KEÇİLMİŞİN TƏKRARI
Kişinyov sığortalanmaq və yenidən Moskva ilə "dostluq oyunu" oynamaq fikrindədir?
Müəllif: Eldar PAŞAYEV Bakı
2009-cu il aprelin 5-də Moldovada parlament seçkisi keçiriləcək və seçkinin nəticəsi yalnız yeni hökumətin tərkibini yox, həm də ölkənin növbəti prezidentinin adını müəyyənləşdirəcək. Moldovanın hazırkı rəhbəri, 67 yaşlı Vladimir Voronin artıq bu posta iki dəfə seçildiyidən, konstitusiyaya əsasən daha ölkə prezidenti postunu tuta bilməz. Beləliklə, Moldova parlament respublikası olduğu üçün ölkədə qüvvələr nisbəti parlament çoxluğunu əldə edərək hakim koalisiyanı formalaşdıracaq siyasi qüvvədən asılıdır.
Hazırkı hakim Kommunist Partiyası (MRKM) isə liderlik mövqeyini qoruyub-saxlayacağına şübhə etmir. Xatırladaq ki, MRKM hakimiyyətə 2001-ci ildə gəlib və elə həmin il kommunistlər Vladimir Voronini prezident seçiblər. 2005-ci ildəki seçkidə isə kommunistlər növbəti dəfə qələbə qazanmaqla, hakimiyyətdə qalıblar.
2009-cu il seçkisində MRKP ilə yanaşı Sosial-Demokrat Partiyası, Moldova Liberal Partiyası, "Bizim Moldova" alyansı, Xristian-Demokrat Xalq Partiyası, Liberal-Demokrat Partiya və Moldova Demokrat Partiyasının iştirak edəcəyi artıq məlumdur. Namizədlərin qeydiyyatı üçün fevralın 5-də başlanmış sənədlərin verilməsi prosesi martın 5-də başa çatacaq.
Ölkədəki siyasi qüvvələrin reytinqinə gəlincə, MRKP rəqiblərini çox üstələyir. Kommunistlərin aprel seçkisində qələbə qazanacağına ilk növbədə V.Voroninin şübhəsi yoxdur. O, qələbə çalacaqlarına elə əmindir ki, qeyri-rəsmi məlumatlara görə, fevralın 2-də məhdud çərçivədə keçirilən toplantıda, hətta öz varisinin adını da açıqlayıb. Bu şəxsin ölkə parlamentinin hüquq, təyinatlar və toxunulmazlıq komissiyasının sədri, 54 yaşlı Vladimir Tsurkanın olduğu bildirilir. Bundan bir qədər əvvəl Voronin konkret ad çəkməsə də, öz "varis"ini "çox layiqli insan, tanınmış, təcrübəli və bacarıqlı şəxs" kimi xarakterizə etmişdi. Prezident "varis"inin "dövləti daha da inkişaf etdirəcəyinə" inanır.
Yanvarın 27-də Kişinyov-Moskva videokörpüsü zamanı V.Voronin əminliklə bildirdi ki, ölkənin növbəti prezidenti postuna "özünün yüksək vəzifə tutmağa layiq keyfiyyətləri ilə hamıya yaxşı tanış olan" birisi sahib çıxacaq.
Beləliklə, Moldovanın hazırkı rəhbərliyi aprelin 5-də kommunistlərin hakimiyyəti qoruya biləcəyinə əmindir. Konkret olaraq, Voroninə gəlincə, o, aprel seçkisindən sonra da siyasətdə qalmaq fikrindədir: "Mən MRKP sədri kimi siyasətdə qalıram. Seçkinin nəticəsinə uyğun hansı işlə məşğul olacağımı müəyyənləşdirəcəyəm. Yeni parlamentin üzvü olacağım isə dəqiqdir".
İndi ekspertlər Vladimir Voroninin prezidentlik səlahiyyətlərini başa vurduqdan sonra hansı vəzifəni tutacağı barədə mülahizələr yürüdürlər - spiker, baş nazir, yoxsa parlament fraksiyasının rəhbəri? Bunların arasında ən real olanı isə "Putin variantı"dır - belə ki, Voronin hökumətə rəhbərlik etməklə yeni dövlət başçısını nəzarətdə saxlaya bilər. Eyni zamanda parlamentin sədri vəzifəsi də ona "nəzarətçi mövqeyi"ni qorumağa tam yetərlidir.
"Varis" Vladimir Tsurkana gəlincə, o, Moldovanın "Jurnal de Chisinau" nəşrinə müsahibəsində bildirib ki, prezidentliyə namizədliyi ilə əlaqədar heç bir müzakirə aparılmayıb.
Müşahidəçiləri narahat edən isə tamamilə başqa məqamdır - Tsurkanın siyasi karyerasında diqqətçəkən faktorlardan biri onun 2002-2005-ci illərdə Moldovanın Rusiyadakı səfiri olmasıdır.
Beləliklə, hazırda Kişinyovun Moskva istiqamətində atılan addımlarını diqqətlə öyrənən müşahidəçilər bu qənaətdədirlər ki, Moldova seçkiqabağı dövrdə yenidən Rusiya ilə yaxınlaşmağa can atır. Üstəlik, prezident Voronin də bir müddət əvvəl bildirmişdi ki, Dnestryanı münaqişəsinin həllinə dair əksər məsələlərdə Kişinyovla Moskva arasında "konsensus və razılıq" mövcuddur. "Bizim prezident Dmitri Medvedevlə razılaşmamız var. Düşünürəm ki, yaxın zamanlarda Dnestryanı problemlə əlaqədar daha bir görüş keçiriləcək. Bizim Dnestryanı bölgənin statusuna dair qanun layihəmizə, Rusiya və Dnestryanı bölgə istisna olmaqla, danışıqlar prosesinin bütün iştirakçıları müsbət yanaşır. Mən bu münaqişənin həllinə dair nikbinəm", - deyə Voronin qeyd edib.
Rusiya Dövlət Dumasının üzvü, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulinin fikrincə Moldova liderinin bu siyasi bəyanatı ölkədəki prezident seçkisi ərəfəsində "Rusiya ilə dostluq" faktorunun nümayiş etdirilməsi məqsədi ilə səsləndirilib.
Voronin Rusiya ilə münasibətlərə belə aydınlıq gətirir: "Düşünürəm ki, münasibətlərin normallaşdırılması ikitərəfli səylərin nəticəsidir. Bir neçə il əvvəl bəzi məsələlər, xüsusilə Dnestryanı problemlə bağlı bizim münasibətlərimiz heç də qaydasında deyildi. Lakin o dövrlər artıq arxada qalıb. İqtisadiyyatda da vəziyyət düzəlib, bizim şərabımız Moldovada istehsal olunan digər məhsullar kimi, Rusiya bazarlarına qayıdıb. Bu gün Rusiya bizim üçün əsas kommersiya tərəfdaşıdır".
Bundan başqa, V.Voronin MDB-nin inkişaf etdirilməli olduğunu, eyni zamanda GUAM-ın səmərəsizliyini bəyan edib. Elə həmin Kişinyov-Moskva videokörpüsü zamanı o deyib: " GUAM-ın bizə nə verdiyinə və kimə lazım olduğuna diqqət etmək lazımdır. Bizim bu qurumda iştirakımız kifayət qədər məhduddur. Çünki onun işinin heç bir nəticəsi yoxdur. Nə layihələr, nə də hansısa birləşmə var. Bu gün üçün təşkilat perspektivsizdir. GUAM-la əlaqədar başqa problemlər də var, lakin mən onlar haqda danışmaq istəmirəm. Amma GUAM-ın dünən də, bu gün də yararlı olmadığı birmənalıdır".
Nəticədə indi Moldova liderindən durumun məntiqi davamını, yəni, GUAM-dan çıxmasını gözləyirlər. Əksər ekspertlərin fikrincə, bu addım Moskvanı Kişinyovun birdəfəlik rusiyapərəst ölkə olduğuna əmin etməlidir.
Xatırladaq ki, Moldova Gürcüs-tan, Azərbaycan, Ukrayna və Ermənistanla birlikdə Avropa İttifaqının artıq bir sıra Kreml rəsmiləri tərəfindən Rusiyanın maraqlarına zidd olduğu bəyan edilmiş "Şərq tərəfdaşlığı" proqramının da iştirakçısıdır. O da məlumdur ki, Kişinyov birdəfəlik Moskvaya tərəf yönələrsə, ondan Rusiya ilə həmrəyliyini nümayiş etdirməsi üçün tələb ediləcək növbəti addım Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük ola bilər.
Dnestryanı problemi Rusiyanın Moldovaya hələ də təzyiq faktoru olaraq qalır. Qeyd edək ki, hazırda bu münaqişə zonasında atəşkəsi tərkibində Rusiya, Moldova və Dnestryanı bölgənin kontingenti olan sülhməramlı qüvvələr qoruyur. Əhalisinin əksəriyyətini rusların təşkil etdiyi Dnestryanı Moldova Respublikası (DMR) Moldovadan 1991-ci ildə baş vermiş silahlı münaqişə nəticəsində ayrılan və respublikanın sənaye cəhətdən daha az inkişaf edən hissəsidir. Bölgə hələ də müstəqillik əldə etməyə çalışsa da, rəsmi Kişinyov ölkənin ərazi bütövlüyü məsələsində sərt mövqe nümayiş etdirir.
Rusiya isə münaqişənin həllinə dair aparılan danışıqlar prosesindən ABŞ və Ukraynanın uzaqlaşdırılması üçün çalışır. Qeyd edək ki, hazırda danışıqlar prosesi "5+2" formatında (Moldova və Dnestryanı münaqişə tərəfləri , Rusiya və Ukrayna zamin ölkələr, ATƏT vasitəçi, Avropa İttifaqı və ABŞ isə müşahidəçilər statusunda) aparılır.
Fevralın ikinci yarısında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moldovaya səfəri gözlənilir və 2009-cu ilin yazında Rusiya və Moldova prezidentləri Dmitri Medvedev və Vladimir Voronin, həmçinin tanınmamış DMR-in "prezident"i İqor Smirnov arasında görüşün baş tutacağı da məhz bu səfərdən sonra bəlli olacaq.
Xatırladaq ki, 2006-cı il sentyabrın 17-də tanınmamış DMR-də keçirilmiş referenduma qatılanların 97%-i gələcəyini Rusiya ilə görmək istəyib.
İndi isə Moldovanın özü anoloji istək ortaya qoyur və məsələ hətta onun Rusiya-Belarus İttifaqına daxil olmasınadək gedib çıxa bilər. Beləliklə, Rusiya Dnestryanı münaqişəsinin 2003-cü ilin sonlarında Rusiya prezidentinin administrasiyası rəhbərinin müavini Dmitri Kozak tərəfindən irəli sürülmüş və "Kozak memorandumu" adlandırılan plan əsasında birdəfəlik həllinə cəhd göstərə bilər. Qeyd edək ki, bu sənəddə əsasən, mərkəzi hakimiyyəti Moldovaya məxsus olan, Dnestryanı bölgəyə isə maksimum geniş muxtariyyətin verildiyi "asimmetrik federasiya"nın yaradılması nəzərdə tutulur.
Bütün bunlarla yanaşı, seçki ərəfəsində Voroninin Moskvaya ümidlə baxmasının daha bir vacib səbəbi də var. Bir müddət əvvəl prezident ölkəsinin qonşu Rumıniya tərəfindən "yeyilmək" təhlükəsinin olduğunu bəyan etmişdi. Eyni zamanda o, Kişinyovun buna yol verməyəcəyini də xatırlatmışdı. Söhbət ondan gedir ki, Moldovanın yeni parlamentində rumıniyapərəst qüvvələr kifayət qədər çox sayda mandat qazana bilərlər. Məsələn, Moldova Liberal Partiyasının seçki siyahısında ilk onluqda təmsil olunanların əksəriyyəti Moldova ilə yanaşı, həm də Rumıniya vətəndaşıdırlar. Artıq Moldovanın prezidenti dəstəkləyən mətbuat orqanlarında Rumıniyanın dövlət başçısı Trayan Beseskunun yarım milyondan artıq moldovalının Rumıniya vətəndaşlığı almaq üçün ərizə ilə müraciət etməsinə dair açıqlaması gen-bol şərh edilir. Voronin isə məsələyə belə münasibət bildirib: "Buxarestdə iddia edirlər ki, Rumıniya Moldovanın Avropa İttifaqına doğru irəliləməsi üçün Brüsseldəki vəkilidir. Biz isə açıq şəkildə bəyan etmişik ki, vəkilə və böyük qardaşa ehtiyacımız yoxdur. Biz Avropaya inteqrasiya yolumuzu özümüz müəyyənləşdiririk. Moldova rəhbərliyi Rumıniya ilə dövlət razılaşması və sərhədlər haqqında razılaşmanın tezliklə əldə edilməsini istəyir. Bizə kiçik qardaş və ya özünün əyaləti kimi baxılmayacağı zaman Buxarestlə tamhüquqlu dialoqa hazır olacağıq". Yeri gəlmişkən, Rumıniya bir müddət əvvəl "5+2" formatında aparılan danışıqlar prosesinə qoşulmaq istəyində olduğunu da gizlətməmişdi.
Bununla belə, Kişinyovun Rusiyaya can atmasının səmimiliynə şübhə etməyə kifayət qədər əsaslar da var. 2001-ci ildə MRKP hakimiyyətə gəlməzdən əvvəl rus dilinə dövlət dili statusunun veriləcəyi və Rusiya-Belarus İttifaqına daxil olunacağına dair vədlər vermişdi. 2005-ci ildə isə kommunistlər Avropa inteqrasiyasından danışmağa başladılar. Əslində isə nə bu, nə də digəri oldu. Odur ki, Kremlin Moldova kommunistlərinə etibar etməməsinə tam haqqı çatır. Ola bilsin ki, Voronin rusiyapərəst ritorikadan istifadə etməklə, sadəcə, yenidən öz partiyasını hakimiyyətdə saxlamağa çalışır. Bundan başqa, bəzi müşahidəçilər Tsurkmanın Rusiyada səfir işləməsinə baxmayaraq, Dnestryanı münaqişə ilə bağlı sərt mövqe tutduğunu, həmçinin Moskvaya xüsusi meylinin olmadığını bildirirlər.
Odur ki, Tsurkmanın prezidentliyi dönəmində Moldova-Rusiya münasibətlərinin daha da gərginləşəcəyini istisna etmək olmaz. Olviya-press informasiya agentliyi yazır: "Ekspertlər hesab edir ki, 2009-cu ilin parlament seçkisindən sonra Moldovada əsas postların yeni nəsildən olan siyasətçi və diplomatlara veriləcəyi, keçid dövrünün yaşanacağını istisna etmək olmaz. Onlar üçün isə Dnestryanı münaqişə xüsusi aktuallıq və dəyər daşımayacaq".
Son sorğulara əsasən, hazırda Moldova seçicilərinin yarıdan çoxu yazda keçiriləcək parlament seçkisində MRKP-yə səs vermək fikrindədir. Bütün sosioloji araşdırmaların nəticələri göstərir ki, kommunistlər yeni parlamentdə 101 yerin ən azı 60-nı qazanacaq. Bu halda MRKP digər xırda partiyaları da əməkdaşlığa cəlb edə bilsə, özünə sabit gələcək təmin etmiş olacaq.
MƏSLƏHƏT GÖR:

466

