14 Mart 2025

Cümə, 21:45

KİYEV - MOSKVA: TRANZİT YOXDUR

Rusiya növbəti dəfə Qərbi enerji resurslarının nəqlinin diversifikasiyası haqda ciddi düşünməyə sövq etdi

Müəllif:

15.01.2009

Rusiya və Ukrayna artıq bir neçə ildir davam edən ənənə - Yeni ildə "qaz böhranı" ilə bir-birinin əhvalını korlamaq ənənəsinə sadiq qaldılar. 2008-ci ilin son günü iki ölkə arasında 2009-cu ildə Rusiya qazının Ukraynaya nəqlilə bağlı aparılan danışıqlar iflasa uğradı. Rusiya KİV-nin iddiasına görə, Ukraynanın "Nefteqaz" şirkətinin nümayəndə heyətinin geri çağırılması haqda göstəriş şəxsən dövlət başçısı Viktor Yuşşenkodan gəlib. Bundan başqa, iddia edilir ki, Yuşşenko danışıqlar aparmaq üçün baş nazir Yuliya Timoşenkonun Moskvaya yollanmasına da mane olub.

Bütün bunlar yanvarın 1-dən etibarən Rusiya qazının Ukraynaya nəqlinin dayandırılması ilə nəticələnib. "Qazprom" şirkətinin rəhbəri Aleksey Millerin sözlərinə görə, danışıqların nəticə verməməsi üzündən Rusiya monopolistinin Ukraynaya yanacaq nəql etmək üçün "hüquqi əsası qalmayıb". 

Bununla yanaşı, Moskva Avropaya "mavi yanacaq" nəqlinin fasiləsiz davam etdiriləcəyini də bildirib.

Moskva danışıqların iflasının məğzini Ukraynanın bu ölkədən aldığı qaza görə borclu qalmasında görür. Hələ ötən il noyabrın sonlarında Rusiya prezidenti Dmitri Medvedev sentyabr, oktyabr və noyabrda Ukraynaya nəql olunmuş "mavi yanacaq"a görə, bu ölkədən 2,4 milyard dollar almaq haqda göstəriş vermişdi. "Qazprom" isə öz növbəsində bəyan etmişdi ki, 2009-cu il üçün qazın qiyməti məsələsi yalnız "Nefteqaz"ın borcunu ödəməsindən sonra müzakirə oluna bilər.

Daha sonra - dekabrın 18-də Rusiya monopolisti Kiyevin yığılıb-qalan borcunu 2008-ci ilin sonlarınadək ödəyə biləcəyinə şübhə etdiyini bildirdi. Lakin dekabrın 30-da "Qazprom"un törəməsi, Ukraynaya qaz nəqlində vasitəçilik edən RosUkrEnergo şirkətinin hesabına "Nefteqaz" tərəfindən 1,5 milyard dollar köçürüldü. Beləliklə, qalırdı yalnız qarşı tərəfin borcun ödənişinin gecikdiyi üçün müəyyən etdiyi cəriməni - 600 milyon dolları ödəmək. Amma məlum oldu ki, "Nefteqaz" bu vəsaiti ödəməyə tələsmir. Sonradan baş verənlər isə bir daha sübut etdi ki, Rusiyanın Ukraynaya qazın nəqlini dayandırması borclarla yox, 2009-cu il üçün qiymətlərlə bağlıdır.

2008-ci ildə Ukrayna Rusiyadan aldığı qazın min kubmetri üçün 179,5 dollar ödəyib. Rusiya KİV-nin məlumatına görə, 2009-cu ildə "Qazprom" yanacağa görə 250 dollar istəsə də, bunu baha sayan Kiyev optimal qiymət kimi, 200-235 dollar ödəməyi təklif edib. Lakin, Moskva nəinki bu təkliflə razılaşmayıb, hətta yeni və daha yüksək qiymət qoyub - əvvəlcə 418, bir qədər də sonra isə 450 dollar. 

Öz növbəsində, Ukrayna bu rəqəmi "qeyri-adekvat" adlandırıb.

Bütün bunların fonunda həm Ukrayna, həm də Rusiya aralarındakı "mavi yanacaq" mübahisənin Avropa istehlakçılarına heç bir təsir göstərməyəcəyini vəd etsələr də, artıq yanvarın 2-dən etibarən, avropalılar yavaş-yavaş bu problemi hiss etməyə başlayıblar. "Qazprom" rəsmisi Sergey Kupriyanov bəyan edib ki, "Ukrayna tərəfi açıq şəkildə qazı oğurladığını etiraf edir və bundan heç utanmır da". Yanvarın 4-də Moskva yenidən Kiyevi Avropa istehlakçıları üçün nəzərdə tutulan qazı qeyri-qanuni şəkildə mənimsəməkdə günahlandırıb. Ukrayna isə buna cavab olaraq, əksinə, "Qazprom"un Avropaya qaz nəqlini azaltdığını açıqlayıb.

Yanvarın 5-də S.Kupriyanov Kiyevin günahı ucbatından Avropa İttifaqının bəzi ölkələrinin təxminən 60 milyon kubmetr qazdan məhrum olduqlarını bildirib. Bu faktı öz gözləri ilə görmək üçün "Qazprom" tərəfindən dəvət edilən müşahidəçilər isə, Kupriyanovun sözlərinə görə, Ukraynanın qazölçmə mərkəzlərinə buraxılmırlar. Bütün bunları əsas götürən "Qazprom" Ukraynaya nəql olunan təbii qazın, yanvarın 1-4-də bu ölkə ərazisində "itmiş" "mavi yanacaq"ın həcmi qədər azaldıldığını bəyan edib. "İTAR-TASS" agentliyinin məlumatına görə, elə həmin gün Ukrayna hökuməti gizli şəkildə Avropa İttifaqına müraciət edərək, təcili maliyyə yardımı istəyib.

Ukrayna mətbuatı xəbər verir ki, paralel olaraq, Kiyevin Təsərrüfat Məhkəməsi "Nefteqaz Ukrayna"ya 2009-cu ildə Rusiya qazının min kubmetrinin hər 100 kilometrə 1,6 dollara tranzitini qadağan edib. Yəni, faktik olaraq, "Qazprom"la "Nefteqaz" arasında 2010-cu ilədək təbii qazın tranzitinə dair qüvvədə olan müqavilə etibarsız sayılıb.

Bir gün sonra, yanvarın 6-da "Qazprom" rəhbərinin müavini Aleksandr Medvedev Berlində keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna Rusiya qazının Avropaya nəql edildiyi üç boru xəttini bağlayıb. Qeyd edək ki, bu vaxtadək artıq bir sıra Avropa ölkələri Rusiya qazından tamamilə və ya qismən məhrum olduqlarını bəyan etmişdilər. 

"Nefteqaz" isə öz növbəsində Ukraynanın kəmərləri bağlamaq imkanının olmadığını, Avropaya qaz nəqlini Rusiyanın özünün kəsdiyini açıqlayıb.

Belə ikili vəziyyət uzun sürməyib və yanvarın 8-də Rusiyanın baş naziri Vladimir Putin "Qazprom" rəhbəri Millerin Ukraynaya qaz nəqlinin dayandırılmasına dair təklifini qəbul edib.

Bununla yanaşı, artıq yanvarın 7-də qaz çatışmazlığı ucbatından Avropada bir sıra iri zavodların fəaliyyətində fasilələr yarandığı haqda məlumatlar gəlməyə başlayıb. Məsələn, Yaponiyanın Macarıstanda fəaliyyət göstərən “Suzuki” avtomobil şirkəti "qaz çatışmazlığı üzündən" istehsalın dayandığını bəyan edib. Budapeşt aeroportunun istilik sistemi isə təbii qazdan mazuta keçib. 

Bundan başqa, bütünlükdə Balkanlarda yaşayış evlərinin istilik sistemləri dayandırılıb, ictimai müəssisələr bağlanıb.

Qeyd edək ki, Kiyevlə Moskva arasında yaşanan böhran Avropanın əksər ölkələrində qeyri-adi şaxtalı havalarla üst-üstə düşüb. Finlandiya, Slovakiya, Latviya, Estoniya kimi ölkələrin yeganə qaz təchizatçısının məhz Rusiya olduğunu nəzərə alsaq, bunun nə demək olduğunu anlamaq çətin deyil. Həmçinin Bolqarıstan, Litva və Çexiyaya ixrac olunan qazın 80%-dən çoxu, Macarıstan, Avstriya və Yunanıstana gələn "mavi yanacaq"ın 60%-dən artığı Rusiyadan nəql edilir. Polşanın qaz tələbatının 45%-i, Almaniyanın tələbatının 43%-i, İtaliyanın  20%, Niderlandın 6%, Böyük Britaniyanın tələbatının 4%-i məhz Rusiya qazı hesabına ödənilir.

İlkin mərhələdə Avropa İttifaqı baş verənlərə müdaxilə etməkdən qaçaraq, Rusiya ilə Ukrayna arasında yaşananları "kommersiya məsələsi" adlandırdı və vasitəçilik etmək istəmədi. Amma vaxt keçdikcə vəziyyət kökündən dəyişdi. 

Aİ-yə rəhbərlik edən Çexiya yaranmış vəziyyəti "ciddi" və "qəbuledilməz" adlandırıb. Avropa Komissiyasının sədri Joze Manuel Borrozu isə Avropa ölkələrinin "əsirə çevrildiklərini" söyləyib. Avropa Parlamentinin Ukrayna ilə əməkdaşlıq məsələləri üzrə nümayəndə heyətinin rəhbəri Adrian Severin situasiyanı "siyasi məqsədlər güdən siyasi böhran", Aİ-ni isə nəinki zərər çəkən tərəf, həm də onun "siyasi iştirakçısı" adlandırıb.

Görünür, Qərbdə bu "siyasi məqsədlər"ə heç kəsin şübhəsi yoxdur. "The Times" qəzetinin yazdığı kimi, "Rusiyanın baş naziri dövlətin qaz sahəsindəki monopoliyasından silah kimi istifadə etmək niyyətini gizlətmir". Qəzetin fikrincə, Moskvanın iki məqsədi var: Ukrayna hökumətini NATO-ya can atdığı üçün cəzalandırmaq və ümumilikdə Şərqi Avropa ölkələrinə Rusiyaya arxa çevirməyin yolverilməz olduğunu göstərmək.

"Berliner Zeitung" də oxşar mövqedədir: "Qaz münaqişəsi Ukraynada 2009-cu ilin sonlarında keçiriləcək prezident seçkisinin nəticəsinə təsir etmək və "narıncı inqilab"ın dünənki müttəfiqləri - prezident Viktor Yuşşenko və baş nazir Yuliya Timoşenkonu birdəfəlik hörmətdən salmaq üçün real imkandır. Rusiyanın baş naziri Putin ən son həddə hətta öz ölkəsinin etibarlı qaz təchizatçısı imicinə zərbə vurmağa da hazırdır".

V.Putin özü isə yanvarın 8-də əcnəbi jurnalistlər qarşısında bəyan edib ki, "Ukrayna rəhbərliyi iqtisadi problemləri həll etmək iqtidarında olmadığını nümayiş etdirir, bugünkü situasiya isə hakimiyyət strukturlarının son dərəcə kriminallaşdığını göstərir". "Onlar qazın qiyməti uğrunda yox, bu və ya digər vasitəçilərin saxlanması uğrunda mübarizə aparırlar. Məqsəd isə əldə edilən dividendlərin şəxsi məqsədlərə, zənginləşməyə və gələcək siyasi kampaniyalar üçün maliyyə resurslarının əldə edilməsinə yönəldilməsidir", - deyə hökukmət başçısı qeyd edib. 

Bununla yanaşı, Putin bildirib ki, "Qazprom" Ukrayna ərazisindən tranzit kimi istifadəyə görə, orta Avropa qiymətini ödəməyə hazırdır. Lakin, bunun üçün Kiyev də aldığı Rusiya qazına görə, bazar qiymətləri ilə ödəniş etməli, ərazisindən Avropaya "mavi yanacaq"ın nəqlinə beynəlxalq müşahidəçilərin iştirakı ilə nəzarət mexanizminin işləməsinə imkan yaratmalıdır.

Bundan bir neçə gün sonra Putin daha bir gözlənilməz və kifayət qədər çoxmənalı bəyanat səsləndirib: yanvarın 11-də Almaniyanın ARD telekanalına müsahibəsində o, ölkəsinin Ukraynanın qaz tranziti sisteminin özəlləşdirilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb. 

Etiraf etmək lazımdır ki, Rusiyanın Ukraynada "oynamaq" imkanları həqiqətən də var: axı Moskva ilə qarşıdurmada Timoşenko ilə Yuşşenko ayrı-ayrı "partiya"lar oynayırlar. Dövlət başçısı və baş nazir artıq bir neçə ildir ki, hakimiyyət uğrunda vuruşurlar. Lakin əvvəllər bu, müəyyən qədər mümkün idisə, indi situasiya son dərəcə ağırlaşıb - milli iqtisadiyyat dərin koma vəziyyətinin bir addımlığındadır. Belə olan halda hakimiyyət uğrunda mübarizə aparmaq çox təhlükəlidir, çünki onu tamamilə itirmək olar.

Bununla yanaşı, Kreml də ehtiyatlı olmalıdır - "Qazprom"un itkiləri kifayət qədər ciddi ola bilər. Putinin sözlərinə görə, bir neçə gün ərzində Ukrayna vasitəsilə qaz nəqlinin dayandırılması "Qazprom"a təxminən 800 milyon dollar zərər vurub və şirkət 100-dən artıq quyunun işini dayandırmalı olub.

Həqiqətən də, Rusiya qazının böyük hissəsi məhz Avropa bazarına nəql olunur və bu, öz-özlüyündə çox şeydən xəbər verir. Dünyada yaşanan maliyyə böhranı Rusiyaya ciddi zərbə vurub, ölkənin ixracının əsas hissəsi isə xammaldır - qaz, neft, metallar. Rusiya Ukrayna ilə mübahisə etməklə Qərbi alternativ enerji mənbələrinin axtarışı, həmçinin enerji resurslarının nəqlinin diversifikasiyası haqda daha ciddi düşünməyə sövq edib. 

Bütün bu hadisələr yəqin ki, Xəzər regionu və Mərkəzi Asiya qazının Avropaya Gürcüstan və Türkiyə ərazisi ilə nəqlini təmin edəcək Nabucco layihəsinin reallaşdırılmasını sürətləndirəcək. Bu layihədə həm istehsalçı, həm də tranzit ölkə kimi, Azərbaycanın üzərinə də böyük pay düşür.

İndi artıq Avropa ölkələri Bakıya böyük ümidlərlə baxırlar. Məsələn, Yunanıstanın iqtisadi inkişaf naziri Xristos Folias Moskva ilə Kiyev arasında yaşanan münaqişədən panikaya düşməyə ehtiyac olmadığını vurğulayaraq bildirib ki, onun ölkəsi "qaz nəqlinin artırılması xahişi ilə Azərbaycana müraciət edə bilər". 

İtaliyanın Edison SpA enerji təşkilatının direktoru Umberto Quadrino isə ölkəsinin gələcəkdə lazımi həcmdə "mavi yanacaq"ı Azərbaycan, Əlcəzair və Qətərdən nəql edəcəyini söyləyib.

Layihənin operatoru olan NGPI-nin direktoru Rayxard Miçek hesab edir ki, Nabucco-nun uğurla reallaşdırılması Avropanın Rusiya qazından asılılığını azaldacaq. O, artıq bu ilin ilk rübündə bu istiqamətdə ciddi irəliləyişə nail olunacağına ümid bəsləyir. 

Bu ildən Avropa İttifaqına rəhbərlik edən Çexiya da layihənin gerçəkləşdirilməsi istiqamətində işləri sürətləndirmək fikrində olduğunu bəyan edib.

Qeyd edək ki, ildə 30 milyard kubmetr qaz nəql etmək gücündə olacaq Nabucco layihəsinin hazırda 6 səhmdarı var - Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Almaniya. Hazırda lazımi dövlətlərarası razılaşmanın olmaması və böyük həcmdə investisiya çatışmazlığı bu layihənin reallaşdırılmasına maneə yaradır. Lakin, artıq onun tikintisinin əvvəlcədən planlaşdırıldığı kimi, 2012-ci ilə başa çatdırılacağını düşünmək üçün əsas var.

Yeri gəlmişkən, əcnəbi jurnalistlərlə görüşündə Vladimir Putin də Nabucco layihəsinə toxunub və bildirib ki, Moskva onun reallaşdırılmasına mane olmaq fikrində deyil. "Biz bu layihədə iştirak etmirik və etməyəcəyik. Lakin biz ona mane olmaq fikrində də deyilik. Əgər bu borunun doldurulması üçün resurslar, razılaşma və alıcılar varsa, buyursunlar", - deyə Putin bildirib.

Amma bununla belə, Kreml bu məsələdə o qədər də səmimi görünmür. Elə onun  ötən il Azərbaycana irəli sürdüyü təklif - "Şahdəniz" yatağının bütün qazını almaq təklifi də bundan xəbər verir. 

Lakin maliyyə və iqtisadi böhran artıq "Qazprom"u ciddi şəkildə zəiflədib, bu isə Rusiyanın Nabucco layihəsinə rəqib gördüyü "Şimal axını" (Nord Stream) və "Cənub axını" kimi layihələrinin də təhlükə qarşısında olması deməkdir.

Əlbəttə ki, Rusiya ilə Ukrayna gec-tez "qaz böhranı"ndan çıxış yolunu tapacaqlar və Rusiya qazının Avropaya nəqli bərpa ediləcək. Amma hamını maraqlandıran əsas məsələ odur ki, görəsən, Avropa gələcəkdə Kiyevlə Moskva arasındakı daha hansı mübahisənin əsirinə çevriləcək? 

Odur ki, baş verənlər nəticəsiz qalmayacaq və Aİ Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün səylərini mütləq artıracaq.



MƏSLƏHƏT GÖR:

417