
TURİZM CƏNNƏTİ
Şəkidə qonaq olanların hamısının ürəyindən bir şey keçir - ilk fürsətdə buraya yenə gəlmək
Müəllif: Aynur TALIBOVA Şəki
Şəkililər yerləri haqqında deyilən komplimentlərə hər hansı bir reaksiya vermirlər. Alışıblar. Buranı hamı sevir. Şəkini hər kəs bəyənir və demək olar Ki, hər kəs tərifləyir. Şəki əsl turizm cənnətidir. Şimal-Qərb bölgəsinin turizm mərkəzi seçilən Şəki, Azərbaycana gələn xarici qonaqların, demək olar, hamısının ziyarət axınına uğrayan bir məkandır. Şəkidə mütləq görülməsi gərəkən bir neçə yer var. Sırayla onlarla tanış olaq.
Marxal
Ən populyar istirahət mərkəzi sayılır. Keçən əsrin 80-ci illərindən sürətlə məşhurlaşan Marxal istər yerlilərin, istərsə də Şəkiyə gələn qonaqların mütləq baş çəkdiyi ünvandır. Yay aylarında Şəkinin və ətraf rayonların camaatı sərinləmək üçün Marxala gəlir. Son illər ərazidəki süni göldə katamaranlar da görmək olar. Fərqli əyləncə yaradır. Bütün fəsillərdə gözəl görünür. Gecələməyi düşünməsəniz belə, havası və yaşıllığı ilə valeh edən mənzərəni görməyə dəyər. Şəkinin digər möcüzəsi olan Xan yaylağı buradan cəmi 7 kilometr aralı olduğundan, səyahətinizi elə oraya səfərlə davam etdirə bilərsiniz.
Xan yaylağı
Adından da məlum olduğu kimi, bura Şəki xanlarının yay aylarında yaşayış yeri olub. Belə deyirlər ki, istilər düşəndə, xan öz ailəsi, xidmətçiləri və heyvan sürüləri ilə Xan yaylağına köçərmiş. Soyuqlar düşənədək burada qalarmış. Deyilənlərə görə, yaylaqdan Xan sarayına şüşə kanal da çəkilibmiş. Xan sürüsünün heyvanlarının südü boru vasitəsilə birbaşa saraya axıdılırmış.
Çox yüksəklikdə olduğundan, Xan yaylağında ağac yoxdur, amma müxtəlif çeşiddə dağ çiçəyinin və xüsusilə də kəklikotunun qoxusu insanı məst edir. Havalar günəşli və açıq olanda bu yüksəklikdən ətraf rayonlar aydın görünür. Xan yaylağına getsəniz, çoban itlərindən özünüzü gözləyin. Ona görə də sürüyə yox, çobana yaxınlaşsanız, həm qurd köpəklərdən qorunar, həm də çoban süfrəsinə qonaq olub, pendir-çörəkdən, ocaqda dəmlənmiş kəklikotu çayından dadmış olarsınız. Çox arzu edənlər çadırları, səyyar yataqları və yeməklərini yanlarına alıb, burada gecələyə də bilərlər.
Bu dağ yüksəkliyində keçirilən dəqiqələrdə şəhər həyatının qaçhaqaçında özünü nədən məhrum etdiyini başa düşürsən. Təmiz dağ havası ciyərlərinə dolduqca, yanaqlarından qan daman çoban qardaşa baxa-baxa, bu cür cənnəti özünə istirahət yeri seçən xanın müdrikliyi və keyfinə valeh olursan.
Xan yaylağı Böyük Qafqaz dağ silsiləsinin Şəkidən 15-20 kilometr şimal istiqamətində yerləşir. Əldəyməmiş gözəl təbiəti olan bu 1erə yalnız at, ya da "Jeep" avtomobilləri ilə getmək məsləhətdir. Xan yaylağına aparan yeganə yol Marxaldan keçdiyindən, bura qalxmaq istəyənlər nəqliyyat məsələsini elə Marxalda həll edə bilərlər. Öz nəqliyyatınız yoxdursa, kədərlənməyin, yerli bələdçi maşını ilə dik yamaclı meşə yollarını təhlükəsiz qət etməyə yardım edər. Sizsə, insan əli dəyməyən bu gözəllikdən həzz ala, yolboyu ara-sıra qarşınıza çıxan hürkmüş ayı balasına və ya dələlərə, başqa heyvan balalarına tamaşa edə bilərsiniz. Bu əyləncəni yaşamağa dəyər.
Yerli bələdçilər Xan yaylağına yağıntıların nisbətən az düşdüyü yay aylarında çıxmağı məsləhət görürlər. Yağışdan sonra yuxarıdan axan sel qarşısına çıxan nə varsa, qaya parçalarından, ağaclara qədər hər şeyi yuyub aparır. Traktor gəlib buraları təmizləyənə qədər yollar bağlanır. Şəkililər ümid edirlər ki, Marxaldan Xan yaylağına kanat, yaxud funikulyor çəkilərsə, bu yerlər turistlər üçün daha əlverişli olar.
Xan yaylağı və Marxal gəzintisiylə Soyuqbulaq adlanan bu əraziyə səyahət bitsə də, macəra davam edir, çünki geri dönüşdə Kiş çayının o biri tayındakı istiqamətdə qanda adrenalini artıran başqa bir yolçuluq gözləyir. Onu da qaçırmaq qəbahət olar. Bu haqda bir azdan. Hələlik isə mütləq görülməsi gərəkən başqa bir məkandan danışaq.
Mustafa bəyin yeri
Şəkililər bura "Mustafa bəyin lageri" də deyirlər. O kimdir? Bu sualı hamı verir. 20-ci əsrin əvvəllərində Şəki xanlarından olan Mustafa bəyin yay aylarında ailəsi ilə dincəldiyi şəxsi mülkiyyəti olub. 1920-ci il Bolşevik istilasından sonra ərazi uzun illər SSRİ miqyasında tanınan pioner düşərgəsi kimi fəaliyyət göstərib. Hal-hazırda isə özəl istirahət mərkəzidir. Şəkidəki digər yerlərlə müqayisədə burada qiymətlər çox ucuzdur. Adambaşına yataq qiyməti, səhər yeməyi də daxil, 6-8 manat təşkil edir. Şəhər səs-küyündən qaçmaq, təmiz hava, sıx meşə mənzərəsi axtaranlar üçün bu təbii park tapıntıdır.
Mustafa bəyin yerinin yerləşdiyi Giləhli məhəlləsi Şəki şəhərinin salınmağa başladığı ilk nöqtədir. Gilhəli məhəlləsi bir neçə görməli yeri ilə məşhurdur. Şərqdə dramın banisi olan, yazıçı Mirzə Fətəli Axundovun (1812-1877) doğulub-böyüdüyü ev burada yerləşir. 15-ci əsr yadigarı olan Gilhəli məscidi də buradadır. Bu gün Gilhəli məscidinin yalnız minarəsi qalıb.
Şəki bir gündə gəzib qurtarası yer deyil. Dincəlmək və yaxşıca gəzmək istəyənlər bunun üçün 3-4 gün ayırlmalıdırlar. Bəs Şəkidə harada qalmaq olar? Bu işi bir neçə yolla həll etmək mümkündür. Şəhərdə və onun ətrafında modern tipli otel, yaxud koteclərdə, Köhnə Qala tarixi səmtində turistlər üçün xidmətə hazır Şəki sakinlərinin evlərində, ya da otanik havasıyla bambaşqa ləzzət verən "Karvansaray" mehmanxanasında. Son dəfə 2002-də aparılmış restavrasiya işlərindən sonra bura mehmanxana kimi Şəkiyə gələn qonaqların ixtiyarına verilib. 75 nəfərlik "Karvansara"da istirahət mövsümünün aktivləşdiyi yay aylarında rezervasiya olmadan yer tapmaq çox çətindir.
Atçılıq və ovçuluq
Şəkidə vaxtınızı başqa necə keçirə bilərsiniz? Atları və idmanı sevənlər ənənəvi cıdır yarışlarının, at oyunlarının şahidi ola bilərlər. Şəkidəki atçılıq mərkəzində müxtəlif cins atlar saxlanılır və yetişdirilir. Onlarla tanış olub, bir az da çapa bilərsiniz.
Şəki Azərbaycanın ən güclü ov bazası olan rayonlarındandır. Ov həvəskarları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qeydiyyatında olan Ovçuluq klubuna müraciət edə bilərlər. Qeydiyyatdan keçəndən sonra ov mövsümündə yenə də nazirlik tərəfindən müəyyən edilmiş heyvanların, qaban, dağ keçiləri və s. ovuna çıxa bilərsiniz.
Tarixi abidələri
Şəki 1-ci əsrdə Qafqaz Albaniyası dövlətinin ən böyük şəhərlərindən olub. İnzibati cəhətdən 11 hissədən ibarət olan Alban ölkəsinin şimal-qərbdəki vilayətinin adı Şəki idi. Şəhər bunu təsdiq edən və bu günədək gəlib çıxmış, Qafqaz Albaniyasına aid bir çox tarix-mədəniyyət abiləsi ilə zəngindir.
Karvansaralar
Şəkinin düz mərkəzindən axan Gürçançayın sahilində şəhərin əsas ticarət və işgüzar mərkəzi yerləşir. Qədimdən bəri Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan burada çoxlu bazar və karvansaralar tikilib. Karvansaralar feodal Şərqin əsas tikililərindən olub. Şəkiyə səfər edən bütün səyyahlar Azərbaycan haqqında danışarkən karvansaralara xüsusi yer ayırıblar. Orta əsrlərdə karvansaralar şəhərin yaranması və qurulmasında böyük rol oynayıb.
18-19-cu əsrlərdə Şəkidə İsfahan, Təbriz, Ləzgi, Erməni, Təzə karvansara adlı beş böyük karvansara olub. Burada uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi təmin olunub. Tacirlər mallarını zirzəmiyə yığar, 1-ci mərtəbədə alver edər, ikinci mərtəbədə də yaşayardılar.
Müasir dövrə 5 karvansaradan yalnız 2-si gəlib çıxıb. Aşağı və Yuxarı karvansara kimi tanınan tarixi abidələrin hər ikisi 18-ci əsrə aiddir. Yerli ustalar tərəfindən tikilib. Bu gün Yuxarı karvansaradan otel kimi istifadə edilir. Onun girişindəki günbəz Yaxın Şərqin ən böyük günbəzlərindən biri hesab olunur.
Yuxarı karvansaraın içindəki Çay evi Azərbaycan qaydası ilə çay servisinə görə mükəmməldir. Armudu stəkanlarda çayın yanında Şəki halvası, çeşidli mürəbbələr, digər Şəki şirniyyatı və bu qədər şirninin müqabilində qan təzyiqini tənzimləmək üçün limon. Bütün bunlara ingiliscə Şəki ləhcəsiylə danışan qarsonları da əlavə etsək, mənzərələrinin koloritliyini təsəvvür etmək çətin olmaz.
Kiş alban məbədi
Qafqaz Albaniyasına aid abidələrdən biri, UNESCO-nun dünya əhəmiyyətli abidələr siyahısında göstərilən Kiş Alban məbədidir. 1-5-ci əsrlərə aid olan və Zaqafqaziyada ilk kilsələrdən sayılan bu məbəd Kiş kəndində yerləşir. Kiş şəhərdən 6-7 kilometr məsafədə, eyniadlı çayın sahilində salınmış qədim kənddir.
Kiş Alban məbədini Şəkiyə gələn yerli və xarici qonaqların, demək olar ki, hamısı ziyarət edir. Muzeyin qapısının qapalı olması sizi ümidsizliyə salmasın. Bura baxan nəzarətçi kənd sakinidir, evi də qonşuluqda olduğundan, iş saatının limiti yoxdur. İstənilən zaman qapısını döyüb, muzeyi açdıra bilərsiniz.
Bələdçimiz arxeoloq Nəsib Muxtarovun dediyinə görə isə, dağ ətəyində yerləşən kəndlərin hamısında ilkin orta əsrlərə aid abidələrə rast gəlmək mümkündür. Onlardan bəzilərini tanıyaq.
Bideyis məbədi
Bideyis kəndindən 8-10 kilometr aralıdadır. Dağlıq ərazidə yerləşir. Yaşıllıqların arasında gizlənən məbədi tapırıq. Məbəd yonulmuş iri daş kvadratlarla hörülüb. Memarlıq quruluşuna görə, təxminən, 7-8-ci əsrlərə aid edilir.
Bideyis məbədinin yerləşdiyi ərazi heyranedici gözəlliyə sahibdir. Meşə və dağların əhatəsində, talada yerləşir. Bələdçimiz burada aparılan araşdırma işləri zamanı yerin altından çox nəhəng küplər tapıldığını deyir. Bu məbədin, habelə onun yerləşdiyi ərazinin tarixi ilə bağlı görüləsi tədqiqat işləri həddindən artıq çoxdur.
Fazıl kəndi
Ötən əsrin 90-cı illərində Fazıl kəndində bir neçə il davam edən arxeoloji qazıntılar zamanı antik dövrə aid Təpəbaşı nekropolu aşkar edilib. Bununla da ailmlər bu yaşayış yerində e.ə III minilliyə, tunc dövrünə aid həyat əlamətlərinin olduğunu üzə çıxarıblar. Tapıntılardan şaman ayinlərini xatırladan qədim ritualların həyata keçirildiyini başa düşmək olar.
Kənddə işıqlar kəsildiyindən, əllərimizdə kiçik şamlarla labirinti xatırladan kurqana daxil oluruq. Yay olmasına baxmayaraq, içəri buz kimidir. Dörd bir yanda görünən müxtəlif ölçülü insan və heyvan sümükləri qorxulu filmləri xatırladır. Kurqanların bütöv halda qaldığı Təpəbaşı nekropolu Azərbaycanda ilk muzey-labirintdir.
Gələrsən-görərsən qalası
Şəkidən 8 kilometr aralı, Kiş çayının qərb sahilindəki sıldırım qayanın üstündə yerləşir. Qantəpə dağının zirvəsində, strateji cəhətdən münasib yerdə tikilib. Qalanın əsası XV əsrdə Şəki hakimi Əlican tərəfindən qoyulub. Hacı Çələbi xanın hakimiyyəti illərində (1739-1755) bütün bölgənin tarixində böyük rol oynayıb.
Şəkililərin fəxr etdiyi Hacı Çələbi xan XVIII əsrin görkəmli Azərbaycan dövlət xadimidir. Eyni zamanda, Nadir şaha qarşı xalq azadlığı hərəkatının başçılarından biridir. İlk müstəqil Şəki xanlığının qurucusudur. 1743-cü ildə Nadir şah hökumətinin məmuru Məlik Nəcəfqulunu öldürdükdən sonra Şəkini tamamilə müstəqil dövlət elan edərək, şaha boyun əyməkdən imtina edib.
Nadir şahın son hədə-qorxu məzmunlu ultimatumuna "gələrsən-görərsən" cavabını verərək, şəhərin başbilənlərini, ağsaqqal və arvad-uşaqlarını toplayaraq, Kiş kəndi yaxınlığında yerləşən dağ başındakı qalaya sığınıb. Deyilənə görə, o vaxtdan qalanın adı beləcə də qalıb - "Gələrsən-görərsən".
Gələrsən-görərsən qalasına aparan yol uzaq olmasa da, yorucudur. Çox dik yamacda strateji əhəmiyyətli nöqtədə olduğunu təngnəfəs tam zirvəyə çatanda anlayırsan. Bütün ətraf ovcunun içində kimi görünür. Qaladan ətrafa başgicəlləndirən mənzərə açılır. Yalnız buradan baxarkən, Hacı Çələbinin nəyə arxayın olub, meydan oxuduğunu anlamaq mümkündür. Nadir şahın qardaşı İbrahim xan 2 dəfə, 1744 və 1745-ci illərdə 20 minlik qoşunla Azərbaycana Şəki üsyanlarını yatırmağa yollansa da, qalanı ala bilməyib. Hərçənd 2 il sonra Hacı Çələbi mübarizəni dayandıraraq, özü qalanı tərk edib. Amma deyilənə görə o bunu, müqavimət göstərməyin mənasız olduğunu başa düşdüyündən edib. Hacı Çələbinin əzmkarlığına heyran qalan Nadir şah isə onun Şəki xanı tituluna toxunmayıb. "Hacı Çələbi çox böyük adam olub" misalı o vaxtdan dillərə düşüb.
Bu gün "Gələrsən-görərsən" qalası bura gələnləri top-tüfənglə qarşılamır. Lakin qalanın adı hələ də aktuallığını saxlayır. Bura gəlib-görməli və əsl ləzzət almalı bir yerdir. Bir sözlə, tarixi ekskursiyaları xoşlayanlar üçün Şəki əsl tapıntıdır. Buranı tərk edəndə ürəyindən bir şey keçir. İlk fürsətdə Şəkiyə yenə gəlmək!
MƏSLƏHƏT GÖR: