14 Mart 2025

Cümə, 20:58

QURAMA REBUSU

Kiçik parça yamaqlardan hazırlanan əsərlər özündə Azərbaycan mədəniyyəti koloritini yaşadır

Müəllif:

01.02.2009

Qurama. Peçvork. Kvi-lt. Bütün bunlar kökü çox qədimlərə gedən yamaq texnikasıdır. Bəziləri bu insan məişəti texnikasının yaranma tarixini doqquzuncu əsrə aid edirlər. Bəziləri isə bu sənətin daha qədimlərdə yarandığını bildirirlər. Ancaq bunun nə vaxt yaranıb-yaranmamasından asılı olmayaraq biz bilirik ki, qurama sənəti bu gün tətbiqi incəsənətin çox böyük tələb olan sahələrindən biridir.  

 

Qurama dünyası 

Avropa, Asiya və Amerika xalqlarının əksəriyyətində tətbiqi incəsənət, adətən, insanın gündəlik məişət ehtiyaclarının həll edilməsi ilə bağlı yaranıb. Və təbii ki, bu baxımdan qurama sənətinin yaradıcısının məhz qadın olduğunu anlamaq çətin deyil. 

Məhz qadın ərinə və uşağına nə geyindirmək kimi məişət probleminin həll edilməsi  barədə düşünərək, tamamilə qənaətcil və məntiqli bir qərara gəlib, cırılmış və artıq geyilməyən köhnə paltarların əsgilərindən yeni, ev üçün lazımlı əşyalar - yorğanlar, örtüklər, çantalar, yastıqlar və pərdələr tikməyə başlayıb. Bir sıra tədqiqatçılar belə düşünürlər ki, ilk dəfə bu sənəti aşılanmış dəridən geyim tikməyə başlamış ingilis qadınları tətbiq etməyə başlayıblar. 

Başqaları isə iddia edirlər ki, bu sənət hər halda Şərqdə yaranıb, Çində və Yaponiyada min illər öncə məlum idi... Əlqərəz, məsələnin bütün fantastik detallarına və baş vermiş tarixi hadisənin - fərqli milli özəlliklərə malik bu əl sənətinin yaranmasının və bütün planetə yayılmasının təfərrüatlarına işıq salmaq tarixçilərin işidir. 

Bəllidir ki, Afrikada, Yaponiyada və ya Qədim Rusiyada bu rəsmlər bir-birindən xeyli fərqlənib. Ancaq oxşar məqamlar da var.   Məsələn, bütün fərqli texnikalarda həndəsi rəsmlər - kvadratlar, dairələr, düzbucaqlılar, üçbucaqlılar və s. yer alır. Slavyan qadınlar kiçik yamaqlarda "quyu" düzəldirdilər - bu dartılmış düzbucaqlı şəklində olan kiçik yamaqları bir-birinə tikərək kvadrat yaradırdılar. 

Havaylarda isə "ananas" dəbdə olub. Bu texnika bizdə -  Azərbaycanda da istifadə edilir. Maraqlı faktdır ki, Azərbaycanda ənənəvi olan "qaynar basma" texnikası Havay sənəti ilə oxşardır. Şimali Amerikada isə gəlmələrin qadınları yamaqlardan yorğan tikmək üzrə heyranedici texnikaya yiyələnmişdilər. 

Əvvəlcə gündəlik məişətə estetik görkəm vermək - yetərincə yoxsul olan məkanı rəngli parçalarla bəzəmək kimi sadəcə istək varmış. Sonradan isə belə bir ənənə yaranıb: qohum olması elə də vacib olmayan qadınlar və qızlar ərə gedən qızın evinə yığışaraq toy yorğanı tikməyə başlayıblar. İştirakçıların hər biri öz fantaziyasını işə salaraq, bu sevgi məmulatına öz yaradıcılığını əlavə edirmiş. Bəzi yerlərdə bu ənənə hələ də qalmaqdadır. 

Azərbaycanın qurama sənətinin də qədim kökləri var. Yorğanlar, döşəkçələr, mütəkkələr, yastıqlar, kişi baş geyimi olan araqçınlar, indi hətta mobil telefon və kosmetika qabları, arxalıqlar, masa örtükləri, dəsmallar bu tətbiqi incəsənət növü ilə maraqlanan rəssamlarımızın maraq dairəsindədir. 

Xədicə Nəsirova kimya elmləri namizədidir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda baş elmi işçidir. Bakıda, daha doğrusu, İçərişəhərdə doğulub və böyüyüb. Uşaqlıqda özünə geyim "icad etməyi", yəni  qarderobda olanlardan nəsə tamam yeni bir şey "düzəltməyi" çox sevərdi. Ancaq uşaq vaxtı haçansa rəssam olmağı arzuladığını heç xatırlamır. 

Çoxuşaqlı ailədə böyüyüb. Uşaq vaxtı səhər ertədən süd almağa getməyi, qadınlarla birgə Novruz bayramına hazırlaşmağı çox sevərdi. İndi də gözlərini yumur və uşaqlığının o xoşbəxt mənzərəsini yaddaşında canlandırır. O çağları ki nənəsi, anası, bacıları sağ və salamat idilər... O isə körpə bir qız idi və qohumları fəxrlə deyirdilər ki, bu qızda nəsə qeyri-adi qabiliyyət var. 

Bayramların içində ən çox Novruzu sevərdi. İçərişəhərin bütün kiçik küçələrini, döngə və dalanlarını ədviyyat qoxusu bürüyərdi və hamı kimin evində bu gün şəkərbura, paxlava  bişirilidiyini bilərdi. Xədicə bütün qızlardan çevik və yaradıcı idi. Ona görə də onun üzəri gözəl naxışlarla bəzədilmiş şəkərburası qohumları tərəfindən çox sevilərdi və Bəyim nənəsi onu həmişə tərifləyərdi. 

Əlbəttə ki, bacıları ona həsəd aparardılar. Çünki nənənin tərifi yüksək keyfiyyət nişanına bərabər tutulurdu. Bu, məktəbdə "beş" almaqdan, imtahanı əla verməkdən də yüksək qiymət idi. Yəni burada həm də ənənələrə bağlılıq var idi - soyun ağbirçəyi kiçik qızı ailənin başqa qadınlarının gözündə hörmətli səviyyəyə qaldırırdı. 

Bu, yüksək qiymət idi və çox şey demək idi. Yəni həmin tarixdən başlayaraq, Xədicə bütün qohumlarının evinə bayram şirniyyatı hazırlmaq üçün çağırılırdı. Qohumlar da ki az deyildilər. Ona görə də bu xeyirxah işin qrafiki əvvəlcədən nənə tərəfindən tutulurdu. Uşaq olarkən, yəqin ki, qohumlarının hər birinin evində bir neçə qurama üslublu əşya ilə rastlaşmışdı. Ancaq heç vaxt onlara fikir verməmişdi. "Olur, olsun da", - deyə fikirləşmişdi. Bir də ki qurama həm ona, həm də bacılarına köhnəlmiş, kəndçi işi kimi görünürdü. Dəbdən düşmüş və çağı ötmüş kimi yəni... Həmişə çadraya bürünən yaşlı nənəsi kimi. Babası çadraya görə nənəsini həmişə söyürdü, nənəsi isə onu əsəbiləşdirməmək üçün həmişə çadranı evdən çıxandan və tini dönəndən sonra geyinirdi.  Bəyim nənə ərinin niyə əsəbiləşdiyini anlamırdı. Kişinin məntiqi isə fərqli idi: xoşbəxt sovet ölkəsində qadın necə çadraya girə bilərdi? Babası problem çıxmasından qorxurdu. 

 

Xilaskar qurama

İndi Xədicənin evi başdan-ayağa qurama ilə doludur, onların növbənöv çeşidlərinin təlqin etdiyi duyğuları təsvir etmək çətindir. Bunu yazmaq daha çətindir. Bu gözəlliyi gözlə görmək lazımdır. Boyaların həyəcanı, kompozisiyaların gözlənilməzliyi, müxtəlif texnikaların çuğlaşması...  Onun bu baxımdan uğurları xeylidir. 

O, niyə birdən bu işlə məşğul olmağa başlayıb? Cavab yoxdur. Bu öz-özünə baş verib. Əhvalat kədərlidir. Bu, 1990-cı ilin qorxulu yanvar günlərində baş verib. O, küçədə gördüklərindən, şəhərdə, o böyük ölkədə baş verənlərdən heç cür baş çıxara bilmirdi. Anlaya bilmirdi ki, niyə qan axıdılır və heç bir günahı olmayan insanlar öldürülür. Adama elə gəlirdi ki, dünya dağılıb, həyatda, ürəklərdə, üzlərdə boşluq var...  Ağrılı idi.

Xədicə xanım da susmuşdu. Hətta danışmağı tərgitmişdi. Həyatıboyu çox isti münasibəti olan anası və bacıları onun bu əzgin, ümumiyyətlə, stresli halını görüb, söhbətləri və sualları ilə onu bezdirmək istəmirdilər. Müəyyən vaxt o, sadəcə paralel dünyada yaşadı. Yadındadır ki, bir dəfə xəstəxanaya anasına  baş çəkməyə gedəndə, bir kəndli qadının uşağın üstünə əlvan yorğan ortdüyünü görmüşdü. Zövqlə tikilmiş naxış onu valeh etdi. Bu əsl sənət əsəri idi.   

Soruşdu: "Bu nədir?". Cavab gəldi: "Qurama." Gözlənilmədən yaddaşındakı mənzərə canlandı. Və onun bu çəkilməz çağına sanki bir əlac gəldi. Ona görə də bir yığın parça kəsiyini evə gətirib masanın üstünə tökərək, "Qayçı hanı?" sualını verəndə ondan heç nə soruşmadılar. Sadəcə, qayçını gətirib parçalarla yanaşı qoydular. Xədicə parça kəsiklərini bir-birinə tikməyə başladı, qırmızıya qara, qaraya qırmızı, sonra qırmızıya qara, yenidən qırmızı, yenidən qara caladı. Vergi verilmiş insan kimi gecə-gündüz əlini işdən çəkmədi. 

Bu işdən sonra başqaları da gəldi. Nəhayət ki, həyatının məhvedici boşluğu sona çatdı. Həyat yenidən rəngə boyandı, məna qazandı. İndi o, həyatını quramasız təsəvvür edə bilmir. Onda həm həyat, həm yaradıcılıq, həm də öz "mən"ini tətbiqi incəsənət vasitəsilə tapmağın mənası və xoşbəxtliyi vardı. İndi rəssamın bütün mənzili - mizlər, kreslolar, divan, divarlar qurama ilə bəzənib. 

Rəssamın yaradıcılığını ilk görən Elçin Məmmədov olub. Qızmar yay günündə qohumlarıgilə bir stəkan çay içməyə gələn zaman o, Xədicəni sevimli işi ilə məşğul olan görüb. Onun yaradıcılığına heyran olub. Onun tərifini və heyranlığını tanınmış rəssam tərəfindən göstərilən mehribanlıq kimi dəyərləndirib. Öz xırda əməyinə verilən qiymətin Elçinin xeyirxahlığından qaynaqlandığını düşünüb. 

Amma Tahir Salahov da onun işlərinə yüksək qiymət verəndən sonra, öz işlərinə özü də başqa gözlə baxmağa başlayıb. Düşünüb ki, əgər tanınmış rəssamlar bu cür yüksək qiymət verirlərsə, deməli, onların içində nəsə var.  Və artıq 1997-ci ildən o, Beynəlxalq Rəssamlar Federasiyasının, Rusiya Rəssamları Peşə-Yaradıcılıq İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın işlərinin İngiltərədə, Fransada, Almaniyada, Polşada, Norveçdə, Türkiyədə, ABŞ-da, Rusiyada nə qədər şəxsi kolleksiyanı bəzədiyindən danışmağa belə dəyməz. 

1998-ci ildən bu yana keçirilən bütün sərgilərdə o, bir məna görür. Bu məna zəhmətkeş xalqın xüsusiyyətlərini əks etdirən incəsənətin etnik özəllikləri ilə bağlıdır. Xədicə Nəsirova bunun yalnız bir hissəciyidir. Bu hissi həmin Qara Yanvar günlərində daha yaxşı anlayırdı. 

 

Heç bir qayda yoxdur

Qurama sənəti ağır işdir, çox zəhmət tələb edir. Rəssam eskiz üzrə işləmir, bütün naxış beyində, hardasa üçüncü göz səviyyəsində canlanır. Daha sonra naxış kompozisiya təfərrüatları üzrə inkişaf edir. Xədicə xanım hesab edir ki, ən başlıcası rəsmin mərkəzini tapmaqdır. Bu, qalan detalları öz ətrafında toplayan və diqqətin yönəldiyi əsas nöqtədir. Bu, buta da, göz də, günəbaxan rəsmi də, çöl çiçəyinin qönçəsi də, hər hansı ilgək də ola bilər. 

Onun qurama rəsmlərinin konkret süjeti yoxdur, daha çox abstraktdır. Rəng qammalarını intuitiv seçir. Çox vaxt bununla bağlı iradlarla rastlaşır. Niyə? Məgər insanın qəlbinə dolan və ətraf dünyaya parça qırıqları ilə sirayət edən duyğuların öz rəngi yoxmudur? Məgər onları hər hansı bir qanunauyğunluq qaydaları ilə təsnifatlaşdırmaq mümkündür? Düşün-mürəm! Yəni mümkün deyil!

Bu rəsmlərə baxanda əhvalımız yaxşılaşır, gözlərimiz sevinir və gözəlliyə olan ehtiyacımız ödənir. Arxalıqları və araqçınları geyinmək istəyirik, örtükləri, mənzərələri və mütəkkələri istifadə etmək istəyirik, qurama adlı bu zərif incəsənətin gözəllikləri ilə təmasda olmağa can atırıq. 

Son zamanlar Xədicə Nəsirova kiçik uşaqlar üçün yorğan kompozisiyaları üzərində işləyir. O düşünür ki, dünyada körpə uşağa hələ beşikdə ikən mədəniyyət nümunəsi təqdim etməkdən müqəddəs heç bir iş yoxdur. İncəsənət nümunəsi kimi yaradılan yorğan uşağa ətraf mühitə sənət yaradıcılığı kimi baxmaqda yardımçı olur. 

Onun fikirlərinin zərifliyini anlamaq mümkündür. Xədicə xanım əmindir ki, gözəllik insanı hələ beşikdə ikən müşayiət etməlidir. Buna görə də bu yorğanlarda yaratdığı hər bir xanə kiçik bir əhvalatdır. Nə əhvalatı olduğunu isə bu xəzinənin yiyəsi olan körpə özü müəyyən etməlidir. Bu cür fantaziya üçün meydan genişdir. Bəzən lazım olan rəngdə, formada və rəsmdə parça qırığının tapılması üçün bir ay, ay yarım vaxt gedir. 

Rəssam qadın düşündüyü elementi tapmayana qədər mənzərə üzərində bir santimetr də işləmir. Müşahidə etdiyim marağa görə deyə bilərəm ki, bu cür incəsənət növlərinə tələbat var, bizim uşaqlar üçün nağıllar lazımdır. Qurama rebuslarında gizlənmiş nağıllar isə parlaq, amma ruhca bizə yad olan başqa nağıllardan daha maraqlıdır. 

Rəssam Xədicə Nəsirovanın əsərləri daha çox şöhrətlənməyə layiqdir, dünyada daha çox insan onun əsərləri vasitəsilə bizim xalqın ruhu haqqında məlu-matlandırıla bilər. İstənilən halda, biz bütün qəlbimizlə ona xoşbəxtlik və yaradıcılıq uğurları arzulayırıq. O, hər dəfə uğursuzluqla nəticələnən növbəti sərgisindən sonra hamını və hər şeyi günahlandıran iddialı təbliğat peşəkarlarından deyil. Yox, o, sadəcə ürəyinə yatan işlə məşğul olur. Və bu işsiz yaşaya bilməz. 

Bu boyalar, bu rənglər unudulmazdır. Tətbiqi incəsənət rəssamlarının sərgilərinin tez-tez keçirilməsi daha yaxşı olardı. Çünki onlar milli özünəməxsusluq mədəniyyətinin daşıyıcılarıdır. Onlar incəsənətin bütöv bir millət haqqında parlaq, səmərəli  və fəal məlumat verə biləcək unikal bir qolunun təmsilçiləridir, belə məlumatı heç bir ədəbi əsər verə bilməz. Hətta ən dahi əsərlər belə. 

Ancaq bu cür ciddi, öz işinə və ölkəsinə bağlı insanlar həmişə arxa planda qalırlar. Onlar yaradıcılıqla məşğuldurlar və dişləri-caynaqları ilə özlərinə şöhrət yuvası qurmaqdan uzaqdırlar. Amma yurdumuzda bu cür insanlar çoxdur və bütün zamanlar onlar üçün əlverişli olmayıb... Görəsən, niyə? 


MƏSLƏHƏT GÖR:

500