14 Mart 2025

Cümə, 20:58

AVROPA RUSİYA QAZINA ALTERNATİV AXTARIR

Rusiya-Ukrayna qarşıdurmasının əsl səbəbləri və ya Kiyevlə Moskvanın mübahisəsi nə ilə nəticələndi?

Müəllif:

01.02.2009

"Bu ağır situasiyada Ukrayna etibarlı tranzit ölkə, Rusiya isə etibarlı ixracatçı kimi nüfuzlarını itirir", - deyə Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek bildirib. 

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu da analoji fikir səsləndirib. O bildirib ki, siyasi fəaliyyəti dönəmində beynəlxalq öhdəliklərə Ukrayna ilə Rusiya kimi etinasızlıq göstərilməsi halları ilə nadir hallarda üzləşib.

Beləliklə, Rusiya ilə Ukrayna arasında yaşanan qaz münaqişəsinin əsas nəticəsi ortadadır. Moskva və Kiyevin Avropa İttifaqının yanacaqla təminatında etibarlı təchizatçı imici ciddi şəkildə korlanıb. 2009-cu il üçün Ukraynaya satılan Rusiya qazının qiyməti ilə əlaqədar aparılan uzun-uzadı mübahisələr yanacağın qiymətini ödəyən Avropa ölkələrinin yanvarın böyük hissəsini qazsız keçirməsinə səbəb olub.

Ukrayna ilə Rusiya isə baş verənlərdə bir-birini ittiham edir: Moskva Kiyevi oğurluqda, Kiyevsə Moskvanı situasiyanı qarışdırmaq üçün təxribata əl atmaqda günahlandırır. 

Lakin Brüssel tərəflərdən heç birinə inanmır.

Yanvarın 17-də Rusiya ilə Ukraynanın baş nazirləri Vladimir Putin və  Yuliya Timoşenko, nəhayət, Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli, həmçinin bu "mavi yanacaq"ın Kiyev üçün satış qiymətinə dair razılıq əldə ediblər. Yanvarın 19-da isə "Qazprom" və "Naftoqaz Ukrayna" 2009-cu ildən 2019-cu ilədək qüvvədə olacaq qaz nəqli müqaviləsini imzalayıb. Sənədə əsasən, Rusiya Ukraynaya qazı vasitəçilər olmadan verəcək və ilkin mərhələdə satılan yanacağın qiyməti Avropa istehlakçılarına satış qiymətindən 20% aşağı formulla hesablanacaq. Bunun əvəzində isə, Rusiyaya Ukrayna ərazisindən nəql olunan qaz üçün güzəştli tranzit tarifi verilir.

2010-cu il yanvarın 1-dən Ukrayna üçün Rusiya qazının qiyməti və ölkə ərazisindən tranzit tarifləri Avropa qiymətləri səviyyəsində müəyyənləşdiriləcək.

Bütün bunlara və tərəflərin əminliklə verdikləri bəyanatlara baxmayaraq, bu razılaşma Avropada hansısa ciddi ruh yüksəkliyi yaratmadı və bu da təbiidir: Putinlə Timoşenko arasındakı razılaşmadan dərhal sonra Ukraynanın baş nazirinin özü, ölkə prezidenti katibliyi, və nəhayət, Viktor Yuşşenkonun səlahiyyətli nümayəndəsi bu il üçün idxal olunacaq "mavi yanacaq"ın qiymətinə dair tamam fərqli rəqəmlər səsləndiriblər. Nəticədə, Avropa İttifaqı öz enerji təhlükəsizliyi haqda həmişəkindən daha ciddi düşünməyə başlayıb. 

Aİ-nin qaz üzrə koordinasiya qrupu yanvarda yaşanan "qaz böhranı"nı Avropa tarixi üçün "presedenti olmayan hadisə" adlandırıb, Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Havyer Solana isə neft və qazdan "siyasi silah kimi" istifadə olunmasının yolverilməzliyini bəyan edib.

Beləliklə, Rusiya ilə Ukrayna arasında yaşananları Avropa əvvəlcə "kommersiya mübahisəsi" adlandırırdısa, indi onun siyasi səbəblərinin olduğu etiraf edilir. Məhz bununla əlaqədar olaraq, Avropanın bir sıra yüksək rütbəli təmsilçiləri Köhnə Dünyanın qaz strategiyasının yenidən nəzərdən keçirilməsinin vacibliyini söyləməyə başlayıblar. Artıq Avropa İttifaqı vahid enerji siyasəti haqda daha israrla danışmağa başlayıb. Özü də onu belə düşünməyə Aİ-nin vahid enerji siyasətində ən az maraqlı olan tərəf - elə Rusiyanın özü məcbur edib.

Avropa Komissiyası enerji təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə qaz nəqli şəbəkəsinin yenidən paylaşdırılmasına 3,5 milyard avro ayırmağa hazırdır. Bu məbləğin yarım milyardının hava elektrik stansiyalarının inşasına sərf olunması da mümkündür - Avropa alternativ enerji mənbələri əldə etmək fikrindədir. Bu istiqamətdə görüləcək əsas işlər və prioritetlərin siyahısını Barrozu yanvarın 28-də təqdim edəcək.

Hər halda, Brüssel ilk növbədə ənənəvi yanacaq - qazın nəqli marşrutlarının diversifikasiyasına üstünlük verəcək. Bu işdə isə əsas rolu, deyəsən, Şimali Afrikanın yataqları və son zamanlar reallaşdırılması haqda daha ciddi danışılmağa başlayan Nabucco layihəsi (Mərkəzi Asiya və Xəzər bölgəsindən qazın Avropaya nəqlini nəzərdə tutan boru xətti) oynayacaq. Yanvarın 26-27-də Budapeştdə keçirilmiş Nabucco sammiti də buna sübutdur. Avropa ölkələri liderləri və Avropa İttifaqı nümayəndələrinin Azərbaycana tez-tez səfər etmələri də məhz bu istiqamətdə görülməkdə olan işlərdəndir.

Yenə də belə çıxır ki, Nabucco-nu özünün Avropaya qaz nəql edən layihələrinə alternativ sayan Rusiya Brüsseli bu istiqamətdə ciddi işlər görməyə sövq edib. 

Bunların fonunda indi Qərb mətbuatında Rusiyanın Nordstream layihəsinin reallaşma perspektivinə şübhə ilə yanaşan ekspertlərin şərhlərinə daha tez-tez rast gəlinir. Dünyada yaşanan maliyyə və iqtisadi böhran Rusiyaya da ciddi təsir göstərib. Avropanın özünün Rusiyadan enerji asılılığını daha da artırmasına vəsait xərcləməsi isə inandırıcı görünmür.

Ortaya tam məntiqi sual çıxır: Rusiyaya Ukrayna ilə qaz mübahisəsini məsələyə Avropa İttifaqının müdaxiləsinədək şişirtmək lazım idimi? Axı baş verənlərin əsl səbəblərinin iqtisadi yox, siyasi xarakter daşıdığına şübhə yoxdur. Ukrayna ilə yaşanan "qaz müharibəsi" nəticəsində "Qazprom"un təxminən 1 milyard dollar itirdiyi məlumdursa, onda iqtisadi səbəblərdən danışmaq yersiz görünür. 

Bununla yanaşı, belə proqnozlar da var ki, günbəgün dəyərini itirməkdə olan neftin qiymətinə bağlı olan "mavi yanacaq"ın min kubmetri 2009-cu ildə 250 dolları ötməyəcək. "Uralsib Kepital"ın analitikləri hesab edirlər ki, neftin 1 barrelinin qiyməti 47 dollar olarsa, qazın min kubmetri 220 dollara düşəcək və "Qazprom"un Ukraynaya "mavi yanacaq" nəqlindən əldə edəcəyi vəsait heç nəql xərclərini də ödəməyəcək. 

Elə isə, bütün bu səs-küy lazım idimi?

Moskva və Kiyev qazla bağlı çoxdan mübahisə edirlər. Lakin indiyədək tərəflər müəyyən kompromisə gələ bilirdilər. Bu dəfə isə hər şey daha ciddi xarakter aldı və ilkin mərhələdə baş verənlərə müdaxilə etməməyə çalışan Avropa paytaxtları sonda həyəcan təbili çalmalı oldular. 

Bəs, nəyə görə Rusiya və Ukrayna birdən-birə öz xarakterlərini Avopa ölkələrində görünməmiş şaxtalı qışın yaşandığı bir vaxtda nümayiş etdirməyə qərar verdilər? Nəyə görə, əvvəlki illərdən fərqli olaraq bu ilin yanvarında məsələ daha çox uzandı və böyük fəsadlar verdi?

Yəqin ki, 2008-ci ildə baş verənləri bir daha xatırlatmağa ehtiyac yoxdur: Rusiya-Gürcüstan münaqişəsi zamanı Yuşşenkonun nümayişkaranə şəkildə Tbilisinin tərəfini tutduğu hər kəsə bəllidir. Bundan başqa, o, bütün il ərzində Mixail Saakaşvili ilə əl-ələ verərək, NATO-ya daha bir addım yaxınlaşmağa çalışıb. Və əgər Gürcüstan prezidenti buna cavab olaraq, Rusiyanın Cənubi Osetiya və Abxaziya separatçılarına məlum münasibətini gördüsə, Yuşşenko ilə bağlı situasiyada "şallaq" rolunu təbii qaz oynayır.

Amma son hadisələrlə Kreml Kiyevi özünə yaxınlaşdıra bildimi, yoxsa Ukraynadan daha da uzaqlaşdı: bununla bağlı kifayət qədər çoxlu fərqli yanaşma və şərhlər eşidilir.

Bu mövzunu şərh edərkən, ilk növbədə, Ukraynada son hadisələrdən sonra daha da kəskinləşmiş daxili siyasi prosesləri də nəzərə almaq lazımdır. Vladimir Putinlə razılaşma əldə etmiş hökumət başçısı Yuliya Timoşenko bunu öz qələbəsi kimi təqdim edir. Xatırladaq ki, mübarizə hətta o dərəcəyə çatmışdı ki, Timoşenko şəxsən "Qazprom"a baş çəkərək, 4 saat ərzində az qala hər kubmetr qazın nəqlinə dair müzakirələr aparırdı.  Baş nazirlərin "kompromis"ə gəlməsinin səbəbi isə odur ki, Yuşşenko ilə müqayisədə Timoşenko açıq antirusiya ritorikasından istifadə etmir və onunla işbirliyi qurmaq nisbətən asandır.

Onun siyasi rəqibi Viktor Yuşşenko isə Putin-Timoşenko razılaşmasından narazılığını gizlətmir və Kiyevin bu prosesdən məğlub çıxdığını düşünür. Hərçənd, bəzi müşahidəçilər burada söhbətin Yuşşenkonun özünün məğlubiyyətindən getdiyini düşünür.

Məsələ ondadır ki, Ukraynada prezident seçkisinə o qədər də çox vaxt qalmayıb. Bəzi mənbələr iddia edir ki, hazırda reytinqi çox aşağı olan Yuşşenko fəal seçki kampaniyası aparmaq üçün vəsait toplamaq məqsədi ilə var gücünü ortaya qoyub. Bu fikri irəli sürənlər hesab edir ki, Moskva ilə Kiyev arasında qaz nəqlində vasitəçilik edən "Rosukrenergo" şirkəti də bu "maliyyə yığımı" prosesindəki əsas halqalardan biri idi. Hətta bəzi məlumatlara görə, bu quruma dövlət başçısının yaxın qohumu rəhbərlik edir.

Beləliklə, Putinlə Timoşenkonun əsas məqsədlərindən biri Rusiya qazının Ukraynaya "Rosukrenergo" şirkətinin iştirakı olmadan nəql etmək, yəni, Yuşşenkoya birbaşa maliyyə zərbəsi vurmaq və ABŞ-ın buradakı maraqlarını zədələmək olub. Axı Moskvada heç kim şübhə etmir ki, Yuşşenkonun arxasında amerikalılar durur. "Bloomberg" agentliyinə müsahibəsində Vladimir Putin açıqca bildirir: "Bu illər ərzində Ukraynada baş verənlər xeyli dərəcədə ABŞ-ın əvvəlki rəhbərliyinin fəaliyyətinin və onlara dəstək verən Avropa Birliyinin əməllərinin nəticəsidir. Onlar Konstitusiyanı pozaraq, küçədə baş vermiş hadisələrin yardımı ilə bəzi insanlara hakimiyyəti ələ keçirməyə imkan yaradıblar.  Bu da həmin hadisələrin baş verdiyi ölkəni, onun xalqını uzun perspektivdə burulğanlı daxili siyasi hadisələrin girdabına salıb. Məhz Ukraynadakı daxili siyasi durum bizim qaz məsələsində yekun anlaşma əldə etməyimizə imkan yaratmır". Belə çıxır ki, bu oyunda Rusiya Yuşşenkonu birdəfəlik "yıxmaq" üçün Timoşenkoya yardım edir. 

Lakin hər şey o qədər də sadə deyil - ekspertlərin bildirdiyinə görə, Ukraynanın iqtisadi durumu son dərəcə acınacaqlıdır və belə olan şəraitdə qazın qiymətinin artırılması danışıqların əsas iştirakçısı olan Timoşenkonu da pis vəziyyətdə qoya bilər. Məsələn, Ukraynanın bir çox sənaye müəssisələri yanacağın qiymətinin yüksək olması üzündən bağlana bilər. Üstəlik, Rusiyaya loyal münasibətdə olan Regionlar Partiyasının lideri Viktor Yanukoviçi də yaddan çıxartmaq olmaz: onun Timoşenkodan heç də az populyar olmadığı bəllidir.

Bütün baş verənlərlə yanaşı, Moskva ilə Kiyev arasında qaz nəqli sahəsində problemlərin tam aradan qalxdığını da söyləmək mümkün deyil. Mümkün məhkəmə iddiaları, tərəflərin irəli sürə biləcəkləri yeni tələblər və sair. Rusiyanın "Vedomosti" qəzetinin yazdığına görə, ekspertlər Kiyevlə Moskva arasında əldə olunan razılaşmanı Ukrayna üçün məğlubiyyət sayır. Y.Timoşenko isə artıq bu razılaşmaya yenidən baxılmasına nail olmağa çalışacağını bəyan edib.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, "qaz müharibəsi" Rusiyanın "prezident - baş nazir" siyasi kombinasiyasına da təsirsiz ötüşməyib. Rusiya prezidenti Dmitri Medvedevin enerji sammitindəki çıxışı, təbii ki, diqqətlə izlənilib. Amma əsas xəbər yenə də Putin-Timoşenko görüşündən gözlənilirdi.

Hər halda, bir şey aydındır ki, "qaz oyunu"nun nə ilə nəticələnəcəyi istər Rusiya, istər Ukrayna, istərsə də Avropanın beynəlxalq maliyyə böhranından necə çıxacağından asılı olacaq...


MƏSLƏHƏT GÖR:

342