5 Dekabr 2025

Cümə, 23:19

"TARTÜF AĞAYEVİÇ" DÖVRÜN CARÇISIDIR

"Ibrus" Teatrında Xalq Yazıçısı, dramaturq və rejissor Rüstəm Ibrahimbəyovun növbəti tamaşası səhnələşdirilib

Müəllif:

15.02.2009

Fevralın Dolça bürcünə düşən ilk ongünlüyü Bakı sakinlərinə Rüstəm İbrahimbəyovun yaradıcılığı ilə bağlı bir neçə işıqlı gün bəxş etdi. Onlar xalq yazıçısının yubileyinə həsr edilmişdi. Tamaşaçılar bir neçə axşam çox həvəslə "İbrus" teatrının səhnəsində "Tartüf Ağayeviç" tamaşasını seyr etdilər. Həmçinin "Əlvida, cənub şəhəri" filminə də baxış keçirildi. Bununla yanaşı, Rüstəm İbrahimbəyovun iki yeni kitabının -  Sankt-Peterburqun  "Amfora" nəşriyyatında  buraxılmış  "Proza" və  Bakının "Azərnəşr" nəşriyyatı tərəfindən həm Azərbaycan,  həm də rus dillərində çap edilmiş "Seçilmiş pyeslər"-inin təqdimatı təşkil edildi. Yazıçının son işlərindən biri olan və həmin kitabda yer almış "Tartüf Ağayeviç" pyesi  tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. 

 

Zəifliyin gücü 

Ayın əvvəlində teatrın təqdim etdiyi  üç tamaşanın üçü də "bravo" səsləri ilə müşayiət olundu. Möhtəşəm aktyor heyəti - Şükufə Yusifova, Rafiq Əliyev, Məbud Məhərrəmov, Mələk Abbaszadə hələ Molyer dövründən bəlli olan sadə süjetli əsəri yüksək ustalıqla  oynadıqlarından, çoxsaylı tamaşaçıların çiçək və alqışlarına səbəb oldular. Sübh tezdən  ailə başçısı Orxanın (Sadiq Əhmədov) öz qızı Məryəmi (Ülviyyə Axundovanın debütü) yaşlı Tartüf Ağayeviçə (xalq artisti Rafiq Əliyev) verib-verməyəcəyi barədə danışarkən Məbud Məhərrəmovun həmişə hər şeydən narazı qalan Pəri xanımı nəzəri cəlb edir. Sərt plastikaya və aşağı səs tonlarına baxmayaraq, onun Pəri xanımı müyyən "cazibədarlığa" da malikdir və bu, az sezilsə də, qadının ürəyində, gizli bir səs kimi keçmiş haqda xoş xatirələr oyada bilir. Onun üçün bu, əfsanəvi sovet keçmişidir! Tanınmış pambıqyığan və xalq deputatı, yüksək partiya qurultaylarında tribunalardan çıxış etdiyi ötən şan-şöhrətli günlərini unuda bilmir. Yəni keçmiş əmək qəhrəmanında ahıl çağlarına baxmayaraq,  "rəhbərlik" etmək istəyi hələ də yetərincədir.  Həyatında hər cür sınaqlardan çıxıb, çox üzlər görən Pəri xanım yenə də hökmlüdür və ona görə də "sadiq dostu" Tartüf Ağayeviçi  namərdliyinə görə şillələdiyindən, bütün zalın dəstək səsini qazanır. 

Amma bu, Tartüf Ağayeviçi heç də sarsıtmır! O, əlləri ilə  yanağını tutub, şillə yerini silərək,  sadəcə "Ağrıyır!" deməklə kifayətlənir. Rafiq Əliyev həmin an  hansısa qadının şilləsindən daha çox,  ciddi  qlobal problemlərlə yaşayan bir insanın hisslərini səhnəyə gətirir. O, hətta şilləyə sevinir, yəni qisas almağa səbəb var! "Siz bunun əvəzini ödəyəcəksiniz. Hamısını ödəyəcəksiniz..."- kimi  çoxbaşlı sözlər deyərək, qalib gəlmiş adamlar kimi  Pəri xanımın oğlu Orxana məxsus evin qapısına doğru addımlayır. Ancaq bu, uzun çəkməyəcək və o, buraya yenidən həmin zəngin evi və istixananı almaq üçün geri dönəcək. Rafiq Əliyev öz qəhrəmanının obrazını heç də hansısa qəlibə uyğun şəkildə deyil,  xarakterə dərin nüfuz edərək,  təhlükəli bir insan obrazı yaradır. Elə bir obraz ki üzdə  həqiqət aşiqi olan tipin  daxili aləminin dərinliklərində  tamahkar fırıldaqçılıq və şəhvət düşgünlüyü gizlənib. 

O, Moskva yaxınlığında beynəlmiləl qəbiristanlıq tikintisi haqda  sirrini Orxana açır. Beləlikilə də  Tartüf Ağayeviç  gözəl sözlərlə Orxanı öz "nəhəng" planlarına cəlb edərək, onu çirkin niyyətinin zombisinə çevirə bilir. Evin və istixananın sahibinin  sifətində gicbəsərliyə bənzəyən ifadə yaranır. Orxan sanki hipnoz altında təntənəli şəkildə Tartüfə söz verir ki, evinin və istixanaların etibarnaməsini ona təqdim edəcək. 

Elmira, yəni xalq artisti Şükufə Yusifova dərhal ərinin gözünü açmağa, bu qansız tamahkarın kim olduğunu ona başa salmağa çalışır, amma Orxan sanki bir saatlığa kar və kor olur. Ümumiyyətlə o, ailəsinin qayğılarından çox, öz xırda ticarətini düşünür. Şükufə Yusifovanın Elmirası isə zərif davranışlı, evinin və ailəsinin necə olması barədə tamamilə fərqli düşüncələrə malik qadındır. Onun baxışları Pəri xanımın dünyagörüşünə qətiyyən uyğun gəlmir. Aktrisanın Elmirası heç də öz qayınanasını ultramüasir baxışlarla yoran çılğın üsyançı deyil, tam əksinədir.   

Şükufə Yusifovanan yaratdığı zərif qadın obrazı qayınanasının hikkəli xasiyyətinə dözür, özünü müəyyən emosional qəribəliklərlə və sarsıntılarla müşayiət olunan bədii yaradıcılığa həsr edir. Uşaqları tərəfindən sevilsə də, qayınanasının sərt münasibətinə tuş gələn qadının  mənzilində, ailə üzvlərinin özlərini tam əminliklə hiss etmələrinə  imkan yaradan bir mühit hökm sürür. İllərlə yaradılmış bu mühitə bir nəfər müdaxilə edir, o da qayınanasının qəfil istəyi ilə evlərində yerləşdirilmiş Tartüf Ağayeviçdir. Şükufə Yusifovanın Elmirası ocağın həqiqi qoruyucusu kimi təhlükəni hiss edir, bütün səylərini ailəsinin müdafiəsinə yönəldir. "Sənin gözün kordur!" - deyərək, ərini molla libasının arxasında gizlənmiş bu tamahkarın gerçək sifətini görməyə çağırır. 

Ancaq əri Tartüfə etibarını dəyişmədikdə Yusifovanın qəhrəmanı birdən-birə incidilmiş, zəif, müdafiəsiz qadın olmağa qərar verir. Və burda Şekspirin  “qadın güc yox, zəiflik göstərəndə daha çox şeylər əldə edə bilər”, fikri yada düşür. Görünür, müəllif də hesab edir ki,  qadının cazibəsi və müdrikliyi onun zəif tərəfləridir. 

Əsərdə maraqlı obrazlardan biri ev qulluqçusu olsa da, çoxdan ailə üzvünə çevrilmiş Zərinədir. Aktrisa  Mələk Abbaszadənin qəhrəmanı ilk öncə qadın cazibədarlığına görə seçilir. Zərinənin bütün həyatı bu evə həsr edilib. Öz şəxsi həyatından məhrum olmuş bir insan kimi o özünü bütünlüklə bu evin sakinlərinin qayğı və problemlərinə həsr edir. Mələk Abbaszadə hər bir personajla incə şəkildə qarşılıqlı münasibətlər sistemi yaradaraq, onlarla  fərdi ünsiyyət qura bilir. Hətta Pəri xanımla da! Zərinə də Elmira kimi Tartüfdən gələcək təhlükələri hiss edir, evin xanımına bu saxta "müqəddəs"in qəddar niyyətlərini açmaqda yardımçı olur. 

Mələk Abbaszadənin Zərinəsi sanki gerçək səmimiyyətdən toxunub: Tartüfə və onun tamahkar hərəkətlərinə nifrətlə yanaşır, evin xanımının taleyini düşünür, Məryəm haqqında qayğılanır, çılğın Ramiz (Salman Bayramov) barədə narahatlıq keçirir və yenilməz ev sahibi ilə söz güləşdirir. Bütün bunların arxasında təbii ki, ailəyə  doğma bir bağlılıq dayanır. Mələk sadə bir mühitdən gəlmiş, çox da savadlı olmayan, həyatın müdrikləşdirdiyi gənc qadın obrazını ustalıqla canlandırır. Onun qəhrəmanı çox sadə geyinib, yəni ev işləri üçün uyğundur. Amma tale sanki onu möhkəm sevgi və sədaqətə görə mükafatlandırdığından, bu evə gənc bir vəkil kimi göndərib, ola bilsin, bu onun şəxsi həyatının xoşbəxt davamıdır...

 

Bravo, alqışlar, çiçəklər

Tamaşa da pyes kimi həm əxlaqi, həm də sosial səciyyəli çoxsaylı  problemlərə toxunur. Sovet illərində mənəvi ideallar uğrunda öz mübarizliyi ilə seçilən "Literaturnaya qazeta", "Kino", "Sovetski ekran", "Vışka", "Bakinski raboçi", "Molodyoj Azerbaydjana" kimi mətbu orqanlarda cəmyyətin sosial problemləri barədə cəsarətlə danışan müəllif yenə də yaradıcılığında öz dövrü ilə dərin   bağlılığı olan insan mövzusunu davam etdirir. Öz kumirlərini yaradır. Bunun üçün də özü üçün carçılar seçir. Rüstəm İbrahimbəyov parlaq vətəndaş mövqeyi olan insandır. Özünün yox, Vətəninin şöhrətlənməsini həyatının mənasına çevirmiş əsl vətəndaşdır. Bu, bəlkə də, kimlərəsə çox bədiiləşdirilmiş ifadə kimi görünə bilər, amma burada gerçəklikdən uzaq heç nə yoxdur. Buna sübut kimi əsərlərində tez-tez boy verən, yalnız Azərbaycan və digər postsovet ölkələri ilə məhdudlaşmayan ekran və səhnə aləmində görünən uşaq personajlarını da göstərmək olar. 

Bütün dünyaya səpələnərək, təkcə vətənində deyil, ondan xeyli uzaqlarda da sevilməsi müəllifin uşaq personajlarının bədii ümumiləşdirmə səviyyəsinə qalxdığını sübut edir. Buna görə də incəsənətin dili insan tərəfindən qarşılıqlı anlaşmaq üçün düşünülmüş ən gerçək və ən inandırıcı vasitədir. Bu barədə on il qabaq Rüstəm İbrahimbəyovu 60 illiyi münasibəti lə təbrik edən Milli Liderimiz Heydər Əliyev bildirmişdi. Ümumiyyətlə,  çox sadə və anlaşıqlı görünən anlamlar barədə həmişə düşünmək gərəkdir. Zamanla toplanmış təcrübələri itirməmək naminə...



MƏSLƏHƏT GÖR:

596