14 Mart 2025

Cümə, 20:58

MÜQƏDDƏS TORPAQDA MÜHARİBƏ SINAĞI

İsrailin və fələstin qruplaşmalarının kompromissiz mövqeyi yaxın şərqdə uzunmüddətli sülhün qurulmasına mane olur

Müəllif:

15.01.2009

Yaxın Şərq yenidən partladı. Artıq 20 günə yaxındır ki, İsrail ordusu Qəzza zolağında "Ərimiş qur-ğuşun" adlı hərbi əməliyyatı davam etdirir. Münaqişə tərəfləri - Təl-Əviv və Fələstinin radikal HƏMAS hərəkatının kompromissiz mövqeyi regionun ən qeyri-sabit bölgəsi olan Yaxın Şərqdə sülhün bərqərar edilməsi perspektivinin üzərindən xətt çəkir.

 

Öldürücü qurğuşun

İsrail ərazilərinin atəşə tutulmasına son qoyulmadığını əsas gətirən Ehud Olmert hökuməti dekabrın 27-dən etibarən Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. 1 həftə ərzində bölgəyə havadan endirilən zərbələrin ardından İsrailin Müdafiə Ordusu (SAXAL) əməliyyatların yerüstü mərhələsinə başlayıb. Məqsəd yəhudi dövlətinin ərazisinin raket atəşinə tutulduğu rayonların nəzarətə götürülməsi və HƏMAS-ın infrastrukturunun məhv edilməsidir. "Yediot axronot" nəşrinə müsahibəsində İsrail ordusunun Baş Qərargahının rəis müavini Dan Harel açıq şəkildə bildirib ki, söhbət yalnız HƏMAS-ın raket zərbələrinə son qoyulmasından yox, həm də İsrailin terrorçu təşkilat saydığı bu qruplaşmanın Qəzza zolağındakı hakimiyyətinin devrilməsindən gedir.

Bununla yanaşı, müharibənin hər yeni günü dinc sakinlərin, həmçinin qadın, uşaq və qocaların ölümünə səbəb olur. İsrailin Qəzzada əməliyyatlara başladığı gündən ölən fələstinlilərin sayı 800-ə çatıb və muxtariyyətdən verilən məlumata görə, onların arasında 257 uşaq var. İsrail hərbçilərinin Cəbaliyə düşərgəsi və Qəzza şəhərində BMT-nin himayəsi altında olan məktəbləri atəşə tutması daha böyük faciə ilə nəticələnib: qeyd edək ki, bu məktəblər mülki şəxslərin sığınacaq yeri kimi istifadə olunurdu. Çoxlu sayda dinc sakinin, həmçinin uşaqların öldüyü bu hərbi aksiyanı dünya ictimaiyyətinin böyük hissəsi pisləyib. BMT-nin baş katibi Pan Qi Mun baş verənləri "birmənalı şəkildə, qəbuledilməz" adlandırıb. O, dinc sakinlərin sığınacağına hücumun beynəlxalq humanitar hüquqda qadağan edildiyini xatırladıb.

Lakin Yaxın Şərqdə hərbi əməliyyatlar getdikcə daha da şiddətlənir. Müharibənin onuncu günü İsrail Livan ərazilərinə də zərbələr endirib. O, bunu ərazilərinin sözügedən dövlət tərəfindən raket atəşinə tutulmasına cavab adlandırıb. 

Baş verənlərin fonunda pozitiv məqam kimi yalnız İsrailin Qəzzaya yerli sakinlər üçün humanitar yardımların aparılmasına razılıq verməsini göstərmək olar. Bundan başqa, Fələstinin ölüm təhlükəsi ilə üz-üzə qalmış mülki vətəndaşları təhlükəli rayonları tərk etmək imkanı da qazanıblar. Buna imkan yaratmaq məqsədi ilə SAXAL hər gün yerli vaxtla saat 13:00-dan 16:00-dək əməliyyatları dayandıraraq, fələstinlilərə humanitar dəhliz verir. İsrailin hərbi komandanlığı bəyan edib ki, ölkə ərazilərinin HƏMAS-ın nəzarətində olan rayonlardan atəşə tutulması tam dayandırılmayanadək, Təl-Əviv qarşı tərəfə sadəcə gündəlik 3 saatlıq humanitar dəhliz verməklə kifayətlənəcək. 

Radikal hərəkatın rəhbərliyi isə öz növbəsində bəyan edib ki, SAXAL-ın Qəzzada hərbi əməliyyatlar aparmadığı vaxtlarda İsrail ərazilərinə raket atılmayacaq.

Qeyd edək ki, humanitar dəhlizin açılması qərarı "Ərimiş qurğuşun" əməliyyatının ikinci mərhələsinin də bitməsi anlamına gəlir. İndi İsrail hökuməti qərar verməlidir: ya hərbi əməliyyatlar davam etdirilməli, ya da HƏMAS-ın məhvi niyyətindən əl çəkilməli, dünya ictimaiyyətinin hərbi əməliyyatların dayandırılmasına dair çağırışlarına qulaq asaraq, hərəkatla danışıqlara başlanılmalıdır.

 

Dünya ictimaiyyəti vahid mövqedən çıxış edir

Yaxın Şərqdə yeni müharibəni dünyanın, demək olar ki, bütün ölkələri pisləyib. Yəhudi dövləti ilə yaxşı münasibətləri olan nadir müsəlman dövlətlərindən biri, İsraillə strateji tərəfdaş olan Türkiyə də Təl-Əvivin əməllərini kəskin şəkildə tənqid edib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, "İsrailin qeyri-adekvat güc tətbiqi regionda bəşəri faciəyə səbəb olub". O,  hətta İsrail hökumətini fevralda keçiriləcək parlament seçkisi öncəsi reytinqini yüksəltmək məqsədi ilə hərbi əməliyyatlara başlamaqda günahlandırıb. Ərdoğan yəhudi dövlətinin müdafiə və xarici işlər nazirləri Ehud Barakla Tsipi Livnini "bu seçkini unutmağa" çağırıb və bildirib ki, "tarix onları bəşəriyyət tarixində belə qara iz qoyduqları üçün cəzalandıracaq". 

Yanvarın 1-dən etibarən BMT Təhlükəsizlik Şurasının assosiativ olan Ankaranın mövqeyi qurumun Nyu-Yorkdakı mənzil qərargahında Qəzza zolağındakı vəziyyətlə bağlı aparılan müzakirələrdə də öz rolunu oynayıb.

Yeri gəlmişkən, BMT baş katibinin insan haqları üzrə nümayəndəsi Riçard Falkın məsələyə dair mövqeyi ciddi rezonans doğurub. İtaliyanın "La Stampa" nəşrinə müsahibəsində o, BMT-nin mandatına baxmayaraq, İsrailin onu münaqişə zonasına buraxmadığını bəyan edib. Falkın sözlərinə görə, İsrail onsuz da uzun illərdir sərt embarqolar şəraitində yaşayan silahsız Fələstin xalqına qarşı müasir silahlardan istifadə ilə təcavüz siyasəti həyata keçirir. BMT rəsmisi hesab edir ki, söhbət heç də HƏMAS və ona aid silahlı birləşmələrin İsrail ərazilərini atəşə tutmasından getmir. "Əsas məsələ İsrailin bu faktordan istifadə edərək, dinc əhali arasında kütləvi qırğınlara səbəb olan hərbi əməliyyatlar həyata keçirməsindədir",- deyə Baş katibin nümayəndəsi qeyd edib.

BMT TŞ-də bir neçə gün davam edən müzakirələrdə isə Yaxın Şərqdəki vəziyyətlə bağlı vahid mövqe nümayiş etdirmək mümkün olmayıb. Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyəti bu qənaətdədirlər ki, mümkün qədər tez bir zamanda bölgədə hərbi əməliyyatlar dayandırılmalı, Qəzzada humanitar situasiyanın yaxşılaşdırılması üçün səylər əsirgənməməli, sülh danışıqlarının bərpasına çalışılmalıdır. Lakin bu məsələləri nəzərdə tutan qətnamənin qəbuluna  İsraildən Qəzzada atəşi dayandırmağı tələb etməyən yeganə fövqəldövlət - ABŞ mane olub. 

Qeyd edək ki, Vaşinqtonun tələbi HƏMAS-a ünvanlanıb və qruplaşmadan İsrail ərazilərinə raket zərbələrinin endirilməsinə son qoyulması tələb olunub.

BMT baş katibi Pan Gi Munun sözləri ilə desək, TŞ yalnız yanvarın 8-də "dünya ictimaiyyətinin vahid mövqeyini ortaya qoya bilib". Qəbul edilmiş 1860 saylı qətnamə "tərəflərdən atəşin təcili, davamlı şəkildə dayandırılmasını, İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını" tələb edir. 

Sənəddə o da bildirilir ki, Qəzza zolağının bütün ərazisinə humanitar yardımın maneəsiz çatdırılmasına imkan yaradılmalıdır. Qətnamə "dinc sakinlərə qarşı yönəlmiş bütün zorakılıq və amansızlığı, həmçinin terrorun istənilən formasını" pisləyir. Sənədin qəbulu ilə əlaqədar keçirilən səsvermədə Təhlükəsizlik Şurasının 14 üzvü ona "hə" deyib, yalnız ABŞ bitərəf qalıb. Bu isə Avropanın və ərəb dünyasının aparıcı dövlətlərinin razılaşdırdıqları sənədin qəbulu üçün kifayət edib.

Qeyd edək ki, BMT-dəki müzakirələrlə eyni vaxtda Yaxın Şərqdə müharibənin dayandırılması üçün birtərəfli səylər də davam etdirilib. Lakin  İsrail Avropa İttifaqının atəşkəs razılaşmasından sonra Qəzza zolağında beynəlxalq missiyanın yerləşdirilməsi təşəbbüsünü, həmçinin Rusiyanın atəşkəs haqda razılaşmaya nail olmaq üçün HƏMAS-la danışıqlarda vasitəçilik etmək təklifini rədd edib.

Növbəti dəfə münaqişə tərəfləri arasında ən azı müəyyən dərəcədə əmin-amanlıq yaratmaq istiqamətində qeyri-adi diplomatik istedadını nümayiş etdirən Fransa prezidenti Nikolə Sarkozi nisbətən çox şeyə nail olub. Sülhməramlı səfərlə Yaxın Şərqə yollanan Sarkozi HƏMAS-ı ciddi tənqid edib. O bildirib ki, bu qruplaşmanın yəhudi dövlətinin ərazisinə raket zərbələri endirməsi "qəbuledilməz təxribat"dır. 

Bununla yanaşı, Fransa lideri İsrail tərəfinin addımlarına da sərt münasibət bildirib. Onun fikrincə, Təl-Əvivin fəaliyyəti "bizi sülhdən uzaqlaşdırır və Qəzza xalqına yardımların göstərilməsinə çətinlik yaradır".

 

Sülh planı - suda boğulan üçün saman çöpü

Misirin Şarm-əl-Şeyx şəhərində Nikolə Sarkozi misirli həmkarı Hüsnü Mübarəklə də danışıqlar aparıb. İki lider Qəzza zolağında atəşkəsə nail olunması üçün konkret plan ortaya qoyublar. Qeyd etmək lazımdır ki, rəsmi Qahirə də münaqişənin qızışmasında hər iki tərəfin günahkar olduğunu bəyan edib. Misirin xarici işlər naziri Əhməd Əbu Qeyt HƏMAS-ı tənqid edib, hərəkatı "Qəzzada müharibəyə başlanması üçün yaxşı şərait yaratmaqda" günahlandırıb. Bununla yanaşı, o, İsraili "fələstinlilərə qeyri-proporsional zərbə endirməkdə" də ittiham edib.

Fransa-Misir planı bölgədə sülhə nail olunması üçün 3 mərhələni nəzərdə tutur. İlkin mərhələdə İsrail və Fələstin qruplaşmaları atəşi dayandırmalı və beynəlxalq vasitəçilərə, ilk növbədə, Misirə uzunmüddətli sülhə nail olunması məqsədi ilə növbəti addımların mü-əyyənləşdirilməsi üçün vaxt verməlidirlər. Bu mərhələdə Qəzza zolağına sərbəst şəkildə humanitar yardımların daşınması da nəzərdə tutulub.

İkinci mərhələdə Misir İsrail və Fələstin təmsilçilərini danışıqlara dəvət etməlidir. Görüşdə tərəflərdən hər hansının barışığı özbaşına pozmasına imkan verməyən razılaşma əldə olunmalıdır. Söhbət İsrail ilə Qəzza zolağı arasında sərhədin mühafizəsindən, nəzarət-buraxılış məntəqələrinin açılmasından və Qəzzaya Təl-Əviv tərəfindən tətbiq olunan blokadanın aradan qaldırılmasından da gedir.

Nəhayət, üçüncü mərhələ daha bir görüşün keçirilməsini nəzərdə tutur. Həmin danışıqlara Fələstin administrasiyası ilə yanaşı, muxtariyyətin bütün qrup-laşmalarının təmsilçilərinin də dəvət olunması vacib hesab olunur.

Qeyd edək ki, Mübarək-Sarkozi planı, ABŞ da daxil olmaqla, bütün aparıcı dövlətlər tərəfindən dəstəklənib. İsrail hökuməti isə Fransa və Misir prezidentlərinin səylərini dəstəkləyən bəyanatla çıxış etsə də, sülh planının birmənalı şəkildə dəstəkləndiyini göstərən fikir söyləməyib. Ehud Olmertin mətbuat katibi Mark Regyev bildirib ki, "davamlı barışıq İsrail ərazisinin Qəzzadan atəşə tutulmasının tam aradan qaldırılması və HƏMAS-ın hərbi təchizatının qarşısının effektiv şəkildə alınmasına əsaslanmalıdır".

Ümumiyyətlə, İsrail rəhbərliyində Qəzza zolağında hərbi əməliyyatların daha da genişləndirilməsinə tərəfdar olanların mövqeləri daha möhkəmdir. Çox güman ki, Təl-Əviv prinsipcə müxtəlif sülh təşəbbüslərini bəyənməklə yanaşı, HƏMAS üçün qəbulolunmaz tələblər irəli sürəcək. Burada isə məqsəd hərəkatın danışıqların aparıla biləcəyi legitim qüvvə kimi qəbul edilməsinə səbəb olacaq razılaşmadan qaçmaqdır.

Fələstinin radikalları isə Mübarək-Sarkozi planına münasibətdə tam fərqli mövqe tutublar. Onlar uzunmüddətli sülhə getmək fikrində olmadıqlarını bildirərək bəyan ediblər ki, yalnız İsrailin real olaraq Qəzzanın blokadasını aradan qaldıracağı halda, 6 aylıq atəşkəsə razılıq verə bilərlər. HƏMAS liderləri İsraillə nəinki sülh, hətta uzun sürəcək atəşkəs razılaşmasını belə ağıllarından keçirmirlər.

Bununla da Fələstin və İsrail "qırğı"larının mövqeləri haradasa üst-üstə düşür və regionda dayanıqlı sülhün bərqərar olunmasını mümkünsüz edir. İsrail və HƏMAS-ın BMT Təhlükəsizlik Şurasının son qətnaməsini rədd etmələri də deyilənlərə daha bir sübutdur. Hər iki tərəf sözügedən sənədin guya onların maraqlarına cavab vermədiyini bildirib. Belə çıxır ki, müharibə bu maraqlara daha uyğun gəlir.

İsraillilərin və HƏMAS-ın barışmaz mövqeyi fonunda Fələstin Milli Administrasiyasının BMT-nin qərarını alqışlayan rəhbəri Mahmud Abbasın fikri fərqlidir. İsraili tənqid edən Abbas eyni zamanda HƏMAS-ı da günahkar sayır. O, hesab edir ki, onun hakimiyyətinə tabe olmaqdan boyun qaçıran HƏMAS Fələstin muxtariyyətinin parçalanmasına səbəb olub. "Biz birbaşa və vasitəçilərin köməkliyi ilə HƏMAS-la əlaqə yaradaraq, onları İsraillə barışığa getməyə razı salmağa çalışsaq da, onlar bundan imtina etdilər. Nəticədə isə yüzlərlə fələstinli həlak oldu",-  deyə Mahmud Abbas qeyd edib. 

Görünür, digərlərindən fərqli olaraq, Abbas əmindir ki, münaqişənin nə İsrail, nə də Fələstin radikalları üçün perspektivi var. İndiyədək Təl-Əvivin ekstremistlərə qarşı həyata keçirdiyi bütün hərbi əməliyyatlar eyni sonluqla bitib - barışıq. Daim söhbət yalnız əməliyyatların nə qədər davam edəcəyindən, sülhə nail olmağın alternativsiz yolunun danışıqlar olduğunu anlamaq üçün İsrail və Fələstin xalqının nə qədər qurban verməli olmasından gedib.

Yeni müharibə əslində israilliləri və fələstinliləri tezliklə qarşıdurmanı aradan qaldırmaq şansından məhrum etdi. O, ötən il Yaxın Şərq münaqişəsi ilə əlaqədar Annapolisdə keçirilmiş beynəlxalq konfransdan sonra yaranmış müəyyən ümidlərin üzərindən də xətt çəkdi. Bununla da ABŞ administrasiyasının Corc Buşun prezidentlikdən getməsinədək Yaxın Şərq münaqişəsinin aradan qaldırılmasına göstərdiyi cəhdlər də iflasa uğradı. 

İsrail və Fələstinin radikal qruplaşmalarının liderlərində isə onların iztirab çəkən xalqlarının gözlədiyi sülhə nail olmaq istiqamətində irəliləmək üçün nə iradələri, nə də siyasi ustalıqları çatdı.



MƏSLƏHƏT GÖR:

529