Qayıqda 3 nəfər
Müəllif: Redaksiya
Son iki həftə ərzində xarici KİV-də ABŞ-ın yeni administrasiyasının xarici siyasi kursu əsas müzakirə olunan məsələlər sırasındadır - təbii ki, qlobal maliyyə böhranından sonra. Birləşmiş Ştatların yeni administrasiyası Rusiya ilə nüvə arsenalının ixtisarı məsələsində dialoqu gücləndirmək və Əfqanıstan problemində əməkdaşlıq etmək niyyətini ortaya qoymaqla yanaşı, dünya və Avropanın təhlükəsizliyi məsələsində avropalı tərəfdaşlarının mövqeyini daha çox nəzərə almağa çalışır. Bundan başqa, o, İranın nüvə proqramı ilə əlaqədar problemin sülh yolu ilə - Tehranla dialoq vasitəsilə həllinin vacibliyini bildirir. Və ümumiyyətlə, o özünü çoxqütblü dünyanın reallıqlarına daha adekvat aparır, özündən əvvəlki administrasiyadan fərqli olaraq, mütləq düzgünlüyə iddia etmir.
Bir müddət əvvəl prezident Barak Obama ABŞ və Rusiyanın nüvə arsenallarının 80% ixtisar edilməsini - hərənin bu potensialını min başlığadək azaltmasını təklif edib. Bununla yanaşı, Ağ ev Rusiyanı nüvə silahlarının ixtisarını hüquqi öhdəliklərin yer aldığı sənədlərə əsasən həyata keçirməyə cəlb etmək fikrindədir - onlardan birincisi SNV-1 adlı sənədi əvəz edəcək müqavilə olmalıdır.
Xatırladaq ki, SSRİ və ABŞ prezidentləri Mixail Qorbaçov ilə Corc Buş arasında hələ 1991-ci ildə imzalanmış bu sənədin fəaliyyət müddəti bu il dekabrın 5-də başa çatacaq. Rusiya ilə ABŞ arasında 2002-ci ildə imzalanmış strateji hücum potensialının ixtisarı müqaviləsi isə bu ölkələrin nüvə silahını hərəyə 1,7-2,2 minədək azaltmasını nəzərdə tutur.
Bir sözlə, ABŞ-ın yeni administrasiyasının nüvə arsenalının ixtisarı sahəsindəki cəhdlərinin ciddiliyinə şübhə etməyə dəyməz.
SNV-1 müqaviləsini əvəzləyəcək sənədin imzalanmasına aparan yolda əvvəlkitək Vaşinqtonun Şərqi Avropada raketdən müdafiə sistemi (RMS) yerləşdirmək niyyəti dayanır. Moskva hesab edir ki, hücum potensialının ixtisarı müdafiə qabiliyyətinin, yəni RMS-in təkmilləşdirilməsi ilə müşahidə olunmamalıdır. Lakin Vaşinqton burada da çevik yanaşma nümayiş etdirir. Yeni administrasiya nümayəndələrinin ilk bəyanatlarına görə, Barak Obamanın komandası əvvəlki administrasiyanın irəli sürdüyü bu layihənin məqsədyönlülüyünə şübhə ilə yanaşır. Senatın müdafiə komitəsində bu ilin yanvarında məsələyə dair aparılan dinləmələrdə ABŞ-ın müdafiə nazirinin müavinləri Uilyam Linn və Mişel Flurnua birağızdan bildiriblər ki, dünyada qlobal maliyyə böhranının yaşandığı bir zamanda Polşa və Çexiyada sözügedən sistemlərin quraşdırılmasına 4 milyard dolların xərclənməsi vacib deyil.
İki paytaxtı yaxınlaşdıra biləcək daha bir məsələ isə Əfqanıstan problemidir. ABŞ-ın müdafiə naziri Robert Geyts artıq Vaşinqtonun yeni hərbi istiqamətlərini açıqlayıb və bildirib ki, Amerikanın əvvəlki illərdə İraqı əsas prioritet saymasına baxmayaraq, artıq əsas diqqət Əfqanıstana yönəldiləcək. Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ-ın Əfqanıstandakı prioritetləri narkotika təhlükəsi və terrorizmlə mübarizə olacaq və məhz bu səbəbdən yeni prezident "Əfqanıstanda, həmçinin Əfqanıstan-Pakistan sərhədinin hər iki tərəfindəki vəziyyətin düzəldilməsinə daha böyük diqqət ayırmaq niyyətindədir".
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, hələlik NATO qoşunlarının Əfqanıstana yeganə təhlükəsiz və etibarlı marşrutu Rusiya ərazisindəndir.
Əfqanıstan mövzusunun ABŞ üçün əhəmiyyətini kiçiltmək olmaz. Birləşmiş Ştatların bu ölkəyə hazırkı marağı yalnız narkotrafik və terrorizmlə mübarizə ilə məhdudlaşmır. Bəzi ekspertlər tam ədalətli olaraq hesab edirlər ki, Əfqanıstanda mövcudluq Ağ evə eyni vaxtda bir neçə vacib məsələni çözməyə imkan verəcək: nüvə Pakistanı və Əfqanıstan, həmçinin enerji ölkələri olan Qazaxıstan, Özbəkistan və Türkmənistan üzərində nəzarət. Ən başlıcası isə bu regionda geosiyasi mərkəzə çevrilməkdə olan Çinin artan təsirinin neytrallaşdırılması.
Vaşinqtonda ABŞ Dövlət Departamentinin nümayəndə heyətinin bu günlərdə Moskvaya etdiyi səfərə böyük əhəmiyyət verilməsi də məhz bununla bağlıdır. Qeyd edək ki, məhz bu səfər nəticəsində Amerikanın qeyri-hərbi yüklərinin Rusiyadan tranzit vasitəsilə Əfqanıstana daşınması məsələsi tam həllini tapıb. Söhbət Rusiya hökumətinin Əfqanıstanda təhlükəsizliyin təmini üzrə beynəlxalq qüvvələrə dəstək göstərməsi, qeyri-hərbi, ilk növbədə humanitar yüklərin öz ərazisindən dəmir yolu vasitəsilə sözügedən ölkəyə daşınmasına razılıq verməsindən gedir. Bu, Moskvanın ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirən ilk siqnaldır. Bu yüklərin Rusiya ərazisindən keçməklə, Qazaxıstan və Özbəkistan vasitəsilə Əfqanıstana daşınması nəzərdə tutulur.
Öz növbəsində, Rusiyanın addımlarını ABŞ-ın yeni prezidenti Obamanın möhkəmliyinin sınanması kimi də qiymətləndirmək olar. Özü də Moskva bu sınağı həyata keçirən yeganə ölkə deyil. B.Obama sülhsevər bəyanatlarına cavab olaraq, Şərqdən də xeyli sayda "hədiyyə buketləri" alıb: Şimali Koreya "cənublular"ı yenidən müharibənin qaçılmazlığı ilə hədələyib, yeni qitələrarası raketləri sınaqdan keçirmək niyyətini ortaya qoyub; İran "Safir-2" daşıyıcı raketini havaya buraxmaqla, ABŞ-a "kosmik sürpriz" edib; Rusiya isə Bişkek yaxınlığında hələ ki ABŞ-ın Əfqanıstana yük daşımalarında istifadə etdiyi "Manas" aviabazasına nəzarəti ələ keçirmək istiqamətində cəhdlərini gücləndirib. Bu, baş verərsə, ABŞ-ın Rusiya dəmir yolundan başqa, Əfqanıstana yük daşımaq üçün heç bir alternativ yolu qalmayacaq. Beləliklə, Rusiya bu işdə siyasi dividendlərlə yanaşı, yaxşı iqtisadi gəlir də əldə edə bilər.
O da qeyd olunmalıdır ki, Amerika-Rusiya münasibətlərində barışıq tendensiyaları Avropa İttifaqının əsas üzvləri, ilk növbədə Almaniya, Fransa və İtaliya tərəfindən ciddi dəstək alıb. Məlum olduğu kimi, məhz bu ölkələr Moskva ilə ən geniş əhatədə - ticarət və investisiyadan energetika və Avropranın təhlükəsizliyinin təmininədək - effektli körpülərin yaradılması cəhdlərində Vaşinqtonu xeyli üstələyirlər.
Vaşinqtonla Moskva arasında yaxınlaşma və Aİ-nin buna mümkün qoşulması Bakı qarşısında da keyfiyyətcə yeni məqsədlər qoyacaq. İndi Azərbaycan qarşısında dayanan təhlükəsizlik, sürətli inkişaf və digər aktual məsələlərin həlli eyni vaxtda üç istiqamətdə çətin və fəal xarici siyasətdən asılı olacaq: Amerika, Rusiya və Avropa İttifaqı istiqamətləri.
Bundan sonra biz dünyanın aparıcı 3 oyunçusu ilə təhlükəsizlik, siyasi, iqtisadi və humanitar sahələrdəki əməkdaşlıqda Azərbaycanın maraqları ilə yanaşı, ABŞ, Rusiya və Aİ-nin də prioritetlərini və təşəbbüslərini nəzərə alacaq təkliflər irəli sürməliyik.
MƏSLƏHƏT GÖR:

489

