13 Mart 2025

Cümə axşamı, 02:53

KÖVRƏK SABİTLİK

F. Star: “Hadisələrin gedişi Qafqazda vəziyyətin tezliklə normallaşacağını deməyə əsas vermir”

Müəllif:

15.01.2009

Yaxın Şərqdəki müharibə, Rusiya ilə Ukrayna arasında "qaz savaşı", dünya maliyyə böhranı///... Bu hadisələri 2009-cu ilin əvvəlinin əsas mövzuları adlandırmaq olar. Deməli, dünyanın diqqəti də məhz bu mövzulara yönəlib. Bu arada ötən ilin sonunun "baş qəhrəmanı" olan Cənubi Qafqazda da vəziyyət mürəkkəb olaraq qalır. Hər an partlayış təhlükəsi olan bu region üçün kiçik bir qığılcım kifayət edir ki, dünya Yaxın Şərqi unudub yenidən diqqətini Qafqaza yönəltsin. Dondurulmuş, açıq, diplomatik, energetik - necə istəyirsiniz adlandırın, amma "Qafqaz uğrunda savaş" davam edir. Elə ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Star da təxminən bu fikirdədir. Bizim xahişimizlə o, bölgədə və onun ətrafındakı hazırkı durumu şərh etməyə razılıq verdi.  

- Cənab Star, ötən səfəriniz zamanı "Amerikanın xarici siyasətindəki mövqeyi konkretləşəcək və o zaman Azərbaycandan da konkret siyasət tələb olunacaq" demişdiniz. Rəsmi Bakının hazırkı xarici siyasətini necə qiymətləndirərdiniz?

- Azərbaycan kifayət qədər balanslaşdırılmış siyasət yürüdür. Bu çox müdrik bir mövqedir. Amerika-Azərbaycan arasında da yaxşı münasibətlər formalaşıb. Amma məni narahat edən bir məqam var. Avropa və Amerika Rusiya ilə öz münasibətlərini quranda və ya qurmağa çalışanda bunu Azərbaycanın başının üstündən etməməli, yəni bir dövlət kimi Azərbaycanın da mövqeyini nəzərə almalıdırlar. Bir sözlə, böyük dövlətlərin regionla bağlı siyasətində Azərbaycanın, eləcə də Gürcüstanın maraqları nəzərə alınmalıdır. Əks halda bu çox təhlükəli ola bilər. Amerikada Azərbaycanı çox ciddi qəbul edirlər, onun maraqlarını nəzərə alırlar. İnanıram ki, bu, belə də davam edəcək. 

- Bölgənin ötənilki durumunu necə qiymətləndirərdiniz?

- Son zamanlar regionda fəallaşma müşahidə olunur. Bu sırada bir neçə hadisəni qeyd etmək olar. İlk növbədə, əlbəttə ki, Rusiyanın Gürcüstana hücumu, təcavüzü. Bu çox mənfi bir hadisədir. Bununla yanaşı, bir neçə müsbət hadisə də baş verib ki, bunlardan da ən çox diqqətçəkəni Azərbaycan və Türkmənistan arasında münasibətlərin normallaşması və müsbətə doğru inkişaf etməsidir. İkincisi, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin genişləndirilməsi və daha da təkmilləşdirilməsi də regionun gələcək inkişafına xidmət edən amillərdən hesab oluna bilər. Eyni zamanda, ARDNŞ-in əlaqələrini genişləndirməsi, beynəlxalq layihələrdə iştirakı da Azərbaycan üçün müsbət hadisələrdən hesab oluna bilər. Əlbəttə, bir məsələni xüsusi qeyd etmək istərdim ki, bu da Azərbaycanın Rusiyanın Gür-cüstana təcavüzü zamanı tutduğu mövqe idi. Azərbaycanın Gürcüstan hadisələrində düşün-ülmüş hərəkəti balanslaşdırılmış siyasətin bir hissəsi idi. Gürcüstan-Rusiya münasibətləri fonunda Azərbaycan bütün hadisələrə neytral yanaşa bildi. 

- Amma Gürcüstandakı hadisələr göstərdi ki, regionun təhlükəsizliyi çox kövrəkdir. Vəziyyətin nə vaxt düzələcəyini gözləmək olar?

- Hələlik hadisələr bunu deməyə əsas vermir. Çünki regionda gərginlik hələ də qalmaqdadır. Amma mən bir məqamı vurğulamaq istərdim. Dar və hərbi mənada Rusiya çox uğurlu əməliyyat həyata keçirərək başqa ölkənin iki əyalətini - Osetiya və Abxaziyanı əldə etdi. Amma ümumilikdə bu məsələdə Rusiya uduzub. Çünki heç bir ölkə onu dəstəkləmədi. Rusiya çox çalışır ki, Mərkəzi Asiyadakı respublikalar onu dəstəkləsin. Amma onlar da hələ ki Rusiyanı dəstəkləmirlər. Bu baxımdan hadisələr göstərdi ki, Rusiya daha çox itirib. 

- Bölgə üçün daha bir təhlükə də Qarabağ münaqişəsidir. Bəs onun həlli kimə lazım deyil?

- Tam əminliklə deyə bilərəm ki, ABŞ bu problemin həllində maraqlıdır. Çünki artıq Amerika anlayır ki, bu münaqişədən Rusiya ilə rəqabətdə alət kimi istifadə olunması heç bir fayda gətirmədi. Rusiyaya gəlincə, bu ölkə hələ də regiona təsir aləti kimi bu münaqişədən istifadə edir. Amma bu, uzun perspektivdə nə Rusiyaya, nə də başqa bir dövlətə heç bir fayda gətirməyəcək. Özü üçün düşünülən fayda digərlərinin problemi üzərində qurulmamalıdır. Avropanın mövqeyinə baxsaq görərik ki, Avropa uzun müddətdir ki, Qarabağla bağlı mənasız və səmərəsiz söhbətlərdə və danışıqlarda iştirak edir. Hətta bu danışıqlarda Rusiya da Amerika ilə bir yerdədir. Avropa bu münaqişənin həllinə ona görə çalışır ki, enerji təhlükəsizliyi problemi bu regionun hesabına təmin oluna bilər. Münaqişələr isə əlbəttə ki, enerji məsələlərinə mane olur. 

- Bəs Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə istiqamətində səylərini necə qiymətləndirirsiniz?

- Mən Türkiyənin Qarabağ problemindəki iştirakından narahatam. Məlumdur ki, Türkiyə tarixən Qafqazda baş verən proseslərdə iştirak edib və orada problemlərin həllində mühüm rol oynayıb. Əlbəttə ki, biz bunu alqışlamalıyıq. Amma son zamanlar məni narahat edən bir məqam var. Mənə elə gəlir ki,  Türkiyə Ermənistanla aralarında olan "soyqırım" məsələsinin həllini tapmağa çalışır və indi bu istiqamətdə çox fəaldır. Ümid edirəm ki, Türkiyə öz problemini Qarabağın hesabına həll etməyə çalışmayacaq. 

- Məsələ ondadır ki, Türkiyə təkcə Qarabağla bağlı deyil, ümumilikdə "Qafqazda sülh və əməkdaşlıq" platformasının yaradılması təşəbbüsü ilə çıxış edir...

- Türkiyənin Qafqaz platforması təkliyini gözəl, amma çox sadəlövh təklif adlandırardım. Çünki açıq-aşkar görünür ki, Türkiyə regionda öz nüfuzunu artırmaq məqsədi güdür. Həmçinin Rusiya ilə birgə Qafqazı öz aralarında bölüşdürmək niyyətindədir. Amma bir həqiqət var ki, bu gün Türkiyə özü Rusiyadan enerji asılılığı yaşayır. Odur ki, region uğrunda, xüsusilə Qarabağ məsələsində Rusiya ilə rəqabət apara bilməz. Və ya tutaq ki, Türkiyənin bu təşəbbüsü yerinə yetirilərsə, bu o deməkdir ki, Avropa və Amerika regiondakı proseslərdən və maraqlarından bir növ uzaqlaşırlar, bu isə reallığa uyğun deyil. ABŞ Bakı-Tbilisi-Ceyhan layihəsində bütün risklərin həllini öz üzərinə götürmüşdü, məqsədi o idi ki, Türkiyənin təhlükəsizliyi təmin olunsun və bu ölkənin qonşu ölkələrdən asılılığı azalsın.  Əlbəttə, bu baxımdan Türkiyənin Amerika və ya digər maraqlı dövlətlərin mövqeyini nəzərə almadan Qafqazda hansısa addım atması mümkün deyil. 

- Türkiyənin bu təşəbbüsünün həyata keçməsi üçün həm də bölgədəki  dövlətlərin özündə daxili sabitlik olmalıdır. Lakin məsələn, Ermənistanda bu sabitlik yoxdur. Bu ölkənin bölgədəki duruma təsirini necə qiymətləndirirsiniz?

- Qafqaz regionu hazırda Qərblə Şərq arasında nəqliyyat dəhlizi rolunu oynayır. Əfsuslar olsun ki, Qafqazın hansısa bir yerində olan qeyri-sabitlik bütün regionun qeyri-sabitliyinə gətirib çıxara bilər. İstər Gürcüstandakı böhran, istərsə də Ermənistandakı qeyri-sabitlik regionda gedən bütün proseslərə öz mənfi təsirini göstərməkdədir. Ermənistan başa düşməlidir ki, əgər hazırda regionda baş verən nəqliyyat layihələrində, həmçinin dünyanın yenidən əmələ gələn xəritəsində iştirak etmək istəyirsə, o zaman öz siyasətinə yenidən baxmalıdır. Özü də söhbət təkcə enerji resurslarından getmir. Mən ümumiyyətlə beynəlxalq ticarəti nəzərdə tuturam. Bunun üçün Ermənistan Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həllinə çalışmalıdır.

- Lakin Ermənistanın indiki hakimiyyəti nəinki Azərbaycanın, heç öz xalqının belə maraqları ilə hesablaşmır. Elə oradakı daxili siyasi gərginlik də məhz bununla bağlıdır...

- Ermənistanın siyasi mühiti narahatlıq doğuran və düşündürən bir vəziyyətdədir. Oradakı hadisələri müşahidə edəndə görə bilərik ki, Ermənistanda müəyyən dəyişikliklər baş verir. İndi orada daha çox praqmatik fikirlər yaranmaqdadır. Bu da Ermənistanın gələcəkdə öz siyasətinə yenidən baxacağını deməyə əsas verir. Çünki Ermənistanda kifayət qədər ağıllı, səriştəli insanlar var ki, onlar da öz ölkələrinin həqiqi gələcəyini başa düşürlər. Artıq onların səsi daha ucadan gəlməyə başlayıb. 


MƏSLƏHƏT GÖR:

521