14 Mart 2025

Cümə, 20:48

BÖHRANDAN İNKİŞAFA

Azərbaycanda iqtisadi artım templərinin saxlanması üçün əlavə tədbirlər görüləcək

Müəllif:

01.02.2009

2008-ci il dünya iqtisadiyyatı üçün həddindən çətin keçib. Bunu sadəcə qeyd etmək yetərlidir ki, 2008-ci ilin sonlarına dünyanın aparıcı fond birjalarının indeksi ən azı 40% düşüb. İnkişaf etməkdə olan ölkələrin fond birjalarına dəyən zərər isə daha çox olub - onların indeksi 50-75% düşüb. Dünya əmtəə bazarlarında qlobal tələbatın azalması nəticəsində də qiymətlərin kəskin düşməsi baş verib. Azərbaycanın əsas ixrac məhsulu olan neft 4 dəfə, əlvan və qara metallar, başqa əmtəə məhsulları isə 2-2,5 dəfə ucuzlaşıb.

Nəticədə bir çox sənaye müəssisələri istehsalı tam dayandırıb və ya azaldıb, yükdaşımaları da azalıb. Tənəzzülün məntiqi nəticəsi kimi həm maliyyə, həm də sənaye bölməsində işçilərin ixtisara salınması qaçılmaz olub. 

Dünyada tüğyan edən maliyyə böhranı istisnasız dünyanın bütün ölkələrinin, o cümlədən Azərbaycan iqtisadiyyatını ciddi sınaqlarla qarşı-qarşıya qoyub. Ancaq bizim ölkə nəinki vəziyyətdən çıxmağı bacarır, həm də əvvəlki illərdə olduğu kimi yüksək olmasa da, dünyada baş verən durumla müqayisədə yetərincə önəmli artım göstəricisi əldə etmək qabiliyyətindədir. 

Proqnozdan aşağı, dünya səviyyəsindən yüksək 

İl ərzində ümumi daxili məhsulun (ÜDM) real artımı 10,8% təşkil edib,  o cümlədən neft bölməsi üzrə  7%,  qeyri-neft bölməsi üzrə 15,7% olub. Adambaşına ÜDM-nin nominal həcmi  2003-cü illə müqayisədə 5 dəfə artaraq 4440 manata çatıb. 2008-ci ildə ÜDM-də özəl bölmənin payı 84,5 %-ə bərabər olub. Prinsipcə, hökumətin 2008-ci il üçün dəqiqləşdirilmiş proqnozu üzrə ÜDM artımı 21,3% səviyyəsində gözlənilirdi. ÜDM-in faktiki həcmi isə illik proqnozun 92,4%-nə bərabər olub, artım tempi isə 10,5% aşağı alınıb. Bu, son iki ayda dünya iqtisadiyyatında baş verənlərin fonunda iqtisadi artım templərinin azalması ilə izah edilir. Beləliklə, böhran, az da olsa, Azərbaycana sirayət edib və ölkənin əsas  iqtisadi göstəricilərinə təsir edib. 

Bununla yanaşı, iqtisadi inkişafın əsasında duran sənayedə istehsal edilmiş məhsulun həcmi son beş ildə 2,5 dəfə artaraq 2008-ci ildə 28 mlrd manat təşkil edib. Azərbaycan tarixində rekord həcmdə neft hasil edilib - kondensat da daxil olmaqla 44,5 mln ton neft çıxarılıb, 16,3 mlrd kubmetr qaz təhvil edilib. Bu, 2007-ci ilə baxanda uyğun olaraq 4,6%  və 50,4% çoxdur. 

2008-ci ildə əvvəlki illə müqayisədə rabitə sahəsində artım 28,2%, nəqliyyat sahəsində 13,5%, tikintidə 36%, ticarət sahəsində  17,5%,  pərakəndə ticarət dövriyyəsində 16,1%, əhaliyə pullu xidmətlər göstərilməsində 29,7% artım olub. 

Son beş ildə ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi 38 mlrd manat təşkil edib ki, bunun 16 mlrd manatı yerli,  22 mlrd manatı xarici sərmayələrdir. Əgər 2003-cü ildə yerli sərmayələrin payı 25% idisə, 2008-ci ildə bu göstərici 75%-ə çatıb. Son beş ildə neftdənkənar bölməyə qoyulmuş sərmayələrin həcmi 6,2 dəfə artıb, onların xüsusi çəkisi 2003-cü ildəki 26,8%-dən 2008-ci ildə 69%-ə çatıb. Bu, ölkə iqtisadiyyatının diversifikasiyasına və neftdənkənar bölmənin inkişafına yönəlmiş praktiki tədbirlərin gerçəkləşdirilməsindən xəbər verir. 

2008-ci ildə dövlət kapital qoyuluşlarının toplam məbləği 4,2 milyard manat olub. Bu vəsaitlərin təxminən 60%-i infrastruktur yönümlü, 20%-i isə sosial yönümlü layihələrə yönəldilib. 2003-cü illə müqayisədə ölkənin strateji valyuta ehtiyatları 11 dəfə artaraq, 18 milyard dollara çatıb, yəni ölkənin xarici borcundan 6,2 dəfə çox olub. 2008-ci ilin sonuna Azərbaycanın xarici dövlət borcları 2,9 milyard dollar təşkil edib. 

Ancaq bütün dünyada qiymətlərin düşməsi fonunda bizim ölkədə inflyasiyanın yüksək səviyyədə saxlanması və ilin yekunlarına görə 20,8% təşkil etməsi müəyyən narahatlıqlar doğurur. Ancaq Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu barədə bildirib ki, son iki ayda istehlak qiymətləri indeksinin templəri düşməyə başlayıb, yanvarda ümumiyyətlə, qiymətlərin düşməsi gözlənilir. Bu meyil davam edərsə, 2009-cu ilin deflyasiya ilə yekunlaşması da mümkündür. 

Bununla yanaşı, Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin yekunlarına həsr edilmiş yığıncaqda göstərdiyi kimi, qlobal böhranın Azərbaycan bazarına real təsirini dolğun əks etdirmək üçün istehlak bazarını ciddi nəzarətdə saxlamaq lazımdır ki, qiymətlər süni şəkildə qaldırılmasın. "Hesab edirəm ki, qiymətlərin düşməsi daha sürətli getməlidir. Həm əzaq məhsullarının, həm də tikinti materiallarının qiyməti daha aşağı salınmalıdır. Bunun üçün bütün bu sahə üzərində daha ciddi nəzarət olmalıdır. Əsassız inhisarçılığa, qeyri-sağlam rəqabətə son qoyulmalıdır",- deyə İlham Əliyev vurğulayıb.

Şəksiz, qiymətlərin artım tempinin zəifləməsi, müəyyən mənada, böhranın əhalinin sosial durumuna mənfi təsirini müəyyən qədər neytrallaşdıra bilər. Sirr deyil ki, ölkənin müəyyən müəssisələri ixrac tələbatının azalması üzündən istehsal həcmlərini azaltmağa məcburdurlar. Əgər müəssisənin gəlirləri azalırsa, təbii ki, məntiqə görə, o, xərcləri, o cümlədən işçi heyətinə çəkilən xərcləri də azaldır və ən azından, maaşların səviyyəsini aşağı salır. 

Düzdür, Dövlət Statistika Komitəsi (DSK) işsizliyin artması ilə bağlı hələ ki heç bir həyəcanlı xəbər səsləndirməyib. Amma DSK başçısının qeyd etdiyi kimi, müəssisə başçıları əməkdaşları ixtisara salmaq, yəni işdən qovmaqdansa, iş yerlərini saxlamaqla ödənilməyən müddətsiz məzuniyyətlərə göndərməyə üstünlük verirlər. Buna görə də son iki ayda ölkə üzrə nə qədər adamın iş yerini itirməsini hesablamaq yetərincə çətindir.

Ancaq bu bəllidir ki, 2008-ci ildə əhalinin gəlirləri 2003-cü ilə baxanda 3,5 dəfə artıb, adambaşına hesabda isə artım 3,3 dəfə olub. Bu zaman əhalinin adambaşına gəlirləri 2007-ci ilin göstəricisinə baxanda 36,2 faiz artaraq, 2343,2 manat təşkil edib, yəni ayda 195,3 manat olub. Bu isə 2007-ci ilin orta aylıq göstəricisinə baxanda 51,9 manat yüksəkdir. 2008-ci ildə əhalinin gəlirlərinin artım templəri istehlak qiymətlərinin artımını 17 bənd qabaqlayıb və real artım 14,1% təşkil edib. Hazırda ölkədə orta aylıq maaş 268 manat təşkil edir ki, bu da ötən ilin uyğun dövrünə baxanda 24,2% yüksəkdir. 

2008-ci ildə əhalinin adambaşına gəlirləri ötən illə müqayisədə 36,2% artaraq, 2343 manat təşkil edib. Bu müddət ərzində əhalinin sərəncamında 18 milyard manat qalıb ki, bu, ötən illə müqayisədə 42% çoxdur. Genişmiqyaslı tədbirlərin gerçəkləşdirilməsi nəticəsində ölkədə yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7% səviyyəsindən 2008-ci ildə 13,2% səviyyəsinə düşüb. 

 

Böhranla mübarizə ili

Ancaq deyildiyi kimi, 2009-cu ildə vəziyyətin pisləşməsi müm-kündür. Çünki ən optimal ssenarilər üzrə böhranın dayanması 2010-cu ilin sonlarına, 2011-ci ilin əvvəllərinə gözlənir. Bu, 2009-cu ildə böhranın ölkə iqtisadiyyatına təsirinin artacağı barədə ehtimalları gücləndirir. Buna görə də cari ildə hökumətin əsas öhdəliyi dünya maliyyə və iqtisadi böhranının Azərbaycana mümkün təsirlərini minimuma endirməkdir. 

O cümlədən maliyyə naziri Samir Şərifov büdcə qurumlarına maliyyə intizamına diqqəti artırmağı, lazımsız xərcləri, təxirə salınması mümkün səfərləri, satınalmaları və başqa tədbirləri azaltmağı buyurub. "Kommunal, istehlak, energetika, yanacaq, qaz və su xərclərini qənaətlə etmək lazımdır. Kommunal sahədə işləyən qurumların haqqını, alınmış materialların və yanacağın pulunu, vergi qurumlarına fiskal yığımları və dövlət büdcəsinə rüsumları vaxtında vermək lazımdır", - deyə o vurğulayıb. 

Nazirin sözlərinə görə, 2009-cu ildə Dövlət Neft Fondu dövlət büdcəsi gəlirlərinin sabit yerinə yetirilməsində xüsusi rol oynayacaq. Dünya bazarında neft qiymətlərinin dəyişməsinə baxmayaraq, Neft Fondundan dövlət büdcəsinə manat transferləri büdcə tərəfindən nəzərdə tutulmuş maliyyə öhdəliklərini tam təmin etməyə imkan verəcək. Burada ilk növbədə pensiyaların, təqaüdlərin, sosial müavinətlərin, əmək haqlarının tam ödənilməsi, vacib proqramların və sosial önəmli tədbirlərin maliyyələşdirilməsi, həmçinin gerçəkləşdirilməsinə daha əvvəlki illərdə başlanmış investisiya layihələrinin başa çatdırılması, qəbul edilmiş inkişaf proqramlarının gerçəkləşdirilməsi nəzərdə tutulur. 

Bununla yanaşı, hökumət bir sıra başqa təkliflərə, o cümlədən   ölkənin bank sektorunun dayanıqlılığının təmininə yönəlmiş təkliflərə də malikdir. Belə ki, ölkənin valyuta ehtiyatlarının bir qisminin yerli banklarda yerləşdirilməsi düşünülür. Bu addım həddindən riskli görünür. Ancaq digər tərəfdən nəzərə almaq lazımdır ki, son bir ildə dünyanın elə iri maliyyə qurumları müflis olublar ki, əvvəllər onların dayanıqlılığına şübhə barədə söhbət belə gedə bilməzdi. 

Prezident İlham Əliyevin fikrincə, bizim xaricdə saxlanılan valyuta ehtiyatlarının bir qismini ən etibarlı yerli banklarda saxlamaq olar. Amma bunu o şərtlə etmək olar ki, həmin vəsaitlər yalnız iqtisadiyyatın real sektoruna yönəldilsin və onların xərclənməsi üzərində dövlət nəzarəti həddindən kəskin olsun.

Dünya böhranının Azərbaycan iqtisadiyyatına ciddi təsirlərindən biri də bir sıra iri müəssisələrin ixrac imkanlarının azalması ilə bağlıdır. Göründüyü kimi, bütün dünyada olduğu kimi, Azərbaycanda da bu müəssisələrə dövlət yardımı göstərilməsinin vaxtı çatıb. Dövlət başçısının fikrincə, ən yaxşı variant buraxılan ixrac məhsulunun daxili bazarda satılması olardı. 

"Bunun üçün ciddi, müasir emal müəssisələri yaratmaq lazımdır. Bir sıra hallarda biz məhsulu ona görə ixrac edirik ki, bizim ölkədə onun emal edilməsinə imkan yoxdur",- deyə prezident İlham Əliyev vurğulayıb. Nəticədə, bu addım ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verə bilər. "Enerji təhlükəsizliyi təmin edilib, ərzaq təhlükəsizliyi təmin ediləcək, bizim üçün vacib olan nəqliyyat təhlükəsizliyi təmin edilir",- deyə bununla bağlı dövlət başçısı bildirib. 

Başqa sözlə, hazırda, hətta dünya böhranı ilə bağlı çətinliklər fonunda belə, Azərbaycan üçün ən önəmli məsələ ölkənin iqtisadi müstəqilliyi olmaqda qalır. Bu gün Azərbaycan cəsarətlə xarici yardımdan imtina edir, çünki bu medalın tərs tərəfi də var. Nəticədə o, ölkənin borc verən tərəf qarşısında güzəştə getməsinə gətirir, çox vaxt bu, dövlətin maraqlarına uyğun gəlməyən məsələlərlə bağı ola da bilir. 

Bizim ölkə, hətta sərt iqtisadi böhran şəraitində belə bundan sığortalanıb. "Azərbaycan öz problemlərini özü həll edən, heç kimə ehtiyacı olmayan ölkələrə aiddir. Azərbaycan heç kimdən asılı deyil, heç kimdən hədiyyə gözləmir, əgər təklif edirlərsə belə, onu qəbul etmir". Həyat göstərir ki, ölkə 2009-cu ilə bu önəmli prinsipə əsaslanaraq qədəm qoyub. 


MƏSLƏHƏT GÖR:

410