
BAKILI QIZ…
Azərbaycanın ilk qadın caz ifaçısı Tünzalə Ənvər qızı Qəhrəman öz musiqi karyerasını davam etdirə bilmədi
Müəllif: Valentina REZNİKOVA Bakı
Bu gözəl və şən qadın hər kəsin diqqətini çəkirdi. Üz-gözündən həyat eşqi, gəncliyə məxsus od-alov yağırdı. Adama elə gəlirdi ki, öz halı ilə o, bir il qabaq "Qızıl payız" caz festivalı keçirilmiş Bakı Filarmoniyasının bütün konsert salonunu yandıra bilərdi. Sonra... onu uzun müddət axtardılar. Bəlli oldu ki, bu bakılı qadın hamının diqqətini çəkibmiş. Haqqında danışanda xarici görkəmindən dərhal tanıyırdılar: "Hə, bu cazı ingilisdən yaxşı oxuyan qız deyilmi?". İngilis dedikdə, söhbət qostel üslublu ifaçı Klayv Braundan gedirdi. Onun repertuarı o qədər çoxşaxəli idi ki, bizim qəhrəmanımız üçün onlardan birini götürmək elə də çətin olmamışdı. Əlqərəz, səhnəyə Ukryana, Rusiya, Belarus, Gürcüstan və Latviyadan da istənilən qrup çıxan zaman eyni şey baş verirdi. Adam "PROCENT" prodüsser mərkəzi tərəfindən bakılılara bəxş edilmiş bayramsayağı caz polifoniyası axşamlarına gələn zaman, ilk olaraq, bu caz üslubunda oxuyan bakılı qızı axtarır. Hər hansı bir səbəbdən onu tapmayanda adam məyus olur. Adama elə gəlir ki, o olmadan ətrafdakı sevinc əhval-ruhiyyəsini mənimsəmək çətin olacaq.
Hər şey həyatdakı kimidir
Bu əhvalatın qəhrəmanını axtarmağa sərf edilmiş zaman obrazın "düşünülməsi" dövrü oldu. Maraqlıdır ki, hər şeyi - harada işlədiyini, hansı ailədən olduğunu, kimlərlə dostluq etdiyini öyrənmək mümkün oldu. Yəni hər şeyin Hollivudun milad nağıllarından da gözəl və romantik sonluqla bitəcəyi düşünülürdü. Ona baxanda adama elə gəlir ki, yəqin, münasibətlərin mülayimləşdiyi illərdə hansısa həmşəhərlimizə aşiq olaraq Bakıya gəlib (həmin bakılının kim olduğu və onun qəlbini necə ələ aldığı artıq önəmli deyil). Təbii ki, o da sevgisi naminə öz ulduz gələcəyindən imtina etmiş müğənni qız rolunu oynayır. Sonra isə süjet belə dəyişir: qız Bakıda yaşayır, onu sevir, öz ərini və ailəsini sevir, ancaq xəyal bəzən onu keçmişlərə, nə vaxtsa səhnə işıqlarının musiqi və tamaşaçı zalı ilə birləşməyə imkan verdiyi anlara qaytarır. Həmin an heç nə ilə əvəz olunmayan azadlıq hissi bəxş edir. İnsan, hətta öz maddi mövcudluğundan da ayrılır, ruha çevrilir.
Bu cür konsertlərə baş çəkmək onun üçün öz gerçək kimliyini xatırlamaq üçündür. O isə hər şeyini - parlaq və ehtiyacsız gələcəyini, karyerasını, şöhrətini, insanlar üçün mahnı oxumaqdan aldığı zövqü sevgi mehrabına qoyaraq, özündən imtina edib. Ancaq hər nə olur-olsun, həyatda heç nə kinodakı kimi, uydurma əhvalatlardakı kimi olmur. Hər şey daha sərt, daha sadə və kədərli olur.
Təsadüfən görüşdük, şəhərin mərkəzində. Tələsirdik, amma bir az söhbət etdik, konsertləri xatırladıq və şəhərin mədəni həyatının afişasını müzakirə etdik. Sonra hardasa birlikdə çay içmək üçün razılaşıb ayrıldıq. Yenə də uzun müddətə. Həyat cari və çox vaxt da maraqlı olmayan işlərə məcbur edir. Ancaq yenə də görüşdük. Qar yağırdı, şəhərin çox əzəmətli, hətta yaraşıqlı görkəmi var idi. Milad bayramından bəhs edən Hollivud filmlərindəki kimi.
... Gerçək bir azərbaycanlı, bakılı olan Tünzalə Qəhrəmanın əhvalatı ümumilikdə ölkənin əhvalatından çox fərqlənir. Öz yaşıdlarının da həyatından fərqlənir. Sovet dövrünün yetirməsidir, həmin illərdə normaya çevrilmiş və görünür, o qədər də pis olmayan postulatlarla böyüyüb. Çünki gənc kommunizm qurucusunun bütün əxlaq məcəlləsi on "müqəddəs" əhddən ibarət idi. İndi bunu hamı bilir, amma o vaxt bunu dilə gətirmək qadağan idi, çünki ölkə ateistlər ölkəsi idi. Yəni onun ailəsi də ateist idi.
Anası Şamaxıdan, atası əslən Qəbələdən idi. Tünzalə xanım indi də onların görüşərək bir-birilərini sevməsinin göylərdən gəldiyinə inanır. Özünüz düşünün, müharibədir, min doqquz yüz qırx üçüncü il gedir.
Qırx birinci ilin ilk çağırışı ilə cəbhəyə yollanmış gözəl və yaraşıqlı tibb xidməti mayoru Ənvər Tbilisidə müalicədən sonra üç günlüyə Bakıya valideynlərinin yanına qonaq gəlir, qardaşının evində gözəl və çox gənc bir qızı görür. Qız royalda çalaraq, çox gözəl oxuyur.
Möcüzəli romantik bir axşam idi. Həmin axşam qız Ştrausdan çox oxumuşdu. Elə gözəl oxuyurmuş ki, yerində oturaraq, ona qulaq asan mayor düşünürmüş: "Əgər sağ qalsam, gəlib bu qızla evlənəcəyəm". Onların münasibətinin sonrakı inkişafını da görmək olar. Gənc qızın qəlbi də titrəmişdi. O, ürəyində taleyindən bu cəngavər mayoru güllələrdən qorumağı diləyirdi. Yəqin ki, onun bu hərarətli arzusu gerçəkləşdi və mayor sağ qaldı. Öz alayı ilə birlikdə Vyanaya qədər gedib çatdı. O, Vyana ağaclarının yarpaqlarını qurudaraq, öz mahnısı və çalğısı ilə qəlbini riqqətə gətirmiş qız üçün gətirdi. Bu, onların uzun və möhkəm nikahının, möhkəm ailəsinin və sağlam uşaqlarının bünövrəsini qoydu.
Axına qarşı üzmək
...Tünzalə həmişə oxuyub. Uşaqlıqdan, lap özünü xatırlayan yaşlarından. Çünki bu, onun ailəsi üçün norma idi. Və qızın oxuması heç kimi narahat etmirdi. Evdə hamı - bacı və qardaşları da oxuya bilirdi. Anası və anasının qardaşlarından danışmağa belə dəyməzdi. Yalnız sovet quruluşu dağılandan sonra Tünzalə xanım bilib ki, anasının şamaxılı babaları varlı və maarifçi, qədim bir soydan gələn insanlar olublar. Yəni milli ziyalıları təmsil ediblər.
Buna görə də bu dəyişmiş zamanda belə, həmin ailədə uşaqlara çoxtərəfli təhsil vermək qayda imiş. Əgər buna qabiliyyəti varmışsa. Uşağın mahnı oxuması heç də pis sayılmırmış. Ümumiyyətlə, bu ailədə hər şeyi keyfiyyətli eləmək norma imiş.
Tünzalənin atası Tibb İnstitutunu bitirdikdə, "Bakinski Raboçi" qəzetində ona həsr edilmiş "Ənvər kimi oxu" şeiri çıxmışdı. İndiyə kimi bu qəzet vərəqi saxlanır, Vyana ağacının yarpağı kimi ailə dəyəri sayılaraq qorunur.
Mahnı oxumaq həmişə ailə əyləncəsi olub, ailə üslubunda axşam vaxtlarını xoş keçirməyə sərf edilib. Tünzalənin özü də müğənni karyerası, onu öz peşə həyatı ilə bağlamaq barədə heç vaxt düşünməyib. Uşaqlıqda o, balerina olmağı arzulayıb. Amma o vaxt balaca idi və 133 saylı məktəbə tək gedə bilmirdi. Atası və anası işləyirdi, ona görə də onu məktəbə babası aparırdı.
Anasının babası keçmiş “ağ qvardiya” zabiti idi. O qocalmışdı və nəvəsini 133 saylı məktəbə aparmaqda çətinlik çəkirdi. Buna görə də qızı yaxınlıqda yerləşən 160 saylı məktəbə keçirdilər. Qız isə həmin məktəbi ilk baxışdan və ömürlük sevmədi. Zadəgan nəslindən olan babası həddindən ziyalı və hər şeyə əvvəlcədən hazır idi. Onlar bir yerdə məktəbin qapısına yaxınlaşanda, uşaqlar və valideynlər basabasla içəri girməyə çalışırdılar, amma Tünzalənin babası başından şlyapasını çıxararaq kənara çəkilir, hamıya yol verirdi.
Babasının qılığı yox idi. Heç yerdə, həyatda da. Ona görə də sovet illərində anbarda işləyirdi. Sakit vəzifə idi. Çünki ideoloji-mənəvi uyğunsuzluğu ört-basdır etməyə imkan verirdi. O, bu uyğunsuzluğu nümayiş etdirmək istəmirdi. Onun övladları və nəvələri vardı, onları sovet hücumlarından qorumaq lazım idi.
Ancaq Tünzalə kiçik idi. Babasını sevirdi, amma anlamırdı. Buna görə də utandığından ağlayırdı. İstəyirdi ki, özünü bu kütlənin içinə vursun, onu yarsın və sinfində otursun. Yəni o da seçilirdi, yəqin ki, bu, genetik etiraz idi. Ona görə də məktəbdə hamıdan seçildi. Belələri isə hamını əsəbiləşdirir. Onları qərib, bəzən də qeyri-normal adlandırırlar. Bundan da pis sözlər deyirlər. Onları sevmirlər və daxili üsyanlarını, özləri kimi, Tanrı onları yaratdığı kimi olmaq istəklərini bağışlamırlar.
O, hamıdan fərqli yaşayırdı. Buna görə də xoşuna gələn musiqilərə qulaq asırdı. O vaxt hamı kimi kommunizm qurucularından deyil, əsilzadə xanımlar kimi sevgi şeirləri oxuyurdu. Buna görə də 90 faizi erməni millətindən olan sinif yoldaşları ona qarşı amansız davranırdılar.
İntellektual filmləri sevirdi. İtaliya neorealizminə sevgisi hələ də qalmaqdadır. Qrammafon vallarından öyrəndiyi italyan, ingilis, fransızdilli mahnıları oxuyurdu. Musiqi qabiliyyəti bunu çox asanlaşdırırdı.
Amma "tərbiyəli" sinif yoldaşları buna görə onu sevmirdilər. Bir dəfə rus romansına həsr edilmiş məktəb axşamında Tünzalə Darqomıjskinin "Səni sevdiyim üçün kədərliyəm" romansını oxumuşdu. Onu əxlaqsızlıqda günahlandırmışdılar. Bir dəfə məktəbdə keçirilən "xarici estrada" konsertində oxuyub və tvist oynamışdı. Direktor valideynlərini çağırıb bildirmişdi ki, onların qızı "güclü burjua" təsiri altına düşüb. Bütün bunlar məktəb illərində qaldı, məktəbləri hörmətli olsa da, Tünzalə onu sevmirdi.
İndi onun həyatı azadlıq, özünə xoş gələn kimi yaşamaq və nəfəs almaq imkanı əldə edib. O, çox həvəslə Raxmaninova, Karuzoya qulaq asırmış. Qadağan olunmuş radio dalğalarından Ella Fisceraldı, Maykl Devisi, caz-roku axtarırdı! Həyat ona görkəmli insanlar - Leonid Leonov, Yevgeni Yengibarov, Tofiq Əhmədov, Müslüm Maqomayev, İqor Brill, Leonid Çijik, Rafiq Babayev, Bibi Kinq kimi insanlarla görüş imkanı yaratmışdı. Onlar hamısı Tünzalənin gələcəyini parlaq caz ifaçısı kimi görürdülər. Bu gün Tünzalə Qəhrəman özündən soruşur ki, niyə bu baş vermədi? Və cavab tapa bilmir. Özü üçün tapa bilmir. Kənardan isə hər şey normal görünür. Yəni onun valideynləri sovet rejiminin, içi repressiya qarışıq, hər üzünü görüblər. Onlar istəməyiblər ki, onların bu cür azadlıq sevgisindən hamının xəbəri olsun.
Tünzalə bu aliənin əvvəllər üzləşdiyi bəlaları yenidən bərpa edə bilərdi. Atası güc-bəla ilə canını qurtarmışdı. Bəlkə də. Ona görə ki, rayonda işləyib. Bakıya yalnız 1956-cı ildə qayıtmışdı. Onda artıq Stalin yox idi və havada Xruşşov ilıqlığı hiss edilirdi. Amma qorxu heç kimi rahat yaşamağa qoymurdu.
Atası həmişə təkrarlayırdı: "Bu caz haradan çıxdı? Bu da neosovet əməlidir?". O, qızının gələcək taleyi barədə qorxurmuş. Ona nəyi isə dəqiq izah etməkdən də qorxurdular. Buna görə də valideynləri sadə ailə qadağaları ilə kifayətlənirdilər. Onun həyatını qorumaqla, karyerasını məhv etdilər//...
Caz solisti
Bakı, 1969-cu il. Şahin Ağayev universitetin nəzdində orkestr yaradıb. Tünzalə bu orkestrin solisti idi. Və birinci "Bakı payızı" mahnı festivalında iştirakı ona birinci yeri qazandırdı. Münsiflər heyətində Vaqif Mustafazadə, Rafiq Babayev, Makaşev və başqaları oturmuşdular. Onlar yekdilliklə Tünzaləyə birinci yeri verdilər. İkinci yeri İrina Alleqrova tutdu. Qrupları "Ekspress" adlanırdı və Bakı Mərkəzi Univermağında məşq edirdilər.
Mahnı müsabiqələrində iştirakını gizlətmək getdikcə çətinləşirdi. Buna görə də televizora düşməmək üçün heç vaxt kameraya oxumurdu. Amma bu baş verdi və atası festivala gəldi. Mark Bernesin köhnə pərəstişkarı olan atası qızının oxumasını yüksək qiymətləndirdi. Amma heç bir istisna-filan olmadan qızının gələcək konsert həyatını mümkün görmədi. Anasının sözü isə kəsə oldu: "Səhnə çirkabdır".
Atası isə qərara aldı: qızı bu cür ağılsızlıqdan qorumaq üçün ərə vermək lazımdır. Qızlarının sənət yoluna mane olmamaq üçün ailəni Rauf Hacıyev, Rəşid Behbudov, Vaqif Mustafazadə, Lyonya Vanşteyn kimi adamlar dilə tutdu. Amma xeyri olmadı.
Gənclər arasında sevgi olmasa da, onu ərə verdilər. Və bu nikahdan çox sevdiyi qızı qaldı.
Ancaq tale ona səhnəyə müğənni kimi qayıtmaq üçün ikinci dəfə şans yaratdı. 1970-ci illərin sonunda onlar Şahin Ağayevlə birgə "Rast" qrupunu yaratdılar. Respublika mahnı müsabiqəsində iştirak ona yenə də birinci yeri qazandırdı. Şəhər komsomolu onların kollektivini Ümumittifaq müsabiqəsinə yolladı. Birinci yeri Gürcüstanın "Mziuri" ansamblı tutdu. "Rast" ikinci yeri tutdu.
Müsabiqənin nəticələrinə görə, Bakı qrupu Çexiyaya və Sovet İttifaqının şimal şəhərlərinə turneyə çıxdı. Onda Tünzalənin repertuarında hətta o vaxt məlumat pərdəsinə görə az tanınan Şirli Betsinin mahnıları da var idi. Çox böyük uğur qazanmışdı. Amma qızı böyüyürdü. Məşğuliyyəti valideynlərinə də xoş gəlmirdi. Geri çəkilməli oldu, səhnəni təkrar tərk etdi.
Həmin vaxt o, çoxsaylı müsabiqələrin qalibi olmuşdu. "Gənc estrada" televerilişində də qalib olmuşdu. QİTİS-ə girmək istəyirdi, ancaq... Xarici Dillər İnstitutu ilə kifayətlənməli oldu.
Tünzalə Ənvər qızı sadə bir bakılı qızdır, onun taleyi çoxsaylı yaşıdlarının taleyinə, bizim və onların zamanının taleyinə bənzəyir.
Azərbaycanın ilk caz oxuyan qadın müğənnisi Tünzalə Ənvər qızı haqqında düşünülmüş xoşbəxt Yeni il nağılından yalnız bir gerçəklik qalıb. Bu cür konsertlərə getmək ona gəncliyinə qayıtmaq, musiqinin onda yaratdığı xoş ovqatla yenidən baş-başa qalmaq imkanı yaradır...
MƏSLƏHƏT GÖR: