
RUS ORİENTALİZMİNİN PATRİARXI
Sivilizasiyalararası münaqişələrin qızışdığı bir dövrdə, dünya görkəmli Azərbaycanlı Mirzə Kazım bəy kimi alimlərə ehtiyac duyur
Müəllif: Arif HÜSEYNOV Bakı
İsraillə Fələstin arasında müharibənin yenidən qızışması bir daha göstərdi ki, müasir dünya düzəni sivilizasiyalararası münaqişələrin qarşısında nə qədər acizdir. Heç bir çağırışlar, sülh təşəbbüsləri və hətta sanksiyalar Qəzza bölgəsində dinc insanların qırğınının qarşısını ala bilmədi. Ən pisi isə odur ki, Yaxış Şərq sivilizasiyalararası toqquşmanın mövcud olduğu yeganə bölgə deyil -dünyadakı bir çox münaqişələrin kökündə məhz bu hal dayanır. Sözsüz ki, vəziyyətdən yeganə çıxış yolu sivilizasiyalar və mədəniyyətlərarası dialoqun fəallaşdırılmasındadır. Özü də bu fəallıq yalnız dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində deyil, həmçinin elmi ictimaiyyətdə də hiss olunmalıdır.
Professor Mirzəkazım bəy
Bu baxımdan Azərbaycan xalqı özünün dünyanın elm aləmində ad çıxarmış dahi alimləri ilə həmişə fəxr edə bilər. Onlardan biri də Mirzə Məhəmmədəli Kazım bəydir. Bu böyük alimin siyasi, fəlsəfi və hüquqi məsələlərə dair əsərləri Şərq və Qərb elm aləminin qızıl fonduna daxil olunmuşdur. Ruslar professor Mirzə Kazım bəyi özlərinin qabaqcıl ictimai fikrinin görkəmli nümayəndəsi hesab edirlər. Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın, Hollandiyanın və ABŞ-ın elmi cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Kazım bəy elm aləmində tarix, fəlsəfə, siyasət, hüquq, Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi tanınmışdır. Vətəndan uzaqlarda yaşamasına və yazıb-yaratmasına baxmayaraq, həmişə doğma Azərbaycana bağlı olmuş, onu ömrünün axırınadək ürəkdən sevmişdir.
Mirzə Kazım bəyin atası hacı Məhəmməd Qasım Kazım bəy məşhur Qubalı Fətəli xanın hakimiyyəti dövründə onun maliyyə işləri üzrə naziri olmuş, 1807-20-ci illərdə Dərbəndin şeyxülislamı kimi fəaliyyət göstərmişdir. Məhəmməd Peyğəmbərin adı ilə bağlı olan müqəddəs yerlərə ziyarət zamanı Rəştin qubernatoru Mirbağır xanın qızı ilə evlənmişdir. Mirzə Kazım bəy 22 iyun 1802-ci ildə Rəşt şəhərində doğulmuşdur. O, 1811-ci ildə, yəni 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına getmişdi. Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən Kazım bəy atasının köməyi ilə müsəlman məzhəbinin tam kursunu bitirmiş, Azərbaycan, tatar, fars dillərini öz ana dili kimi mükəmməl öyrənmişdi. O, eyni zamanda ərəb, rus və türk dillərinə də dərindən yiyələnmişdi. Kazım bəy 17 yaşında ikən özünün ərəb dilində ilk əsərini yazmışdı. Əsər "Ərəb dilinin qrammatikası təcrübəsi" adlanırdı. Atası oğlu Məhəmmədəlinin dərin zəka sahibi olduğunu bildiyindən, onu özünün gələcəyi hesab edir və buna çox sevinirdi. Xoşbəxt ata oğlunun mükəmməl islami biliklərə yiyələnməsi üçün onu İrana və Ərəbistana göndərmək arzusunda idi. Lakin bu arzusu həyata keçmədi. Onu gözü götürməyənlərin böhtanladolu xəbərçiliyi nəticəsində çar hökuməti hacı Məhəmməd Qasımı guya ki, Rusiyaya İranın xeyrinə xəyanət etməsi səbəbindən şeyxülislamlıqdan kənarlaşdırdı. O, məhkəmənin hökmü ilə Həştərxana sürgün olundu. Şeyxülislama qarşı bu ədalətsizliyin bir səbəbi də arvadının fars qızı olması idi. Kazım bəy Dərbənddə yaşadığı illərdə atasının tanışları olan Şotlandiya xristian missionerləri ilə tanış olmuşdu. O, şotlandiyalılar ilə söhbətində onları islam dininin üstünlüklərindən faydalanmağa, düz yola qayıtmağa inandırmağa çalışırdı. Kazım bəy xristianlığın mahiyyətini anlamağa çalışdığından, yəhudi və ingilis dillərini öyrənməyə başlamışdı. Məhəmmədəli çar qəzəbinə düçar olmuş atasına baş çəkməkdən ötrü 1821-ci ildə Həştərxana gəlmişdi. Onun bir məramı da oradan Şərq ölkələrinə getmək və təhsilini başa çatdırmaq idi. Məhəmmədəli Həştərxanda yenə də şotland missionerlərlə rastlaşdı. O, şotlandiyalılara Şərq dillərini öyrətməyə, onlardan isə Avropa dillərini öyrənməyə başladı. Lakin şotlandiyalılar özlərinin missionerlik əməllərinə sadiq qalaraq təcrübəsiz müsəlman gənci yolundan döndərməyə çalışırdılar. Nəhayət ki, istəklərinə nail ola bildilər. Fanatik müsəlman Məhəmmədəli islamdan uzaqlaşdı və xristianlığın bir qolu olan protestantlığı (İngiltərə və Amerikada protestant məzhəbinin tərəfdarlarının dini) qəbul etdi. O vaxtdan sonra Mirzə Aleksandr Kazım bəy adı ilə fəaliyyətə başladı. Valideynləri və digər müsəlmanlar kafir saydıqları Məhəmmədəlidən üz döndərdilər. Kazım bəy Həştərxanda qaldığı dövr ərzində ingilis, fransız, alman və qismən yəhudi dillərini öyrəndi. O, sonralar altı xarici dildə yaza, oxuya və danışa bilirdi. Kazım bəyi 1824-cü ildə Avropa elmlərinin mükəmməl öyrənilməsi məqsədi ilə İngiltərəyə dəvət etdilər. Lakin çar hökuməti ingilislərin Kazım bəydən öz xeyirlərinə istifadə edəcəklərindən qorxaraq onu ingilislərdən təcrid etmək qərarına gəldi. Qafqazda baş komandan A.P. Yermolovun raportuna əsasən o, Sibirin Omsk şəhərinin kadet korpusuna göndərildi və tatar dili müəllimi vəzifəsinə təyin olundu. Bu, əslində sürgünə göndərilmək kimi bir şey idi. 1826-cı ilin əvvəlində Omska gedərkən yolda ağır xəstələnən Kazım bəy Kazanda dayanmaq qərarına gəldi. Kazan üniversitetinin rektoru, professor K.F. Fukusun təklifi ilə onun evində qonaq qalmalı oldu. Kazım bəyin istedadından heyrətə gələn professor şəhərin çox görkəmli adamlari ilə tanış etdi və o, 1826-cı ilin oktyabr ayında Kazan alimlərinin xahişi ilə ərəb-fars dilləri üzrə lektor (baş müəllim) təyin olundu. Kazımbəyov 26 yaşında ikən London Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçildi. İki il keçdikdən sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri dərəcəsi almışdı. Sənədlərdən məlum olduğu kimi, Kazım bəy universitetin Şərq dilşünaslığı üzrə lektoru təyin olunanda rus dilini heç bilmirdi. Ona görə də rus dilini əsaslı şəkildə öyrənmək vəzifəsini qarşıya qoyan Kazım bəy çox keçmədən öz mühazirələrini rus dilində oxumağa başlamışdı. O, eyni zamanda Sədinin "Gülüstan" əsərini rus dilinə tərcümə etmək kimi ağır bir işi başlamış və 1829-cu ilin sonunda başa çatdırmışdı. Kazım bəy Kazan Universitetində fəaliyyəti dövründə elmi-tədqiqat işləri ilə ciddi məşğul olurdu. O, "Ərəb ədəbiyyyatı haqqında mülahizələr" adlı əsərini tamamladıqdan sonra, Krım xanlarının tarixinə həsr etdiyi əsərini də yazıb qurtarmışdı. Bu əsər "Əssab as-Səyyar, yaxud yeddi səyyarə" adlanırdı.
Kazım bəy Rusiyanın elm aləmində yüksək erudisiyalı və dərin elmi bilikli alim kimi tanınırdı. Ona görə də o, Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.
Kazım bəy böyük rus yazıçısı L.N. Tolstoyla da yaxından tanış idi. Tolstoy Kazan üniversitetinə daxil olmağa hazırlaşan vaxtlar Kazım bəy onun türk və ərəb dillərini öyrənməsi üçün xeyli əmək sərf etmişdi. Və nəticə də uğurlu olmuşdur.
Professor Kazım bəy Kazanda yaşadığı iyirmi ildən artıq bir müddətdə son dərəcə səmərəli elmi və pedaqoji fəaliyyət göstərmişdi. Onun Azərbaycan dilinin öyrənilməsi sahəsində tədqiqatları xüsusi qeyd olunmalıdır. Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərini Kazım bəy işləyib-hazırlamışdır. Və "Azərbaycan dili" termininin elmi əsaslarını ilk dəfə o, vermişdir.
Brokhauz və Efronun Ensiklopedik lüğətində Kazım bəy haqqında bu sözlər yazılmışdır: "Onun şərqşünaslıq sahəsində dərin erudisiyası, Avropa dillərini yaxşı bilməsi Kazım bəyi həm Qərbi Avropanın, həm də Rusiyanın birinci yerdə dayanan orientalistləri sırasına çıxarmışdır".
1849-cu ildə Sankt-Peterburq Universitetinin rəsmi dəvəti ilə Kazan universitetində fəaliyyətini dayandırıb işləmək üçün Peterburqa gedən Kazım bəy şərq şöbəsində fars dili ilə bərabər ərəb dilini də tədris etmişdi. 1850-ci ilin fevral ayında Rusiya coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilmiş, bir müddətdən sonra Şirvan və Dərbəndin qədim tarixinə dair "Dərbəndnamə" adlı çox mühüm əsərini nəşrə hazırlamışdı. Təqribən 12 il ərzində ərsəyə gətirdiyi bu əsərdə Kazım bəy təkcə ona məlum əlyazmalardan deyil, həm də Qərbi Avropa alimlərinin əsərlərindən də faydalanmışdı. Rusiyada və Qərbi Avropa ölkələrində geniş rezonans doğurmuş bu əsərə görə o, Peterburq Elmlər Akademiyasının çox prestijli sayılan Demidov mükafatına layiq görülmüşdü. Sonralar bu əsərə görə Kazım bəyə Britaniya kraliçasının qızıl medalı verilmişdi.
Kazım bəy Peterburq Universitetində çalışmaqla kifayətlənməyib Hərbi Akademiyanın zabit heyəti üçün türk dilindən mühazirələr oxuyurdu. O, İmperator Hərbi Akademiyasında keçilən türk dili kursu üçün dərs vəsaiti də hazırlamış və bu əsərinə görə ona növbəti dəfə Demodov mükafatı verilmişdi.
1854-cü ilin oktyabrında Peterburq Universitetinin şərq dilləri şöbəsi fakültəyə çevriləndən sonra, Kazım bəy oranın ilk dekanı seçilmişdi. Onun təklifi ilə fakültədə qədim ərəb, yeni ərəb, fars, osmanlı türkcəsi, Azərbaycan-türk, cığatay, monqol, kalmık, mancur, Çin, qədim yəhudi, yeni yəhudi, gürcü dilləri və ləhcələrinin tədrisinə başlanmışdı. Qədim Avropanın heç bir ölkəsində belə bir iş görülməmişdi. Kazım bəy Şərq dilləri fakültəsində əlavə olaraq xarici əlaqələr, siyasi iqtisad, mülki hüquq və cinayət hüququ məsələlərinin, latın dilinin və pedaqogikanın tədrisinin aparılmasına nail olmuşdu. Həmin illərdə Kazım bəy hələ Kazanda başladığı "Quranın tam konkordansı"nı (konkordans mətnin öyrənilməsinin çoxdan məlum olan, lakin bu vaxtadək lazımınca dəyərləndirilməyən ənənəvi öyrənilməsi üsuluna deyilir - A. H.) nəşrə hazırlamışdı. Məlumat üçün deyək ki, Kazım bəy bu əsərini 25 ilə tamamlamışdı. Xalq Maarifi Nazirliyinin jurnalı "Konkordans" əsərinə münasibətini belə bildirmişdi: "Bu əsərə görə həm islam aləmi, həm də bu Aləmi tədqiq edən bütün ölkələrin oriyentalistləri Kazım bəyə yüksək dərəcədə minnətdardır".
Kazım bəy ərəb, fars, türk və Azərbaycan ədəbi əsərlərinin məxəzlərini və onların qarşılıqlı əlaqələrini tədqiq etmişdir. Onun əsərlərində islamın meydana gəlməsi dövründən 19-cu əsrin başlanğıcına qədər ərəb ədəbiyyatının, Firdovsi zamanından bəri fars ədəbiyyatının, Nizamidən başlamış Mirzə Fətəli Axundov dövrünədək Azərbaycan ədəbiyyatının vəziyyəti öz əksini tapmışdır.
Peterburqda Kazım bəy elmi fəaliyyətini daha da genişləndirmişdi. O, həm türkologiya, həm də Şərqin tarixinə və onun dinlərinə dair əsərlər dərc etdirmişdi. Onlardan biri də 1854-cü ildə işıq üzü görmüş "Türk dili kursu üçün dərs vəsaiti" idi. Əsərdə türk dilinin qısa qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər, 6700-dən çox rus sözlərinin tərcüməsi olan türk lüğəti verilmişdi. Onun həmin il dərc etdirdiyi "Şərq dillərindəki sözlərə oxşar rus sözlərinin izahı" adlı məqalə rus lüğətində oriyentalizmlərin oyrənilməsi metodikasına zəsr olunmuşdu.
Rusiyada XIV əsrin siyasi fəlsəfəsinin təşəkkül tapması Kazım bəyin adı ilə bağlıdır. Bu fəlsəfə indiyədək öz müasirliyini itirməmişdir. Kazım bəyin siyasi görüşləri onun "Müridizm və Şəmil" və "Bab və babilər" əsərlərində əsaslı şəkildə şərh edilmişdir. "Müridizm və Şəmil" Qafqaz dağlılarının çarizmin müstəmləkəçilik siyasətinə qarşı hərəkatının öyrənilməsinə böyük töhfədir. Kazım bəy bu hərəkatı xalis dini hərəkat kimi yox, siyasi hərəkat kimi səciyyələndirmişdir. O, qətiyyətlə deyirdi ki, azadlıq sevən xalqları silah gücünə tabe etmək mümkünsüz bir işdir. Bütün Qafqazı ancaq üç silahla - alicənablıq, təmənnasız cəsurluq və ədalət yolu ilə ram etmək olar. Kazım bəyin Peterburqda əsir saxlanılan Şamil ilə dalbadal iki dəfə görüşü onun Qafqaz dağlıları hərəkatı haqqında təsəvvürünü xeyli zənginləşdirmişdi. Şəmil Kazım bəyə bir çox maraqlı əhvalatlar danışmışdı. Kazım bəy özünə xas olan uzaqgörənliklə bildirmişdi ki, dağlılar hərəkatı hələ sona çatmamışdır və istənilən vaxt yenidən qızışa bilər. Kazım bəyin İran dillərinin tarixinə dair 1865-ci ildə nəşr etdirdiyi geniştutumlu əsər İranda Babi üsyanlarına və bu üsyanların rəhbəri, babi təriqətinin başçısı Seyid Əli Məhəmməd Baba (Bab ərəb dilində "qapı" deməkdir) həsr olunmuşdu. Bu əsərin müqəddəməsində müəllif yazırdı ki, "islam sivilizasiyaya əngəl törədə bilən din deyildir". Abbasilər sülaləsinin hakimiyyəti zamanı yunanların bütün maarif qaynaqlarının islam paytaxtı Bağdada köçürülməsi və oradan da sonralar bütün elm və incəsənət sahələrinin müxtəlif yollarla Avropaya yayılması faktı bunun bariz sübutudur.
Mirzə Kazım bəy Şərq haqqında dünya elminin inkişafına böyük töhvələr verməkdə aparıcı rol oynayan çox istedadlı alim olmuşdur. Onun bu sahədə yaratdığı elmi məktəbin ən yaxşı ənənələri bizim əsrimizdə də davam etdirilir. Kazım bəy dünya səviyyəli oriyentalist alim, Rusiyada şərqşünaslığın əsasını qoyan çox istedadlı elm dahisi olmuşdur.
Gecəsini gündüzünə qatıb şərqşünaslıq sahəsində əhatəli tədqiqatlar aparmaqla elmi yeniliklərə imza atan Kazım bəyin səhhəti qəflətən pisləşdiyindən, onun xarici ölkələrdə müalicəyə getməsini məsləhət görmüşdülər. O, bir neçə ay Almaniyada, Paris və Londonda müalicə alan vaxtlarda da elmi tədqiqatlarını davam etdirmişdi. 27 noyabr 1869-cu ildə dünyasını dəyişən elm fədaisi Sankt-Peterburqda Pavlovsk məzarlığında torpağa tapşırılmışdır.
İslam və müsəlman qanunşünaslığının, ümumiyyətlə Şərq haqqında elmi biliklərin bənzərsiz tədqiqatçısı, rus oriyentalizminin patriarxı azərbaycanlı Mirzə Kazım bəyin adı ölməzlik rəmizinə çevrilmişdir.
MƏSLƏHƏT GÖR: