6 Dekabr 2025

Şənbə, 00:02

ZÜLMƏTİN BAŞLANDIĞI YER

Gözdən əlillər toplumun bərabərhüquqlu üzvü olmağa hazırdırlar. Başlıca məsələ isə toplumun buna hazır olmasıdır

Müəllif:

15.02.2009

Bizim bir planetimiz, bir ölkəmiz və bir dünyamız var. Bilinməyən səbəblər üzündən  sağlam insanlar gözdən əlillər üçün sanki tamamilə ayrı bir dünya yaradıblar. Hansı ki həmin dünyanın "özünəməxsus" qaydaları normal yaşamağa, oxumağa, ünsiyyət qurmağa və hətta  işləməyə belə imkan vermir. İlk növbədə öz problemlərini həll etməyə üstünlük verən sağlam adamlar anlamaq istəmirlər ki, görmə qabiliyyətləri zəif olanlar və gözdən əlillər üçün gündəlik çətinliklərin öhdəsindən gəlmək qat-qat çətindir. Ancaq buna baxmayaraq onlar  heç yerdən yardım ummurlar: qaranlıqda yaşayır və öz problemlərini sözün bütün mənalarında yalnız qaranlıqda həll edirlər. Müxtəlif kateqoriyalı əlillərin həyatının ağırlığını hələ də yetərincə dərk etmədiyindən,  elə cəmiyyətin özünün də müəyyən mənada tam qaranlıqda olduğunu söyləmək olar. 

Ancaq necə deyərlər, "halva" deməklə ağız şirin olmaz. Yəni fiziki qüsurlu insanların problemlərini, onların aradan qaldırıması üzrə dövlət səviyyəsində strategiya hazırlanmasını arxa plana keçirməklə biz problemin həllindən daha da uzaqlaşırıq. Əslində isə əgər prioritetlər doğru seçilərsə, bu kimi məsələlər heç problem də deyil. Gözdən əlillər  - zəif görənlər  və heç görməyənlər, həmçinin başqa  kateqoriyalı əllilər də elə bizim kimi insanlardır. Axı onların da bizim  kimi yaşamaq, cəmiyyətdən yararlanmaq hüquqları var, bunu kiminsə məhdudlaşdırmasına haqqı çatmır. O baxımdan bu qəbil insanların həyatını, məişətini yüngülləşdirmək sağlam insanların ilk növbədə mənəvi borcu sayılmalıdır.

 

Ümid yolları ilə  

Gözdən əlil insanlar, demək olar ki, bütün sənətlərə cəlb edilə bilər. Başlıcası, onlara bu sənətlərin öyrədilməsi və sonra da fiziki qüsurunu üzə vurmadan onların həmin  ixtisaslara uyğun işlə təminatıdır. Elmi-texniki nailiyyətlər, hazırkı informasiya-telekommunikasiya texnologiyaları fiziki çatışmazlığı olan insanların topluma sərbəst inteqrasiyasına tam imkan verir. Ancaq etiraf etmək lazımdır ki, söhbət bu cür yeni texnologiyalardan düşəndə vəsait qıtlığından şikayətlər eşidilir. Halbuki bu gün görmə qüsurlu insanların həyat qapısının açarı olan təhsil və peşə hazırlığı uyğun kompyuter proqramlarının  tətbiqi olmadan mümkün deyil.              

Məsələn, dünyanın bir çox ölkələrində, o cümlədən hətta bəzi MDB respublikalarında da gözdən əlillər  və zəif görənlər üçün kompyuter ekranından oxunan  JAWS (Job Access With Speech) proqramı artıq çoxdan gerçəkliyə çevrilib. Bu, ABŞ-ın  Florida ştatında kor və zəif görən insanları birləşdirən  "Freedom Scientific" qrupu tərəfindən işlənib. Proqramın əsasında  ekranda əks olunan məlumatların  istifadəçiyə klaviaturadan məhdudiyyətsiz yararlanmasına imkan verən Brayl şriftləri vasitəsi ilə səsləndirilməsi (text-to-speech) dayanır. 

Proqramın "Microsoft Win-dows" əməliyyat sistemindən istifadə edən kompyuterlərdə də işlədilməsi mümkündür. Azərbaycanda isə bu proqram yalnız Türkiyə türkcəsində mövcuddur.  "Bu proqramın Azərbaycan analoqunun yaradılması üçün 60 min dollardan 100 min dollara qədər vəsait lazımdır. Amerikanın "Elita" qrupu Azərbaycan versiyasının yaradılmasını öhdəsinə götürür, ancaq bizim bu qədər  pulumuz yoxdur, dövlət də onu bizə verə bilmir", - deyə  Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin layihələr üzrə koordinatoru Reyhan Cəfərova "Region +"a bildirib.   

R.Cəfərovanın sözlərinə görə, JAWS-ın Türkiyə analoqunun istifadəsi bizim gözdən əlillər üçün müəyyən çətinliklər yaradır, çünki bu əlifbada Azərbaycan dilində olan bir sıra səslər yoxdur. Düzdür, Türkiyə əlifbası da türk mənşəlidir, amma hər halda bu, Azərbaycan əlifbası deyil. "Bizim üçün çox vacibdir ki, JAWS-ın Azərbaycan versiyası işlənsin. Bu proqram zəif görənlərə distansion oxuma və inklyuziv təhsil imkanları yaradır. Axı bizim təşkilatın məqsədi hər şeydən öncə fiziki çatışmazlığı olan insanların topluma inteqrasiyasıdır. İstəyirik ki, zəif görən uşaqlar adi məktəblərdə başqa uşaqlarla birgə oxusunlar. Biz fiziki çatışmazlığı olan insanlara qarşı ayrı-seçkiliyi yalnız bununla aradan götürə bilərik və onlar özlərini  cəmiyyətin tam bərabər hüquqlu üzvü  kimi hiss edərlər", - deyə Cəfərova vurğulayır.  

Gözdən Əlillər Cəmiyyəti 1931-ci ildən fəaliyyət göstərir. Hazırda bu təşkilatın 12 min üzvü var. Rəsmi statistikaya görə, Azərbaycanda 28 mindən çox zəif görən və gözdən əlil var, qeyri-rəsmi statistika  isə onların sayının 40 mindən çox olduğunu iddia edir. Sovet dövründən cəmiyyətin nəzdində olan yeməkxana,  xüsusi internat məktəbi, yataqxana hələ də öz  fəaliyyətini davam etdirir. Həmçinin əlillər işləyən müxtəlif profilli istehsal kombinatları və zavodlar da mövcud idi. Ancaq SSRİ dağıldıqdan sonra onları qorumaq mümkün olmadı, çünki kombinatlarda istehsal edilən məhsullar Skommersiya" baxımından işə yaramırmış. İndi gözdən əlillər yalnız dövlət müavinəti və pensiyasının ümidinə qalıblar, onun da məbləği iş stajından asılı olaraq, 100 manatdan 150 manata qədər dəyişir, başqa gəlir qaynaqları demək olar ki, yoxdur. Aydın məsələdir ki, dükan-bazarlardakı indiki qiymətlər fonunda  150 manat, hətta sağlam adamın belə ehtiyaclarını ödəməyə imkan vermir, qüsurlu insanların qayğıları isə adi vətəndaşlardan qat-qat çoxdur. 

Ona görə də hazırda Gözdən Əlillər Cəmiyyəti vəziyyətdən çıxış yollarını araşdırır.

Cəmiyyətin koordinatorunun fikrincə, "Zəif görənlərin istehsal prosesinə cəlb edilməsi özünü doğrultmur, əldə edilən son məhsul gözlənilən nəticəni vermir - çünki rəqabət qabiliyyətli olmur. Xaricdə istehsal edilmiş oxşar məhsulları ölkə daxilində hər yerdən almaq mümkündür. Buna görə də hazırda cəmiyyətin rəhbərliyi gözdən əlillərin intellektual vərdişlərinin inkişafı istiqamətində işləyir. İnformasiya  texnologiyalarının inkişafı ilə əlaqədar  yeni peşələr ortaya çıxacaq. Onlar informasiya texnologiyaları ilə tanış olduqdan sonra qəzet yığıcısı, kompyuter operatoru, radio di-ceyi və s. işləyə bilərlər".

Cəmiyyətə bu istiqamətdə böyük yardımı Britaniyanın "OX-FAM" təşkilatı göstərir, qurum artıq xüsusi masaj  və rabitəçilər məktəbinin, danışan kitabxananın yaradılması üzrə bir sıra layihələri artıq maliyyələşdirib. Mütəxəssisin sözlərinə görə,  layihənin gerçəkləşdirildiyi üç il ərzində cəmiyyətin nəzdində yaradılmış  masaj məktəbində 55 masajçı hazırlanıb, onların  45-i artıq müxtəlif səhiyyə müəssisələrində - poliklinikalarda, xəstəxanalarda, idman komplekslərində, gözəllik salonlarında işləyir. "Əsas odur ki, bu gün həmin adamların sənəti var, işləyirlər, maaş alırlar və pensiyadan tam asılı deyillər". Xatırladaq ki, zəif görən və ya heç görməyən tələbələr üçün dərsləri Tibb Texnikumunun müəllimləri keçiblər. Layihə sona çatandan sonra Gözdən Əlillər Cəmiyyəti Təhsil Nazirliyinə müraciət edərək, zəif görən və heç görməyənlər üçün masajçı ixtisasını Azərbaycan Tibb Texnikumunun tədris proqramına daxil etməyi xahiş edib. "Yəqin ki, artıq bu ilin sentyabr ayından Təhsil Nazirliyinin xüsusi sərəncamı olacaq. Bundan sonra bizim masaj məktəbi tibb texnikumunun tərkibində fəaliyyət göstərəcək, tam görməyənlər və zəif görənlər masajçı ixtisası almaq üçün müvafiq fakültəyə daxil olmaq üzrə test imtahanları vermək imkanı qazanacaqlar". Ancaq bu o demək deyil ki, Gözdən Əlillər Cəmiyyətinin nəzdindəki masaj məktəbində indi dərslər keçirilmir. Hazırda orada 10 tələbə oxuyur. 

2008-ci ilin may ayından gerçəkləşdirilən daha bir irimiqyaslı layihə cəmiyyətin nəzdində rabitəçilərin peşə-bərpa mərkəzinin yaradılmasıdır. "Britaniyalılar bizə sinifləri təchiz etmək, müvafiq avadanlıq və apartura almaqda yardım ediblər. Hazırda bu məktəbdə 18 zəif görən və tam görməyən tələbə oxuyur. Bu istiqamətdə bizə Rabitə və İnformasiya Texnologiya Nazirliyi yardım edib, dərslər Azərbaycan Rabitə və Nəqliyyat Kollecinin müəllimləri tərəfindən keçilir. Tələbələr təcrübəni "Aztelekom" İB-də, 107, 109 saylı məlumat xidmətlərində keçirlər. Müəllimlər deyirlər ki, bizim tələbələr daha məsuliyyətlidirlər və məşğələlərə böyük maraq göstərirlər. Yeganə problem ondan ibarətdir ki, dərslər Türkiyə türkcəsində olan JAWS proqramının istifadəsi ilə həyata keçirilir", - deyə R. Cəfərova məlumat verdi.  

Gözdən əlillərin informasiya əldə etmək üçün müxtəlif qaynaqlara malik olması və kitab oxuya bilmələri çox vacibdir. Bunun üçün Gözdən Əlillər Cəmiyyətinin nəzdində Britaniya təşkilatı tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində "Danışan kitabxana" yaradılıb, orada kitabları disklərə yazmaq üçün studiya fəaliyyət göstərir. "Biz həmin diskləri bu cür studiyalar olan bütün kitabxanalara verə bilərik. Ancaq mən bildiyimə görə, ölkənin kütləvi kitabxanalarında bu cür studiyalar yoxdur. Halbuki "danışan kitabxana"lar tam görməyənlər və zəif görənlərə toplumun bərabərhüquqlu üzvləri kimi qalmaqda, dünyagörüşlərini artırmaq, məlumat bazalarını  daim yeniləməkdə geniş imkanlar açır.    

Biz yazılmış diskləri zəif görənlər üçün orta internat məktəblərinə, Mərkəzi Kitabxanaya,  2002-ci ildən "danışan kitabxana" bölməsi  yaradılmış F.Köçərli adına Respublika Uşaq Kitabxanasına yollaya bilərik. Bununla yanaşı, belə kitabları pərakəndə satış vasitəsilə də yaymaq olar. Hazırda studiyanın fonotekasında dünya ədəbiyyatının incilərindən, Azərbaycan və Qərb müəlliflərinin əsərlərindən ibarət yüzlərlə audiokitab saxlanır. Kitabın səs yazılışı müxtəlif səs effektləri, müsiqi ilə müşayiət olunur. Audiofond daim yenilənir. Cəmiyyətin hər bir üzvü audio kitabxanada qeydiyyatdan keçə və beləliklə də onu maraqlandıran əsəri pleyerlə birgə bir neçə günlüyə özü ilə götürə bilər", - deyə layihənin koordinatoru bildirdi. R. Cəfərova deyir ki, cəmiyyətə elə printerlər lazımdır ki, həm heç görməyənlər üçün Brayl şriftlərində, həm də zəif görənlər üçün iri şriftlərlə mətnləri çap etmək mümkün olsun. Bu məsələdə də çətinliklər var. 

 

Strategiya lazımdır

Cəmiyyətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq İdarəsi də yardım göstərir. "Əmək Nazirliyi tez-tez bizim heç görməyən və zəif görənlər üçün kompyuter kurslarımızın, cildləyici kurslarımızın sponsorluğunu edir. Həm də nazirlik bu kursları bitirənlərin işlə təmin edilməsinə də  yardımçı olur. Heç görməyən və zəif görən insanlar üçün iş yerlərinin artırılmasına indi böyük ehtiyac var. Və biz daim bu istiqamətdə işləyirik". 

Gözdən əlillərin öz peşə vərdişlərini artırması, təhsil alması, iş tapması çox çətindir. Tibbi yardım alması da asan deyil. Cəmiyyət çox sayda beynəlxalq qurumlarla əməkdaşlıq edir, amma qurumun layihə üzrə koordinatorunun məlumatına görə,   gözdən əlillərə həyat fəaliyyətlərinin inkişaf etdirilməsi üçün dövlət strategiyası gərəkdir, gözdən əlillərin çoxunun yaşamağa mənzili də yoxdur. Onların bəziləri yataqxanada, bəziləri yaxınlıqdakı binanın mənzillərində yaşayırlar. 

Gözdən əlillərin çoxlu sosial problemləri var. Cəmiyyət tez-tez dövlət qurumlarına gözdən əlillərin inteqrasiyası və bərpası üzrə layihələrlə müraciət edir. "Bizim cəmiyyətin üzvləri humanitar elmlər və incəsənət sahəsində böyük uğurlar qazana bilərlər. Tibb sahəsində daha geniş proqramlar - şüa ilə müalicə, çıxıqların salınması üzrə təhsil layihələri var. Ancaq bunun üçün təhsil və səhiyyə nazirliklərinin köməyi gərəkdir. İctimai Televiziyada ayda iki dəfə Gözdən Əlillər Cəmiyyəti tərəfindən hazırlanmış televiziya verilişlərinin yayımını nəzərdə tutan efir vaxtı layihəsi də işlənib", - deyə Cəfərova davam edir.

Daha iri bir layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında bütün kateqoriya əlillərin qarşılaşdığı mümkün problemlərin araşdırılması ilə məşğul olan Elmi Tədqiqat İnstitutunun yaradılmasıdır. Bu, dövlət qurumlarına əlillərin reabilitasiyasına yönəlmiş proqramların gerçəkləşdirilməsi zamanı institutun ekspertizalarına əsaslanmağa imkan verəcək. Cəmiyyət dəfələrlə dövlət qurumlarına heç görməyənlərin və zəif görənlərinərəkət təhlükəsizliyini təmin etmək barədə müraciət edib.

"Biz Dövlət Yol Polisinə şəhərin 16 nöqtəsində, xüsusilə də daha çox bizim cəmiyyətin yerləşdiyi "Nərimanov" metro stansiyası ətrafında səsli işıqforların quraşdırılmasına görə təşəkkür edirik. Ancaq onları bütün şəhər boyunca, o cümlədən bölgələrdə də quraşdırmaq lazımdır. Gözləri heç görməyənlər ümumiyyətlə metrodan istifadə edə bilmirlər, çünki bizim metro fiziki çatışmazlığı olan insanların istifadəsi üçün yararlı deyil. Panduslar yoxdur, platformanın kənarları görməyən insanların  bunu ayaqları ilə hiss etməyə imkan verən relyefli və ya çıxıntılı xətlərlə təchiz edilməyib. Turniketlər də xüsusi səs siqnalları ilə təchiz edilməlidirlər ki, kartda neçə gediş qaldığını bildirsin. Avtobuslarda marşrutlar, dayanacaqlar elan edilmir. Avtobusları konkret yerlərdə saxlamırlar ki, bu da gözdən əlillərin istiqamətlənməsini və hərəkət etməsini çətinləşdirir. Biz bu yaxınlarda “Bakmetropoliten”ə, Nəqliyyat Nazirliyinə müraciət etmişdik. Bizə dedilər ki, xahişlərimiz nəzərə alınacaq. Amma haçan?" - R. Cəfərova sual etdi. 

Cəmiyyət Səhiyyə Nazirliyinə müraciət edərək, gözdən əlillik statusunun verilmə parametrlərinə yenidən baxmağı xahiş edib. Layihə koordintorunun sözlərinə görə, statusun verilməsi zamanı gözdən əlilləri əməyə yararsız kimi göstərirlər. Bu isə doğru sayıla bilməz. Təsadüfi deyil ki, onlar hətta hansısa peşə vərdişlərinə yiyələnmiş olsalar da, heç bir qurum onları işə götürmək istəmir. Fiziki imkanlar nəzərə alınaraq, onların statusu əməyə yararlı kimi göstərilməlidir. 

Gözdən əlillərin  gözləri yoldadır... bizdən kömək gözləyirlər. Onların gözü daim zülmətdə döyünən qəlbləridir. Həmin qəlblər isə bizim görmədiklərimizdən də çox görür.


MƏSLƏHƏT GÖR:

478