14 Mart 2025

Cümə, 20:57

İPƏK, HALVA və PİTİ

аmma bunlar qədim Şəkinin yeganə sərvətləri deyil

Müəllif:

01.01.2009

Şəkiyə ilk dəfə 1991-ci ilin qışında gəlmişdim. Dağlar arasındakı dərədə yerləşən şəhəri başdan-ayağa qırmızı damlarının üstünü ağappaq qar örtmüşdü və qar arasından hoqqa kimi çıxan bacalardan tüstü çıxırdı. Sanki 18-ci əsr xanlıq dövrünə düşmüşdüm. Nağıla oxşatdım Şəkini. Nədənsə çox əmin idim ki, buralara yolum hələ çox düşəcək. Düşündüyüm kimi də oldu. İllərsonra mənə televiziya jurnalisti kimi Şəkini bol-bol gəzib, dadını və ləzzətini öyrənmək qismət oldu. Hər kəsə tövsiyə edirəm: Azərbaycanın ən gözəl, nadir yerlərindəndir Şəki. 

 

Şəki və şəkililər

Şəki deyən kimi buranı tanıyan hər kəsin üzündə xoş təbəssüm yaranır. Zarafatcıl, hazırcavab, başdan-ayağa müsbət enerji saçan insanlarına görə. Şəki camaatını Azərbaycanın heç bir bucağının adamları ilə səhv salmaq mümkün deyil. Şotland ləhcəsinı İngiltərədə qulağınızı necə çalırsa, şəkilinin də ilk kəlmələri ilə şirin Şəki ləhcəsini sezmək mümkündür. 

Şəkililər duzlu-məzəli söhbətləri, zarafatları ilə ad çıxarıblar. Bəzən Şəkini Azərbaycanın "Qabrovo"su adlandırırlar. Burada hamı - qadın da, kişi də, uşaq da lətifə danışır. Yolunuz Şəkiyə düşdüsə, hər deyilən sözdən inciməyin. Yumor diyarında zarafata zarafatla cavab verməyə çalışın. 

Şəkililər həm başqaları, həm də özləri barədə zarafat etməyi sevirlər. Yerli dialektin xüsusiyyətləri barədə yarızarafat, yarıciddi "Şəkicə-Azərbaycanca" lüğət tərtib edərək, Tarix və Diyarşünaslıq Muzeyinin lap girişində asıblar. Oxuduqca, gülüb gedirsən. Bəzi misallar: pomidor - bamadur, neft - nöyüt, məktəb - maytaf, velosiped - yersəvat, maaş - donnux, axsaq - myataraf, ayaqqabı - əyaxqavı, qöyərti - ala. Bu kəlmələri isə uğunmadan oxumaq mümkün deyil: arxeoloq - goreşən, rejissor - düzüb-qoşan, çaxırda bişmiş toyuq - kefli beçə. Azərbaycanda istənilən kəsdən Şəki barədə lətifə soruşsanız, mütləq birini xatırlayar. Bu, ya şəkililərin ləhcəsi, ya simic olması, ya da haqq-hesabı yaxşı bilməsi barədə ola bilər. Simic olmalarını deyə bilmərəm, amma dəqiqliyi, doğrudan da, sevirlər. Ən çox zarafat mənbəyi isə dəhşət yoluxucu Şəki ləhcəsidir. Fikir vermişəm, hər dəfə Şəkiyə səfərdən sonra qeyri-ixtiyari Şəki ləhcəsində danışmağa başlayır, sözlərimin əvvəlinə "ha" hissəciyi əlavə edirəm. Ha indi, ha bura... Bununla bağlı bir lətifə yadıma düşür. 

"Bir şəkili öz oğlunu rus dilini öyrənmək üçün Rusiyanın ucqar yerlərindən birinə göndərir. Üstündən bir il keçir. Ata oğlunun rus dilinə necə yiyələndiyini öyrənmək üçün Rusiyaya yollanır. Qapını döyəndə, bir rus qadını Şəki ləhcəsi ilə soruşur: "Ha indi kto tam?".

Ha belə... Şəki bir sox görkəmli şəxsiyyətin vətənidir. Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundov, xalq şairi Bəxtiyar Vahabzadə, yazıçı-dramaturq Sabit Rəhman, bəstəkar Emin Sabitoğlu və başqaları hər bir şəkilinin qürurudur. 

 

Şəki memarlığı

Şəki ilk əvvəl Kiş çayının sol sahilində salınıb. 1772-ci ildə bura baş verən palçıq vulkanından sonra indiki ərazidə yenidən tikilib. Nuxa kəndinin yanında yerləşdiyindən, bir müddət Nuxa adlanıb. Narınqala da həmin dövrdə inşa edilib. 18-ci əsrdə qurulmuş yeni şəhərin strukturu və orijinal halı 19-cu əsrin ortalarınadək olduğu kimi saxlanılıb. Sonralar daha az vaxt, zəhmət və məsrəf tələb edən nisbətən müasir tikililər köhnələrin yerini almaga başlayıb. 

Şəkinin görünüşünü təkrarolunmaz edən gözəl dağ mənzərələri ilə yanaşı, təbiətlə uyğunluq təşkil edən şəhər planlaşdırmasıdır. Hər bir ev öz bağı ilə əhatə olunub. Bir-birindən çəpər və ya hasarla ayrılan evlərin damı kirəmitdən hazırlanmış qırmızı daş örtükləri ilə örtülüb. Bu, estetik gözəlliklə yanaşı, evlərin içini yay aylarında sərin, qış aylarında isə isti saxlamağa kömək edir. 

Şəki evlərində diqqətçəkən başqa bir maraqlı cəhət taxta darvazalardır. Ağır taxta darvazaları hər dəfə açıb-bağlamamaq üçün, ortasından kiçik qapı da kəsilib. Hər bir darvazanın üstündən "dəggilbab" adlanan qapı zəngləri asılıb. Darvazaların üstündə, bir qayda olaraq, 2 dəggilbab görəcəksiniz. Yuxarıda böyük və nisbətən aşağıda kiçik dəggilbab müvafiq olaraq, böyüklər və kiçiklər üçün nəzərdə tutulub. Son illər dəbdə olan dəmir darvazaların sayı sürətlə artmağa başlayıb. Şəkililərin bununla bağlı zarafatı var: "Dəmir qapının da bir gün taxta qapıya işi düşər". 

Şəki küçələrinin spesifik bir özəlliyi var. Köhnə şəhər başdan-başa daşla döşənib. Məsələ burasındadır ki, Şəkiyə tez-tez yağış yağır. Burada deyirlər ki,  göydən bir damcı düşəndə, Şəkiyə leysan yağır. Odur ki, yollar tez yuyulub, sıradan çıxmasın deyə, şəkililər şəhəri başdan-başa eroziyaya davamlı çay daşları ilə döşəyiblər. Bu, şəhərə həm yaraşıq verir, həm də daş döşəmələri küçədən keçərkən, havaya toz qalxmır. Yeri gəlmişkən, Şəkinin yağıntıdan bol olmasına baxmayaraq, əhali içməli su azlığı problemi yaşayır. Suyun tərkibində yod çatışmazlığı var. Burada uzun müddət yaşamağı planlaşdıranlara yod damcıları qəbul etməyi nəzərdən keçirmək məsləhətdir. 

Maraqlıdır ki, sovet dövründə yer adlarının ucdantutma dəyişdirilməsinə baxmayaraq, Şəkinin bir çox köhnə məhəllə adları bugünədək qorunub-saxlanılıb. "Gəncəli", "Dırrax", "Mənkərə", "Qumbaralar", "Dodu" məşhur məhəllələrdən bəziləridir.  Hərəsi nə iləsə məşhurdur. "Dodu" pitisiylə tanınır. "Gəncəli" - xanlıq vaxtı buraya köçürülən gəncəlilərin sıx yaşadığı məhəllə olub. "Qumbaralal" isə, deyilənə görə, məhəllədə mübahisə vaxtı partladılan qumbaraların şərəfinə bu ismi alıb. 

 

Köhnə Şəki

Şəkidəki tarixi-memarlıq abidələrinin əksəriyyəti şəhərin yuxarı hissəsində yerləşdiyindən, bura qoruq elan edilib. Yerlilərin "Köhnə Qala" adlandırdığı bu ərazidə tarixi evləri sökmək və ənənəvi memarlığa uyğun olmayan yeni inşaatların aparılması qadağandır. 

Köhnə Şəki 18-ci əsrdə tiklən Narınqalanın divarları əhatəsindədir. Burada yerləşən Xan sarayı 1762-ci ildə Hüseyn xanın vaxtında tikilməyə başlanıb. Adından da məlum olduğu kimi, müstəqil Şəki xanının iqamətgahı olub. Orta əsrlər Azərbaycan memarlığının ən gorkəmli abidəsi hesab olunur. Dünyada öz orijinallığına görə yeganə sayılır. Rəngbərəng mozaikaların işlənməsində minlərlə xırda şüşə parçalarından istifadə edilib. Bu şüşə parçaları heç bir mıx-mismar və ya yapışqan olmadan əllə, tək-tək bir-birinə bənd olunub. Rəvayətə görə, Xan sarayı hazır olandan sonra, ona heyran olan xan bu nadir sənət işinin təkrar olunmaması üçün ustanın qollarını vurdurub. Şəbəkə ilə hazırlanmış Xan sarayının yanında bu sənəti yaşadan ustaların emalatxanasından şəbəkənin necə yarandığının şahidi ola bilərsiniz. 

 

Şəkidə sənətkarlıq

Şəbəkəçilik dekorativ-tətbiqi sənətin çox böyük məharət tələb edən sahələrindən biridir. Səciyyəvi xüsusyyəti odur ki, mozaikanın əmələ gəlməsində nə mıxdan, nə də yapışqandan istifadə edilir. Şəbəkə bəzəyinin əsasını həndəsi naxışlar təşkil edir. Bu bəzəklər içərisində dairəvi, çoxbucaqlı, ulduzşəkilli formalar başlıca yer tutur. 

Şəbəkə emalatxanasında özəl sifariş də etmək mümkündür. Amma sırf əl işi olduğuna görə, qiymətlər ucuz deyil. Ortaölçülü pəncərənin hazırlanması 2 ay vaxt tələb edir, qiyməti də 800 AZN-dən başlayır. Lakin özünüzlə xırdaölçülü suvenir də götürə bilərsiniz.  Şəki ustaları sizin hər bir sifarişinizi zərgər dəqiqliyi ilə yerinə yetirəcəklər. Əsas müştəriləri həm xaricilər, həm də yerli özəl idarələrdir. Sənətkarlıq burada nəsildən-nəslə ötürülür və şəkililərin qurür mənbəyidir. 

Əgər Şəkiyə yolunuz iyul ayının ikinci ongünlüyündə düşübsə, burada təşkil olunan sənətkarlar yarmarkasına düşə bilərsiniz. 2-3 gün davam edən yarmarkada sənətkarlar şəhər meydanına toplanaraq, əl işlərini nümayiş etdirirlər.  Burada özünüzə əl işi olan məişət əşyaları, əla suvenirlər tapa bilərsiniz. Məsələn, papaqçı dükanlarında müxtəlif dərilərdən dəyişik modellərdə papaqlar tikilir. Qiymətləri də dəri və modeldən asılı olaraq  dəyişir. Məsələn, silindir formasında, qoyun yunundan hazırlanan daqqa papaqların qiyməti 80 AZN-dən başlayır. 

 

Şəki ipəyi

B.e.ə. 1-ci minillikdə ticarət yollarının mərkəzində yerləşdiyindən, Şəki hər zaman tacirlərin əsas dayanacaq yeri olub. Tarixi İpək yolunun bir hissəsi sayılıb. Səyyahlar burada istirahət edər, Şəki bazarlarını ziyarət edərmişlər. Şəki qədimdən öz ipəyi ilə məşhur olmuşdur. Şəki ipəyi Yaxın Şərq ölkələrinin, Avropanın, Hindistanın bazarlarında əl-əl gəzib. Şəki xalcalarının da şöhrəti ipəkdən geri qalmırmış. İpək xalçaları incə, narın və gözəl olması ilə ad çıxarıb. Bir ipək xalçanı toxumaq onunla eyni ölçüdə olan yun xalçanı toxumaqdan ən azı 2 dəfə daha artıq zəhmət və vaxt tələb etdiyindən, qiymətləri daha bahalı olur. Amma evində ipək xalçanın olması ev sahibinin xüsusi zövqündən xəbər verirsə, buna hamının imkanı çatmır. 

İpəkdən hazırlanan və Şəkidə alınacaq əsas hədiyyələrdən biri kəlağayıdır. Kəlağayı ənənəvi qadın başörtüyüdür. İpəkçiliyin inkişaf etdiyi yerlərdə çox məşhur olub. Ənənəvi olaraq, standart 140/140 sm ölçülərində "Şərbaf" adlanan ipəktoxunma dəzgahında hazırlanıb. Vaxtilə ipəktoxuma sənətiylə kişilər məşğul olub. Toxunduqdan sonra boyaqçılara təhvil verilirdi. Boyalar müxtəlif bitki köklərinlən hazırlandığından, kəlağayı kohnəlsə də, rəngi heç vaxt solmurdu. Boyadılma işi bitdikdən sonra kəlağayı qurudular və üzərinə müxtəlif basma qəliblərlə naxış atılardı. 

Bu gün Şəki ipəyindən hazırlanan kəlağayı da daxil olmaqla, bütün ipək məhsullar Şəkidəki İpək Kombinatında istehsal olunur. Kombinatın bütün məhsullarını qarşısındakı dükandan almaq olar. Əl üsulu ilə hazırlanan kəlağayıları isə İsmayıllı rayonunun Basqal kəndində tapmaq olar. Bu barədə İsmayıllı bölməsində danışacağıq. 

 

Şəki şirniyyatı 

Kiş çayı üstündə Dodu deyilən səmtdə 19-cu əsrdən qalma tarixi bir dəyirman fəaliyyət göstərir. İşləyən yeganə tarixi abidə kimi məşhurdur. Burada arpa, buğda və ən çox  da düyü üyüdürlər. Əsas müştəriləri halvaçılardır. Halvanı hamı tanıyır və sevə-sevə yeyir, amma Şəki halvasının düyü unundan və içinin də sırf fındıqdan hazırlandığını az adam bilir. 

Şəkidə bütün məhəllələrdə halvaçı dükanları var. Çoxu bu neməti öz şəxsi həyətində təşkil etdiyi kiçik sexlərdə hazırlayıb satır. Bəzi halvaçılar isə əməlli-başlı brend olub. "Halvaçı Mahmud" "Əli Əhmədin halvaçısı" kimi yerlər yüz ildən artıq halvaçılıqla məşğul olan nəsillərdir. 

Dükanlara girdiyin zaman aldığınız nemətlərin dadına baxa bilərsiniz. Halvaçılarda tək halva yox, Şəkinin çay süfrəsini bəzəyən bir çox başqa şirniyyat növləri də mövcuddur. Bu şirniyyatların bəziləri bunlardır: barama şirni, müxtəlif rəngli noğullar, mindal, fındıqlı qənd, südlü mindal, süd-zəfəranlı mindal, yağda qovrulmuş mindal və bir çox ləzzət. Burada xüsusi tədbirlər üçün özəl sifarişlər də qəbul edilir. 

Azərbaycan ənənəvi aşpazlıq sənətinin məhəlli mərkəzləri içərisində Şəki mətbəxi özünəməxsus yer tutur. Bu mətbəxin şah yeməyi isə Pitidir.

 

Piti

Piti dulusçular tərəfindən  gil-saxsıdan düzəldilən kiçikhəcmli məxsusi pitiqablarında - piti dopusunda - bişirilir. Dopu 1 porsdur və birnəfərlikdir. Əsasən qoyunun döş və miyantənq (yumşaq) ətindən hazırlanır. Şəki aşpazları pitinin mal ətindən yaxşı alınmadığı qənaətindədirlər. Yeyilmə üsulu orijinaldır. Bayat çorək və quru baş soğanla yeyilməsi, süfrədə sumax olması şərtdir. 

Pitinin bişməsi 8-9 saat çəkir. Çox qüvvətli yemək olduğundan, onu yalnız günorta vaxtı yemək məsləhətdir. Əslində, günorta keçmiş Şəkidə hazır piti tapmaq heç mümkün də deyil. Çox kalorili olduğundan və bişməsi uzun vaxt tələb etdiyindən, axşamdan hazırlanan yeganə yemək adlandıra bilərik. Ertəsi gün yeyilmək üçün servisə hazır olur. Yeyilməsi də çoxmərhələlidir. Əvvəlcə, ən az 1 gündən qalma boyat çorək xırda tikələrdə boşqaba doğranır və üstünə sumax səpilir. Sonra dopudan suyu süzülür. Yeməyin yanında 1 baş soğan ya əzir, yaxud da 4 iri parçaya bölürlər. Yeməyin ilk hissəsi bitincə, ikinci əmaliyyat başlayır. Bu dəfə noxudla ət eyni boşqaba qoyulur, yenə sumax və istəyə görə duz-istiot əlavə edilərək, püre oluncayadək əzilir. Yalnız bundan sonra yenə soğan və çorəklə nuş edilir. Qayda budur və şəkililər pitini başqa cür bişirib, yeyənlərə "bu, piti deyil" deyirlər. Hər halda, fərqi hiss etmək üçün Şəkidən piti yeməmiş çıxmayın. 

 

Turistlər üçün cənnət

Şəki turizm cənnətidir. Yerlilər turistlərə "qonaq" deyirlər. Yolda rastınıza çıxanlar sizə salam versələr, təəccüblənməyin. Sizi burada "qonaq" bilib salamlayırlar. 

Şəkinin füsunkar təbiəti hələ sovet vaxtlarından məşhur olub. Təsadüfi deyil ki, hətta turizmin az inkişaf etdiyi sovet illərində belə, Şəkidə SSRİ Turizm Komitəsinin filialı fəaliyyət göstərib. 1980-ci ildə açılan "Soyuqbulaq" Turist-Ekskursiya Birliyinə SSRİ-nin müxtəlif yerlərindən dincəlməyə gələrdilər. Şəkidə qaçırılmayacaq yerlər çoxdur. Amma bu barədə növbəti nömrəmizdə danışacağıq. 


MƏSLƏHƏT GÖR:

529