Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Amerikanın "Roll Call" qəzeti xarici hökumətləri, QHT və korporasiyaları strateji kommunikasiyalar və siyasət sahələrində konsultasiya edən "Tool Shed Group"un rəhbəri Ceyson Katsla müsahibə dərc edib. Bu müsahibədə ABŞ-ın Cənubi Qafqaz regionundakı siyasətini analiz edən ekspert bildirir ki, Ermənistanın Avrasiya İttifaqına qoşulmasından sonra Birləşmiş Ştatlar regionda Azərbaycan və Gürcüstanla münasibətlərə daha çox önəm verməlidir, nəinki İrəvanla. "R+"a müsahibəsində isə C.Kats fikirlərini daha ətraflı şəkildə şərh edib.
- Ermənistan hamıya nümayiş etdirmək istəyir ki, təcrid vəziyyətində olması onun qonşularına qarşı düşmənçi siyasətini davam etdirməsinə o qədər də mane olmur. Bu siyasət sonda nə ilə nəticələnə bilər?
- Ermənistan dünyanı özünün hərbi, siyasi və iqtisadi baxımdan qüdrətinə, müstəqil və suveren dövlət olmasına inandırmaq üçün çox canfəşanlıq edir. Amma görünür, buna Ermənistanın özündən başqa inanan yoxdur. Bundan başqa, Ermənistan əlindən gələni edir ki, Azərbaycan və Türkiyə ilə qarşıdurmada özünü "yaxşı oğlan" qismində təqdim etsin. Amma reallıq odur ki, əslində bütün bunlar həqiqətdən çox uzaqdadır. Ermənistanın dənizə çıxışı yoxdur və o, təcrid olunmuş vəziyyətdədir... Yeri gəlmişkən, Ermənistanın dünyanın ən dinamik inkişaf edən regionunda bu cür təcrid vəziyyətə düşməsi, İrəvanın yürütdüyü siyasətin nəticəsidir. Bundan başqa, olduqca zəif olan Ermənistan Qərbdən və onun təklif etdiyi imkanlardan Rusiya və İranın lehinə imtina etmək məcburiyyətində qalıb. Bu gün Ermənistanı yalnız bir cür xarakterizə etmək olar - İranla sıx əlaqə quran və rusların vassalı sayılan dövlət. İrəvan Moskvanın addımlarını təkrarlayır. Diqqət yetirin. Ermənistan öz ərazisində rus ordusunu və onun bazasını yerləşdirib, hərbi baza ilə bağlı müqaviləni 2044-cü ilə qədər uzadıb.
Bundan başqa, hətta Ermənistanın quru sərhədlərini və hava məkanını da rusiyalı hərbçilər qoruyurlar. Üstəlik, Ermənistan Aİ ilə münasibətlərdən və avroatlantikaya inteqrasiyadan Avrasiya İttifaqı lehinə tamamilə imtina edib.
Uzun illər davam edən korrupsiya və təsərrüfatsızlıq ucbatından bir neçə il əvvəl Ermənistan iqtisadiyyatı iflasla üzləşmişdi. Ermənistanın özünü inkişafdan, zənginlikdən və region xalqlarının maraqlarından təcrid etməsi, ona suverenliyi bahasına başa gəlib. Amma bununla belə, Ermənistan bütün səylərini öz hakimiyyətinin piarına və yürütdüyü xarici siyasətin ölkəni öz diasporundan başqa, hamıdan təcrid etməsi faktının gizlədilməsinə yönəldib.
- Digər tərəfdən yanaşsaq, Ermənistanın öz ənənəvi siyasətindən imtinası və kursu dəyişməsi ölkəyə hansı dividendlər gətirə bilər?
- Ermənistan özünü acınacaqlı iqtisadi və siyasi duruma salmış və vassal dövlətə çevirmiş siyasətində köklü dəyişikliklər etməlidir. Bunun üçün Ermənistanın Rusiya və İranın təsirindən çıxması tələb olunur. Lokal və xarici durum baxımından, bu, o qədər də asan seçim deyil. Bundan başqa, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə əsassız iddialarından da əl çəkməli və "ikinci erməni dövləti" adlandırdıqları dəstəyə də son qoymalıdır, çünki bu, istənilən halda, iflasla nəticələnəcək. Ermənilər bütün bunları dərk etməli və özlərini əsl müstəqil ölkə kimi aparmalıdırlar. Ermənistan da Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır, özü də bunu səmimi şəkildə etməlidirlər. Bütün bunlar Ermənistana mühüm dividendlər gətirəcək. Regiondakı bütün gəlirli enerji layihələri reallaşdıran Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə işarə edib ki, Ermənistan öz siyasətində dəyişiklik edərsə, bu layihələrin tərkib hissəsinə çevrilə bilər. Hətta Gürcüstanın ən böyük vergiödəciyisi olan Azərbaycan Dövlət Neft Şirkəti, Ermənistanla münasibətlərin normallaşacağı təqdirdə ermənilərə güzəştli qaz qiyməti də təklif edir. Bu isə Ermənistan kimi yoxsul və təcrid olunmuş ölkə üçün çox şey deməkdir.
- Yəni düşünürsünüz ki, bəzi sülh təşəbbüsləri Azərbaycanın güc variantına əl atmasına ehtiyac qalmadan da Qarabağ nizamlanmasındakı status-kvonu dəyişə bilər?
- Bu yaxınlarda yüksək vəzifəli azərbaycanlı məmur, cənab Əli Həsənov prezident İlham Əliyevin dəfələrlə söylədiyi fikri bir daha təkrarlayıb: Azərbaycan münaqişənin dayanaqlı, möhkəm əsaslı sülh yolu ilə həllinə ümid edir və bu istiqamətdə işləri davam etdirir. Ölkə ərazisinin 20 %-nin işğal altında olması və erməni qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlərə rəğmən, azərbaycanlılar artıq 20 ildən çoxdur sülhün bərqərar olmasına çalışırlar. Buna rəğmən, Ermənistanla Azərbaycan arasında müharibə bərpa olunmasa və ya ABŞ tərəfindən real və ciddi addımlar atılmasa, status-kvo artıq faktlığında qalır. Məsələ yalnız ondadır ki, bu müharibədən qalib kim çıxacaq. Məhz buna görə ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini təhlükəli status-kvonun dəyişdirilməsinə yönəltməlidirlər.
- Siz regional layihələr mövzusuna toxundunuz. Qərb regiondakı ən nəhəng nəqliyyat layihəsinin - Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsinə yalnız mənasız "dəstək bəyanatları" ilə kifayətlənir. Siz bunu necə izah edərdiniz?
- Təəssüf ki, bu, erməni lobbisinin Amerikanın regiondakı strateji mənafeyinə zidd olan maraqlarını reallaşdırmaq cəhdinin daha bir göstəricisidir. Amma xoşbəxtlikdən, indi vəziyyət dəyişib və ABŞ hazırda birmənalı şəkildə BTQ layihəsini dəstəkləyir.
- Son illər regionda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan kimi bir neçə perspektivli üçtərəfli formatlar formalaşıb. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatının yaradılmasına dair işarələr də görünməkdədir. Bu formatlardan hansı sizə daha perspektivli görünür?
- Müstəqilliyinin ilk illərindən bəri Azərbaycan Avrasiya və Mərkəzi Asiyanın enerji şəbəkəsində özünün layiqli yerini tutmağa çalışır. Bu, təbiidir, çünki Azərbaycan bunun üçün ən əlverişli coğrafi məkanda yerləşir. Bundan başqa, Azərbaycan Qərblə dost münasibətdə olan, sabit və biznes üçün cəlbedici bir ölkədir. Əlbəttə ki, Qərb və xüsusən də ABŞ üçün dostların sayının çoxluğu (xüsusilə də, müsəlman dünyasında) yalnız xeyirdir. Məncə, Azərbaycan rəhbərliyi Avropanı və Qərbi öz strateji baxışlarına inandıra bilsə, ölkə Avropanın enerji təhlükəsizliyi baxımından həlledici qovşağına çevrilə bilər.
MƏSLƏHƏT GÖR: