14 Mart 2025

Cümə, 21:49

TOPLARIN HƏDƏFİNDƏ

İsrail və həmas atəşi dayandırsa da, müharibəni bitirmədilər

Müəllif:

01.02.2009

İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar başa çatdı. Lakin Yaxın Şərqdə dayanıqlı sülh haqda danışmaq yenə də mümkün deyil. Silahlı qarşıdurmaya birdəfəlik son qoyulması yalnız münaqişə tərəflərinin, həmçinin bütünlükdə beynəlxalq ictimaiyyətin iradəsindən asılıdır.

 

Qələbə xəyalları

Qəzza zolağında 3 həftə davam edən hərbi əməliyyatlar İsrail və HƏMAS-ın Misirin atəşkəs planını qəbul etməsi ilə sona çatdı. Barışığın əldə edilməsinə dünyanın böyük əksəriyyətinin baş verənlərə görə yəhudi dövlətini tənqid etməsi də təsir göstərdi. Axı əməliyyatlar nəticəsində mindən artıq fələstinli həlak oldu.

BMT-nin baş katibi Pan Gi Mun həlak olanlar arasında dinc sakinlərin sayının "son dərəcə çox" olduğunu bildirib. 

İsrailin əməlləri hətta ənənəvi olaraq Tel-Əvivin müdafiəçisi rolunda çıxış edən Vaşinqtonda da narazılıq yaradıb. BMT-də məsələ ilə bağlı aparılan son müzakirələr zamanı bitərəf qalmağa üstünlük verən ABŞ bununla, faktiki olaraq, Təhlükəsizlik Şurasında Qəzzada hərbi əməliyyatların təcili olaraq dayandırılmasını vacib sayan qətnamənin qəbuluna imkan yaratdı. 

Bundan başqa, müxtəlif beynəlxalq təşkilatlar İsraili "Ərimiş qurğuşun" əməliyyatı zamanı qadağan olunmuş silahlardan istifadədə də günahlandırır. Söhbət, ilk növbədə, əhalinin sıx yaşadığı ərazilərdə istifadəsinə beynəlxalq hüquqla qadağa qoyulmuş "ağ fosfor"dan gedir. 

Qəzza isə, şübhəsiz ki, əhalinin sıx yaşadığı ərazidir.

Məşhur norveçli kardioloq Erik Fosse İsraili DIME-dən (Dense Inert Metal Explosive) istifadə etməkdə də günahlandırıb. Bu silahda istifadə olunan maddələr böyük məhvetmə qabiliyyətinə malikdir və insanın bədəninə çoxsaylı nöqtələr şəklində səpələnməklə  daxili orqanların qanaxmasına səbəb olur. İsrail əməliyyatları dayandırdığını yanvarın 18-də, hərbi əməliyyatların 21-ci günü elan edib. İsrail ərazisinə raket zərbələrini davam etdirən HƏMAS isə az qala Tel-Əvivi yenidən əməliyyatlara başlamağa sövq edəcəkdi. HƏMAS-ın yenidən İsrail ərazisinə raket atmasına cavab olaraq, Təl-Əviv ekstremistlərə hava zərbələri endirib. Və yalnız bundan sonra "Ərimiş qurğuşun" əməliyyatının dayandırıldığı bəyan olunub. 

Bununla yanaşı, atəşkəs razılaşmasına görə 3 gün ərzində qoşunlarını Qəzzadan çıxaran İsrail ərazisinin atəşə tutulacağı təqdirdə yenidən buna "adekvat reaksiya" hüququnu özündə saxlayıb. İslamçı radikallar isə öz növbələrində İsrailin Qəzzadan çıxacağı təqdirdə onunla 1 illik atəşkəsə hazır olduqlarını bəyan ediblər.

İsrailin baş naziri Ehud Olmert əməliyyatların bitməsindən sonrakı açıqlamasında ölkəsinin qarşıya qoyduğu bütün məqsədlərə nail olduğunu bildirib: "HƏMAS-a ciddi zərbə vuruldu və onun İsrail ərazilərini atəşə tutmağı azaldı". 

Lakin Tel-Əvivin əməliyyatlara başladığı zaman qarşısına daha böyük məqsədlər qoyduğu bəlli idi. Ölkənin xarici işlər naziri Tsipi Livni "Ərimiş qurğuşun"un ilk günlərində bildirmişdi ki, onlar Qəzzada HƏMAS hakimiyyətinə son qoymaq niyyətindədirlər. 

Lakin Qəzzada da İsrail 2006-cı ildə "Hizbullah"a qarşı keçirdiyi əməliyyatlardakı vəziyyətlə üzləşdi. 

Xatırladaq ki, həmin vaxt islamçı radikalları məhv etmək və əsirlikdəki yəhudi əsgərləri azad etmək məqsədi ilə əməliyyatlara başlayan İsrail sonda istəyinə nail ola bilməmişdi.

İsrail müxalifətinin əməliyyatların dayandırılmasını yəhudi xalqına və İsrail Ordusuna (SAXAL) qarşı cinayət adlandırması da qətiyyən təəccüblü deyil. Onlar bu fikirlərini "HƏMAS-ın məhv edilməməsi" ilə əsaslandırırlar. Bu ittihamların fonunda hazırkı hakim koalisiyanın, xüsusilə XİN başçısı Tsipi Livninin (mərkəzçi "Kadima" partiyası) və müdafiə naziri Ehud Barakın ("Avoda" leyborist partiyası) gələcəyi kifayət qədər dumanlı görünür. 

Xatırladaq ki, bu il fevralın 10-da İsraildə parlament seçkisi keçiriləcək və adıçəkilən şəxslərin taleyinə məhz bu seçkidə aydınlıq gələcək.

HƏMAS isə İsrail ordusu ilə üç həftəlik qarşıdurmada "qazanılmış tarixi qələbə"ni bayram edir. Lakin onların bu yanaşmaları reallıqdan çox uzaqdır. Ən azı, müharibənin Qəzza zolağında yaşayan fələstinlilərin ümidsiz vəziyyətini daha da pisləşdirdiyi ortadadır. Amma buna baxmayaraq, radikallar bu müharibəni "qələbə" kimi təqdim etməyə məcburdurlar, çünki bu "qələbə" onların Fələstin xalqını idarə etmək iddialarının "əsaslı" olduğuna sübutdur.

 

Münaqişə "reallıqları"

1987-ci ildə yaradılmış İslamçı Müqavimət Hərəkatı - HƏMAS (təşkilatın ərəb dilindəki adı "Harakat əl-Mukavvama əl-İslamiyyə"nin baş hərfləri) Qəzzada hakimiyyətə İsrailin Ariel Şaronun rəhbərlik etdiyi hökumətinin SAXAL-ı oradan çıxartması və yəhudilərin yaşadığı məntəqələri ləğv etməsindən sonra gəlib. İsrailin məhvi və bütün bu ərazidə Fələstin İslam Respublikasının yaradılmasını özünə şüar seçmiş HƏMAS FƏTH hərəkatı və onun Fələstin administrasiyasına rəhbərlik edən lideri Mahmud Abbasa qarşı qiyam qaldırıb və nəticədə Fələstin, faktiki olaraq, 2 hissəyə ayrılıb: HƏMAS-ın rəhbərlik etdiyi, 1,5 milyon insanın yaşadığı Qəzza zolağı və FƏTH-in hakimiyyətdə olduğu, 2,5 milyon fələstinlinin yaşadığı İordan çayının qərb sahili. İsrail elə bu iki hissənin arasındadır və görünən odur ki, Fələstinin vahid rəhbərliyinin olmayacağı təqdirdə, onun kiminləsə razılığa gəlməsi mümkünsüzdür. Çünki Tel-Əviv ilə Fələstin administrasiyası arasında əldə ediləcək istənilən razılaşma HƏMAS radikalları tərəfindən rədd olunacaq.

Hərəkat bəyan edir ki, 1948-ci ildə İsrail dövləti yaranana qədər Fələstinə aid olan ərazilərin hamısı fələstinlilərə qaytarılmalı və yaradılacaq dövlət bütün bu ərazini əhatə etməlidir (yeri gəlmişkən, bu ərazi hələ 1948-1949-cu illərdəki birinci Fələstin-İsrail müharibəsi zamanı xeyli azalıb). 

HƏMAS-ın daha bir tələbi İsrailin 1967-ci ildə işğal edilmiş torpaqlardan - İordan çayının qərb sahilindən çıxmasıdır. Fələstin torpaqlarının azad edilməsi üçün hərbi yolu seçmiş hərəkat terrordan da istifadə edir və mübarizəni kamikadzelər vasitəsi ilə də aparır. O, İsraillə uzunmüddətli sülhdən məhz bu səbəbə imtina edir. Sülh razılaşması HƏMAS-ı məqsədlərindən məhrum edə bilər ki, bu halda hərəkatın mövcudluğu da mənasını itirər. 

İsrail şəhərlərinin qruplaşma tərəfindən daim raket atəşinə tutulması taktikasına da bu rakursdan yanaşmaq lazımdır. HƏMAS öz hərəkətlərini təcavüz saymır, çünki hesab edir ki, ilk işğalı BMT-nin qərarı ilə Fələstin əraziləri sayılan torpaqları ələ keçirmiş İsrail törədib (BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi 1967-ci ildən etibarən İsraildən işğal olunmuş torpaqların boşaldılmasını tələb edir).

İsrail üçün isə HƏMAS-la məhz birdəfəlik barışıq, silahlı mübarizədən imtina olunması vacibdir. Amma bu hərəkat İsrailin cənub şəhərlərini atəşə tutmaqla, faktiki olaraq, Tel-Əvivin Fələstinə qarşı anoloji addım atmasına şərait yaradır. Tel-Əvivin Qəzzada HƏMAS-ın hakimiyyətinə son qoymaq niyyəti onun işğal edilmiş torpaqlardan çıxmasını tələb edən rəqibin məhvi kimi strateji mövqeyə əsaslanır. Çünki İsrail üçün bu torpaqlar "ərəblər tərəfindən başlanılmış" müharibələrdə əldə olunan qələbələrin nəticəsidir. Lakin motivlərindən və necə izah edilməsindən asılı olmayaraq, işğal həmişə qanunsuzdur, üstəlik, bu işğal torpaqları əlindən alınmış qonşu xalqda nifrət hissi yaradır. Odur ki, işğalı davam etdirən İsrail özünü təhlükə dolu həyata məhkum edir və artıq 60 ildir ki, fələstinlilər israillilərə sakit yaşamaq imkanı vermir, hər dəfə yeni müqavimət dalğası yaradırlar.

Bununla yanaşı, Yaxın Şərq münaqişəsinin həllinə nail olunmamasının əsas səbəbi heç də yalnız fələstinlilərlə israillilərin mövqelərindəki ziddiyyət deyil. Ərəblər bunun kökündə həm də artıq bütün dünyanın reallığa öyrəşməsini görür. Münaqişənin həllilə bağlı bütün planlar, həmçinin vasitəçi "dördlük" (BMT, ABŞ, Rusiya və Avropa İttifaqı) tərəfindən hazırlanmış "Yol xəritəsi" İsraildən yalnız Altıgünlük müharibənin başlanmasınadək mövcud olmuş 1967-ci ildəki sərhədlərin bərpasını tələb edir. Söhbət həmçinin Şərqi Qütsdən gedir. Bu səbəbdən də Fələstində bildirirlər ki, dünyada heç kəs İsrailin qanuni sərhədlərinin 1947-ci ildə BMT Baş Assambleyası tərəfindən tanınmış sərhədlər olduğunu xatırlamır. 

Lakin dünya ictimaiyyətini də anlamaq olar - artıq 1947-ci ildəki sərhədlərin bərpasının hazırkı "reallıq"lara uyğun olmadığını hər kəs dərk edir - fələstinlilər və ərəb dünyasının Fələstinin dünya xəritəsindəki yerini unutmamış hissəsindən başqa. Fələstin münaqişənin uzanmasının səbəbini də məhz bu məsələdə görür. 

Amma bu zaman HƏMAS unudur ki, hətta ən faydalı məqsəd belə terrora haqq qazandırmır - dünya terrorun istənilən formasını pisləyir.

 

İztirab yükü

Dünya ictimaiyyətinin böyük hissəsinin Yaxın Şərq böhranı ilə əlaqədar nümayiş etdirdiyi özünəməxsus hüquqi nihilizm bir aşkar faktı inkar etmir: Müqəddəs Torpaqda növbəti silahlı toqquşmanın qarşısı çox vaxt məhz ayrı-ayrı beynəlxaq təşkilatlar və dövlətlərin rolu sayəsində alınır. Son hadisələr zamanı da İsrailin "Ərimiş qurğuşun" əməliyyatını dayandırmasına Fransa və Misirin ciddi diplomatik səyləri və hazırladıqları atəşkəs planı təsir göstərdi. Daha bir fakt ondan ibarətdir ki, İsrail ilə HƏMAS arasında 3 həftəlik müharibə Amerikanın 44-cü prezidentinin inauqurasiyasından cəmi bir gün əvvəl dayandırılıb. SAXAL-ın Qəzzadan çıxarılmasına qərar verən Ehud Olmert hökuməti Ağ evin yeni rəhbəri Barak Obamaya əlavə çətinliklər yaratmaq istəmədiyini bəyan edib. Xüsusilə də nəzərə alınsa ki, Obama Fələstinin dinc sakinlərinin qırılması ilə bağlı məlumatları sakitcəsinə qulaqardına vurmur.

Bununla yanaşı, Tel-Əvivin hərbi əməliyyatları dayandırmaq qərarı ona situasiyadan beynəlxalq imicinə daha ciddi zərbə vurmadan çıxmağa imkan yaradıb. İsrail hətta son əməliyyatlar nəticəsində hərbi potensialına ciddi zərbə dəymiş HƏMAS-ın yenidən silahlanmasına qarşı ABŞ və Avropa İttifaqı ilə birgə mübarizə aparmaq haqda razılığa da gəlib. Üstəlik, Tel-Əviv hərəkatın, ilk növbədə, Misir ərazisindən silah qaçaqmalçılığı ilə məşğul olmasının qarşısının alınmasında Qahirə ilə əməkdaşlıq haqda razılıq əldə edib. Tsipi Livninin tədricən beynəlxalq "antihəmas koalisiyası"nın yaranmaqda olduğunu açıqlaması da təsadüf deyil.

İsrail hökumətinin mətbuat katibi Tsivi Hefetsanın fikrincə, azad dünya HƏMAS-ın "İranın iradəsi ilə cahil və ekstremist terrorçu qüvvələrin avanqardı kimi çıxış etdiyini" anlayır.

Ümumiyyətlə, Yaxın Şərqin geosiyasi mozaikasında İran faktoru getdikcə daha aydın görünməkdədir. O, özünü İsrailin Qəzzadakı hərbi əməliyyatlarının, az qala, son gününədək göstərib: HƏMAS-ın əvvəlcə Misirin sülh planı ilə razılaşmamasında məhz Tehran böyük pay sahibidir. Bundan başqa, bir sıra ərəb dövlətlərinin İsrail ordusunun Qəzzanı bombardman etməsi ilə yaşanan faciəyə məhz İran-HƏMAS alyansı üzündən bir qədər ehtiyatla yanaşdıqları məlumdur. HƏMAS-ın güclənməsi İranın regionda rolunun artması ilə bilavasitə bağlıdır və bu, Misir, Səudiyyə Ərəbistanı kimi ölkələrin maraqlarına ziddir. Sonuncu ərəb-İsrail münaqişəsinin sülh yolu ilə həllinə dair Ərəb Dövlətləri Liqasının 2002-ci ildə keçirilmiş sammitində təsdiq edilmiş kursun təşəbbüskarıdır. 

Misirə gəlincə, bu dövlətin lideri Hüsnü Mübarək Küveytdə yanvarın 19-da işinə başlamış iqtisadi sammitdəki çıxışı zamanı HƏMAS-la İranın qarşılıqlı fəaliyyətinin destruktiv nəticələri haqda açıq fikirlər səsləndirib. Ərəb dünyasında "bəzi qüvvələrin" parçalanma yaratdığını deyən Mübarək tam aydın şəkildə fələstinli radikalların İsraillə qarşıdurmaya Tehran tərəfindən təhrik olunduğuna işarə edib. Misir prezidenti ərəb dünyasının İsraillə işbirliyindən imtina etdiyi dövrlərə qayıdılmasının səhv olduğunu da söyləyib.

İstinəlin halda, Yaxın Şərqdə barışığın taleyi "tükdən asılıdır". Bunu Fələstin-İsrail münaqişəsinə bu və ya digər formada cəlb olunmuş bütün qüvvələr anlayır. Münaqişə tərəflərindən birinin "kiçicik" aqressivliyi dərhal digərinə "cavab" üçün əsas verəcək və bu halda region yenidən günahsız qurbanların qanına boyanacaq. Xüsusilə, nəzərə alsaq ki, İsrail HƏMAS tərəfindən atəşə tutulacağı təqdirdə, yerüstü əməliyyatların təkrarlanacağını istisna etmir.

Fələstində hərbi əməliyyatların bərpası təhlükəsinin olması Yaxın Şərq probleminin həllinə əsaslı yanaşmanın hazırlanması zərurətini ortaya qoyur. Burada söhbət ilk növbədə Qütsün statusu, sərhədlər məsələsi, fələstinli qaçqınlar və İordan çayının qərb sahilində yaşayan yəhudi əhalidən gedir. 

Belə görünür ki, dalanı xatırladan hazırkı situasiyadan qurtulmağın yeganə yolu Fələstin dövlətinin yaradılmasıdır. Lakin qarşılıqlı güzəştlər və münaqişə tərəflərinin ciddi sülhsevərlik iradəsi olmadan, bu, mümkün deyil. Əks-təqdirdə, daha 60 il keçəcək, Müqəddəs Torpaq isə yenə də insan iztirabları və cinayətlər girdabında inildəyəcək. 



MƏSLƏHƏT GÖR:

477