24 Noyabr 2024

Bazar, 20:39

QEYRİ-LEQALLAR NƏZARƏT ALTINDA

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu büdcə kəsirini doldurmaq üçün yollar axtarır

Müəllif:

01.01.2009

Dünya bazarında baş verən proseslər yavaş-yavaş Azərbaycanın daxili iqtisadi vəziyyətinə mənfi təsir göstərməyə başlayır. Bizim ölkədə iri müəssisələrin bağlanması və işçilərin çıxarılması gözlənilməsə də, ancaq açıq-aydın iri və orta şirkətlərin işində təmkinlilik meyilləri, menecerlərin əksər hissəsinin üstünlük verdiyi qənaət siyasəti, kadr potensialının artırılmasının dayandırılması, bəzi hallarda hətta ixtisarlar görünməkdədir.   

Bütün bu məqamlar, ilk növbədə, müəssisələrin və təşkilatların maaş fondundan birbaşa asılı olan sosial sığorta sisteminə öz təsirini göstərib. Buna görə də  Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) başçısı Səlim Müslümovun son çıxışlarında daha çox həyəcan, xəbərdarlıq və ciddi qərarlara çağırış notları özünü göstərməkdədir. Və bu, başa düşüləndir. 

Çünki DSMF Azərbaycan əhalisinin ən aztəminatlı hissəsi - pensiyaçılar, əlillər, uşağa görə dekret məzuniyyətində olan analar üçün pul yığır və paylayır. Köçürmələrin bir və ya iki gün gecikməsi kütləvi narazılıqlara səbəb olur. 2008-ci ildə bu cür heç bir narazılıq müşahidə edilməyib. 2009-cu il də bu cür sabit olacaqmı? 

 

Yalnız bir yol var...

Ümumiyyətlə, DSMF  2009-cu il büdcəsinin gəlir hissəsinin yerinə yetirilməsi barədə problemlərlə bağlı açıq danışıb. Məsələ bundadır ki, fond icbari sosial sığorta üzrə 1 mlrd 278,4 mln manat səviyyəsində ödəniş yığılmasını təmin etməlidir, bunların 735,3 mln manatı özəl müəssisələrin payına düşür. 2008-ci ilə baxanda bu göstərici 35,6% artıb. "Ancaq dünya iqtisadiyyatında baş verən proseslər, Azərbaycana neft gəlirlərinin daxil olması, onların xərclənməsi, dövlət büdcəsinin xərc hissəsinin yerinə yetirilməsi ilə bağlı mümkün ola biləcək problemlər, deflyasiya şəratində maaşları dəyişmə meyilləri - bütün bunlar sosial sığorta ödənişlərinin yığılması ilə bağlı proqnozların yerinə yetirilməsi barədə bizdə narahatlıqlar doğurur",- deyə S.Müslümov vurğulayıb.

Gerçəkdən də, iş yiyələri niyə deflyasiya şəraitində işçilərin maaşlarının qaldırılması barədə düşünməlidirlər? 2009-cu ili sıfır və ya mənfi inflyasiya göstəricisi ilə bitirməyin mümkünlüyünün bir qədər şübhəli görünməsi, hətta hökumətin özünün və Beynəlxalq Valyuta Fondunun ekspertlərinin belə 9 faizlik qiymət artımı barədə proqnoz verməsinin özü  isə başqa məsələdir.  Ancaq istənilən halda, ekspertlər məsləhət görürlər ki, gəlirlərə hissediləcək artıma ümid etməyə dəyməz. Bunun üçün müəssisələrin işi gəlirli olmalıdır. Böhranın zirvəyə dırmaşdığı bir çağda isə bu, inandırıcı deyil. 

Bu durumda DSMF-i maaşların artmamasından çox, bu faktın Fondun büdcəsinin gəlirlərinə necə təsir edəcəyi narahat edir. DSMF başçısı proqnozlaşdırılan kəsirdən yaxa qurtarmağın yolunu bir məsələdə - özəl qurumlarda işçi sayının və onların maaşlarının real məbləğinin leqallaşdırılmasında görür. "Ötən illər ərzində biz bu prosesi təbliğat, əhali arasında maarifçilik yolu ilə tənzimləməyə çalışdıq. Əfsus olsun ki, bu üsullar nəticə vermədi",- Səlim Müslümov vurğulayıb. 

O bildirib ki, DSMF iş yiyələrini işçilərin əmək haqlarının real məbləğini göstərməyə məcbur edəcək xüsusi iqtisadi mexanizmlər işləməyi təklif edir. "Bu məsələdə əsas istinad nöqtəsi bu müəssisələr tərəfindən istehsal edilən məhsulun dəyəri ola bilər.  Onda real maaş fondunun nəzərə alınmaması mümkün deyil. Hər bir müəssisə üzrə durumu təhlil etmək və uyğun sonuclar çıxarmaq gərəkdir. Bundan başqa, biz əmək haqqı fonduna müəyyən tələb də tətbiq edə bilərik. Məsəlçün, onun buraxılan məhsulun dəyəirinin 20 faizindən çox olmasını tələb edə bilərdik. Və qoy iş yiyəsi ödənişi bu məbləğ üzrə versin. Bu bizim təkliflərdən biridir, başqa variantlar da var",- deyə Səlim Müslümov vurğulayıb. 

Onun sözlərinə görə, əmək haqqı fondunun real məbləğinin göstərilməməsi problemi bu gün kənd təsərrüfatı, nəqliyyat, şadlıq evləri və restoran biznesi, ticarət kimi sahələrdə mövcuddur. 

Nəticəsi pul ekvivalentində hələ ki bilinməyən bu tədbirlərlə yanaşı, DSMF sabitliyin təmini üçün hər ay 120-130 milyon manat səviyyəsində rezerv əldə etmək niyyətindədir. "İndi elə bir vəziyyət yaranıb ki, DSMF pensiyalar üzrə ödənişləri hər ayın 15-də köçürür. Öz növbəsində, müəssisələr sosial sığorta üzrə ödənişləri ayın sonunda gerçəkləşdirir.  Buna görə də pensiyaçılara vaxtında pul vermək üçün bizim müəyən ehtiyatımız olmalıdır",- deyə Səlim Müslümov bildirib. Onun sözlərinə görə, dünya praktikasında bu cür ödənişlərin gersçəkləşdirilməsinin müxtəlif variantları mövcuddur. "Biz hökumətə bu məsələ ilə bağlı öz təklifimizi vermişik və aylıq pensiya ödənişlərinə bərabər ehtiyatın olmasını məqsədəuyğun sayırıq. Hazırda bu, 120-130 milyon manata bərabərdir", - deyə o vurğulayıb. 

Yuxarıda göstərilənlər hələ ki Azərbaycanda pensiyaların artırılması perspektivini dumanlı göstərir. Hazırda dəqiq bəllidir ki, 1 yanvar 2009-cu ildən Azərbaycanda pensiyların sığorta hissəsi artırılacaq. Baza hissəsinə gəldikdə isə o, inflyasiya templərindən asılıdır. "İstehlak qiymətləri indeksinin dəyişməsinə gəldikdə isə, bir iqtisadçı kimi mən dünya maliyyə böhranı fonunda hər hansı bir proqnoz verməyə çətinlik çəkirəm.  Bizim ehtimallarımıza görə, 2009-cu ilin ilk 6 ayı ərzində Azərbaycanda deflyasiya gözlənilir. Çünki Azərbaycanda qiymətlərə ən çox təsir göstərən amil ticarət tərəfdaşımız olan ölkələrdən inflyasiya idxalıdır. Dünya iqtisadiyyatındakı geriləmə fonunda həmin ölkələrdə qiymətlərin düşməsi gözlənilir",- deyə Səlim Müslümov vurğulayıb. Bununla yanaşı, o həm də qeyd edib ki, DSMF-in büdcəsində gələn il üçün pensiyaların baza hissəsinin inflyasiya proseslərindən asılı olaraq ən azı bir kərə dəyişdirilməsi nəzərdə tutulub.

 

Yeni pensiya hesablama metodu 

DSMF-in ortamüddətli və uzunmüddətli perspektivə də planları var. Bunlar pensiya-sığorta sisteminin inkişafı üzrə dövlət proqramında ətraflı təsvir edilib və 2008-ci ilin sonunda təsdiq üçün Azərbaycan prezidentinə təqdim edilib. "Əgər ötən 5 ildə əsas məqsəd minimum pensiyanı yaşayış minimumuna çatdırmaq və bunun hesabına yoxsulluq səviyyəsini azaltmaq idisə, indi bu gün məqsəd pensiya-sığorta sistemini Avropa standartlarına uyğunlaşdırmaqdır. Bu məqsədin yaxın 5 ildə əldə edilməsi üçün bütün lazım olan resurslar var",- deyə S.Müslümov bildirib. 

Onun sözlərinə görə, dövlət proqramı Azərbaycanın pensiya sisteminin islahatlarının üçüncü yekun mərhələsini gerçəkləşdirməyə yönəlib. Buna uyğun olaraq, proqramda əhali üçün yararlı olacaq çox sayda yeniliklər nəzərdə tutulub. O cümlədən proqram layihəsi yığım pensiya sığortası sisteminin tətbiqini, özəl pensiya fondları institutunun gerçəkləşdirilməsini nəzərədə tutur. İlk başdan bu bəndin 2009-cu ildən gerçəkləşdirilməsi nəzərdə tutulurdu, lakin DSMF başçısının sözlərinə görə, dünya böhranı fonunda məsələ təxirə salınıb. 

Bununla yanaşı, sözügedən proqramın gerçəkləşdiriməsi DSMF-ə  uzunmüddətli aktuar hesablaşmalar, pensiya sisteminin inkişaf proqnozları praktikasının tətbiqinə imkan verəcək. Bütün bunlar pensiya hesablanması sisteminin maksimum sadələşdirilməsi hesabına əldə ediləcək. Belə ki, yeni metoda əsasən, 2006-cı il yanvarın 1-dək alınan əmək haqqı məbləğinin pensiyanın hesablanmasına təsiri istisna edilir.

"Biz köhnə metoda nöqtə qoyuruq. O, bizə aktuar hesablamalar aparmaqda, gələcəklə bağlı proqnozlar verməkdə mane olur. Biz pensiyaların hesablanmasında tamamilə yeni və sadələşmiş sistem təklif edirik. Əgər təsdiq olunarsa, DSMF-in veb-saytında dərc olunacaq və bütün istəyənlərə öz pensiyasını hesablamağa imkan verəcək",- deyə S.Müslümov vurğulayıb. 

Hazırda pensiyaya çıxan insanlar üçün hesablamalar iki komponent üzrə həyata keçirilir: 1 yanvar 2006-cı il tarixinə kimi pensiya hüququ məbləği və həmin tarixdən sonra özəl uçot sisteminə uyğun olaraq toplanmış yığımlar əsasında hesablanmış məbləğ. Əgər 1 yanvar 2006-cı il tarixdən sonra şəxs bir il ərzində 28 min manat maaş alıbsa, bu məbləğin 25% -i hesablanır (7 min manat), sonra həmin məbləğ 2006-cı ilin yekununa görə inflyasiyaya (8,3%) indeksləşdirilir, nəticə 7,6 min manat olur. Sonra 2007-ci ilin maaş göstəriciləri götürülür, uyğun olaraq 14,6 min manat əldə edilir və o da 2007-ci il üzrə inflyasiyaya (16,7%) görə indeksasiya edilir və 17 min manat əldə edilir. 

Əgər maaş 2009-cu ildə dəyişməyirsə, onda daha 7 min manat əlavə edilir və 24 min manat olur və bu da inflyasiyaya görə, tutaq ki, 20% indeksasiya edilir. Sonucda, 3 illik  yığım 28 min 845 manat təşkil edir. Əgər insan 2009-cu ildə pensiyaya çıxırsa, yeni sistemə görə, bu yığımlar yalnız sığorta hissəsinə aid olacaq. Bu məbləği 144 aya bölərək, bu adamın pensiyasının sığorta hissəsi üçün ayda 200 manat əldə edirik. 

Göründüyü kimi, burada hesablama yetərincə sadə və şəffafdır və bunu 2006-cı ilə qədər olan dövr barədə demək olmur. Bu dönəmə qədər olan pensiya məbləğini hesablamaq üçün 2004-2005-ci illər üzrə maaş barədə arayış gətirilməlidir, həmin arayış əsasında şəxsin orta aylıq maaş göstəricisi müəyyən edilir. Kişi üçün 25 illik staja görə bu məbləğin 60 faizi səviyyəsində pensiya kəsilir və əlavə hər ili üçün 2 faiz artırılır, amma son nəticənin orta aylıq maaşın 85 faizini keçməməsi nəzərə alınır. Həmçinin baza hissəsinin məbləği hazırda 75 manatdır və 1 yanvar 2006-cı il tarixdən yığımlar əlavə edilir. 

"Bu hesablamalar bizə uzunmüddətli proqnozlar verməyə imkan yaratmırdı, manipulyasiyalar üçün şərait yaradırdı. İndi isə biz aşağıdakını təklif edirik: əmək kitabçalarının məlumatları əsasında DSMF uçotunda duran adamların əmək stajı müəyyən edilsin, bunun üçün bizə 3-4 ay lazımdır. Növbəti addım belədir: əgər kiminsə 1 yanvar 2006-cı il tarixə 5 il stajı varsa, buna görə  ona 25 manat veririk. Bundan yuxarı stajın hər ili üçün 8% sığorta edəcəyik. Belə ki, əgər mənim 27 il iş stajım varsa, ondan 5 il çıxılır, qalan 22 ili 2 manata, yəni 25 manatın 8%-i qədər olan məbləğə vurulur və 44 manat alınır. Bunu 2006, 2007, 2008-ci illər üzrə inflyasiya göstəricisinə vururuq və s., üzərinə pensiyaya çıxma zamanında baza pensiya göstəricisini əlavə edirik",- deyə S.Müslümov bildirib.

Sistem doğrudan da sadədir, ancaq tam ədalətli deyil, xüsusilə də 2006-cı ilə kimi olan müddətdə böyük maaşlar almış insanlar üçün əlverişli deyil. Nəzərə alsaq ki, artıq 1990-cı illərin əvvəllərindən  Azərbaycanda aparıcı neft-qaz şirkətlərinin, xarici firmaların, səfirliklərin və s. ofisləri işləyirdi. Əlbəttə ki, onların keçmiş və indiki işçiləri DSMF tərəfindən planlar dərc olunduqdan sonra öz narazılıqlarını bildirdilər,  onların narazılığı Maliyyə Nazirliyi və DSMF tərəfindən nəzərə alındı. 

"Maliyyə Nazirliyindən bizə tamamilə ədalətli xəbərdarlıq ediblər. Yüksək maaş almış insanlar üçün bizim yeni təklifimiz ədalətsiz görünə bilər. Buna görə də, qanun layihəsinə əlavələr kimi biz seçim etmək imkanı barədə bənd əlavə etdik: əgər kim istəyirsə, onun pensiyası əmək haqqına uyğun olaraq hesablansın, onda qoy 1 yanvar  2006-cı il tarixinə qədər olan bütün illər barədə əmək haqqının məbləği barədə  arayış təqdim etsin. Biz onları toplayaraq stajın bütün aylarının sayına bölərik. Nəticədə, orta maaş göstəricisi əldə etmiş olarıq. Daha sonra hesablama köhnə sistem əsasında aparılacaq", - deyə S.Müslümov bildirib. 

Alternativ yol, əlbəttə, yüngül deyil, ancaq gələcək pensiyaçılar artıq indidən bu cür arayışları toplaya bilərlər. Yəni necə deyərlər, pensiyanı cavanlıqdan topla...


MƏSLƏHƏT GÖR:

360