Müəllif: Vəfa ZEYNALOVA Bakı
Qloballaşma şəraitində təbii resursların rasional istifadəsi və buna nəzarət aktual məsələyə çevrilib. Bu məsələni Azərbaycan da diqqətdən kənarda qoymur. Çünki su insanların keyfiyyətli həyat fəaliyyətinin bütün aspektlərinə təsir göstərir. Bu, xüsusilə təmiz şirin su çatışmazlığı olduqda özünü göstərir. Suyun rasional istifadəsinin və qorunmasının təşviqi məqsədilə hər il Ümumdünya su resursları günü qeyd olunur. Bəs, Azərbaycanda bu resursların potensialı necədir və onların qənaətlə istifadəsi üçün hansı işlər görülür?
Potensial
Rəsmi məlumata görə, Azərbaycan ərazisində içməli su ehtiyatı qeyri-bərabər bölüşdürülüb. Hazırda yerüstü su ehtiyatı 27 km3 təşkil edir. Quraqlıq keçən illərdə bu 20-21 km3-ə düşür. Yerüstü su ehtiyatının mənbələri çaylar, göllər, su anbarları və buzlaqlardır. Ölkənin əsas su arteriyası olan Kür və Araz çayları hələ Azərbaycan ərazisinə daxil olanadək müxtəlif kimyəvi elementlərlə, üzvi birləşmələrlə çirklənir. Sərhəd zonalarda suda neft məhsullarının, fenolun, misin, vismutun, titanın miqdarı normadan artıqdır. Bundan başqa, çaylar ölkə ərazisində də sənaye çirklənməsinə məruz qalır.
Azərbaycan ərazisində yerüstü su axınının həcmi ildən və mövsümdən asılı olaraq kəskin şəkildə fərqlənir. Bu dəyişikliklərdən asılılığı azaltmaq, fasiləsiz su təchizatını təmin etmək üçün ölkə ərazisində, ümumilikdə, 140 su anbarı yaradılıb. Onların ən böyüyü Mingəçevir, Şəmkir, Araz və Sərsəng su anbarlarıdır. Onların ümumi həcmi 87 min hektardır və bu anbarlarda 22 kubkilometrdir.
Azərbaycanda illik yerüstü su ehtiyatı 9 milyard kubmetrə yaxındır. Onun əsas hissəsi Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Naxçıvan dağətəyi ovalığındadır.
Xarici amillər
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Telman Zeynalovun sözlərinə görə, ümumilikdə ölkədə su resursları ilə bağlı vəziyyəti kritik adlandırmaq olmaz. Müəyyən problemlər isə əlbəttə ki, mövcuddur.
Orta məktəbin coğrafiya kursundan da məlum olduğu kimi, suyun təbiətdə dövr etməsi bizə ondan dəfələrlə istifadə etmək imkanı verir. Amma əhalinin sayının artması, ölkədə və dünyada ekoloji vəziyyətin pisləşməsi də bu prosesə ciddi təsir göstərir. Əlverişsiz ekologiya, texnogen amillər suyun keyfiyyətinə təsirsiz ötüşmür.
Ekoloqun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın regionlarında artıq 171 təmizləyici modul quraşdırıb. Onlar əhalini içməli su ilə təmin edir (sutkada adambaşına 3-4 litr). Yuma, çimmə və digər məqsədlərlə texniki sudan (arxlardan, mənbələrdən, çaylardan və s.) istifadə nəzərdə tutulub.Təmizləmə standartlarına gəlincə, ekoloq deyir ki, keçmiş SSRİ-də onlar Qərb ölkələrindəkilə müqayisədə daha sərt olub və Azərbaycan həmin normativlərə əməl edir.
Amma Bakının bir çox rayonunun, xüsusilə mərkəzdən kənarda yerləşən rayonlarının əhalisi bu cür sərt normativlərə rəğmən, istifadə etdikləri suyun idealdan uzaq olduğunu hiss edir. Suyun codluğunu və digər göstəricilərini yoxlayan özəl şirkətlər bildirirlər ki, su kəmərlərindəki suyun tərkibində duzların, ağır metalların miqdarı normadan on, hətta yüz dəfələrlə artıqdır. Evlərdə keyfiyyətli məişət təmizləyicilərini quraşdırmağa isə heç də hər kəsin imkanı çatmır. Beləliklə, ölkənin su potensialının qiymətləndirilməsində suyun keyfiyyətini diqqətdən kənarda qoymaq olmaz. Bu isə təbii ki, onun təkrar istifadə səviyyəsinə öz təsirini göstərir.
"Azərsu" ASC-dən isə su borularına vurulan suyun təmiz olduğunu bildirirlər. Qurumdan ölkədə bu sahədə köhnə sovet standartlarının qüvvədə qaldığını, onların Ümumdünya Səhiyyə Təşkilatının normativlərindən xeyli sərt olduğunu deyirlər. "Azərsu"nun "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini Adışirin Ələkbərov "R+"a açıqlamasında bildirib ki, Azərbaycanda məişətdə istifadə məqsədilə borulara vurulan su ölkədə qəbul edilmiş standartlara cavab verir. Onun sözlərinə görə, bəzən su çökmə və xlor qoxusu versə belə, bu, aparılan təmir işlərilə əlaqədar müvəqqəti xarakter daşıyır. "Ümumilikdə, bizdə su təmizdir", - deyə A. Ələkbərov qeyd edib.
Bundan başqa, "Azərsu" əhaliyə verilən suyun keyfiyyətinin artırılması məqsədilə tədbirlər də görür. Məsələn, Ceyranbatan su təmizləyici filtrasiya qurğusunun inşası başa çatmaq üzrədir. Orada işlər müasir beynəlxalq texnologiyalar əsasında aparılır. Filtrasiya qurğusu suyun tərkibindəki zərərli mikrobların, zərrəciklərin kənarlaşdırılmasına imkan verəcək. Nəticədə, sudan xoşagəlməz qoxuların, tamın gəlməsi halları aradan qalxacaq. Üstəlik, bu, suyun təbii tərkibinin qorunub saxlanmasına da imkan verəcək. Bu qurğudan keçirilən suyun xlorlarşdırılmasına ehtiyac qalmayacaq. Qurğunun işə salınması Abşeron yarımadasının Türkan, Zirə, Qala, Dübəndi, Gürgan, Pirallahı kimi bir sıra qəsəbələrinin su təchizatının yaxşılaşdırılmasına imkan verəcək.
Digər yandan regional monitorinq və nəzarət alətlərinin olmaması sənaye müəssisələri tərəfindən bir sıra təbiət və su mühafizəsi normativlərinin pozulmasına imkan yaradır. T.Zeynalovun sözlərinə görə, bir sıra regionlarda fəaliyyət göstərən zavodlar suyun təmizlənməsini həyata keçirmir, texnoloji proses zamanı istifadə olunmuş və artıq istifadəyə yararlı olmayan suyu təbii su anbarlarına - çaylara, kiçik çaylara və s. axıdırlar. Doğrudur, bəzi belə zavodlar üçün əlavə ərazi ayrılaraq onların üzərlərinə təmizləyici qurğular tikmək öhdəliyi qoyulub. Amma bütün pozuntuları nəzarətdə saxlamaq üçün monitorinq qrupu tərəfindən təmiz və şəffaf iş aparılmalıdır. Yeri gəlmişkən, sovet illərində bütün müəssisələr mütləq qaydada təmizləyici qurğularla təmin olunmuşdu və bu, ətraf mühitə dəyən zərərin azaldılmasına imkan verirdi. Belə müəssisələrin bir çoxu məhz Bakıda fəaliyyət göstərirdi.
Su resurslarından istifadə haqda danışarkən aqrar sahədə sudan istifadəni də nəzərdən qaçırmamalıyıq. Söhbət əkin sahələrinin suvarılmasından gedir. Bu işdə su istehsal prosesinin əsas iştirakçılarından birinə çevrilir və onun rasional istifadəsi vacib məqamdır.
Ekspertin sözlərinə görə, hələ 1938-1940-cı illərdə Azərbaycanda quraqlıq regionların sinxron, damcı üsullu suvarılmasına dair təkliflər hazırlanmışdı. Sonradan onlar it-bat oldu. 2000-ci illərin əvvəllərində ölkənin quraqlıq regionlarında az intensiv və ekoloji cəhətdən təhlükəsiz texnologiyalarla suvarmaya həsr olunmuş monoqrafiyalar, elmi işlər çap olunurdu. Az intensiv suvarma texnologiyasının üstünlüyü az həcmdə su ilə bütün əkin sahəsində bitkilərin daha intensiv inkişafını təmin edən mikroiqlimin yaradıla bilməsidir. Nəticədə, müxtəlif kənd təsərrüfatı məhsullarının məhsuldarlığı kifayət qədər yüksəlir. Bundan başqa, o, suvarılacaq sahələrin ciddi şəkildə planlaşdırılmasını tələb etmir, suyun bölüşdürülməsi prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasına imkan verir və s. Onu da qeyd etmək lazımdır ki, mikrosuvarma zamanı yeni texnika və texnologiyalardan istifadə suya 2-2,5 dəfə qənaət edilməsinə, məhsuldarlığın isə 30-40% artmasına səbəb olur.
Xarici ölkələrin təcrübəsi
Bu gün su resurslarından rasional istifadə sahəsində ən yeni və öncül nailiyyətlər İsraildədir. Səhra və yarımsəhra zonasında yerləşən İsraildə suyun dəyərini çox yaxşı dərk edirlər. Burada istifadə olunan suvarma avadanlıqları və sistemi (xatırladaq ki, İsrail kənd təsərrüfatı məhsullarının əsas ixracatçılarından biridir) ekologiyaya, mövcud su ehtiyatına minimum zərərlə maksimal effektə nail olunmasına imkan verir. Ümumiyyətlə, suyu demək olar ki, ölkənin hər bir nöqtəsinə paylayan şaxələnmiş su təchizatı şəbəkəsi və supaylayıcı, yağış suyunun yığılması üçün süni rezervuarlar quraqlıq ölkə üçün vacib texnoloji aktivlərdir. Bununla yanaşı, su təchizatı siyasəti elə qurulmalı idi ki, əhali də lazımi həcmdə su ilə təmin olunsun, üstəlik, ölkədə ərzaq təhlükəsizliyi təmin edilsin. Bunun üçün bir neçə istiqamətdə iş aparılır: kənd təsərrüfatında yeni texnologiyalardan yararlanmaqla suyun effektiv istifadəsi; təmizlənmiş yağış sularından suvarmada istifadə; qrunt sularından istifadə və ən miqyaslısı, dəniz suyunun duzunun təmizlənməsi. Bunun üçün artıq ilk qurğu istifadəyə verilib. İsrail son 30 ildə kənd təsərrüfatı sahəsində istehsalı 5 dəfədən çox artırması ilə qürur duya bilər. Ölkə buna su sərfiyyatında artıma yol vermədən nail olub. İsraildə istehsal olunan suvarma qurğularının 80%-dən çoxu xarici ölkələrə ixrac olunur və onların arasında inkişaf etmiş ölkələr də var. İsrailli mütəxəssislərin suvarma sahəsindəki nadir bilik və təcrübələri xaricdə bir çox layihələrin reallaşdırılmasında istifadə olunur.
MƏSLƏHƏT GÖR: