5 Dekabr 2025

Cümə, 23:58

ÇİÇƏKLİ BAĞ

Ordubad buraya gələn insanlarda məhz belə təəssürat oyadır

Müəllif:

15.02.2009

Ordubad Naxçıvan Muxtar Respublikasında (NMR) böyük-lüyü və əhəmiyyətinə görə ikinci böyük şəhərdir. Araz çayının sol sahilində, Naxçıvan şəhərindən 75 km cənub - qərbdə, Zəngəzur silsiləsinin ətəyində yerləşir. 864 kvadrat km sahəsi olan şəhər dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Ermənistan və İranla həmsərhəddir. Ordubadın mərkəzindən axan Ordubadçay şəhəri iki hissəyə bölür. Uzunluğu 24 km olan çayın mənbəyi Kiçik Qafqazın 3200 metrlik yüksəklikdəki Zəngəzur silsiləsindən başlanır. Sərt - kontinental iqlimi var. Yayda NMR-in ən sərin yeri olur. Çinar ağaclarıyla məşhurdur. Memarlığı və 110-dan çox  tarixi - arxeoloji abidələrinə görə Ordubad 1977-ci ildə Qoruq şəhər elan edilib. 

 

Tarix

Ordubadda ilk yaşayış məskəninin 5 - 6-cı əsrlərə aid olduğunu ehtimal edirlər.Yazılı mənbələrdə Ordubadın adı ilk dəfə 7-ci əsrdə çəkilir və ərəb istilaları zamanı işğalçıların Ordubaddan keçərək Ararat vilayətinə yollandıqları göstərilir. 15 - 16-cı əsrlərdə Ordubad sıra ilə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil edilib. 16-17-ci əsrlərdə Səfəvi - Osmanlı müharibələri dövründə döyüş meydanına çevrilən şəhər gah Osmanlı, gah da İran əsarətinə məruz qalaraq dəfələrlə dağıdılıb və qarət olunub. 

15-ci əsrdə Ordubad, Şah Abbasın xüsusi münasibət göstərdiyi əhəmiyyətli şəhər idi. Bunun səbəbi isə Osmanlı imperiyası ilə müharibə zamanı Ordubad əhalisinin Şah Abbasa qarşı sədaqətli olması ilə izah edilir. Belə ki, 1588-ci ildə Osmanlı qoşun dəstələrinin başçısı Cəfər Paşa Ordubadı işğal edir. Şəhəri daha sonra geri alan 1-ci Şah Abbas (1587 - 1629) döyüşlər zamanı düşmənə müqavimət göstərdiyinə görə yerli əhalini mükafatlandırmağa qərar verir və vergidən azad edir. Şahın vəziri, əslən ordubadlı olan Hatəm bəy də bu məsələdə xüsusi rol oynayır.  Qərarın verilməsindən sonra şəhərdə ticarət və sənətkarlıq sürətlə inkişaf edir.  

1-ci Şah Abbasın 1603-cü ildə imzaladığı, cəmi 5 sətrdən ibarət olan həmin fərman Ordubad Cümə məscidinin Şərq qapısının üstündəki daş kitabədə həkk edilib və hal - hazırda da durur.

 

Ordubad Cümə məscidi

17 - 18-ci əsrlərə aid memarlıq abidəsidir. Şəhərin mərkəzi meydanının ən hündür yerində salınıb. Orta əsrlər memarlığının möhtəşəm nümunəsi olan məscidin plan quruluşu və bəzi elementləri onun əslində 12-13-cü əsrlərdə tikildiyini ortaya çıxarır. Cümə məscidinin indiki görünüşü 17-ci əsrdə aparılan təmirdən sonra yaranıb. Son dəfə 1987-ci ildə restavrasiya edilib. Məscid ərazisində bir mədrəsə binası var.

19-cu əsrin ortalarında Ordubad artıq böyük şəhər idi. 1854-cü il statistikasına görə, burada 800-dən artıq xüsusi ev, 63 məscid, 300-dən çox bağ və bir çox başqa binalar vardı. O binaların birində, Cümə məscidinin  yan tərəfindəki qədim tikilidə Ordubad tarix - diyarşünaslıq muzeyi yerləşir.

 

Qeysəriyyə və zorxana

Qeysəriyyə 17-ci əsrə aid memarlıq abidəsidir. Böyük günbəz və ona bitişik səkkiz kiçik günbəzdən ibarətdir. Vaxtilə Qeysəriyyə qiymətli zərgərlik məmulatlarının satıldığı örtülü Şərq bazarı olub. Daha sonra Zorxana, yəni döyüş meydanı kimi  fəaliyyət göstərib. Sözün mənası “zor, güc nümayiş etdirilən məkan” deməkdir. Səfəvilərin hakimiyyəti dövründə zorxanaların əhəmiyyəti ən yüksək pilləyə qalxır. Zorxana tamaşaları şou xarakteri daşıyır və yarışlar musiqi ilə müşahidə edilirdi. Təəssüf ki, Zorxanalar aktuallıqlarını 20-ci əsrdə itirdilər. 

 

Ordubad evləri

Ordubad evlərinin quruluşu orta əsr şəhərciyini xatırladır. Tarixi Azərbaycan xalq yaşayış binalaraının ən maraqlı tiplərindən sayılır. Evlərin mikroiqliminə xüsusi diqqət verilib. Bunun üçün həyətdə hovuz və su quyusu, həyətin hündür divarlarından hava keçməsi üçün dəliklər açılması kimi işlər görülüb. Qədim evlərin standart quruluşu  karvan sarayları xatırladır. 

Evlərin giriş qapıları taxtadan hazırlanıb. Ölçülərinə görə kiçik qapıların hamısının üstündə taqqılbabları var. Girişdə gələn qonağın əşyalarını saxlamaq və heyvanlarını bağlamaq üçün  nəzərdə tutulan xüsusi yerə “xana” deyirlər. Xana ikimərtəbəli olur. İkinci mərtəbədə kiçik gözətçi pəncərəsi yerləşdirilib. Qapı döyüləndə gələnin kim olduğunu görmək üçün nəzərdə tutulub. Xanadan sonra daş döşəməli dar yolla həyətin digər ucundakı evə gedilir. Evlər yoğrulmuş torpaqdan inşa edilib. Bu material, çox sərt iqlimi olan Ordubadda, otaqların yayda sərin və qışda isti qalmasına kömək edir.  

 

Ordubadlılar 

Mehriban və qonaqpərvərdirlər. Çox şirin danışıqları var. Ordubada qonaq gələndə “kimsən, niyə gəlmisən” soruşmurlar. İnsanlara o qədər etibar edirlər ki, evdən çıxanda qapını bağlamırlar. Evlərin qapısında qıfıl görmək, demək olar ki, qeyri-mümkündür. 

Ordubad camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyir.  Təbiəti, insanları, zəngin adət-ənənələriylə seçilən Ordubada ilk dəfə ayaq basan insan özünü orta əsr Şərq şəhərlərinin birində hiss edir. Orta əsrlərdə ətirli və böyük gül bağçasına bənzədilən Ordubada indi  Naxçıvanın incisi deyirlər. 

 Orta əsrlərdə buradan Təbrizə tay-tay gül göndərilirmiş. Ordubad indi də Azərbaycanın gül ticarətinin mərkəzlərindən biri sayılır. Mənfi 40 dərəcə şaxtada, əziyyətlə istixanalarda yetişdirilən Ordubad qərənfilləri Bakı kəndlərinin gülçülərinə ciddi rəqib hesab edilir. 

Ordubad ləhçəsi Təbiz və Şəki ləhçələrinə oxşayır. Danışıq, memarlıq quruluşu, sənətkarlıq, ipəkçilik baxımından bu üç şəhər bir- birinə bənzəyir. Hər üçü tarixi İpək yolunun əsas dayanacağı olub.  

Ordubadlılar deyirlər ki, burda Nəsrəddin Tusinin sələfləri yaşayır. Ordubad muzeyindəki guşələrdən biri tamamilə burada yetişmiş 450 elm-mədəniyyət-siyasət xadiminə ayrılıb. Onlardan 18-i akademikdir. Akademik Yusif Məmmədəliyevin doğulub-böyüdüyü Gülabi - Ambaras məhəlləsindəki 7 nömrəli evdə, YUNESCO-nun dəstəyi ilə muzey yaradılıb.  Bu görkəmli şəxsiyyətin neft və neft qazlarının katalitik emalı sahəsində etdiyi kəşflər II Dünya müharibəsi illərində aviasiyanın yüksəkoktanlı yanacaqla təmin olunmasına kömək edib. Yusif Məmmədəliyev Azərbaycanda neft yataqlarının ən böyük araşdırmaçısıdır. Alimin evinin eyvanından üzbəüzdəki Kəmki dağının möhtəşəm mənzərəsi görünür. 

 

Kəmki dağı

Əfsanəyə görə, məşhur Nuh tufanı zamanı suda hərəkət edən gəminin ilişdiyi ilk dağdır. Yüngülvari  toxunuş olduğu üçün Nuh buna “kəm dağ” deyib. İkinci dəfə gəmi İlandağa, üçüncü dəfə isə yenə Ordubad ərazisindəki Gəmiqaya ilə toqquşan gəmidə deşik əmələ gəlib. Bu hadisədən sonra Nuh hər kəsə gəmini tərk etməyi əmr edib. Məhz bu əfsanəyə əsasən, Naxçıvan bəşəriyyətin sivilizasiyanın ilkin beşiyi hesab edilir. Bu barədə daha sonra ətraflı danışacağıq. 

 

Ordubad ipəyi

Ordubad Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək Yolunun üstündə yerləşdiyindən, burada ticarətin və sənətkarlığın, xüsusən də ipəkçiliyin inkişafı üçün əlverişli şərait olub. Ordubad ipəyi hələ 16-cı əsrin ikinci yarısında Avropaya ixrac edilib. 1875-ci ildə burada buxar mühərriki işləyən ipəksarma fabriki olub. 1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarma müəssisəsi fəaliyyət göstərib. Türkmənçay Müqaviləsindən (1828) sonra Rusiyaya ilhaq edilən Ordubad 19-cu əsrin ikinci yarısı - 20-ci əsrin əvvəllərində Rusiya bazarlarını yüksək keyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən mühüm mərkəzlərdən birinə çevrilib. Avropa tipli baramaaçan fabriklər 1870-ci ildə tikilməyə başlanıb. 1928 - 29-cu illərdə 12  kiçik ipək fabriki birləşdirilərək, Ordubad İpək Kombinatı yaradılıb. Əsrlərboyu Ordubad ipəyi gözəlliyi ilə ad qazanaraq, beynəlxalq festivallarda mükafatlandırılıb. 1988-ci ildən sonra Ermənistanla müharibədə blokadaya alınan NMR-də digər istehsalat sahələri kimi ənənəvi ipək sənayesi də dayandırılıb.

 

Ordubad meyvələri

Orta əsrlər İran tarixçiləri Ordubadın çoxlu meyvə bağları ilə əhatə olunduğunu, çeşidi, növü və dadı ilə şöhrət qazanmış üzüm bağlarının, dənli bitkilərinin olduğunu və ipəkçiliyin inkişaf etdiyini bildirirdilər. Ordubad bu gün də meyvə cənnəti olmasına baxmayaraq yerli məhsullar bazarda çox baha qiymətə satılır. Bunların içərisində ən bahalı olanı limondur. Dənəsi 10 AZN ilə 20 AZN arasında dəyişir. Nədən Ordubad limonu belə bahalıdır? Çünki incəqabıqlıdır, ləzzətlidir, fərqli ətri var deyirlər. Buna görə də qabığını soymadan, meyvə kimi yeyirlər. Amma əsas sirr odur ki, sitrus meyvəsi sayılan limonu quru - sərt kontinental iqlimi olan yerdə yetişdirmək möcüzədir. 

Ordubadın meyvə bağları, dağ bulaqları, kəhrizləri və gül - çiçəkli aurası tarixən səyyahların diqqətini cəlb edib. Bunlardan biri, fransız etnoqraf  İ.İ.Şopen  (1798 - 1870) Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinə və coğrafiyasına həsr etdiyi əsərində, əla meyvələri - üzümü, əriyi, şaftalısı, albuxarası, heyvası olan Ordubad bağlarının Qafqazda, hətta Şərqdə şöhrət tapdığı, həmçinin sağlam iqlimi haqqında məlumat verib.

Ordubadın ən məşhur meyvəsi ərikdir. Xüsusi ləzzəti, böyüklüyü, şirinliyi, rəngi, qırmızı yanaqları və ətriylə fərqlənir. Ağacdan dərib yemək üçün iyul ayında burda olmaq lazımdır. Əriyin mürəbbəsini, cemini bişirir və qurudurlar. Ərik qurusuna qaysı deyirlər. Mədə - bağırsaq üçün çox faydalıdır. Qaysıdan ən çox plov bişirərkən istifadə olunur. Ordubadda meyvələri qurudaraq qışa saxlamaq və çay süfrələrində onlardan istifadə etmək ənənəsi yerli məişətdə çox geniş yayılıb. Yay mövsümündə kənd evlərinin damında qurudulmaq üçün sərilmiş alça, tut və digər meyvələr çox fərqli mənzərə yaradır. 

Ordubad qozu barədə isə ayrıca danışmaq lazımdır. Naxçıvanda qoza məzəli bir tələffüzlə “cəviz” deyirlər. Ən ləziz qoz Ordubadda yetişir. Sındırılanda parçalanmır və qabığından bütöv halda çıxır. Çox yağlı olmasıyla seçilir. Ordubadda növbənöv qoz yetişdiyini, hətta kənd-kənd qozların ölçüsünə və dadına görə seçildiyini söyləyirlər. Ordubadın çay süfrələrini qoz mürəbbəsi olmadan təsəvvür etmək mümkün deyil. 

 

Çayxana və çay süfrəsi

Şərqdə həyatı çayxanasız təsəvvür etmək qeyri-mümkündür. Tipik orta əsr Şərq şəhəri olan Ordubad da istisna deyil. Cümə məscidinin cənubundakı meydanda vaxtilə karvansaraylar, dükanlar olub. Indi həmin yerdə nəhəng, yüzillik çinar ağaclarının kölgəsində Ordubad məişətinin əvəzedilməz parçası olan çayxanalar fəaliyyət göstərir. Şaxtalı qış günlərindən başqa, bütün fəsillərdə çayxanalar açıq olur. Müştərilər, əsasən, kişilərdir. Burda toplaşaraq daxili - xarici siyasət məsələlərini və dünyada baş verən hadisələri müzakirə edir, nərd və domino oyunları üzrə öz aralarında miniçempionatlar  keçirirlər. Çayxanalarda çay servisi 3 əsas elementdən: armudu stəkanda qara çay, kəllə qənd və yerli limondan ibarətdir. Ordubad evlərində verilən ənənəvi çay ziyafəti isə görülməyə dəyər. 

Burada, hətta yemək yeməyə “gedək çay içək” ifadəsiylə dəvət edirlər. Qonaqlıq  çay dəsgahı ilə başlayır və tədricən yeməyə keçir. Adətən, çay süfrəsi o qədər zəngin olur ki, bundan sonra necə yemək yeyəcəyinizi təsəvvür etmirsiniz. Ordubad çay süfrəsi samovar çayı, qoz mürəbbəsi, ərik mürəbbəsi, limon və müxtəlif meyvə qurularından təşkil olunur. Onu da deməliyəm ki, adət üzrə bütün vacib məsələlərin həlli, əhəmiyyətli söhbətlər Ordubadda çay süfrəsi arxasında aparılır və müsbət həllini tapır.  

Bu isə artıq Azərbaycanın bir çox yerində oturuşmuş adətdir. Elçiliyə gedən oğlan tərəfi qız tərəfinin “həri”sini, yəni razılığını almağa gəlir. Tanışlıq və söhbətdən sonra qonaqlara şirin çay verilirsə, deməli, qız evi razıdır və nikah baş tutacaq. Bu gün evlənib-evlənməmək qərarını cavanlar özləri versələr də, qohumların tanışlıq görüşündə “şirin çay” ənənəsi dəyişməz qalır.  Bu həm adət-ənənəyə, həm də valideynlərə hörmətdir.  



MƏSLƏHƏT GÖR:

644