14 Mart 2025

Cümə, 21:49

BİR NƏFƏR HAMIYA QARŞI, HAMI İSƏ ÖZÜ ÜÇÜN

Moskva əvvəlkitək “Nabucco” layihəsinə münasibətini gizlətmir, Avropa ölkələri isə enerji təhlükəsizlikləri ilə bağlı vahid strategiyanı müəyyənləşdirə bilmirlər

Müəllif:

01.02.2009

Yanvarın sonlarında Budapeştdə Nabuc-co boru xəttinin inşası ilə bağlı keçirilən beynəlxalq konfrans Moskva ilə Avropa İttifaqı arasında rəqib layihələr - Nabucco və South Stream ilə bağlı qarşıdurmanı daha da kəskinləşdirib. Qeyd etmək lazımdır ki, Macarıstan hökuməti artıq bir neçə ay idi ki, bu tədbirin keçirilməsinə çalışırdı və onun 2009-cu ilin əvvəlində təşkil olunmasını təklif edirdi. Lakin heç kəs bu sammitin Rusiya ilə Ukrayna arasında yaşanan və hər iki ölkənin Avropaya "mavi yanacaq" nəqlində etibarlı tərəfdaş imicinə ciddi zərbə vuran "qaz müharibəsi" ilə üst-üstə düşəcəyini güman etmirdi.

Sammitin işində Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə, Almaniya, həmçinin potensial təchizatçılar - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İraq, Misir və tranzit ölkə olan Gürcüstan nümayəndələri iştirak edirdilər. Lakin tədbirdə 5 təchizatçı ölkədən yalnız Azərbaycan ən yüksək - prezident səviyyəsində təmsil olunurdu ki, bu da Avropa İttifaqı və ümumilikdə Avropaya Bakının sözügedən layihəyə nə qədər diqqət ayırdığını bir daha nümayiş etdirib.

Konfransda Aİ-yə sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek, ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza (bəzi məlumatlara görə, o, tezliklə vəzifəsini tərk edərək digər diplomatik postu tutacaq), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirov və Avropa İnvestisiya Bankının (AİB) rəhbəri Filipp Maystdadt da çıxış ediblər.

Məlum olduğu kimi, ümumi uzunluğu 3300 kilometr olan Nabucco qaz kəməri layihəsinin dəyəri 8 milyard dollardır (bəzi hesablamalara görə isə 10-12 milyard). O, 2015-ci ildə istismara verilməli və Avropada təxminən 150 milyon istehlakçını əhatə etməli idi. Lakin hələ də layihə müxtəlif ciddi maliyyə, resurs və siyasi problemlərlə üzləşir və məhz bu faktorlar Macarıstan paytaxtında əsas müzakirə mövzusu olub.

Şübhəsiz ki, bu gün layihənin bütün iştirakçıları, həmçinin rəqiblərinin əsas diqqətini çəkən iki məsələdir - layihənin maliyyələşdirilməsini kim həyata keçirəcək və ona qaz kim tərəfindən veriləcək? 

Sammit ərəfəsində isə Çexiya hökumətinin başçısı daha bir siyasi problemi qabardıb və bu, bəlkə də, aradan qaldırılması daha çətin olan məqamdır. Onun fikrincə, Aİ-nin üzvü olan nəhəng dövlətlər Nabucco layihəsinə lazımi diqqəti göstərmir və buna səbəb onların qaza olan ehtiyaclarını digər mənbələrdən ödəmələri və Rusiya istiqamətində şəxsi prioritetlərinin olmasından irəli gəlir. Baş nazir hesab edir ki, onların mövqelərinin layihə iştirakçılarının mövqeyindən fərqlənməsinin əsas səbəbi məhz budur. 

Hökumət başçısının sözlərinə görə, bu işdə Almaniya, Fransa, İtaliya və Böyük Britaniya ehtiyatlı mövqe nümayiş etdirirlər.

Daha bir maneə isə son zamanlar Aİ liderləri və Avropa Komissiyasının rəhbərliyini daha çox qıcıqlandıran Türkiyənin mövqeyidir. Ankara bu layihə ilə ildə nəql olunacaq 30 milyardlıq həcmin 15%-ni öz təlabatına yönəltmək istəyir. 

Bundan başqa, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan elə ötən ay Brüsselə səfəri zamanı Nabucco layihəsinin iqtisadi səmərəliliyini şübhə altına alıb və ölkəsinin bu boru xətti ilə bağlı mövqeyinə yenidən baxmaq fikrində olduğunu söyləyib. 

Bir sözlə, Ankara ənənəvi olaraq, Aİ ilə danışıqlarında energetika kartı ilə oynayır. Görünür, bu dəfə o, sözügedən faktordan Aİ-yə qəbuluna əngəl törədən Kiprə və ümumilikdə quruma təsir vasitəsi kimi istifadə etməyə çalışır.

Budapeşt sammitinə qayıdaraq qeyd edək ki, iki slavyan ölkəsi arasında bu ay yaşanmış "qaz müharibəsi" bu tədbirə xüsusi aktuallıq vermişdi. İnformasiya agentliklərinin şərhlərindən, həmçinin siyasi və işgüzar elitanın bəyanatlarından da göründüyü kimi, məhz bu münaqişə Nabucco layihəsi ilə bağlı bir sıra problemli məsələlərə müəyyən aydınlıq gəlməsinə səbəb olub.  Xüsusilə, Macarıstanın baş naziri Ferents Dyurçan sammitin yekununda bildirib ki, tədbir iştirakçıları maraqlı tərəflərin bu il iyunun ortalarınadək məsələyə dair hökumətlərarası razılaşmanın imzalanmasına nail olmaq üçün əllərindən gələni etmək haqda razılığa gəliblər.

Maliyyələşmə məsələsinə də müəyyən konkretlik gəlib. İTAR-TASS agentliyinin məlumatına görə, AİB-in prezidenti Filipp Maystdadt bildirib ki, onun rəhbərlik etdiyi bank "layihənin reallaşdırılmasında maraqlı olan istənilən ölkəni məmnuniyyətlə dəstəkləyəcək". 

Bununla yanaşı, Maystdadt yekun cavabın necə olacağı haqda danışmağın tez olduğunu da düşünür. Onun sözlərinə görə, AYİB ilkin mərhələ üçün tələb olunan 200-300 milyon dolların 25%-ni öz üzərinə götürməyə hazırdır. Lakin bunun üçün layihənin texniki-iqtisadi əsaslandırılması vacibdir və ən azı hökumətlərarası razılaşma imzalanmalıdır.

Doğrudur, AYİB rəhbəri Tomas Mirov daha sərt mövqe nümayiş etdirib və bildirib ki, onlar "qaz nəqli ilə bağlı müqavilələri, investisiya zəmanətlərini və texniki parametrləri" görmək istəyirlər. Bundan başqa, Mirov hesab edir ki, layihənin ekologiyaya mümkün təsirləri öyrənilməli, boru xəttinin keçəcəyi ərazilərdə ictimai rəy müəyyənləşdirilməlidir. 

Qeyd edək ki, bu tələblər kifayət qədər qanunauyğun təsir bağışlayır. Çünki söhbət ciddi investisiya və qitələrarası layihədən gedir.

Lakin Nabucco layihəsinin ən böyük problemi qaz çatışmazlığıdır - Azərbaycan layihənin işə salınması üçün tələb olunan "mavi yanacaq"ı təkbaşına vermək iqtidarında deyil (bunun üçün ən azı 15 milyard kubmetr təbii qaza ehtiyac var). Bununla yanaşı, layihə iştirakçılarının bədbinliyinə də ehtiyac yoxdur - əsas ixracatçılardan biri olan Türkmənistanla danışıqlar davam edir və o, müsbət nəticələnə bilər. 

İstənilən halda, bu ölkənin hazırkı lideri sağlam praqmatizm, həmçinin regional siyasət və Avropanın enerji təhlükəsizliyi məsələlərində yüksək çeviklik nümayiş etdirir.

İranı da yaddan çıxartmaq olmaz və bu ölkə də layihə üçün daha bir potensial təchizatçıdır. ABŞ prezidenti Barak Obamanın rəhbərlik etdiyi yeni administrasiya artıq Tehranla dialoqa hazır olduğunu bəyan edib və enerji məsələlərinin bu dialoqun tərkib hissəsi olması tamamilə mümkündür.

Bundan başqa, o da nəzərə alınmalıdır ki, Nabucco qaz kəmərinə rəqib olan Rusiyanın South Stream layihəsilə bağlı da hələ ki hər şey tam qaydasında deyil. 2008-ci ilin yanvarında "Qazprom" və İtaliyanın Eni şirkəti 2009-cu ilin başlanmasınadək bu layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dair razılıq əldə etsələr də, sonradan bu müddət hazırkı ilin sonunadək uzadılıb. Texniki-iqtisadi əsaslandırma isə investisiya qərarının verilməsi üçün əsas şərtdir. 

Bundan başqa, tərəflər hələ də şirkətin rəhbərini də müəyyənləşdirməyiblər. 

Üstəlik, layihəyə hələ 2007-ci ildə qoşulmuş Bolqarıstan bir sıra şərtlər irəli sürüb və "Qazprom" onları qəbuledilməz sayır. Məsələn, Bolqarıstan hökuməti tələb edir ki, layihənin operatoru olacaq şirkətin bu ölkənin ərazisindəki nəzarət səhm paketi Sofiyaya məxsus olsun. Bu, tranzitdən gələn gəlirlərin tənzimlənməsinə imkan verərdi. 

Ümumiyyətlə, bu məsələ ilə bağlı elə ilk anlardan ziddiyyət mövcuddur: təchizatçı tranzit qiymətlərinin minimum olmasına israr edəcək, tranzit ölkə isə əksinə.

İlk baxışdan belə düşünmək olar ki, South Stream layihəsi ilə əlaqədar Rusiyanın qarşısında resursla bağlı problem yoxdur. Ötən həftə Özbəkistan prezidenti İslam Kərimov 2009-cu ildə ölkəsinin ötən illə müqayisədə Rusiyaya 2 dəfə artıq qaz nəql edəcəyini, imkan yaranan kimi isə bu həcmin 30 milyard kubmetrədək artırılacağını bəyan edib. Rusiya ekspertləri hesab edirlər ki, yalnız Özbəkistan qazı South Stream layihəsinin reallaşdırılması üçün artıq kifayətdir. Rusiyadan qazın hər min kubmetrinə görə çoxdan gözlədiyi 300 dolları alan cənab Kərimov bütün "mavi yanacağ"ı yalnız bu ölkə ərazisindən nəql etməyə razılıq verib. 

Lakin burada da hər şey göründüyü qədər sadə deyil - Özbəkistanın xarici siyasəti dəfələrlə elə kəskin dönüşlər edib ki, bir andaca Rusiya diplomatiyasını "dalana dirəyib". 

Bundan başqa, Astana, Daşkənd və Aşqabad arasında liderlik uğrunda gizli regiondaxili mübarizə o həddə çatıb ki, bu bölgədən ixrac olunan "mavi yanacağ"ın həcmi və istiqaməti də bu mübarizənin qurbanına çevrilə bilər.

Beləliklə, iki layihə arasında mübarizə davam edir və buradan qalib çıxacaq tərəfin hansı olacağı hələ ki tam məlum deyil. Aydın olan yalnız odur ki, Azərbaycan bu mübarizənin mərkəzində olacaq. Və məhz onun müstəqil, spekulyasiyasız enerji siyasəti bu gün layihəsinin həyat qabiliyyətli olmasına əsas verən azsaylı faktorlardandır.


MƏSLƏHƏT GÖR:

474