Müəllif: Arif QAFAROV Bakı
2009-cu il BMT Baş Assambleyası tərəfindən İnsan Haqları sahəsində Beynəlxalq Təhsil İli elan olunub. Bu isə o deməkdir ki, il demokratik şüurun əsası olan insan haqlarının müdafiəsinə həsr ediləcək. Əlbəttə ki, dünyada çox işlər görülməlidir ki, insanlar öz hüquqlarını, onları necə və harada müdafiə etməyi bilsinlər, ədliyyəyə inansınlar. Ədliyyə, KİV, QHT-lər nə etməlidirlər ki, insanlar hüquq-mühafizə institutuna güvənə bilsinlər? Ədliyyənin cəmiyyətdə qəbul olunması üçün ümumtəhsil müəssisələri, xüsusilə də məktəblər nə edə bilərlər? Bu kimi suallar yalnız bizləri deyil, həm də oturuşmuş demokratik ənənələrə malik dövlətləri də narahat edir. Biz də bu suallarla "İctimaiyyətlə əlaqələrin inkişafına yardım" QHT-nin rəhbəri, filologiya elmləri namizədi Şəlalə Həsənovaya müraciət etmişik.
- Sizcə, 2009-cu ilin İnsan Haqları sahəsində Beynəlxalq Təhsil İli adlandırılması nə ilə bağlıdır?
- Mənim fikrimcə, yalnız postsovet məkanı ölkələrində deyil, həm də bütün dünyada ictimaiyyətin öz hüquqlarını yetərincə bilməməsi ilə bağlı problem yaşanır. Mən buna ötən ilin may ayında Tbilisi şəhərində Almaniya hökumətinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə keçirilən beynəlxalq "Cəmiyyət və Ədalət" konfransından sonra əmin oldum. Berlin Ali Məhkəməsinin sədrinin, Lints, Qexinqen, Branderburq əyalət məhkəmələri sədrlərinin çıxışlarının əsas qayəsi ondan ibarət idi ki, hüquqi dövlət ideyası məqsədli şəkildə və daim insanların şüurunda möhkəmləndirilməlidir.
Bizə qəribə gəlsə də, Almaniya ictimaiyyəti də hüquq və hüquqi dövlət haqqında kütləvi və dolğun biliklərlə malik deyil. Almaniya ədliyyəsinin prioritet mövqeyi də məhz buna tuşlanıb - hakimlər və prokurorlar əhalinin hüquqi tərbiyəsində fəal iştirak etməlidirlər, məktəblərə getməlidirlər, "açıq qapı" günlərində insanlarla görüşməlidirlər. İmicin formalaşdırılması və dəstəklənməsi üzrə konseptual yanaşma ona əsaslanır ki, hakimlər yerlərdə ədliyyəyə etibarı möhkəmləndirməyə şərait yaratsınlar.
Məntiqli almanlar yəqin bilirlər ki, ictimai rəy məhdud çevrədə, insanların təəssüratlarını bölüşdüyü müzakirələrdə formalaşır. Bütün bunlar onun üçün edilir ki, insanlar məhkəmədən düşmən kimi çıxmasınlar, yaddaşlarında hakimlərin xoş və obyektiv siması həkk olsun. Bu təcrübəni bizim gerçəkliklərə də köçürmək olar. Azərbaycanda ildə 70 min məhkəmə işinə baxırlar, bunlardan 56 mini mülki işlərdir. Deməli, 56 min adam narazı qalır, çünki tərəflərdən biri həmişə uduzmuş çıxır. Bü cür tədbirlər məhz həmin kateqoriya insanlara ünvanlanıb.
- Azərbaycanın dünya toplumuna fəal inteqrasiyası, dünyanın iri dövlətləri ilə strateji əməkdaşlığın möhkəmlənməsi dövlətin siyasi və ölkə imicinin formalaşdırılması və dəstəklənməsi məsələsini gündəmə gətirir. Bu, müəyyən qədər demokratik dəyərlərdən, xüsusilə də vətəndaşların hüquqi müdafiəsindən asılıdır...
- Bəli, siz doğru buyurursunuz. Dünya toplumunun diqqəti hazırda yalnız bizim regionda və o cümlədən Azərbaycanda gedən iqtisadi proseslərlə kifayətlənmir. Həm də ictimai hüquq islahatlarına da yönəlib. Ölkənin indiki siyasi gündəminin önəmli məsələsi dünya hüquq toplumunda yer tutmaqdır.
Azərbaycan 2004-cü ildən məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi məsələsində Avropa Şurası ilə əməkdaşlıq edir. Bu ilin avqust ayında prezident məhkəmə sistemində kadr islahatlarına çağırıb, bu da ədliyyənin səmərəliliyinin artırılmasına yönəlib. Bu sistemin yenidən qurulması prezidentin fərmanı ilə 19 yanvar 2006-cı il tarixdən məhkəmə sisteminin modernləşdirilməsi haqqında qanunun tətbiq edilməsi ilə fəallaşıb. Çünki hər 100 min adama 4 hakim düşür ki, hakim korpusunun 50% artırılması barədə qərar qəbul edilib. Həmçinin, ombudsman aparatının və beynəlxalq qurumların bəyanatlarına uyğun olaraq, ötən ilin nəticələrinə görə, əhalinin şikayətlərinin böyük hissəsi məhkəmələrdəki problemlərlə bağlıdır.
Sosial sorğular göstərir ki, ictimaiyyət hakimləri daha korrupsiyalaşmış sayır. Mənim fikrimcə, burada konkret faktlar deyil, daha çox stereotiplər rol oynayır. Məqamın kəskinliyi ondadır ki, vətəndaşların çoxu qanunları və öz hüquqlarını bilmirlər və məlumat kanalları axtarmırlar da. Məsələn, KİV-də bildiriblər ki, ötən ilin avqust ayından Bakıda insan haqları üzrə beynəlxalq standartların möhkəmləndirilməsi üzrə birgə işçi qrupun "qaynar xətti" fəaliyyət göstərir. Təsəvvür edirsinizmi ki, üç ay ərzində oraya cəmi 200 adam müraciət edib? Qeyd edək ki, onların 40%-inə təsirli yardım edilib.
Doğrudan da, şikayətlərin 46%-i məhkəmələr barədə deyil, icra hakimiyyəti orqanları tərəfindən əmlak hüququnun pozulmasıdır. Yalnız 22% məhkəmə qərarlarının yerinə yetirilməsindən və 10% insan hüquqlarının pozulmasından şikayət etmişdi. Buradan belə çıxır ki, insan haqları sahəsində beynəlxalq təhsil ilində işlərin toxununlmamış sahəsi var ki, ortastatistik azərbaycanlının hüquq şüurunu vətəndaşların dövlət qurumlarının, o cümlədən onların hüquqlarını qorumalı olan üçüncü hakimiyyətin işi ilə maraqlandığı inkişaf etmiş demokratiya ölkələrinin standartlarına yaxınlaşdırmaq mümkün olsun.
Əslində, ictimai həyatın mərkəzində olmaqla ədliyyə lakmus kağızı kimi müxtəlif sosial təbəqələrin daha ağır gündəlik problemlərini səciyyələndirir, ölkədə demokratiyanın inkişaf səviyyəsi barədə nəticələr çıxarmağa imkan verir. Məhz buna görə də Azərbaycanın mütərəqqi dünya birliyinə intensiv inteqrasiya dönəmində toplumun ədliyyə sisteminə münasibəti məsələsini yalnız yaxşılaşdırmaq deyil, həm də həll etmək lazımdır.
Dünya təcrübəsi göstərir ki, gerçək müstəqil ədliyyə sisteminə gedən yol uzundur. Hətta Amerikada da vətəndaşların iqtisadi və sosial həyatda hüquqları ilə bağlı problemləri var. Yadımdadır ki, bir neçə il qabaq ABŞ-ın işədüzəlmə sarıdan bərabərlik üzrə komissiyası bildirmişdi ki, daxil olan şikayətlərin 30%-i cinsi əlamət üzrədir.
- Sizcə, milli ədliyyənin müsbət imicinin formalaşdırılması üçün necə bir piar-müşayiət daha səmərəli olar?
- Bir qayda olaraq istənilən piar-müşayiət iki önəmli komponentdən - dəqiq formalaşdırılmış ideyadan və texnoloji sxemdən ibarət olur. Bu cür sxemlər bugünkü piar praktikasında modullar adlandırılır. Onlara tədqiqat, fəaliyyət, kommunikasiyalar, qiymətləndirmə daxildir. Peşəkar piar-menecerlər əvvəlcə formatı və fəaliyyət ardıcıllığını müəyyən edir, sonra məzmun dolğunluğuna fikir verirlər. Başqa sözlə, piar heç də hadisələrin dalınca qaçmır, bu, preventiv tədbirlər sistemidir, orada ikinci və sonrakı bütün addımlar hesablanır. Bu baxımdan, yenə də alman təcrübəsinə müraciət etmək yerinə düşər.
Almaniya piar texnologiyaları sistemində ədliyyəyə etibarın artırılmasında açıq qapılar günü kimi qeyd edilən Hüquq Gününün böyük rolu var. Bütövlükdə, bütün Avropada belə qərara gəliblər ki, məhkəmə öz daxilini topluma göstərməlidir. Hər bir insanın potensial olaraq məhkəmə işinə cəlb edilə biləcəyi nəzərə alınaraq, qabaqcadan etibar qazanmaq, ictimai rəydə müsbət nüfuz əldə etmək önəmlidir. Tbilisi konfransında alman məhəkəmə işinin ustadları qeyd etdilər ki, gizli örtük altında qalaraq, təhrif olunmuş iddialar üçün əsas tapmağa gərək yoxdur. Hakimlər isə binanı, avadanlığı, əməkdaşlarını, işin gedişini, təcrübəni və s. ictimaiyyətə aça bilərlər.
Hər bir məhkəmə iki ildə bir dəfə açıq qapılar günü keçirir. Çünki bu, böyük xərclər və iş tələb edir. Piar-proqramın preventiv mərhələsinə reklam kampaniyası və əhali arasında İnternet və "qaynar xətt" vasitəsi ilə keçirilən interaktiv sorğu daxildir. Vətəndaşlara əvvəlcədən bildirirlər ki, hakimlər həmin gün istintaqda olan işlər barədə suallara cavab vermirlər və başa çatmamış işlər barədə müzakirələr aparılmır. Bir qayda olaraq, tədbirə bir neçə min adam baş çəkir, buna görə də onu həftə sonunda, tətil günündə keçirirlər. Qabaqcadan gerçək hakimlərin qatıldığı tamaşa-iclasların konsepsiyası işlənir. Bəzi məhkəmələrdə vətəndaşların qarşısında çıxış üçün hakim və prokurorlardan ibarət musiqi ansamblları və ya teatr truppaları yaradılır.
Bu cür piar-proqramların məqsədi ictimaiyyətin nəzərində məhkəmə funksionerlərinə etibar etməyin mümkün olduğu şən insanlar kimi təqdim etməkdir. Almaniyada bununla yeni stereotiplər formalaşır, bu da ədliyyə sistemini vətəndaşların etibar edə biləcəyi dövlət hissəsi kimi qavramağa imkan yaradır.
- Xatirinizdədirsə, 2007-ci ildə Bakı və region məhkəmələrində açıq qapılar günü keçirdilər...
- Hə, lazımi piar-proqramın olmaması üzündən onlar formal səciyyə daşıdılar və gözlənilən nəticəni vermədilər. Siz ki bu məsələyə toxundunuz, onda mən çox önəmli bir faktı qeyd etməliyəm. 2003-cü ildə Avropa Şurasının Nazirlər Kabineti Avropa Komissiyası ilə birgə ədliyyəni insanlara yaxınlaşdırmaq məqsədi ilə Avropa Vətəndaş Ədliyyəsi Günü keçirmək barədə qərar qəbul edib.
Bu günün önəminin qeyd edilməsi üçün "Büllur tərəzi" mükafatı təsis edilib. Avropa Şurası və Avropa Komissiyası bununla mülki hüquqi prosedurların yerinə yetirilməsi zamanı hakimlərin yenilikçi təcrübəsini qeyd edir. Almaniyada bu gün 2007-ci ildə daha təntənəli keçirilib. Maraqlıdır ki, Azərbaycan da Niderland, Belçika, Avstriya, Bosniya və Herseqovina, İtaliya, Kipr, Ukrayna, Çexiya, Estoniya ilə birgə bu bayramın tədbirlər və mərasimlər proqramına qoşulmağa qərar vermiş ilk on dövlət sırasındadır. Düşünürəm ki, bu bizim ölkənin demokratik dəyərlərə bağlılığı baxımından yetərincə parlaq arqumentdir.
- Onda gəlin siyahını davam etdirək və oxucuların yadına salaq ki, 18 iyun 2008-ci il tarixdə Azərbaycanda ilk dəfə olaraq Ümumdünya İnsan Hüququ Günü qeyd edilib...
- Çox gözəl, yadınızda saxlayın ki, həmin gün keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın beynəlxalq insan haqlarının müdafiəsi sisteminə bağlı olduğu barədə təkzibolunmaz arqumentlər səslənib. On minlərlə insan əfv edilib, dustaqların sayı 13 minə qədər azaldılıb, KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası təsdiq edilib, aparıcı qəzetlərə və informasiya agentliklərinin redaksiyalarına birdəfəlik maliyyə yardımı edilib, hökumətin fəaliyyəti üzərində ictimai nəzarət gücləndirilir. Qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi konsepsiyasına uyğun olaraq, 2008-ci ildə 200-dən çox QHT vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş layihələrə görə qrant alıb.
- Ancaq bəzən ölkəmizin insan haqları barədə reytinq göstəricilərini aşağı salmağa çalışan müəyyən beynəlxalq qurumlar bunları sanki görmür...
- Burada qəribə heç nə yoxdur, çünki çox sayda müsbət fakt olmasına baxmayaraq, onların populyarlaşdırılması üçün piar konsepsiyası yoxdur. Bəs piar nədir? Bu, maraqların inkişafı sistemidir. Sistemdir! Söhbətin əvvəlindən mən alman sistemini nümunə gətirdiyimdən, Almaniya imperiyasını birləşdirmiş böyük islahatçı Bismarkın sözlərini xatırlayıram. O demişdi: "Niyyət yox, potensial önəmlidir". Başqa sözlə desək, əgər potensial varsa, bu niyyətə təkan verəcək.
Prezident İlham Əliyev müstəqil Azərbaycanın həm istəyi, həm də potensialı barədə parlaq və lakonik sözlər bildirib: "Biz demokratiya yolunu kiminsə təzyiqi ilə tutmamışıq. Biz anlayırıq ki, demokratikləşmə olmasa, bizim tərəfimizdən nəzərdə tutulmuş iri iqtisadi layihələr uğurlu ola bilməz. Bu yol bizim strateji seçimimizdir". Əgər sistem olsa idi, bu güclü tezis hamının dilində olardı. Axı bu, plakat ifadəsi deyil, məntiqi şəkildə sıralanmış alqoritmdir.
Başqa misal gətirirəm. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı kimi 28 dekabr 2006-ci il tarixdə ölkə prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının insan haqlarının müdafiəsi üzrə milli fəaliyyət planı" təsdiq edilib. Fəaliyyət planında əks olunanlar 48 fəaliyyət istiqamətini əhatə edir və 31 qurum qarşısında konkret tapşırıqlar qoyur. Onların sırasında insan hüquqlarının müdafiəsi ideyasının inkişafı üzrə təmiz piar texnologiyaları - olimpiadalar, müsabiqələr, festivallar, əhali arasında mətbu məhsulların yayılması, xüsusiləşdirilmiş kitabxanaların yaradılması da nəzərdə tutulur.
Bəli. Ayrı-ayrı dövlət qurumları bu sənədin çərçivəsində müəyyən işlər görüblər. Təhsil Nazirliyi "İnsan hüququ və sən" mövzusunda rəsm və şeir müsabiqəsi, "Uşaq hüququ konvensiyası" mövzusunda plakat müsabiqəsi keçirib. Ölkənin 24 rayonunda gənclər üçün resurs mərkəzləri yaradılıb. 2008-ci ilin yayında obmudsman aparatı insan haqqı aylığı keçirib, tədbirdə ümumtəhsil məktəbləri fəal iştirak ediblər. Ancaq bu tədbirlər epizodik xarakterlidir, əhalinin geniş təbəqələrini əhatə etmir. Ali məktəblərdə, dövlət qurumlarında, iri şikrətlərdə fokus-qruplarında sorğu aparın: sizi əmin edirəm ki, çox az faiz insan belə bir Milli Planın olmasından xəbərdardır.
Amma sistemin fəaliyyəti fərdlərin məlumatlılıq səviyyəsindən asılıdır. Bunun üçün hər şeydən əvvəl sünilikdən və şüarçılıqdan uzaq taktiki texnologiyalar lazımdır. Onda əks əlaqə, etibar, harmoniya, anlaşma, ümumi maraqlar və qarşılıqlı anlaşma əldə etmək mümkündür. Əlqərəz, bütün bunlar "pablik rileyşnz"in mövcudluğu daxilindədir. Axı piarı reklam və marketinqdən ayıran ictimaiyyətlə aparıcı əlaqə sistemi kommunikativ sistemdir. Bu sistem özündə məlumat göndərilməsini, ictimaiyyətin məlumatlarının qəbul edilməsini və onun məzmununun uyğun şəkildə şərh edilməsini, ictimaiyyətdən məlumatların alınmasını birləşdirir. Bu texnoloji zəncirdən halqalar çıxa bilməz. Əks-halda nəticəni gözləməyin.
- Sizcə, imici necə idarə etmək olar?
- Bir sıra piar nəzəriyyəçiləri imicə kommunikasiya kimi baxırlar, başqa sözlə, o, müxtəlif auditoriyalara yönəlmiş məlumat toplusunu özündə birləşdirir. Ölkə daxilində imicin inkişafını planlaşdırmaq üçün müxtəlif ictimai qrupların gözləmələrini dəqiq bilmək lazımdır. Ancaq ölkənin xarici imici sadəcə ictimai qrupların deyil, təsir qruplarının fokuslanmış mövqelərindən formalaşdırılır. İnsan haqlarının vəziyyəti barədə fikri isə hüquq müdafiəçiləri, müxalifətçi və müstəqil QHT-lər kimi təsir qrupları müəyyənləşdirir. Onların çoxunun əhval-ruhiyyəsi isə, çox təəssüf ki, mənfidir.
Onlara öyüd kimi, Puşkinin çar Rusiyası barədə dediklərini səsləndirmək olar: "Mən, əlbəttə ki, vətənimə başdan-ayağa nifrət edirəm, amma xarici də mənimlə eyni hissləri bölüşən zaman mənə çox ağır gəlir". Yerli ekspertlər və ayrı KİV-lər xüsusilə çalışırlar ki, beynəlxalq təşkilatlar Azərbaycan haqqında olandan da pis düşünsünlər. Amma müəyyən ekspertlərə də təşəkkür etmək lazımdır ki, 2008-ci ilə yekun vuraraq, insan haqları barədə vəziyyəti sabit qiymətləndiriblər. Xüsusi qeyd edilib ki, Azərbaycan tarixində ilk dəfə olaraq, dustaqlar yaxın qohumlarının dəfnində iştirak etmək üçün evlərinə buraxılıblar.
Nəticədə, ölkədə qanunun məhdudedici funksiyalarından başqa tərəflərinin də tətbiq edildiyi müsbət presedent yaranıb. İnsan hüququ çoxvektorlu sahədir, məcburi köçkünlərin və qaçqınların hüquqları da bura daxildir. Mətbuatın vəziyyəti ilə bağlı radikal hüquq müdafiəçilərindən soruşmaq istəyirəm: niyə onlar beynəlxalq qurumlara erməni işğalından sonra qaçqın düşərgəsində doğulmuş 100 mindən çox azərbaycanlı körpənin hüquqlarının pozulması barədə məlumatları çatdırmaqda səy belə göstərmirlər?
Çox təəssüf ki, insan hüquqları barədə vəziyyətin qiymətləndirilməsi barədə mətbuatda fikir ayrılığı mövcuddur. Mən eyni məsələ və tədbir barədə qəzet mövqelərinin nə qədər fərqli olmasını nümayiş etdirən bir neçə material qovluğu yığmışam. Məsələn, 2008-ci ilin fevral və dekabr aylarında Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq bütövlükdə Azərbaycanda insan haqlarının qorunması üzrə addımları müsbət qiymətləndirir. Amma mövzu ilə bağlı icmal məqalələrində bir sıra müstəqil qəzetlər bu barədə məlumat verməyi "unudublar" və bütün vəziyyət mənfi rakursda verilib.
Başqaları isə yüksək vətənpərvər səslə yalnız müsbət faktları şişirtməklə məşğuldurlar. Daha bir misal. Ötən ilin noyabr ayında "Cənubi Qafqazda hüquq və qanunun aliliyi" regional konfrans keçirilib. Avropa Şurası bölgə ölkələrində iki istiqamətdə işləməyi - kadr hazırlığı və yüksək ədliyyə şuraları sistemini təkmilləşdirməyi tövsiyə edib. Bu normal prosedurdur. Özü də ki müxalifətçi KİV-lər və düşmən əhval-ruhiyyəli QHT-lər bunu pis işin göstəricisi kimi təqdim ediblər.
Çox şey məlumatın necə təqdim edilməsindən asılıdır. Bu yaxınlarda diqqətçəkən bir rəqəm açıqlanıb - Avropa məhkəməsi Azərbaycandan göndərilmiş 1077 şikayəti məhkəmə istintaqı üçün qəbul edib. Ancaq sonra bəlli olur ki, 500 şikayət əvvəllər Azərbaycanda yaşamış ermənilər tərəfindən verilib və 500 şikayət məktubu isə ermənilərdən kompensasiya almaq istəyən bizim ölkə vətəndaşları tərəfindən verilib. Əslində isə cəmi 77 şikayət edilib. Amma bununla belə, KİV-lər 1077 rəqəminin ətrafında səs-küy qaldırmışdılar. Ölkə Avropa məhkəməsində 23 işi udub və 11 işi uduzub. Niyə mətbuatda udulmuş işlər müzakirə edilmir? Buna əlavə kimi qeyd edək ki, Türkiyə, Yunanıstan, Rumıniya və Rusiya insan haqları üzrə Avropa məhkəməsində ərizələr üzrə ödənişlər sarıdan liderdir. Özü də burada söhbət milyonluq məbləğlərdən gedir. 2008-ci ilin mayına olan məlumata görə, Azərbaycan cəmi 42 min avro ödəyib.
- Yəni çox şey mətbuatın mövqeyindən asılıdır?
- Məhz belədir, bəzən elə təəssürat yaranır ki, qəzetlər, xüsusilə də, populyar qəzetlər sanki insan haqları ilə bağlı durumun işıqlandırılması zamanı bilərəkdən qınayıcı mövqedən çıxış edirlər və diqqətəlayiq faktlardan yan keçirlər.
Baxın, 2008-ci ilin iyun ayında BMT yanında İnsan Haqları üzrə Şura yaradılıb və dörd vitse-prezidentdən biri Azərbaycan təmsilçisi Elçin Əmirbəyov seçilib. O, həmçinin Şuranın xüsusi məruzəçisi təyin edilib. Deməli, bizim ölkənin bu sahədə mövqeyi o qədər də pis deyil. Amma bununla belə, bu önəmli yenilik geniş işıqlandırılmadı. Və həmçinin preventiv tədbirlərə ehtiyac var. İnsan haqları sahəsində yetərincə irəliləmə haqqında iri arqumentlər toplusu yığılıb.
Son üç ildə 100-ə yaxın yerli hakim müxtəlif cəzaya məruz qalıb, 30-dan çoxu işdən azad edilib. Son iki ildə isə 50-yə yaxın hakimə qarşı, o cümlədən korrupsiya üzrə qanun pozuntusuna görə mülki iş başlayıb. Son üç ildə prezidentin fərmanı ilə 10-a yaxın hakimin səlahiyyəti vaxtından əvvəl dayandırılıb. Ölkənin regionlarında apellyasiya məhkəmələri yaradılıb, buna görə də məhkəmə süründürməçiliyi azalıb. Məhkəmələrin qərarlarının məhkəmələrin internet saytlarına yerləşdirilməsi də şəffaflıqdan xəbər verir.
Ölkənin vətəndaş hüququ Avropa Konvensiyasına uyğunlaşdırılır. Ədliyyə Nazirliyi ilə QHT-lərin birgə səyləri nəticəsində ötən ilin yazında hətta dustaqların şeirlərinin toplusu çap edilərək, ictimaiyyətə təqdim edilib. Yəni hakimiyyət heç də beynəlxalq qurumların növbəti tənqidindən sonra özünə bəraət qazandırmağa çalışmamalıdır. Sadəcə, çevik çağdaş texnologiyaların yardımı ilə müsbət təcrübənin işıqlandırılması üzrə konseptual sistem yaratmaq lazımdır.
Mətbuatdakı fikir ayrılıqları müxtəlif qəzetlərin ayrı-ayrı rəqəmlər çap etməsi ilə də özünü göstərir. Hüquq müdafiəçiləri mətbuatda bildirmişdilər ki, Avropa məhkəməsi Azərbaycan dövlətinə qarşı 44 ərizə qəbul edib. Ali Məhkəmənin sədri isə daha dəqiq fikir söyləyib və bildirib ki, bura həm udulmuş, həm uduzulmuş işlər daxildir. Belə məqamları özbaşına buraxmaq olmaz. Belə olan halda mətbuat xidmətərinin təcili reaksiyası, rəqəmlərin düzəlişi lazımdır. Məlumatdakı təhrif çaşqınlığa gətirir. Bu da sonucda ölkənin imicinə təsr göstərir.
MƏSLƏHƏT GÖR: