
BÖHRAN OLMAYAN YERDƏ
Böhran olmayan yerdə FVB Azərbaycan üçün 12 faizlik iqtisadi artım proqnozlaşdırır
Müəllif: Nurlanə Böyükağaqızı Bakı
Yəqin ki, çoxdan dünyada Yeni ili belə həyəcan və qeyri-müəyyənlik hissləri ilə qarşılamayıblar. Dünya iqtisadi böhranı öz əhatə dairəsini getdikcə daha çox artırır. Mövcud beynəlxalq institutlar səviyyəsində böhran əleyhinə tədbirlərin işlənməsində razılaşdırılmış yanaşmaların olmaması, siyasi konyuktura və bir sıra ölkələrin sürətlə inkişaf edən meyillərə ləng reaksiyası öz növbəsində böhranın və onun nəticələrinin proqnozlaşdırılması imkanlarını tükəndirir. Açıqlanan bütün ssenarilər isə ədatən pessimist olur.
"Böyük depressiya"nın bir addımlığında
Son zamanlar aparıcı iqtisadiyyatların, o cümlədən ABŞ-ın, Yaponiyanın və Avropa Birliyinin hökumətləri iqtisadi durumun sabitləşməsi üçün yüz milyardlarla dollar ayrılmasını bəyəniblər. Ancaq ekspertlər güman edirlər ki, iqtisadi böhran hələ ki zəifləməyə doğru getmir.
Beynəlxalq Valyuta Fondu (BVF) və onun başçısı Dominik Stross-Kan pessimist proqnozlar sarıdan xüsusilə fəaldırlar. Stross-Kanın sözlərinə görə, dünya iqtisadiyyatının tənəzzülünün qarşısının alınması üzrə hakimiyyətlərin fiksal tədbirlərinin yetərincə olmaması ona səbəb olacaq ki, 2009-cu il qabaqcadan gözləniləndən də uğursuz olacaq.
BBC radiosuna müsahibəsində o bildirib ki, yanvar ayında BVF-nin dünya iqtisadiyyatı üzrə artım proqnozlarını azaltması müm-kündür. Daha sonra o əlavə edib ki, "2009-cu il gerçəkdən pis il olacaq". "Mən xüsusilə bir faktdan narahatam ki, artıq yetərincə pessimist olan bizim proqnozlar qəbul edilmiş fiskal tədbirlər gərək olan qədər olmadıqda getdikcə daha da ümidsizləşəcək",- deyə Stross-Kan vurğulayıb.
"Röyter"in məlumatına görə, kredit böhranı nəticəsində özəl tələbatın azalması ilə yaranmış boşluğu doldurmaq üçün BVF hökumətlərə ayrılan vəsaitləri artırmağı və ötərgi olaraq, vergiləri 120 trilyon manat və ya dünya üzrə illik məhsul istehsalının 2 faizi səviyyəsində azaltmağı təklif edir.
BVF-nin aparıcı iqtisadçısı öz rəhbərindən daha da irəli gedib və yeni böyük depressiyanın mümkünlüyündən danışır. Olivye Blanşar Fransada çıxan "Le Monde" qəzetinə müsahibəsində bildirib ki, dünya böyük ölçülü böhrana tuş gəlib və onun genişlənməsinin qarşısını almaq üçün hökumətlər iqtisadiyyata daha çox maliyyə yardımı etməlidirlər. "Milli hökumətlər və mərkəzi banklar var qüvvə ilə və tam imkan daxilində çalışıb böyük depressiyanın başlamasının qarşısını almalıdırlar",- deyə BVF eksperti vurğulayıb.
O.Blanşarın sözlərinə görə, elə vəziyyət yarana bilər ki, iqtisadiyyatın stimullaşdırılması üçün ümumi daxili məhsulun (ÜDM) 3 faizi həcmində məhsul təqdim etmək lazım gələr. Avropa Birliyi ölkələri üçün bu, lazım olan sərmayələrin iki dəfə artırılması demək olar. Çünki hazırda maliyyə və iqtisadi böhranın nəticələrinin aradan qaldırılması üçün təxminən ÜDM-in 1,5 faizi qədər vəsait xərclənməsi nəzərdə tutulur.
Onun fikrincə, belə olan durumda vergilərin həcmini azaltmaqdansa, dövlət tərəfindən yeni körpülərin tikintisi, məktəblərin təmiri kimi layihələrə sərmayələr yatırılması daha çox fayda verə bilər. "Vergi güzəştləri ona səbəb olacaq ki, vətəndaşlar əllərində qalan pulu qara gün üçün yığmağa başlayacaqlar",- deyə o vurğulayıb.
Müsbət məqamlar da var...
Bu sözlərin fonunda Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri barədə müsbət fikirləşən BVF təmsilçilərinin düşüncələrini də bilmək maraqlı olardı. Demək olar ki, dekabrın ortalarında Valeriya Fikerin rəhbərliyi altında BVF missiyası Bakıda oldu. O artıq bir neçə dəfədir ki, Azərbaycan iqtisadiyyatı barədə təhlillərlə çıxış edir və BVF ənənələrinə xilaf olaraq adətən müsbət qiymətlər söyləyir. Amma bu dəfə hətta dövlət rəsmilərinin də böhranın Azərbaycana fəlakətli olmasa da, hissedilən təsirlərindən danışması şəraitində hamı xanım Fikerin qiymətləndirməsinin o qədər də ürəkaçan olmayacağını düşünürdü. Ancaq tərsinə oldu...
"Biz Azərbaycanın 2009-cu il büdcəsinin, həmçinin dünya maliyyə böhranı fonunda Azərbaycan iqtisadiyyatının durumunun analizini apardıq. Biz bankların vəziyyətinə və Milli Bankın banklarla bağlı apardığı siyasətə də baxdıq və bildiririk ki, Azərbaycanın bank sistemi dayanıqlıdır. Azərbaycanın mərkəzi bankı uçot dərəcəsini və büdcə rezervləri üçün tələbləri azaldıb. Biz hesab edirik ki, bunlar düzgün qərarlar idi. Çünki Azərbaycan iqtisadiyyatı heç bir əsas olmadan dünya böhranının təsiri altında zərər çəkə bilərdi və bundan qaçmaq mümkün oldu. Azərbaycanın bank sistemində böyük problemlər müşahidə edilmir",- deyə V.Fikera Bakıya səfərinin yekununda bildirib.
Son zamanlarda Azərbaycanda ekspertlərin ən çox müzakirə etdiyi məsələlərdən biri tüğyan edən böhran fonunda 2009-cu il dövlət büdcəsinin layihəsidir. Bir sıra iqtisadçılar əmindirlər ki, dünya iqtisadiyyatı üçün söylənən kədərli proqnozları nəzərə alaraq, onu daha ehtiyatlı tutmaq lazım idi. Çünki Azərbaycan dünya birliyinə inteqrasiya edir, bir çox biznes qurumlarının xaricdə tərəfdaşları var. Bəziləri, hətta onlarla əməkdaşlıqdan asılıdırlar. Dünya üzrə istehsal səviyyəsinin düşməsi bizim ölkədən də yan keçə bilməz. Büdcənin əsas hesablamalarının əsaslandığı neftin qiymətinin isə proqnozlarda barrel üzrə 70 dollar olması bir çox iqtisadçıların ən çox tənqid etdiyi məsələdir. Onların fikrincə, neft bazarlarında nə gözlənildiyinin qeyri-müəyyən olduğu bir şəraitdə hökumət bu məsələyə çox ehtiyatlı yanaşmalı idi.
Yenə də "Əmma"sız olmur... Həmişə narazı olan BVF bu dəfə hökumət tərəfindən hazırlanmış büdcəni dayanıqlı və 2009-cu ili inamla keçməyə imkan verən kimi dəyərləndirdi. Fondda hesab edirlər ki, xarici aktivlər üzrə hökumətin və Milli Bankın mövqeyi möhkəmdir və yerli qurumlar tərəfindən qəbul edilir, həmçinin tam əsaslıdır və düzgündür. "Milli Bank və Maliyyə Nazirliyi riskləri yaxşı təsəvvür edir və onların öhdəsindən gəlməyə hazırdır. Başqa ölkələrdən fərqli olaraq Azərbaycan kapital axını ilə və bundan yaranan risklərlə rastlaşmadı, bu da Milli Banka risklərə daha səmərəli reaksiya vermək imkanı yaradır. Bununla belə, rəsmi qurumlar duruma diqqəti davam etdirməlidirlər", - deyə V.Fikera vurğulayıb.
Bəs neft bazarının çökməsi, ixracatından Azərbaycan iqtisadiyyatının çox asılı olduğu yanacaq qiymətlərinin dramatik şəkildə azalması necə olacaq? Ancaq Azərbaycanın 2009-cu il büdcəsi üçün dünya bazarında neftin qiymətinin düşməsi sarıdan risklər aşağı imiş, çünki büdcə əsasən Dövlət Neft Fondundan (ARDNF) olan transferlər hesabına formalaşırmış. "Hökumət büdcəni layihələşdirəndə neftin qiymətləri yüksək idi, ancaq hətta indiki şəraitdə də biz risk görmürük",- deyə xanım Fikera inandırmağa çalışıb.
Onun sözlərinə görə, ARDNF-dən dövlət büdcəsinə transferlərin həcmi neftin qiymətinin necə olacağından asılı olmayaraq qeydə alınıb. "Büdcənin neft qiymətlərinin dəyişməsindən birbaşa asılı olan hissəsi nisbətən kiçikdir",- deyə V.Fikera bildirib: "Bizim qiymətləndirməmizə görə, qiymətlər barrel üçün 40 dollar olarsa belə, hökumətin ümumi büdcə fiksal durumu müsbət olacaq. Mən düşünürəm ki, əgər qiymətlər 40 dollardan yuxarı olarsa, Neft Fondu pul yığmağa davam edəcək. Nəzərə alaq ki, ilin əvvəlinə ARDNF-ə 10 mlrd dollar yığılmışdı və il ərzində onun xərcləri 4 mlrd dollar olub. Daxilolmaların davam etməsi də nəzərə alındıqda, bu günə kimi fonda ən azı 7 mlrd dollar pul yığılıb. Başqa sözlə, qısamüddətli perspektivdə, yəni 2009-cu ildə büdcə üçün risk yoxdur",- deyə V.Fikera bildirib.
Ortamüddətli perspektivə gəldikdə isə, burada hər şey yaxın 2-3 ildə bazar qiymətlərinin özünü necə aparmasından asılıdır. Əgər bu cür aşağı səviyyədə qalacaqsa, onda büdcəyə düzəliş etməyə ehtiyac olacaq, ancaq bu mütəmadi edilməlidir. "İndiki qiymətlərlə 2009-cu ilin məcmu büdcəsində heç bir kəsir olmayacaq. ARDNF-in və dövlət büdcəsinin gəlirləri dövlət xərclərinin maliyyələşdirilməsi üçün yetərlidir",- deyə BVF missiyasının başçısı bildirib.
Maksimum artım, minimum inflyasiya...
Bununla yanaşı, BVF ekspertləri bu fikirdədirlər ki, 2009-cu ildə Azərbaycanın iqtisadi artımı MDB ölkələri içində ən yüksək - 12 faiz olacaq, neftdənkənar bölmənin payına isə 6 faiz artım düşəcək. "Bu ötən ilə baxanda xeyli azdır, ancaq nəzərə alsaq ki, gələn il dünya üzrə analoji göstərici 0% proqnozlaşdırlır, bu, yetərincə qənaətbəxş göstərici olacaq",- deyə V.Fikera bildirib.
Bunun qarşılığında isə inflyasiya bu il üçün proqnozlaşdırılan 17-20%-dən 2009-cu ildə azalaraq 9%-ə düşəcək. Bu isə dünya maliyyə böhranının müsbət effektidir. Düzdür, bütün bunlar BVF ekspertlərinin yekun rəyləri deyil, proqnozlara 2009-cu ilin iyun ayında, iqtisadiyyata beynəlxalq durumun təsirinin müəyyən edilməsindən sonra baxılacaq. "Biz kənd təsərrüfatında, infrastrukturda artım gözləyirik, ancaq sənayedə, xüsusilə də ağır sənayedə artım gözlənilmir", - deyə BVF missiyasının başçısı bildirib.
Ölkənin neft bölməsindən asılı olması məsələsinə gəldikdə isə, Fikerin sözlərinə görə, hökumət bü istiqamətdə bir sıra tədbirlər görüb. Bir qayda olaraq, onların nəticəsi müəyyən vaxtdan sonra görünür.
"Biz sanırıq ki, "vahid pəncərə" kimi sahibkarlıq subyektlərinin qeydiyyatı üzrə dəyişikliklər, gömrük məcəlləsində aparılan islahatlar müəyyən müddətdən sonra nəticə verəcək. Hazırda hökumət Vergi Məcəlləsinə dəyişikliklər və düzəlişlər layihəsi hazırlayır və sənədə may ayında parlamentdə baxılacaq. İstək olarsa, BVF bu məsələdə hökumətə texniki yardım göstərməyə hazırdır. Biz bilirik ki, hökumət bütövlükdə Azərbaycanda rəqabətqabiliyyətli biznes mühitinin qorunmasını nəzərdə tutur",- deyə xanım Fikera bildirib.
Başqa sözlə, BVF-də əmindirlər ki, Azərbaycanın iqtisadi gələcəyi təhlükəsizdir. Hökumət iqtisadiyyatın diversifikasiyasını davam etdirəcək, bu, dövlət investisiyalar proqramının başlıca komponentlərindən biridir, o cümlədən "yol təsərrüfatının, su təchizatının, enerjitəchizatının, kanalizasiyanın yaxşılaşdırılması davam etdiriləcək - bu, ölkəyə sərmayə cəlbi baxımından çox önəmlidir".
MƏSLƏHƏT GÖR: