DAVOS İNCİKLİYİNİN ƏKS-SƏDASI
Türkiyə Yaxın Şərq siyasətindəki mövqelərini ciddi şəkildə gücləndirməyə çalışır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Yaxın Şərq Qəzza zolağındakı son müharibə nəticəsində hələ də silkələnməkdədir. İsrail ilə Fələstin arasında hələ də davam edən fasiləsiz atəş və raket zərbələri az-çox davamlı sülhün perspektivini təxirə salır. Hazırkı mərhələdə əsas hədəf atəşkəs rejiminə tam əməl edilməsinə nail olmaqdır: həm vasitəçi "dördlük" - BMT, ABŞ, Rusiya və Avropa İttifaqı, həmçinin də regionun fövqəldövlətləri olan Misir və Türkiyə buna çalışır. Hadisələr göstərir ki, məhz sonuncu Yaxın Şərq münaqişəsinin həlli prosesində, həmçinin planetin ən qeyri-sabit bölgəsində bu və ya digər geostrateji qüvvələr balansının yaranmasında daha böyük rol oynayır.
"Kurort" insidenti
İsrailin Qəzza zolağında üç həftə ərzində həyata keçirdiyi və dinc fələstinlilər arasında ciddi insan tələfatına səbəb olan "Ərimiş qurğuşun" beynəlxalq ictimaiyyətin ciddi narazılığına səbəb oldu. Baxmayaraq ki Təl-Əviv bu addımını İsrailin cənub ərazilərini mütəmadi raket atəşinə tutan terrorçu bazalarının məhvinin vacibliyi ilə əsaslandırırdı.
Bununla yanaşı, dünya dövlətlərindən heç biri İsrailin müdafiə hüquqları ilə bağlı ciddi mübahisəyə girişmədi, Ehud Olmert hökumətinə ünvanlanan tənqidlər isə sadəcə İsrailin hərbi əməliyyatlarının qeyri-adekvatlığı ilə əlaqədar oldu.
Çox güman ki, bu məsələdə İsrailin ünvanına ən kəskin fikirləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səsləndirdi (İran rəhbərliyinin ənənəvi antiisrail bəyanatlarını nəzərə almasaq).
Qəzza zolağında fəal hərbi əməliyyatların başa çatmasından sonra Türkiyə və İsrail liderləri əməlli-başlı beynəlxalq qalmaqala çevrilən insidentin iştirakçıları oldular. İnsident İsveçrənin Davos şəhərində keçirilən ənənəvi illik Ümumdünya İqtisadi Forumu çərçivəsində baş verdi: Yaxın Şərqdəki vəziyyətlə bağlı aparılan müzakirə zamanı Türkiyənin Baş naziri ilə İsrail prezidenti Şimon Peres arasında "qaynar" fikir mübadiləsi baş verdi...
"Siz insanları necə öldür-məyi yaxşı bilirsiniz", - deyə Ərdoğan Peresin çıxışından sonra ona cavabında bildirdi. Sonuncu isə Ərdoğandan hər gecə İstanbula raket zərbələri endiriləcəyi təqdirdə necə davranacağını soruşdu. Bu fikrə cavab vermək istəyən Ərdoğanın sözü aparıcı tərəfindən kəsildikdə isə o, ayağa qalxaraq zalı nümayişkaranə şəkildə tərk etdi: "Siz mənə danışmağa imkan vermirsiniz və mən bir daha Davosa gələcəyimi düşün-mürəm".
Sonradan Baş nazir, Peresin 25 dəqiqə çıxış etdiyini, ona isə iki dəfə az vaxt verildiyini deyərək, bundan narazılığını bildirdi.
Ərdoğanın Davosdakı hərəkətinə dünya ictimaiyyəti və Türkiyənin siyasi dairələri birmənalı yanaşmırlar. Bununla yanaşı, vətəninə dönən zaman o, hava limanında qəhrəman kimi qarşılanıb. Davos insidentinin necə qiymətləndirilməsindən asılı olmayaraq, bir məqam dəqiqdir ki, bu hadisə Türkiyə ilə İsrail arasında son onillikdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dialoqu indiyədək görünməmiş bir sınağa çəkəcək.
Türkiyə-İsrail münasibətləri çoxistiqamətli tarixə malikdir. İsraillilər türklərin yəhudilərə ən ağır anlarında əl uzatmalarını minnətdarlıqla xatırlayırlar. Türkiyə İsraili dövlət kimi tanıyan ilk müsəlman ölkəsi olub (hələ 1949-cu ildə). Sonrakı dövrlərdə siyasi, hərbi və iqtisadi sahələrdə iki ölkəni "xüsusi əməkdaşlıq telləri" bağlayıb. Ankaranın əksər hallarda Təl-Əvivin Fələstinlə bağlı siyasətini bəyənməməsinə baxmayaraq, indiyədək bu problem onların arasında mübahisəyə səbəb olmamışdı.
Bir sözlə, hər şeyi "Ərimiş qurğuşun" korladı: əməliyyatın son dərəcə qanlı olması Ərdoğanın İsraili, hətta "bəşəriyyətə qarşı cinayət"də ittiham etməsinə rəvac verdi. Bunun ardınca isə Davos insidenti, Türkiyə-İsrail parlamentlərarası qrupun ləğvi, rəsmi Ankaranın İsrail təyyarələrinə Türkiyəyə enməyi qadağan etməsi...
İki ölkənin siyasi münasibətləri də təhlükə altına düşüb. Eyni fikirləri iqtisadi münasibətlər (baxmayaraq ki 2008-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard dollara çatıb), həmçinin Türkiyənin İsrailin müdafiə sənayesi ilə çoxmilyonluq kontraktları haqda da söyləmək olar.
"Sakit inqilab"ın səs-küylü motivləri
Çoxları hesab edir ki, Ərdoğanın demarşı yalnız onun mənəvi mövqeyi ilə yox, həm də Türkiyənin özündəki daxili amillərlə də bağlıdır. Belə fikirlər səsləndirilir ki, fələstinliləri dəstəkləyən və İsraili tənqid edən R.T.Ərdoğan, bununla rəhbərlik etdiyi, özünü islamçı demokrat zümrəsi adlandıran və əhalinin inanclı bölümünün dəstəyinə arxalanan Ədalət və İnkişaf Partiyası (ƏİP) üçün əlavə "xal" toplamağa çalışır.
Lakin bunu tam siyasi fənddən daha çox, Türkiyədə baş vermiş "sakit inqilab"ın göstəricisi hesab etmək olar. İlk dəfə 2002-ci ildə ƏİP-in parlament seçkisində qələbə qazanmaqla hakimiyyətə gəlişi, 2007-ci ildə isə öz namizədi Abdullah Gülü prezident kürsüsünə oturtması da məhz bunun nəticəsidir. Beləliklə də Atatürk dövlətinin tarixində hakimiyyət ilk dəfə islam dini dəyərlərini təbliğ edən siyasi qüvvənin əlinə keçdi. Gül-Ərdoğan tandeminin ünvanına dövlət quruluşunu dəyişməklə bağlı səsləndirilən ittihamların rədd edilməsinə, dinlə dövlətin ayrılığı prinsipinə sadiq qalınacağına, həmçinin Aİ-yə üzvlük kursunun, davam etdiriləcəyinə baxmayaraq, hazırkı Türkiyə, şübhəsiz ki, on il əvvəlki dövlət deyil.
Türkiyədə bir çoxları belə bir fikirlə razıdırlar ki, XX əsrdə onların ölkəsi Şərqin birincisindən Qərbin sonuncusuna çevrilib, Türkiyənin Qərbə tam və bərabərhüquqlu inteqrasiyasını istəməyən Qərb isə türklərə Avropaya layiq olmadıqlarını və çatışmazlıqlarını xatırlatmaq üçün hər an imkan axtarır. Türkiyənin Avropa İttifaqına qəbulu prosesinin ildən-ilə uzanması da türklərin heysiyyatına toxunmaya bilməz və bu da onlarda öz milli yaddaşına müraciət etmək ehtiyacı yaradır. Türklər dövlətlərini bir vaxtlar hamının qəbul etdiyi əzəmətli zirvələrə qaldırmış əcdadlarının söykəndikləri dini və mədəni idealları son vaxtlar daha tez-tez xatırlatmağa başlayıblar. Türklər üçün özlərini küncə sıxışdırılmış hiss etmək təhqiredicidir və son vaxtlar baş qaldırmış islam dünyasında liderlik iddia və istəyinin kökündə də məhz bu kompleks durur.
Odur ki, Ərdoğanın İsrail ilə çox əlverişli ittifaqı təhlükə altına qoymasının səbəbini anlamayan dostlarının belə, baş nazirə ünvanladığı kəskin tənqidlər nə Davos insidentinin "günahkar"ının, nə də ƏİP elektoratının vecinədir. Axı onların nəzərində Türkiyə bu addımı ilə kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, yenidən öz böyüklüyünü və müsəlman dünyasında mənəvi və real siyasi nüfuzunu göstərmiş oldu.
Bundan başqa, Ərdoğanın demarşı Yaxın Şərq münaqişəsinin həllinə birbaşa dəxli olan daha bir faktorla bağlıdır. İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar Türkiyənin regiondakı vasitəçilik perspektivini də zərbə altına qoyur. Son illər Ankara İsrail-Suriya münasibətlərinin normallaşmasında çox zəhmət çəkib və onun Təl-Əvivin hərbi kampaniyasını "Türkiyəyə hörmətsizlik" kimi qəbul etməsi təəccüblü deyil.
Yaxın Şərqin Türkiyənin liderliyinə ehtiyacı var
Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinin fonunda ortaya sual çıxır: Ankaranın Yaxın Şərq geosiyasətində və hər şeydən əvvəl ərəb-İsrail münaqişəsinin həlli prosesində bundan sonrakı rolu necə olacaq? Əlbəttə ki, Ərdoğanın mövqeyi onun ölkəsinə ərəb dünyasında az divident qazandırmayıb. Odur ki, bundan sonra Ankaranın bir tərəfdən ərəblərin onun Yaxın Şərq münaqişəsinə daha ciddi müdaxiləsini gözləməsi, digər yandan isə İsraillə tərəfdaş münasibətləri arasında nə dərəcədə balanslaşdırma apara biləcəyini söyləmək çətindir. Amma bu iki faktorun Türkiyə siyasətindəki proporsiyasından asılı olmayaraq, görünən odur ki, Ankara var qüvvəsi ilə regiondakı nüfuzunu artırmağa, həmçinin İsraillə qarşılıqlı münasibətlərdəki maneələri minimuma endirməyə çalışır.
Amerikanın "Tayms" nəşrinə bir müddət əvvəl verdiyi müsahibəsində Ərdoğan ölkəsinin Yaxın Şərqdəki iddialarını təsdiqləyərək bildirib ki, "Türkiyə İsrail ilə islam ölkələri arasında vasitəçilik və gizli danışıqları təşkil etmək təcrübəsinə malikdir". İsrail ilə Suriya arasıda vasitəçiliyi ətrafında ehtirasları qızışdırmaq istəməyən baş nazir "tərəflər arasında birbaşa dialoqa keçilməsi"ni dəstəklədiyini söyləyib. Yaxın Şərq münaqişəsinin hazırkı durumu haqda danışan Ərdoğan HƏMAS-ın "seçkilərdə iştirak edən siyasi partiya olduğunu", bu səbəbdən də dünya ictimaiyyətinin "Fələstin xalqının iradəsinə hörmət etməsinin vacibliyini" vurğulayıb. Hökumət başçısının fikricə, məhz bu səbəbdən dünya ictimaiyyəti HƏMAS-la danışıqlar aparmalıdır, "baxmayaraq ki, bu təşkilat son dərəcə çox sayda ciddi səhvlərə yol verib".
Bu məsələ ilə əlaqədar Türkiyə hökumətinin mətbuat katibi Əhməd Davudoğlunun bəyanatını xatırlatmaq da yerinə düşər. O, HƏMAS-ın İsraillə əsasən Türkiyənin təzyiqi ilə atəşkəsə razılaşdığını bildirib.
Ankaranın gələcək məqsədlərini Ərdoğanın ABŞ prezidenti Barak Obamaya ünvanladığı təbrik məktubunda yer almış fikirlər də bir daha göstərir. Baş nazir "ABŞ və Türkiyənin bundan sonra müəyyənləşdiriləcək strateji mövqeləri əsasında inkişaf etməli olan münasibətlərinin" Yaxın Şərq münaqişəsinin həllinə də müsbət təsir göstərəcəyinə ümidini ifadə edib.
Vaşinqton, şübhəsiz ki, Ankaranın bəyanatındakı əsaslandırmanı diqqətə alır. Lakin ən maraqlısı odur ki, Amerikanın Yaxın Şərq siyasəti fonunda Türkiyənin Qəzzadakı son müharibə ilə bağlı tutduğu sərt mövqe Birləşmiş Ştatlara da dividendlər gətirə bilər. Axı Ərdoğan son addımları ilə islam dünyasında liderliyə iddia edən İranın klerikal rejiminin iddialarının qarşısına çıxıb. Birləşmiş Ştatların nüfuzlu yəhudi lobbisi Türkiyə baş nazirinin demarşına kifayət qədər mənfi yanaşsa da, məlumdur ki, İslam dünyasına İrandansa NATO üzvü və ABŞ-ın ən yaxın strateji müttəfiqlərindən biri olan Türkiyənin liderlik etməsini həm Qərb, həm də İsrail daha çox istəyər.
Ankaranın son addımlarına cavab olaraq, ABŞ Konqresində "erməni soyqırımı"nın tanınmasına çalışacağını bəyan edən yəhudi lobbisinə gəlincə, Türkiyə hökuməti, güman ki, bu məqamı da nəzərə alıb. Ankaranın Təl-Əvivin fəaliyyətini açıq şəkildə tənqid etməsinin Ermənistanla münasibətlərdə yumşalmanın yaşandığı dövrə təsadüf etməsini nəzərə almamaq mümkün deyil. Çox güman ki, Ankara "erməni soyqırımı"nın tanınması məsələsini özünün seçkiqabağı kampaniyasının əsas hissələrindən birinə çevirmiş Obama administrasiyasının bu addımı atmayacağına əmindir. Axı bu, Qərbin çoxdan gözlədiyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini poza bilər.
Bu mənada, hazırda yəhudi lobbilərinin hədələri o qədər də aktual səslənmir. Amerika yəhudilərinin erməni diasporunun çaldığına oynaması isə ümumiyyətlə olacaq iş deyil.
Bundan başqa, Ankara onu da bildirir ki, Davos insidentinin baş verməsində iclasın aparıcısı - erməniəsilli amerikalı jurnalist Devid İqnatiusun əməlləri də az rol oynamayıb. Məhz bu baxımdan maraqlı siyasi dairələr Türkiyə-İsrail münasibətlərinin pozulmasını kimin arzulaya biləcəyi ətrafında düşünməyə başlayıblar.
BMT-nin baş katibi Pan Qi Munun da məsələ ilə bağlı mövqeyi maraqlıdır: o da hesab edir ki, Davosda baş verənlərdə günah "ədalətsiz şəkildə Ərdoğanın öz mövqeyini ortaya qoymasına imkan verməyən aparıcıdadır". Baş verənlərə baxmayaraq, Pan Qi Mun bildirib ki, "Yaxın Şərqin Ərdoğanın vasitəçiliyi və liderliyinə ehtiyacı var".
Bu faktoru İsraildə də anlayırlar, necə ki Türkiyədə Təl-Əviv ilə əməkdaşlığın strateji perspektivi dərk olunur. Məhz bu səbəbdən də hər iki ölkə ikitərəfli münasibətlərdə böhranın dərinləşməsinin qarşısını almağa çalışır. Mətbuatda yer almış məlumatlara görə, İsrail hökumətinin başçısı Ehud Olmertin köməkçisi Şalom Turceman iki ölkə arasında dost münasibətlərin bərpası məqsədi ilə R.T.Ərdoğanla danışıqlar aparır. İsrailin xarici işlər naziri Tsipi Livni isə "hər şeyin qaydaya salınmasının mümkün-lüyünü" düşünür: "Biz müzakirələr aparmalı, hər şeyi masa üzərinə qoymalı, birgə maraqlarımızı qorumalı, həmçinin fikir ayrılıqlarımızı nəzərə almalıyıq".
Odur ki, Türkiyə-İsrail münasibətlərindəki böhranın aradan qaldırılacağı ehtimalı kifayət qədər yüksəkdir. Lakin təəssüf ki, bu sözləri Yaxın Şəqrin sonrakı taleyi haqda söyləmək mümkün deyil.
MƏSLƏHƏT GÖR:

383

