24 Noyabr 2024

Bazar, 20:05

AİLƏ PLANI

Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi vacibdir

Müəllif:

15.01.2009

Azərbaycan reproduktiv sağlamlıq haqqında qanun layihəsi olmayan azsaylı ölkələrdən biridir. Halbuki məsələ birbaşa milli təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Reproduktiv sağlamlıq haqqında qanun layihəsinin bu yaxınlarda Milli Məclisdə edilmiş müzakirələri və bundan sonra verilən açıqlamalar əhalinin bu sahədə yetərincə məlumatlı olmadığını ortaya çıxardı.  

Bunun nəticəsidir ki, bu cür vacib qərarın müzakirəsi sadəcə qanunun tərkib hissəsi olan bəzi məsələlər ətrafanda mübahisələrə yönəldilir. Lakin qanunda millətin reproduktiv sağlamlığının mühafizəsini gerçəkləşdirməyə, insanın gigiyena, cinsi tərbiyə və psixologiyasının formalaşmasına yönəlmiş başqa vacib komponentlər də var. 

1993-cü ildən bu yana Respublika Ailə Planlaşdırma Mərkəzində sonsuzluqdan əziyyət çəkən ailələrə xidmət  (EKM - ekstrakorporal, yəni xalq arasında deyildiyi kimi, süni mayalandırma) da daxil olmaqla, əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilir. Bu, uzun müddət uşaq sahibi ola bilməyən ailələr üçün böyük yardımdır. Qanunla bağlı bu cür müzakirələrin olması qəribə deyil. Lakin adama elə gəlir ki, süni mayalandırma və surroqat analıq barədə Azərbaycanda ilk dəfədir ki, eşidirlər və sanki uşaq sahibi olmaq arzusu günah imiş. 

Hazırda Azərbaycanda sonsuzluqdan əziyyət çəkən adamlara yardım etmək üçün bütün imkanlar onsuz da var və bu, məqsədəuyğundur. Bu baxımdan, millətin reproduktiv sağlamlığı üçün vacib olan qanunun qəbul edilməməsinin özü bir qanunauyğunsuzluq ola bilərdi. 

"Reproduktiv sağlamalıq haqqında"Qanun layihəsi Milli  Məclis tərəfindən yenidən işlənməyə göndərilib və o, parlamentin yaz sessiyasında yenidən müzakirə ediləcək. Beləliklə, KİV təmsilçiləri geniş ictimaiyyətə reproduktiv sağlamlıq, ailə planlaşdırılması, yeniyetmələrin cinsi tərbiyəsi, qadın və kişi sonsuzluğu barədə geniş materiallar təqdim etməyə imkan qazanıblar. 

Axı indiyə kimi cəmiyyətdə ailə planlaşdırılması məsələsində anlaşılmazlıq mövcuddur. Bu isə birbaşa ailənin reproduktiv sağlamlığının qorunması ilə bağlıdır. Və bu durum yalnız Azərbaycan üçün səciyyəvi deyil. Bütün dünyada insanlar heç də həmişə ailənin planlaşdırılmasının məqsədləri, bunun nə dərəcədə vacibliyi barədə düzgün təsəvvürə malik olmurlar. 

Bütün dünyada ictimaiyyətin bu sahədə məlumatlandırma işlərinə cəlb edilməsi üçün fəal tədbirlər görülür. Postsovet ölkələrdə isə bu yalnız həkimlərin işi olaraq qalır, çünki biz adət etmişik ki, əvəzimizə bütün qərarları həkimlər verir və bir növ məsuliyyəti onların bonuna qoyuruq.  

Ancaq belə olmalı deyil, hər bir ailə və cəmiyyət üzvü bu barədə bilməlidir və müvafiq qərarlar qəbul etməlidir. "Ailə planlaşdırması" ifadəsi sağlam hamiləliyin planlaşdırması kimi təsəvvür edildikdə, insanlar tərəfindən daha anlayışlı qəbul edilir. Yəni bu, dünyaya daha sağlam və arzuolunan uşaq gətirmək üçün vacibdir. 

 

Yalnız arzuolunan uşaq

Beynəlxalq qurumların dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda sağlamlıq və demoqrafiya üzrə keçirilmiş araşdırmaların nəticələri aşağıdakı mənzərəni göstərir:  qadınların xeyli  hissəsi bilərəkdən və ya başqa səbəblər üzündən hamiləliyi kəsməyə meyillidirlər. 

Bununla yanaşı, insanların yaşına və reproduktiv sağlamlıq vəziyyətinə görə ailə planlaşdırılmasına qoyulan tələblər də müxtəlif cür olur. Əgər bu, yeni yaradılmış ailədirsə, onda ailə planlaşdırımasına tələbatın səbəbi müəyyəndir - həyat yoldaşlarının hər ikisi sağlam uşaq istəyir. Əgər ailədə uşaqlar varsa, məsələn, onların sayı dörd və ya beşdirsə, ya da ailə üzvlərinin istədiyi qədərdirsə, onda tələblər dəyişir. 

Yəni ailə həyatının hər bir mərhələsində tələblər müxtəlifləşir və seçim etmək üçün onlara məlumat lazımdır. Onda sual yaranır: ailə nə istəyir? Nə fikirləşir?  Uşağın doğulmasını necə planlaşdırmaq və ya nə qədər vaxta təxirə salmaq lazımdır? İki il, yoxsa beş il? Kontrasepsiya üsulları bu ailələrə arzuolunmaz hamiləlikdən, uyğun olaraq heç kimə lazım olmayan bir addımdan - abortdan yaxa qurtarmağa imkan verir. 

 Bu sözləri tez-tez eşitmək olur: "Biz planlaşdırmamışdıq, indi istəmirdik... "Nəticə isə abortdur. Buna görə də bizim ölkədə abortların səviyyəsi həddindən yüksəkdir. Dəhşətli faktdır ki, Azərbaycan qadını öz reproduktiv sağlamlıq dövründə dünyaya uşaq gətirməkdən çox abort etdirir. Bu yalnız qadının sağlamlığına deyil, onun ailəsinin də sağlamlığına ziyan vurur. Bunu da unutmaq olmaz ki, dini və mənəvi-etik baxımdan hamiləliyin dayandırılması insan öldürülməsi kimi dəyərləndirilir. Bununla belə, ailədə nə qadın, nə də kişi abortun təkrarlanmaması üçün heç nə etmirlər. Çox vaxt da bu, savadsızlıqdan və məlumatsızlıqdan qaynaqlanır. 

 

Sağlam ailə 

Müxtəlif ölkələrdə ailə planlaşdırması müxtəlif cür olur. Elə ölkələr var ki, kontraseptivlərdən yalnız demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün istifadə edilir; elə ölkələr də var ki, cinsi yola keçən xəstəliklərin qarşısının alınmasına böyük ehtiyac var. Azərbaycanda isə kontraseptivlərdən əsasən əhalinin sağlamlığının yaxşılaşdırılması və abortların sayının azaldılması üçün istifadə edilir. 

Eyni zamanda Azərbaycanda doğumlararası interval üzrə vəziyyət pis deyil. Azərbaycan əhalisinin sağlamlığı və demoqrafiyası üzrə araşdırmaların nəticələrinə görə, bizim ölkədə qadınlar orqanizmin bərpası üçün üçün lazım olan doğuşarası vaxtı gözləyirlər. Lakin bu, hansı üsulla edilir, maraqlı məsələdir. 

Bir daha qeyd etmək lazımdır ki, ailə planlaşdırması ailənin istədiyi qədər və istədiyi zaman uşaq sahibi olması deməkdir. Bu zaman uşağın və valideynin sağlamlığı barədə düşünmək də önəmlidir.

Azərbaycanda reproduktiv sağlamlığın mühafizəsi üçün müşahidə edilən problemlərdən biri də kontraseptivlərə çıxışın sərbəst olmasındadır. Bizim ölkədə bü cür əczaçılıq vasitələri yalnız aptek şəbəkəsi vasitəsilə gətirilir. Bizdə dövlət təchizatı yolu ilə idarələrarası təminat yoxdur. 

Və bu, kontraseptivlərə sərbəst çıxış baxımından, 2008 - 2015-ci illər üzrə Reproduktiv sağlamlıq üzrə milli strategiyada göstərilmiş baryerlərdən biridir. Sözügedən strategiyada bildirilir ki, kontraseptivlər pulsuz əsasda verilən tibbi vasitələr siyahısına salınmalıdır. Əlbəttə, hamını kontraseptivlərlə pulsuz təmin etmək mümkün deyil. Ancaq əhalinin aztəminatlı hissəsini təmin etmək vacibdir. 

 

Qanuna görə...

Reproduktiv sağlamlıqla bağlı yeni qanun layihəsinin müzakirə  edilməsinin özü  müsbət  hadisədir. Əgər bu  mövzu  müzakirəyə çıxarılmasaydı, daha  pis  olardı. Bu,  məsələyə  maraq göstərilməməsi deməkdir. Qanun layihəsinin  qızğın  müzakirəsi  ictimaiyyətdə  və   millət  vəkil-lərində, bu  marağın və reaksiyanın  olması  deməkdir. Deməli, söz-ügedən qanun lazımdır  və bu, insanların  marağına  səbəb olur.  Deməli, insanlar  düşünür ki,  bu  qanun  onların  haqqındadır  və  onun  müzakirəsində  iştirak  etmək  vacibdir. Ancaq  bizdə  qanunun bir maddəsinə  və ya  bir  hissəsinə diqqət yönəldilir  ki, bu, ayrı  məsələdir.

Müzakirələr  qanunun  müəyyən  bəndləri  üzrə  aparılır. Bunun  başqa  bəndləri isə  kölgədə qalır. Yalnız  süni  mayalanma və  sonsuzluğun  həlli  məsələsində ailələrə kömək  müzakirə  edilir.  Bununla yanaşı,  qanunda reproduktiv  ailə  planlaşdırılması,  təhlükəsiz hamiləliyin təmin  edilməsi,  sonsuzluq  və  bu sahədə həll  edilən məsələlər,  yeniyetmələrin reproduktiv  sağlamlıq  məsələləri  yer  alır.  Belə  görünür ki, qanunun  başqa  məsələləri  ilə biz artıq razıyıq? 

Bununla  yanaşı, qadınların  və kişilərin  sonsuzluğu  böyük  problemdir. Əgər  onun  haradan qaynaqlandığını görməyə  çalışsaq,  aydın  olar ki, vaxtında  ailə bilməyib ki, abortdan, cinsi  yolla  keçən  xəstəliklərdən  necə  qorunsun. Sonsuzluq  problemi məhz  oradan  qaynaqlanır. Və  tibb  elmi  bu  problemləri  həll  etmək  iqtidarındadır. Ancaq bunun  üçün  hüquqi  təminat olmalıdır. Deməli, qanundan müvafiq  bəndləri  çıxartmağa  ehtiyac yoxdur. Sadəcə,  onları qismən ixtisar etmək  və geniş təsvir etməmək olar.

Qanunun qəbulundan sonra hansısa  qaydalar, əmrlər və  hüquqi aktlar hazırlanacaq. KİV-də bu qanunun  bütün bəndləri  barədə ictimai rəy  yaratmaq  iqtidarındadır. Onda biz bu qanun haqqında  dolğun müzakirələr  apara biləcəyik.  Çünki bu  qanun  dünyanın  140  ölkəsi tərəfindən  qəbul  olunub, tamamilə müəyyən  edilmiş  və başqa ölkələr tərəfindən elmi yolla  sübut  edilmiş  tibbi  bazası vardır.

Azərbaycan  EKM üzrə xidmətlərin  göstərilməsi üçün  bütün  imkanlara  malikdir. Şəksiz, bunlar  yüksək  texnologiyalardır. Onlar bu xidmətlərə ehtiyacı olan ailələr  üçün layihələndirilib. Bu,  layihələrə yardım  lazımdır. Azərbaycan belə  yardımı  edə  bilər.  Çünki  mütəxəssisləri  və  lazım  olan sənədləri  vardır. Buna tələbat  da  vardır. Ona  görə ki,  uşaq istəyən insanlar çoxdur. Heç  kim  də  onları bu  hüquqdan məhrum edə  bilməz. 

Çox vaxt  biz  bu  cür  işlərə qlobal yanaşırıq. O  cümlədən, demoqrafik  problemlər baxımından.  Bütün  bu  məqamların arxasında EKM üçün növbədə  dayanan və  uşaq  istəyən   insanlar dayanıb. Texnologiya imkan verir,  tibb  inkişaf edir  və  potensial  var. Ancaq müəyyən mərhələdə tibb  işçilərinə hüquqi  baza  lazımdır. Bunun  vaxtı  çatıbdır. 

Əgər  hər  hansı bir  düşüncələr üzündən qanunun sözügedən  bəndləri  qəbul edilməyəcəksə,  bu, uşaq  istəyən, lakin malik  olmayan ailələrin,  ata və  anaların hüquqsuzluğu demək olardı. Müzakirələrdə heç  nəyi  ayırd etmədən,  biz  hər  şeyi  bir yerə yığdıq  və kimlər üçünsə  bətnində uşaq daşıyan qadınlardan  danışırıq. Amma bu  məsələyə uşağı   müstəqil doğa bilən,  lakin  hamilə qala  bilməyən qadınları da aid edirik. EKM uşaqları xüsusi  cihazda mayalandırmağa, sonra  isə  onu  ananın  bətninə yerləşdirməyə imkan verir. 

Bu vasitəni həm  də həkim  tərəfindən hamilə  qalmaq üçün yazılmış müəyyən əczaçılıq vasitəsi kimi də qəbul  etmək  olar. Və  nəhayət, EKM-dən sonra qadın məhz öz ərindən olan, öz uşağını bətnində daşıyır. Surroqat  analıq isə nadir  hallarda  tədbiq olunur. Və bu vasitəyə ən son  halda müraciət edilir. O zaman  ki artıq  başqa  vasitələr fayda vermir.     

Qanunla uşaq sahibi  olmağa  hüquq  verilir. Lakin  millətin reproduktiv sağlamlıq haqqında  qanununa daha geniş,  məhz reproduktiv  hüquqların  təmin  olunması baxımından yanaşmaq lazımdır. O da  pis  olardı ki, qanun  layihəsi  üçün  müəyyən  bazanın müzakirəsindən üz döndərilsin və  məsələ açıq qalsın.  Özü də  ölkədə  bu  sahədə bu cür  mənfi təcrübə artıq  mövcuddur. Artıq   neçə  ildir ki, Azərbaycanda  təhsil  haqqında qanun müzakirə edilir, onun qəbul edilməsi Milli  Məclisin hər yeni  sessiyasında  təxirə  salınır. Onu da  qeyd  etmək  lazımdır ki, Azərbaycanda  insanların  uşaq  sahibi olmaq  hüququnun  gerçəkləşdirilməsi  üçün bütün şərait yaradılmalıdır.  Baxmayaraq  ki reproduktiv sağlamlıq üzrə  milli  strategiyada  sonsuzluq  probleminin  EKM üsulu  ilə həllinə aid bəndlər yoxdur, qanun layihəsində isə bu cəhətlər nəzərə  alınıb. Və bu  fakt hər  şeyə  ümidlə baxmağa  imkan verir.


MƏSLƏHƏT GÖR:

499