14 Mart 2025

Cümə, 21:49

D'ARTANYAN 40 İL SONRA

Rus Dram Teatrının direktoru və baş rejissoru, Xalq Artisti Aleksandr Şarovskinin 60 yaşı tamam oldu

Müəllif:

01.01.2009

Aleksandr Şarovskinin sənətinin bir çox pərəstişkarları hələ də onun d'Artanyanını - cəsur, coşqun, məğrur və Konstansiyaya sevgisində həssas olan qəhrəmanını təbəssüm və heyranlıqla xatırlayırlar. "Konstansiya, Konstansiya, Konstansiya",  - deyə  d'Artanyan - Şarovski dizüstə çökərək sanki ya uğursuz sevgisinə ağlayır, ya da üsyankar gəncliyi ilə vidalaşırdı. Böyük ehtimalla, bunun ikisi də vardı. Özü də zal onun qəhrəmanının taleyinə o qədər acıyırdı ki, tamaşadan sonra parterdəki kresloların qadınların göz yaşları ilə islandığı bəlli olurdu. Nəinki tamaşaçılar, elə səhnə arxasında aktrisa qadınlar da ağlayırdılar! 

 

Günlər vardı...

Onda 1968-ci il idi. Onun cəmi 20 yaşı vardı. Ona elə gəlirdi ki, həyatda mümkünsüz heç nə yoxdur. Bütün həyat qabaqda idi. Yəni şöhrət, sevgi və s. hələ qabaqda idi... Bir dəfə elə bu əhval-ruhiyyədə “Torqovı” (Nizami) küçəsi ilə gəzən rejissor Yuli Qusmanla rastlaşdı. Qusman ona iş təklifi elədi və gənc aktyor imtina edə bilmədi. Onda onların heç biri "Üç müşketyor" müziklini tamaşaya qoymaq kimi avantüra layihəsinin nə qədər uğurlu olacağını və yerinə düşəcəyini düşünə də bilməzdilər. 

Onda bu janr indiki qədər populyar deyildi. Çünki Mixail Boyarskinin d'Artanyanı oynadığı məşhur film hələ yox idi. Rejissor bir qədər riskə gedirdi. Ancaq indi inamla demək olar ki, Bakı teatrı sonradan hamının sevimlisinə çevrilmiş Atos, Portos, Aramis və d'Artanyana həyat vermiş ilk qurum olub. 

Çiyinlərinə düşən uzun qara saçları, iri bığları və qayğısız  gəncliyi ilə A.Şarovski  qaskoniyalı dalaşqan roluna çox uyğun gəlirdi. Gənc Tamaşaçılar Teatrının bu gənc aktyorunun malik olduğu xarizmaya əsaslanan Qusman doğru qərar vermişdi. “Çadrovı” (Mirzəağa Əliyev) küçəsindən olan bu oğlan tamaşanın uğurunun tərkib hissəsi oldu və yaşıdları arasında kumirə çevrildi. Anadangəlmə kişi cazibəsi, yapışqanlığı və parlaq xarizması onu tanınmaz dərəcədə dəyişdi, məşhurlaşdırdı, populyar etdi. 

Aleksandr Şarovskinin adı çox tanındı. Zərif cinsin bir çox təmsilçiləri üçün o, qarşı cinsdə aradıqları və çox vaxt tapmadıqları əsl kişilik rəmzinə çevrildi. Buna görə də o, kumirə, pərəstiş obyektinə çevrildi. Və hər şey yetərincə fərdi idi. Nə olur-olsun, tamaşaçılar tərəfindən şərəf kürsüsünə qaldırılmış Aleksandr Şarovski sənətdə istedadlı, əvəzedilməz parlaq bir şəxsiyyətə, perspektivli aktyora çevrildi. 

Sonra onun taleyi A.N.Ostrovskinin "Gəlirli yer" tamaşasından Jarov obrazı ilə çuğlaşdı. Obraz Polinkaya olan heyranlıq hisslərinin zərifliyi  ilə tamaşaçı qəlbinə yol tapdı. Daha sonra Şarovski Puşkinin "Daş qonaq" əsərində sərt Don Quan obrazını canlandırdı. 

Qəlbində bezdirici qələbələrdən sıxılan adamın kədərini daşıyan Şarovski beləcə növbəti "qələbə"sinin də qaçılmaz olduğuna möhkəm inamla durmadan irəliyə doğru gedirdi. Və günlərin bir günündə, yenə də xoş bir təsadüf nəticəsində o, Rus Dram Teatrına keçdi. Orada rejissor Ənvər Behbudov "Fərhad və Şirin" tamaşasını qoymağa hazırlaşırdı və Fərhad rolu üçün aktyor axtarırdı.   

Demək olmaz ki, bu gün o, həmin rolunu məmnunluqla xatırlayır. Yəqin ki, aktyor və qəhrəman müəyyən baxımdan uyğun gəlməyiblər. Ancaq o, külünglə xəyali qayaya hücum çəkərək, sevgilisinə qovuşmaq üçün qayanı ram etmiş Fərhadın monoloqunu ifa edərkən, ağlına belə gətirməzdi ki, otuz ildən sonra özü bu tamaşanı qoyacaq. Və o, tamaşaçını  tamamilə  çağdaş bir sevgi əhvalatının qəhrəmanlarının hissləri ilə həyəcanlandırmağı bacaracaq. 

Nə isə, çox keçmədi ki, aktyor peşəsi çərçivəsi ona dar gəldi, rejissura onu cəlb etməyə başladı. Sadəcə, səhnədən-səhnəyə quruluşlar verməkdən zövq almaqla qalmırdı, imkanlar onu heyran qoyurdu. Hadisələri canlandırmaq, qəhrəmanları müəllifin mətninin qəliblərindən azad etmək, onlara tanış xarakterlərin cəhətlərini vermək, dramaturq tərəfindən irəli sürülmüş vəziyyəti içərisindən partlayış həddinə çıxarmaqla duyğusal insan münasibətlərinə çevirmək onu cəlb edirdi. Bütün bunlar 70-ci illərin sonlarında baş veriridi və onda müstəqil olaraq tamaşa almaq çox çətin idi. 

Ancaq tale ona Rüstəm İbrahimbəyovla yaradıcılıq dostluğu nəsib etdi. O, həmin vaxtlar öz pyeslərini tez-tez Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində tamaşaya qoyurdu. Teatr ustadının assistenti olmaq sadəcə şərəf deyil, həm də zövq verirdi. Aleksandr Şarovski hətta indi də, aradan bu qədər illər keçməsinə baxmayaraq, bir şagird kimi ustada hörmətini saxlayıb. Yəqin ki, bu sadəcə insanın öz xarakterindən, hansı həyat məktəblərini keçməsindən asılıdır. 

O, hər şeyi xatırlayır. Sadəcə, müəyyən mərhələdə onun həyatının bir hissəsi olmaqla qalmamış və həm də onun peşəkar formalaşmasının dövrünə çevrilmiş bütün aktyorlar və rejissorlar yadındadır. Öz müsahibələrində hamını adbaad sadalaya bilməsə də, tez-tez xatırlayır. Həm də kimi isə nümunə göstərmək lazım gələndə onların adını iş prosesində də çəkir. Hətta ikiillik əsaslı təmirdən sonra mayın 26-da teatrın təntənəli açılış mərasimində ölkə başçısı ona - xalq artistinə və baş rejissora "Şöhrət" ordeni təqdim edəndə də o, uşaq kimi həyəcanlanaraq, kövrək səslə bildirdi ki, bu orden yalnız bütün fəaliyyətinin deyil, bütün kollektivin əməyinin qiymətləndirilməsidir. 

Sonra əlavə edib ki, onun üçün dövlət mükafatı almaq yalnız böyük şərəf olmaqla qalmır, həm də həyatda ona müəllimlik etmiş hər kəsin  - valideynlərinin, peşə həmkarlarının, dostlarının xatirəsinə böyük hörmətdir.  Vətən qarşısında xidmətlərin dövlət tərəfindən fəxri şəkildə tanınmasından yüksək və hörmətli nə ola bilər ki? Demək olar ki, heç nə. Amma bizim hər birimizin içində, mümkündür ki, dərin altşüur qatlarında bir sıra proqram mexanizmləri işə düşürlər və həyatla qarşılıqlı münasibətlərin səviyyəsini getdikcə daha yuxarı qaldırırlar. Bunu yaradıcılıq inkişafı da adlandırırlar. 

Şarovski uzun illər teatrın texniki imkanlarının əngəlləyici amilinin yaratdığı çərçivələrdən kənara çıxmağa çalışıb. Amma dəfələrlə teatrın ilkin səhnə görkəmi dəyişdirilib. Bu isə, təbii ki, gerçəklikdir və bununla mütləq razılaşmaq lazımdır. Ancaq burası kədərlidir ki, bu səbəblər üzündən tamaşaçılar onun bir çox səhnə fantaziyalarını görə bilməyiblər. Ancaq mütəmadi olaraq, baş rejissoru aktyor rolunda görürlər. Publika üçün yetərincə xoş olan bu fakt, quruluşçunun özü üçün o qədər də asan deyil.

Hamıya bəllidir ki, eyni vaxtda oynamaq və quruluş vermək çox çətindir. Onun yeni rollarından biri Vladimir Neverovun "Arzular çin olur" tamaşasında eksperimentçi rejissor roludur. Qrotesk üslubunda oynanmış miniatür zalda qəh-qəhəyə səbəb olur. Bu, yalnız aktyorların, o cümlədən gənc ifaçıların janrı yaxşı bilməsi ilə bitmir. Həm də teatrın yaradıcısı olan Şveytser-Pessimist tərəfindən qoyulmuş özünə gülmək ənənəsinin qorunmasıdır. Bu, Karel Çapek kimi özündən aralanmaq və  səhnəarxası həyatın sirlərini açmaqdır. 

 

Görüləcək çox işlər var 

Əlbəttə, iki saat ərzində zalın gündəlik problemlərini yaddan çıxararaq, gülməsinə səbəb olan "bit" tamaşalar tez-tez baş verirdi. Bir qayda olaraq, teatr sənətindən başı çıxmayan, hətta "kələmlik" sözünün mənasını, haradan yarandığını bilməyən adamlar bu sözü teatra qarşı təhqiramiz ifadəyə çeviriblər. Ancaq qeyd edək ki, Moskva Bədaye Teatrının birinci studiyası da və Vaxtanqov adına Teatrın bazasına çevrilmiş ikinci studiyası  da "kələmlik"dən, yəni aktyorların yığılaraq məzhəkə danışdığı, lağlağı etdiyi dərnəklərdən çıxıb.

N.Baliyevin "Yarasa" tamaşası da "kələmlik"dən çıxıb. Məzmunca və formaca çoxjanrlı, eklektik olan "kələmlik"lərdən Bakı Satira Təbliğat Teatrı da yaranıb,  sonradan Bakı İşçi Teatrına çevrilib. Və maraqlıdır, miniatür janrına adətən keçid və böhran dövrlərində böyük ehtiyac olur. Zaman məmurları, kabinet dərkənarlarını nəzərə almayaraq, öz carçılarını özü seçir. Və burada müəyyənedici qrup insanlardır. Başqa sözlə, zalı dolduran adamlardır. Onlar da ki, tamamilə seçmə üsülü ilə tamaşaların quruluşuna qiymət verirlər. 

Baş rejissor isə bu cür hücumları anlayışla qarşılayır. Ümumiyyətlə, bu barədə danışmasaydılar daha pis olardı. Buna görə də antireklamdan güclü reklam yoxdur. Digər tərəfdən isə, teatra rəhbərlik etmək elə də sadə iş deyil. Aktyorlar körpə uşaq kimidirlər, həmişə nədənsə narazıdırlar. Ona görə də teatrın hər günü insan ambisiyalarının mübarizəsi ilə keçir. Ən yaxşı sayılmaq üçün mübarizə aparırlar. Bəzən də seçilmiş olmaq istəyirlər. 

Teatr dünyanın kiçik modelidir, orada insan amili ilə bağlı hər şey baş verir. Başqa sözlə, hər yerdə olduğu kimidir. Sadəcə, bir kütləvi sənət kimi  ictimaiyyətin diqqəti teatra yönəlib, buna görə də adı dillərdədir. Baş redaktor düşünür ki, bu çox yaxşıdır və yəqin ki, doğru fikirləşir. Buna görə də teatr haqqında nə danışırlar-danışsınlar, amma əgər onun aktyorlarına televiziyalarda, səhnələşdirilmiş layihələrdə  tələb varsa, deməli, işlər elə də pis deyil.  

Əlbəttə, başçı olmaq sadə iş deyil. O isə bacardığı kimi yaşayıb və yaşayır. Bəzən yanlışlar da olub. Və yəqin ki, həyatıboyu kimlərisə incidib. Ola bilər ki, arzuolunmaz qədər ağrılı olub. Amma bunu pis fikirlə etməyib. Axı hamı üçün eyni səviyyədə yaxşı olmaq mümkün deyil! Bunu hamı başa düşür, amma özü ilə bağlı qəbul etmir, öz şəxsiyyətinə və peşəkar xidmətlərinə xüsusi diqqət və hörmət tələb edir. Ümumiyyətlə, bu, aktyor və rejissor arasında münasibətlərin adi qaydasıdır. Bu zaman heç baş rejissor olmağa ehtiyac da yoxdur. 

İnsanın həyatında burulğanlardan və fəlakətlərdən gizlənmək üçün lazım gələndə lövbər ata bildiyi bir limanın olması da vacibdir. Şarovski üçün belə liman evidir. Qadınıdır. Bu, onun həyatının ortasında rast gəldiyi və uzun illər gözlədiyi donna Annasıdır. Onların səhnə duetlərindən biri "Kral oyunları"na təsadüf edir. O, kral Henrixi, Natalya Şarovskaya isə Anna Boleyni oynayırdı. Və tək duet deyil. Rüstəm İbrahimbəyovun "İlgək" əsərində o, Subbotini, Natalya isə Ninanı oynayırdı, hər iki qəhrəman bir-birlərinə və tərk etdikləri vətənə sevgi hissləri ilə yaşayırlar. Bu, bir həyatboyu sürən möhkəm ittifaqlar yaratmış hər bir insana xas hisslərdir. 

Pyesdə yalnız faciə cəhətləri var. Əgər bu faciələr olmasa idi, qəhrəmanlar qürbətdə olsa belə, uzun və xoşbəxt həyat sürərdilər, oğullarını tərbiyə edərək, nə vaxtsa doğma sahillərə dönəcəklərinin ümidi ilə yaşayardılar. Ancaq bu, sadəcə səhnədir. Həyatda isə aktrisa və rejissorun dueti xoşbəxt Şarovskilər ailəsini yaradıb. Bütün ailələrdə olduğu kimi orada sülh, qarşılıqlı anlaşma və sevgi var.

Baş rejissor və xalq artisti Aleksandr Şarovskinin 60 illiyini qeyd edən teatr kollektivi ona "Yeni il yolkasının yanında görüş və ya gecikmiş yubiley" adlı teatr tamaşası şəklində sürpriz təqdim edib. Bu, Yeni il ərəfəsində aktyorların, yubilyarın və tamaşaçıların iştirakı ilə baş tutub. Bu, teatrın Bakı tamaşaçısına öz sevgisini çatdırmaq üçün gözəl səbəbdir. 


MƏSLƏHƏT GÖR:

543