MiQ-31 və Su-27 qırıcıları ilə silahlanmış 23 aviahissələr, həmçinin 22 radiotexniki qoşun birləşməsi və 2 radioelektron mübarizə hissəsi də mövcuddur.
KTMT-nin Hava Hücumundan Müdafiə Sisteminin yaradılmasının iki mərhələdə həyata keçirilməsi planlaşdırılır. Əvvəlcə Şərqi-Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında regional HHM sistemləri yaradılacaq. Özü də bu zaman əsas kimi RF və Belorusun bu yaxınlarda yaratdığı regional HHM sistemi modeli götürüləcək. Eyni qayda ilə Qafqaz regionunda - Rusiya ilə Ermənistan arasında da ikitərəfli HHM sistemi yaradılacaq.
Sonradan isə artıq təşkilatın vahid HHM sisteminin yaradıl-masına başlanılacaq.
Regional HHM sistemlərinin inteqrasiyası üzrə işlər artıq gedir. Məsələn, RF və Belorus arasında İttifaq dövlətinin hava sərhədlərinin birgə mühafizəsi və vahid regional HHM sisteminin yaradılmasına dair saziş artıq imzalanmaq üzrədir. Məlum olub ki, Belorus ilə HHM sisteminin tərkibinə 5 aviahissə, 10 zenit-raket hissəsi, 5 radiotexniki hissə və bir radioelektron mübarizə hissəsi daxil olacaq.
Digər regionlar üzrə də sazişlərin üzərində iş gedir. Yaxın vaxtlarda Rusiyanın Qazaxıstana bir neçə S-300 zenit-raket sistemi divizionunun göndəriləcəyi gözlə-nilir. Bu ölkənin müdafiə naziri vurğulayıb ki, Qazaxıstanla Rusiya müasir silahla təchizat məsələsində "tam qarşılıqlı anlaşma" şəraitində əməkdaşlıq edirlər.
Rusiya hərbçilərinin fikrincə, birləşmiş HHM sisteminin yaradılmasına dair qərar vaxtında qəbul edilib və hərtərəfli düşünülüb. "Təcrübə göstərir ki, HHM qüvvələrinin fəaliyyətinin milli sərhədlər çərçivəsində məhdud-laşdırılması, onların im-kanlarını xeyli azaldır" - deyə RF HHQ-nin baş komandanı A. Zelin bildirib: "Odur ki, milli HHM sistemlərinin inteqrasiyası zamanın tələbidir".
Amma məsələ bundadır ki, KÇRQ layihəsi kimi, vahid HHM-nin yaradılması məsələsində də Rusiyanın maraqları kollektiv təhlükəsizlik anlayışından kənara çıxır. Çünki Moskva vahid HHM-nin yaradılması və KTMT-dəki müttəfiqlərini müasir zenit-raket kompleksləri ilə təchiz etməsindən MDB-dəki "pis qonşular"a, məsələn, Gürcüstan və Ukraynaya hərbi və siyasi təzyiq vasitəsi kimi də istifadə edə bilər. Hər halda, biz əminik ki, Rusiyanı daim özünün qanlı oyunlarına cəlb edən Ermənistan (Xocalı faciəsində olduğu kimi), bu imkandan da istifadə etməyə çalışacaq və əlindən gələni edəcək ki, KTMT-də vahid HHM sisteminin yaradılması Ermənistanla qarşı-durmada olan Azərbaycanın təhlükəsizliyinə neqativ hərbi-strateji və siyasi təsir göstərsin.
Birincisi, bu amil Ermənistanın hərbi və xarici siyasi mövqelərini gücləndirəcək, ikincisi isə, bundan sonra Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövqeyinin radikallaşacağına şübhə yoxdur. Elə prezident Serj Sarkisyanın Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacağı haqda bu yaxınlarda səsləndirdiyi bəyanat da buna sübutdur.
Doğrudan da Rusiya tərəfindən ardıcıl olaraq silahlandırılan və KTMT-dəki müttəfiqləri ilə hərbi-siyasi əlaqələri gücləndirən (Sergey Lavrov bunu "kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi" adlandırır) bir ölkədən kompromislərə meyillilik gözləmək çox çətindir.
Halbuki Bakı Moskvadan regional təhlükəsizlik məsələlərinə tamamilə başqa cür yanaşma gözləyirdi. Axı aydındır ki, bu layihənin reallaşdırılması Rusiyanın münaqişənin dinc nizamlanmasına yardım etməyə hazır olması haqda bəyanatlarına və onun danışıqlar prosesindəki vasitəçi statusuna uyğun gəlmir.
Bir sözlə, ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın bu statusu ona münaqişə tərəflərindən birini silahlandırmasına və onun üçün daha komfortlu hərbi-strateji şərtlər yaratmasına imkan verməməlidir. Ona görə də yəqin ki, Moskva Bakıdan vahid HHM sisteminin yaradılmasının regiondakı qüvvələr balansının pozulmasına və Azərbaycanın təhlükəsizliyinə qarşı yönəldiyi, həmçinin Rusiyanın obyektiv vasitəçiliyinə kölgə saldığı haqda dəqiq siqnal alacaq. Rusiya rəsmilərinin "bu addımların Azərbaycana qarşı yönəlmədiyi" haqda səsləndirdikləri ənənəvi bəyanatlarına gəlincə, Vladimir Putinin ötən ilin aprelində Buxarestdə Rusiya-NATO Şurasının toplantısının nəticələrini şərh edərkən dahi Bismarkdan gətirdiyi sitatı xatırlatmaq istərdik: "Bu cür məsələlərdə vacib olanı niyyət yox, potensialdır".
Xatırladaq ki, V.Putin bu fikri Çexiyada quraşdırılması planlaşdırılan HHQ-nin Rusiyaya qarşı yönəlmədiyi barədə tezislərə cavab olaraq səsləndirmişdi.
Bu yerdə, son vaxtlar Rusiya siyasətçilərinin tez-tez səsləndirdikləri daha bir tezis - Azərbaycanın da KTMT-yə dəvət edildiyi barədə fikirlərə də toxunmaq istərdik. Çünki bu "dəvət" ən müsbət niyyətlə səslənsə belə, yenə də heç bir tənqidə dözmür. Məsələ bundadır ki, kollektivin bir üzvü digərinin ərazisinin 20 faizini işğal altında saxlayırsa, hansı kollektiv təhlükəsizlikdən danışmaq olar?! Məhz bunun nəticəsidir ki, bu gün Müstəqil Dövlətlər Birliyi (!) də real olaraq işləmir. Digər tərəfdənsə, ermənilər Xocalı soyqırımını MDB-nin birləşmiş qoşunlarının 336-cı alayının köməyi ilə törədiblər. Yəni o zaman Azərbaycanla Ermənistan vahid hərbi təşkilatın üzvü olsalar da, bu təşkilat nəinki dinc əhalini xilas etmədi, hətta əksinə, onun vəhşicəsinə qırılmasına yardım göstərdi.
Qeyd etmək lazımdır ki, Moskva "HHM kartı"ndan yalnız MDB məkanında deyil, digər istiqamətlərdə də fəal istifadə edir. Məlum olduğu kimi, ABŞ ilə geosiyasi rəqabət fonunda Rusiya İrana HHM sistemlərinin satışı mövzusunu tez-tez gündəmə gətirir. ABŞ-da hakimiyyətə yeni administrasiyanın gəlişindən sonra isə bu siyasi mövzu yenidən "canlanıb".
İranın öz hava məkanını ABŞ və İsrail tərəfindən gələ biləcək təhlükədən qorumaq üçün Rusiyanın müasir HHM sistemlərində necə maraqlı olduğu yaxşı məlumdur. Tehran xüsusilə S300 PMU-1 raket-zenit kompleksləri ilə maraqlanır. Rusiya KİV-nin məlumatına görə, beş S-300 divizionunun İrana satışına dair müqavilə çoxdan hazırlanıb və hətta paraflanıb da. Amma Moskva siyasi səbəblər ucbatından müqavilənin şərtlərinə əməl etməyə tələsmir, çünki indi İrana zenit-raket komplekslərinin satılması ABŞ-da hakimiyyətə yeni administrasiyanın gəlişindən sonra Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşmasına dair tendensiyaya və ya başqa cür desək, Moskvanın ABŞ-la "geosiyasi alver"inə mənfi təsir göstərə bilər.
Hələlik İranla Rusiyanın bu istiqamətdə əldə etdikləri ən böyük nailiyyət 2005-ci ilin dekabrında Tehrana dəyəri 700 milyon dollar olan 29 ədəd "Tor-M1" kompleksinin satışına dair müqavilədir. 2007-ci ildən isə bu komplekslər artıq İranın strateji obyektlərini, ilk növbədə isə, İsfahan və Buşəhrdəki nüvə mərkəzlərini (qərbli müşahidəçilər bu obyektlərdə nüvə silahının hazırlanması üzərində iş getdiyindən şübhələnirlər) mümkün hava zərbələrindən qoruyur.
Qeyd edək ki, "Tor-M1" 12 km məsafədə uzunluğu və 6 km məsafədə hündürlüyü vurmaq iqtidarında olduğu halda, S-300 sisteminin son modeli rəqibin təyyarəsini 150 kilometrlik məsafədən (hündürlük - 27 km) vurmağa imkan verir.
O vaxtdan Tehran S-300 komplekslərinə xüsusi diqqət göstərir və müvafiq müqavilənin imzalanmasına da nail olub. Keçən dövr ərzində həm dünya KİV-də, həm də İran rəsmilərinin dilindən bu komplekslərin Tehrana ötürülməyə başlandığı haqda mütəmadi olaraq informasiyalar yayılsa da, Rusiya hakimiyyəti bu şayiələri, birmənalı olaraq, təkzib edib. Sonuncu bu cür təkzib ötən il dekabrın 22-də edilib.
Qeyd edək ki, bu məsələ İran üçün olduqca mühüm əhəmiyyət daşıyır. Çünki Buşəhr AES-in tikintisi artıq başa çatmaq üzrədir. İranın digər nüvə obyektləri kimi, bu obyekt də hər an ABŞ və İsrailin hədəfinə çevrilə bilər.
Amma şübhə yoxdur ki, Moskva, ən azı, indi tələsməyəcək. Çünki qeyd etdiyimiz kimi, Rusiya yeni ABŞ administrasiyası ilə münasibətləri normallaşdırmaq şansının yarandığını bilir və İranla hərbi-texniki əməkdaşlığın bu şansı azaldacağını da anlayır. Bu ay Rusiya XİN-in başçısı Sergey Lavrovla ABŞ-ın yeni dövlət katibi Hillari Klinton arasında ilk görüş planlaşdırılır. Bu danışıqlarda prezidentlər Obama ilə Medvedevin ilk şəxsi görüşünün gündəliyinin razılaşdırılacağı gözlənilir. Moskva bu görüşdən çox şey gözləyir, çünki indi tərəflər nüvə silahının ləğvi, ABŞ-ın Şərqi Avropada HHM obyektlərini quraşdırması, Ukrayna və Gürcüstanın NATO ilə münasibətləri, İranın nüvə proqramı, Əfqanıstandakı vəziyyətin normallaşdırılması və digər prinsipial məsələlərə dair kompromisə gələ bilərlər.
İrana S-300 komplekslərinin verilməsi haqda məlumatlar isə, heç şübhəsiz, bu danışıqlardakı atmosferə yalnız neqativ təsir göstərərdi.
Hazırda Moskva ilə Vaşinqtonun münasibətlərində həqiqətən də istilik və konstruktivlik sezilməyə başlayır. Məsələn, Moskva Əfqanıstandakı Amerika hərbi kontingenti üçün lazım olan qeyri-hərbi yüklərin öz ərazisindən daşınmasına razılıq verib. Fevralın 17-də Rusiyanın xarici işlər nazirinin Qüdsə səfərindən sonra isə aydın olub ki, Rusiya Moskvada Yaxın Şərqə dair sülh konfransının keçirilməsi məsələsində İsrailin dəstəyini alıb. Etiraf etmək lazımdır ki, bu konfransın təşkili Rusiyanın Yaxın Şərqdəki əsas xarici siyasi məqsədlərindən biridir. Artıq neçə il idi Moskva bu təşəbbüsü irəli sürürdü. Amma gah israillilər, gah ərəblər, gah da amerikalılar bu təklifi rədd edirdilər. Məlum olduğu kimi, Vaşinqton 2007-ci ilin noyabrında Annapolisde öz konfransını keçirdi. Bu konfransda ABŞ prezidenti, İsrailin baş naziri, Fələstin administrasiyasının rəhbəri, BMT-nin baş katibi, dünyanın 40-dan çox ölkəsinin, o cümlədən Rusiyanın nümayəndə heyəti işirak ediblər. Özü də maraqlıdır ki, Rusiya bu konfransa o şərtlə qatılıb ki, növbəti analoji tədbir Moskvada keçirilsin.
Düzdür, Moskva konfransı İsrail-ərəb qarşıdurmasının aradan qaldırılmasına, çətin ki, ciddi töhfə versin. Amma bu konfransın keçirilməsi faktının özü Rusiyanın beynəlxalq nüfuzu və Moskva ilə Vaşinqton arasında münasibətlərdə mülayimləşmə baxımından çox böyük önəm daşıyır.
MƏSLƏHƏT GÖR: