Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın üzən məzənnə siyasətinə keçidi haqda planlarını açıqlayıb. Düzdür, ölkənin baş bankiri Elman Rüstəmov təminat verib ki, bu hələ belə tez və dərhal baş verməyəcək. Amma yaxın gələcəkdə milli valyutanın idarə olunan üzən məzənnə siyasəti haqda danışmaq mümkündür. Bu modelə əsasən, manatın məzənnəsi əsas makroiqtisadi indikatorlar, neftin qiyməti, dollar/avro nisbəti, ölkələrdə valyuta dinamikası - əsas ticarət tərəfdaşları, habelə AMB tərəfindən korreksiyadan asılı olaraq formalaşacaq.
Hədləri aşmadan
Məlum olduğu kimi, üzən və ya çevik valyuta məzənnəsi nə dövlətin, nə də Mərkəzi Bankın onun sabitliyinin saxlanılması üçün hər hansı bir tədbir görmədiyi şərtlər hesab edilir. Yaxın keçmişə qədər Azərbaycanda manatın xarici valyutalara münasibətdə məzənnəsi AMB tərəfindən son dərəcə sərt nəzarətdə saxlanılırdı, yəni tamamilə idarəedilən idi. Ayrı-ayrı dövrlərdə onun saxlanılması üçün AMB-nin ehtiyatlarından milyon dollar vəsait xərclənirdi. Lakin dünya bazarlarında neftin qiymətinin düşməsi ilə vəziyyət kəskin dəyişdi. Təkcə 2015-ci ilin yanvar ayında AMB manatın məzənnəsinin saxlanılmasına daha 1,077 mlrd. dollar xərcləyib. Nəticədə, isə onun ehtiyatları 2013-cü ilin yazından minimum həddə qədər azaldı. E. Rüstəmovun sözlərinə görə, bu günə valyuta ehtiyatları, təxminən, 10 mlrd. dollar təşkil edir.
Fevralda devalvasiyadan sonra, tərkibinə nəinki dollar, həm də avro da daxil olacaq bir valyuta səbətinin tətbiqinə başlayaraq, AMB daha çevik məzənnə siyasəti həyata keçirmək niyyətini açıqladı. Mahiyyətcə, bu elə idarə olunan üzən məzənnədir. Lakin hətta bununla belə AMB-nin manat üzərində nəzarətinin tezliklə və tamamilə ləğvindən danışmaq olduqca erkəndir. Səbəb isə budur.
Xarici ekspertlərin fikrincə, üzən məzənnəyə keçid iqtisadi qeyri-sabitlik dövründə yolverilməzdir. Çünki üzən məzənnə dayanıqsızlıq risklərini ancaq artırır. Bundan başqa, dünya təcrübəsinin göstərdiyi kimi, səmərəli üzən məzənnə - ancaq ixracın əsas maddəsinin istehsal məhsulu olan inkişaf etmiş sənayeyə malik ölkələrdə ola bilər. KİV-in məlumatına görə, dünyada ancaq 65 ölkə sərbəst üzən məzənnə rejimi qurub. Neft hasil edən ölkələrdən buraya ancaq Meksika düşüb - lakin hətta onun iqtisadiyyatının strukturunda yanacaq və xammalın ixracı 15,9%, sənayenin payı isə 74,9% təşkil edir və bir də Norveç.
Qısası, göstərilən bütün parametrlər üzrə Azərbaycanın üzərinə manatın üzən məzənnəsini götürmək riski ağlabatan deyil. AMB-nin rəhbəri də analoji fikirdədir və qeyd edib ki, milli valyutanın tamamilə buraxılması üçün ölkədə valyutanı alıb və satan kifayət qədər oyunçu olmalıdır. Hazırda Azərbaycanda ancaq Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti valyuta satır. "Əgər biz oxşar iqtisadiyyatı olan ölkələrə, məsələn, Qazaxıstana baxsaq, orada daha çox oyunçu var. Onlar qızıl, dəmir və s. satırlar. Bu gün üzən məzənnə siyasətinə keçidə hazırlıq işləri aparılır və yaxın zamanlarda biz bunu təmin etməliyik. Üzən məzənnə şərtlərində manat dəyərini dövlətin ciddi müdaxiləsi olmadan tapacaq. Lakin bu gün bazarda olmasaq, manatın kursu istənilən formada dəyişəcək - 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Belə dəyişkənliyə yol vermək - iqtisadiyyatda əsəbilik yaradardı", - deyə E. Rüstəmov qeyd edib.
Yerli ekspertlərin fikrincə, milli valyutanın üzən məzənnəyə keçidi beş ildən az çəkməz. Belə ki, "İqtisadi Təşəbbüslərə Yardım" İB-nin eksperti Samir Əliyev əmindir ki, manatın məzənnəsindən tezliklə imtina ediləcəyi halda, onu çökmə gözləyir. "Bu üfüqdə də görünmür. Ən azı yaxın 5 ildə ehtimal etmirəm. Hətta iqtisadiyyatı daha güclü olan Rusiya indiyə kimi tam üzən məzənnəyə keçməyib.
Şoksuz devalvasiya
Bununla yanaşı, manatın bazar dəyərinə çatması üçün bəzi iqtisadçılar, xüsusən də deputat Vahid Əhmədov hesab edir ki, növbəti ilin başlamasına qədər yumşaq devalvasiya həyata keçirilməsi məqsədəuyğundur.
Bununla bağlı, E. Rüstəmov jurnalistlərlə söhbətində söz verib ki, Azərbaycanda şok devalvasiya artıq olmayacaq. Lakin bunun üçün neftin qiymətinin cari parametrləri zəruridir. "İri maliyyə institutlarının hesablamalarına əsasən, neftin qiyməti barelə görə 50-55 dollar arasında dəyişəcək. Bizim hesablamalarımız da bunu göstərir", - deyə E. Rüstəmov onu da əlavə edib ki, Azərbaycanın dövlət büdcəsində 2016-cı il üçün neftin qiyməti barelə görə 50 dollardan hesablana bilər.
O, əlbəttə ki, AMB-nin devalvasiya haqda fevral qərarına da toxunub və qeyd edib ki, bu addım daxili bazarın qorunması və ixracın stimullaşdırılmasına yönəlmişdi. "Kim isə ancaq populyar qərarlar qəbul etmək üçün işləyirsə, o, böyük səhv edir. Əsas qərarın populyarlığı deyil. Qərarlar ölkənin dövlətçiliyinin və əhalinin maraqlarının qorunması üçün qəbul edilir", - deyə E. Rüstəmov iddia edib. Baş bankir etiraf edib ki, bu qərardan sonra, iqtisadiyyatın dollarlaşması tendensiyası xeyli güclənib. Belə ki, 21 fevraldan başlayan müddət ərzində manatın devalvasiyasından sonra, AMB 1 mlrd. dollardan çox valyuta xərcləyib və bu proses aprel-may aylarında da daha asta templərlə davam edəcək. "Biz valyutanın hara getdiyini təhlil edirik. Bugünkü nisbət belədir - təxminən, yarısı dollarlaşmaya gedir", - deyə E. Rüstəmov bildirib.
Məsələ burasındadır ki, bankların əksər müştəriləri vəsaitlərinin indi dollarla saxlanılmasına üstünlük verirlər və fevraldan manatda olan depozitlərin dollarla kütləvi şəkildə köçürülməsi müşahidə edilir. Ölkənin baş bankiri əmin edir ki, AMB əhalinin heç bir problemsiz öz vəsaitlərini dollara konvertasiya etməsi üçün kifayət qədər ehtiyata malikdir. Lakin E. Rüstəmov AMB-nin ehtiyatlarının həcminə dair qısamüddətli dövr üçün proqnoz verməyə çətinlik çəkib. "Bunu proqnozlaşdırmaq çətindir. Belə ki, müəyyən müddət valyuta bazarında olmayan Dövlət Neft Fondu yaxın vaxtlarda qayıdacaq. ARDNŞ - bazarın əsas tələbatını təmin edən təşkilatdır. Büdcəyə transferlər davam edir, bu AMB-nin ehtiyatlarını sabitləşdirir", - deyə E. Rüstəmov bildirib.
Bu arada AMB əhalinin və ölkənin dollara olan tələbatını təmin etmək imkanına malikdirsə, dollarla olan kredit borclarına dair mübahisələrin tənzimlənməsi məsələsində AMB ancaq məsləhətçi mövqeyində dura bilər. E. Rüstəmovun qeyd etdiyi kimi, əhalinin kredit yükünün azaldılması üçün AMB banklara kreditlərin bağlanma müddətini uzatmaq və onların faiz dərəcələrinin aşağı salınmasını təklif edəcək. "Banklar kreditlərin restrukturizasiyasına getməsələr, problemli kreditlərin həcmi arta bilər", - deyə E.Rüstəmov hesab edir. O, qeyd edib ki, məhz banklar bu cür kreditlərin restrukturizasiyasında maraqlı olmalıdırlar. "Siz ikiillik kredit vermisinizsə, onun müddətini 3-5 il artırın, insanlar borclarını yavaş-yavaş ödəsinlər. Kreditləri 15-20%-lə vermisinizsə, faiz dərəcəsini bir qədər aşağı salın ki, əhaliyə zərər dəyməsin", - deyə o, tövsiyə edir.
ABM-nin kredit alana edə biləcəyi yeganə yardım ondan ibarətdir ki, banklar müştərini xəbərdar etmədən kredit müqaviləsinin şərtlərində dəyişikliklər edərsə, ölkənin Mərkəzi Bankı həmin bankiri cəzalandıracaq. Bu olduqca ciddi qanun pozuntusudur. Belə ki, bankdan götürülən kredit eyni valyutada qaytarılmalıdır. Tənzimləyici isə qanun pozulacağı halda yenilməzdir, bunu da devalvasiyadan sonraki ilk günlərdə spekulyativ əməliyyatlara yol verən valyuta mübadiləsi məntəqələrinə qarşı sanksiyaların tətbiq edilməsi halları aydın təsdiq edir. Bir sözlə, Mərkəzi Bank bir daha xəbərdarlıq edir ki, məzənnə siyasətində müəyyən yumşaqlığa baxmayaraq, o, valyuta və bank bazarının sükanında möhkəm dayanır və fırtına və boranlara qarşı durmağa hazırdır.
MƏSLƏHƏT GÖR: