
OLİQARXSIZ UKRAYNA?
Ən ambisiyalı oliqarxlardan olan İqor Kolomoyskinin siyasi postdan istefasının arxasında nə dayanır?
Müəllif: İrina XALTURİNA Bakı
Ötən ay Ukraynadakı daxili siyasi həyatın ən çox müzakirə edilən olayı prezident Pyotr Poroşenko ilə biznesmen, Dnepropetrovsk vilayətinin artıq keçmiş qubernatoru İqor Kolomoyski arasındakı mübahisə oldu. Bu mübahisədə, formal da olsa, prezident qalib gəlsə də, indi hamını bir sual maraqlandırır - nə baş verir?
Gərginliyin əsasını martın 19-da Ali Radanın səhmdar cəmiyyətlər haqda qanuna dəyişiklik edərək, səhmdarların toplanması üçün tələb olunan kvorumu azaltması qoydu. Bu dəyişiklik faktiki olaraq Klomoyskinin "Ukrnafta" neft şirkətinə nəzarəti itirməsi demək idi. Eyni vaxtda, Kiyev neft borularının operatoru olan "Ukrntransnafta" şirkətinə nəzarəti gücləndirmək qərarına gəldi. Bunun üçünsə şirkətin Kolomoyskiyə loyal olan rəhbəri Aleksandr Lazorko vəzifəsindən uzaqlaşdırıldı. Hiddətlənmiş Kolomoyski silahlı şəxslərlə birlikdə "Ukrtransnafta"nın Kiyev ofisinə gələrək aktivlərini qorumağa cəhd etdi. Bu zaman oliqarxla "Azadlıq" radiosunun jurnalisti Sergey Andruşko arasında xoşagəlməz mübahisə yaşandı və bu, qubernatorun "dövlət imici"nə ciddi zərbə oldu. Hakimiyyət Kolomoyskinin hərəkətinə kifayət qədər sərt reaksiya verdi və "Ukrnafta"nın ətrafında dəmir hasar ucaldıldı, baş nazir Arseni Yasenyuk güc strukturlarının müşavirəsini keçirdi, prezident Poroşenko isə "vəziyyətin gərginləşməsi"lə əlaqədar Milli Qvardiyanın iki batalyonunu Dnepropetrovska göndərdi. Bundan başqa, dövlət tərəfindən oliqarxa məxsus "Privatbank"a (milli bank sistemindəki əmanətlərin 1/4-i bu bankın payına düşür) qarşı bir sıra addımlar atıldı.
Əvvəlcə yerli KİV-də belə məlumat yayıldı ki, Kolomoyskinin tərəfdarları Dnepropetrovsk sakinlərini xalq veçesinə çağırır, amma sonradan qubernatorun müavini Gennadi Korban bildirdi ki, rəsmi hakimiyyət orqanlarının bu aksiyaya heç bir aidiyyəti yoxdur və bu, "ictimaiyyətin təşəbbüsüdür".
Yekunda isə, hamının gözlədiyinin əksinə olaraq, Pyotr Alekseyeviç və İqor Valeryeviç Qoqolun məşhur personajlarından fərqli olaraq, qarşıdurmanı uzatmadılar və Kolomoyski ötən ilin martından tutduğu qubernator vəzifəsini "öz xahişi" ilə tərk etdi. Dnepropetrovsk vilayətinin keçmiş rəhbəri geri çəkildi və hətta bildirdi ki, Poroşenko çox təmkinli insandır, "mən onun yerinə olsam 1 il gözləməzdim, özümü 3 aydan sonra qovardım".
Oliqarx, həmçinin vurğuladı ki, siyasi ambisiyalardan uzaqdır və yeni qubernatora hər işdə yardım etməyə hazırdır.
Kolomoyski olayından dərhal sonra Ukrayna prezidenti bütün güc strukturlarının iştirakı ilə "ölkənin oliqarxsızlaşdırılması"na başlandığını bəyan etdi və vurğuladı ki, bundan sonra heç bir qubernatorun "öz cib ordusu olmamalıdır".
Ukraynanın hakim və biznes dairələrində nələrin baş verdiyini anlamaq çətindir, çünki çox vaxt xəbərlər bir-birini təkzib edir. Amma istənilən halda, bir neçə versiya səslənir. Onlardan birinə görə, Kiyevdəki hakimiyyət, ümumilikdə, oliqarxların mövqelərinə hücuma keçib, Kolomoyski isə onların arasında ən varlısı olmasa da, hər halda, ən parlağı və ambisiyalısıdır. Dərhal son illərin özəlləşdirməsinin yekunlarına yenidən baxıla biləcəyinə dair xəbərlər də yayıldı - bu prosesin vaxtilə ölkə rəhbərliyindəki şəxslərin iştirakı və süni şəkildə ucuzlaşdırılmış qiymətlərlə aparıldığı iddia edilir. Amma Ukraynanın iqtisadiyyat naziri Ayvaras Abromaviçus bildirdi ki, hökumət təkrar özəlləşmə ideyasını dəstəkləmir.
Poroşenkonun "oliqarxsızlaşma" haqda dediklərini diqqətlə dinləsək, bəzi məqamlar aydın olmur və çaşqınlıq yaradır, axı, prezidentin özü də, belə demək mümkündürsə, oliqarxdır. Məsələn, bəzi xarici mətbuat orqanlarının yazdığına görə, Poroşenkonun şirniyyat imperiyasında son vaxtlar işlər heç də pis getmir. Odur ki, sual yaranır - söhbət hakimiyyətlə oliqarxların qarşıdurmasından gedir, yoxsa oliqarxlar bir-birilə yola getmirlər? Bəzi mənbələr Poroşenko ilə ölkənin ən varlı adamı olan Rinat Axmetov, Axmetovla Surkis qardaşları, Axmetovla Kolomoyski, Kolomoyski ilə Viktor Pinçuk qarşıdurmaları, Dmitri Firtaşın "ulduzunun sönməsi" və s. haqda fikirlər səsləndirirlər. Guya, Kolomoyskinin mövqelərini gücləndirməsi hamını qıcıqlandırırmış. Razılaşın ki, bu çoxmilyardlıq iddia və mübahisələri araşdırmaq, eləcə də nəticə çıxarmaq asan deyil. Amma aydın olan bir şey var - Poroşenko Ukraynanın ən varlı adamlarına qarşı çıxa bilməz, çünki bu dövlətin özünə qarşı çıxması demək olardı. Ukrayna biznesinin yenidən bölüşdürülməsi də eyni effekti verəcək. Məsələn, Ukraynanın istilik elektrik stansiyalarının (İES) əksəriyyətinə Axmetovun sahibi olduğu DTEK şirkəti nəzarət edir. Dövlət uzun müddət enerji bazarı İES-in qarşısındakı borclarını nəzərə almayaraq, elektrik enerjisinə görə tarifləri artırmadı. Bunun əvəzində yaranmış fərq büdcə hesabına silinirdi, amma getdikcə bunu etmək çətinləşdi. Axmetovun şirkətləri ciddi problemlərlə üzləşməyə başladılar. Və əgər biz düşünsək ki, Axmetovla münasibətləri pis olan Poroşenko bu vəziyyətdən məmnun qalıb, yanılarıq. Çünki Poroşenko Axmetova qarşı olsa da, tariflərin qaldırılmaması ümumilikdə enerji sahəsinə kollapsa gətirib çıxara bilərdi. Odur ki, tariflər qaldırıldı. Bu müqayisə bir daha göstərir ki, bizneslə dövlət qarşılıqlı şəkildə bir-birinə loyallıq və anlaşılma nümayiş etdirməlidirlər.
Daha bir versiyaya görə, Poroşenko ilə Kolomoyskinin qarşıdurması hələ bitməyib. Bu versiyanın tərəfdarları hesab edirlər ki, Kolomoyskinin maliyyə, insan, mediya və digər resursları kifayət qədərdir və o, belə asanlıqla geri çəkilən, prezidentin göstərişlərinə tabe olmayacağı haqda vədləri unudan insan deyil. Bu yerdə Korbanın "Kiyev çox şey vəd etsə də, heç nə etməyib və orada qayda-qanun yaratmaq lazımdır" çağırışı, Kolomoyskiyə yaxın olan "Sağ sektor" hərbi-siyasi hərəkatının lideri Dmitri Yaroşun Kiyevdə yeni Maydan haqda hədələri də unudulmayıb. Üstəlik, Kolomoyski Ukraynanın digər bölgələrində - Odessa və Xarkovda da nüfuzunu qoruyub saxlayıb. Bir sözlə, iddia edilir ki, Kolomoyski siyasi vəzifədən getməklə özünə manevr üçün meydan təmizləyir, siyasi ambisiyalardan isə əl çəkmək niyyətində deyil.
Bəs, ümumiyyətlə, Kolomoyski qubernator postuna necə gəlib çıxmışdı? "The Financial Times"ın yazdığına görə, ötən il Krım və Ukraynanın cənub-şərqindəki hadisələr fonunda Kiyev qeyri-sabitliyin ölkənin mərkəzinə keçməsinə imkan verməmək üçün Ukraynanın ən varlı şəxslərini regional qubernatorlar təyin etmək taktikasını seçdi. Və buna ilk razılıq verən də İqor Kolomoyski idi. Onun ölkənin cənub-şərqində döyüşən könüllü batalyonları - "Azov", "Aydar", "Donbas", "Dnepr-1" və "Dnepr-2" batalyonlarını maliyyələşdirdiyi də bildirilir. Hər şey normal idi, amma sonradan Kiyevdə anladılar ki, Kolomoyskinin güclənməsi təhlükə deməkdir, oliqarxın özü isə paytaxta hərbi kolonna ilə gəlməklə bu narahatlığı bir qədər də gücləndirdi.
İstənilən dövlətin mövcudluq prinsipində onun gücdən istifadə monopoliyasını özündə saxlaması dayanır. Əks halda dövlətləri xaos və parçalanma gözləyir. Və bəlkə də, istefasından sonra Kolomoyski məhz buna işarə edirdi. "Mən unutmuşdum ki, bossum var və mən onun tabeliyindəyəm. Mən özümü elə aparırdım, sanki prezidentlə bərabərik. Başqa qubernatorlar da bunu görürdü və bu, hakimiyyət vertikalını sarsıdırdı... Bu, Poroşenko ilə qubernator Kolomoyski arasında münaqişə deyildi. Bu, Kolomoyskinin özünün daxilində gedən maraqlar münaqişəsi idi. Buna, şəxsiyyətin dualizmi də demək olar və məncə, hər şey yaxşı bitdi", - deyə oliqarx "1+1" telekanalına müsahibəsində bildirdi.
Onun dediklərində yalnız bir şey qaranlıq qalır: görəsən, gələcəkdə Ukrayna vətəndaşları Kolomoyski şəxsiyyətinin hansı tərəfinin şahidi olacaqlar? Və İqor Valeryeviçin yenidən hakimiyyətə qayıdışı - amma bu dəfə, vertikalın əsas qoruyucusu qismində - mümkündürmü? Axı, o, Dnepropetrovsk vilayətinin "ukraynaçılığın dayağı", "ağır sənayenin mərkəzi", "ölkənin şərqdəki istehkamı" olduğunu boş yerə təkrarlamırdı.
Qubernator postundan getməklə Kolomoyskinin regionda nüfuzunu qoruyub saxladığına isə, heç kəs şübhə etmir...
MƏSLƏHƏT GÖR: