
BOLİVAR və ÇE GEVARANIN İZİ İLƏ
Latın Amerikası inteqrasiyası konkret şəkil alır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Planetin müxtəlif yerlərində inteqrasiya prosesləri artıq çoxdan dünya siyasətinin vacib atributlarından birinə çevrilib. Bu, Latın Amerikasında da intensiv şəkil almaqdadır. Özü də buradakı inteqrasiya proseslərində yalnız sözügedən bölgəyə xas inqilabi romantizm ruhu da hiss olunur. Braziliyanın kurort şəhəri olan Kosta-du-Sauipedə Latın Amerikası və Karib hövzəsi ölkələrinin sammitində bu məqam bir daha özünü büruzə verib. Tədbir çərçivəsində 3 regional təşkilat - Rio Qrupu, Cənubi Amerika Ümumi Bazarı (MERKOSUR) və Cənubi Amerika Millətlər İttifaqı (UNASUR) liderləri arasında görüşlər də keçirilib.
Sosialist simalı inteqrasiya
Bu regionda baş verən prosesləri qitənin məşhur qəhrəmanlarından olmuş Simon Bolivarın arzuladığı hamını əhatə edən Amerikaarası inteqrasiyanın başlanğıcı saymaq olar. XIX əsrin əvvəllərində o, ispan əsarətçilərindən azad edilmiş torpaqları vahid dövlətdə birləşdirmək istəyirdi və bu məqsədlə Panamada Qitə Konqresi də çağırmışdı. Lakin Latın Amerikasında hökm sürən separatçı əhval-ruhiyyə onu planlarını reallaşdırmağa qoymadı.
Bolivarın istəyinə çatmaması Latın Amerikasının birləşdirilməsi ideyasını birdəfəlik dəfn etmədi və ötən əsrin ikinci yarısında əfsanəvi Çe Gevaranın simasında baş qaldıran sosialist hərəkatı ilə yenidən özünü göstərdi. O vaxtdan bu məkanda inteqrasiya prosesləri daha çox solçu ideyaları ilə əhatə olunub.
Onilliklərlə davam edən liberal iqtisadi siyasət və "şok terapiyası" Latın Amerikasında yaşayan milyonlarla insanın həyat səviyyəsini nəzərəçarpacaq dərəcədə ağırlaşdırdı. Özü də bu, qitədəki əksər ölkələrin oliqarx elitasının görünməmiş dərəcədə zənginləşməsi fonunda baş verdi. Bununla da son onilliklər ərzində Latın Amerikasının əksər ölkələrində sosialist hərəkatları bərpa olundu və solçu hakimiyyətlər quruldu.
Latın Amerikasının ən aşkar solçu siyasətçisi, təbii ki, region üçün "yeni ideologiya" təklif edən Venesuela lideri Uqo Çavesdir. Hələ 2005-ci ilin yanvarında Braziliyanın Portu-Aleqri şəhərində keçirilmiş Ümumdünya Sosial Forumunda çıxış edən Çaves bu ideologiyanı "XXI əsrin sosializmi" adlandırmışdı. O, öz platformasının cəlbedici olduğunu öz siyasətinin nailiyyətləri ilə əsaslandırmağa çalışır. Söhbət ölkənin neft gəlirlərinin böyük hissəsinin Venesuela əhalisinin maraqlarına xərclənməsindən gedir. Neft dollarları əvvəllər də bu ölkənin iqtisadiyyatının əsasını təşkil edib. Lakin Uqo Çavesin hakimiyyətə gəlməsinədək, demək olar ki, bu vəsaitlərin hamısı oliqarxların və korrupsiyalaşmış məmurların ciblərinə axırdı. Doğrudur, Çavesin ədalətli ictimai səliqə-sahman yaratmağa yönəlmiş səyləri hələ də sistemli xarakter almayıb. Burada mahiyyət etibarı ilə söhbət ölkə resurslarının sosial problemlərin həllinə yönəldilməsini nəzərdə tutan sosialist siyasəti xəttindən gedir. Lakin tam uğura nail olmaq üçün yoxsulluq və aclığın səviyyəsinin real olaraq aşağı salınmasına, elita ilə kütlə arasında hələ də mövcud olan dəhşətli fərqin aradan qaldırılmasına səbəb olacaq fundamental proqramların reallaşdırılması lazımdır. Bunun mahiyyəti ondan ibarətdir ki, əsasən, siyasi nəzarətin sərtləşdirilməsi zərurətini yaradan inqilabi dəyişikliklər demokratik idarəetmə prinsiplərinə uyğun olsun.
İnkişaf-2008
Latın Amerikası tarixində inteqrasiya proseslərində yeni səhifənin açılması 2008-ci ildə UNASUR-un yaradılması ilə bağlıdır. Təşəbbüskarı Braziliya olan UNASUR layihəsi haqda ilk danışıqlar hələ 8 il əvvəl başlanmışdı. Lakin onun yaradılması haqda müqavilə 2008-ci il mayın 23-də imzalanıb. Braziliyanın paytaxtında təşkil olunmuş imzalanma prosesində sənədi 12 dövlət başçısı imzalayıb. Bunlar Argentina, Boliviya, Braziliya, Venesuela, Qayana, Kolumbiya, Paraqvay, Peru, Surinam, Uruqvay, Çili və Ekvadordur. Həmin vaxt bu yeni regional birliyin əsas məqsədi kimi siyasi əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, ümumi maraqların qorunması, həmçinin bərabərhüquqlu dünya düzümünün yaradılması üçün qloballaşma prosesindən istifadə olunması göstərilib. Bundan başqa, regionda vahid iqtisadi, valyuta, məhkəmə və parlament sisteminin yaradılmasından da söhbət gedir.
Əlbəttə ki, Latın Amerikasında inteqrasiya prosesləri üçün qitənin əksər əhalisinin danışdığı iki doğma dil - ispan və portuqal dillərinin, həmçinin tarixin ümumi cəhətləri obyektiv əsas sayılır. İqtisadiyyata gəlincə, qeyd etmək lazımdır ki, son iki onillik ərzində Latın Amerikasında inteqrasiyanın iki modeli arasında mübarizə gedib. Birləşmiş Ştatların irəli çəkdiyi bir model Latın Amerikasının ABŞ-ın da daxil olduğu vahid azad ticarət məkanına qoşulmasını nəzərdə tutur. Bu zaman, təbii ki, ABŞ-ın dominantlığı əsas götürülür, çünki bu cür qurumun Ümumdaxili Məhsulunun 70%-i məhz Vaşinqtonun payına düşərdi.
Lakin Braziliya, Argentina, Venesuela, Uruqvay, Çili, Boliviya, Paraqvay və Nikaraquada Vaşinqtonun siyasi və iqtisadi tabeçilik vasitəsi kimi nəzərdə tutulan neoliberal ideologiyasını rədd edən yeni liderlərin hakimiyyətə gəlməsi ilə bu planın reallaşdırılması perspektivi yox olub.
Digər model isə 1991-ci ildə yaradılmış Cənubi Amerika Ümumi Bazarıdır (MERKOSUR). Onun tərkibinə Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela daxildir. ABŞ və Avropa İttifaqı ilə rəqabət qarşılığında qitənin milli iqtisadiyyatlarının birləşməsini nəzərdə tutan MERKOSUR-un struktur bazasında Latın Amerikasında inteqrasiyanın sürətləndirilməsi təklif edilir.
"MERKOSUR-un səsi artıq beynəlxalq forumlarda eşidilir. Artıq biz beynəlxalq böhranın effektlərinin qarşısının alınması üçün təkliflərimizi genişləndirməliyik",- deyə Braziliya prezidenti Lula da Silva Kosta-du-Sauipdə keçirilən sammitin açılışında bildirib.
"İnkişafdan kənarda qalmamalı"
Sammit iştirakçıları dünyada yaşanan iqtisadi böhrana görə məsuliyyəti inkişaf etmiş dövlətlərin üzərinə qoyublar. Latın Amerikası və Karib dənizi hövzəsi ölkələrinin tədbirin sonunda imzaladıqları bəyannamədə bu fikir yer alıb. Sənəddə o da qeyd olunur ki, böhranın nəticələrinin aradan qaldırılması üçün xərcləri də həmin dövlətlər üzərlərinə götürməlidirlər.
Prezidentlər dünyanın enerji bazarında tələblə təklif arasında disbalansın yaranması fonunda region ölkələrinin enerji inteqrasiyası səylərinin artırılmasını da vacib hesab edirlər.
Venesuela prezidenti Uqo Çaves bütünlükdə Latın Amerikası məkanı və Karib dənizi regionunda vahid maliyyə sisteminin yaradılmasını təklif edib. "Biz bu diskussiyalara vaxt itirməməliyik. Əsas valyuta kimi dollara əsaslanmayan, həmçinin Beynəlxalq Valyuta Fondu kimi yad qurumdan asılı olmayan öz sistemimizi yaratmalıyıq",- deyə Çaves qeyd edib.
Bu bəyanatı regional inteqrasiyanın lokomotivi olan Braziliya və Argentinanın prezidentləri də dəstəkləyiblər. Qeyd edək ki, qarşılıqlı hesablaşmalarda dollardan imtina təşəbbüsünü məhz bu ölkələr irəli sürüblər - onlar hesablaşmalarını Braziliya realı və Argentina pesosu ilə həyata keçirirlər.
Bu cür qərarlar Latın Amerikasında təxminən iki yüzillikdir ki, hökm sürən ABŞ hegemonluğunun qarşısının alınması baxımından vacib faktordur. Xüsusilə Kosta-du-Sauipdə keçirilən sammit regionun tarixində ABŞ nümayəndələrinin iştirakı olmadan keçirilən ilk belə əhəmiyyətli forum olub.
"Heç kəs ABŞ və Avropa İttifaqı ilə əlaqələri kəsmək istəmir. Lakin bizim üçün bu münasibətlərdə elə şərtlərin qurulması vacibdir ki, onlar həqiqi, ədalətli və adekvat olsun",- deyə Braziliyanın dövlət başçısı qeyd edib. Onun fikrincə, əks halda Latın Amerikası dövlətləri "daim yoxsul olacaqlar və inkişafdan kənarda qalacaqlar".
Bu mövqedən çıxış edən sammit iştirakçıları regionun hər bir ölkəsinin suveren hüquqlarını müdafiə etmək niyyətlərini ortaya qoyublar, "təhlükə, təcavüz və birtərəfli fəaliyyətdən sığortalanmış öz siyasi sistemlərini qurmaq" fikrində olduqlarını açıqlayıblar. Onlar ərazi bütövlüyünün dəstəklənməsi, dövlətlərin daxili işlərinə qarışılmaması və beynəlxalq məsələlərə çoxtərəfli yanaşmanın möhkəmləndirilməsi prinsiplərinə də dəstək nümayiş etdiriblər.
Latın Amerikası dövlətlərinin suverenliyin müdafiəsi istiqamətində atdıqları addım kimi, ABŞ-dan Kubaya tətbiq olunan embarqonun aradan qaldırılmasının tələb olunmasını göstərmək olar. "Biz ABŞ hökumətini BMT Təhlükəsizlik Şurasının 17 qətnaməsində yer alan tələblərə əməl etməyə, Kubanın iqtisadi, ticari və maliyyə blokadasını aradan qaldırmağa çağırırıq",- deyə region ölkələrinin birgə bəyanatında qeyd olunur.
Qeyd edək ki, bu demarş Latın Amerikasında yaşanan birliyin daha bir göstəricisi sayıla bilər. Belə ki, bu göstərici imperializmə qarşı mübarizəyə söykənir. İmperializm dedikdə isə, şübhəsiz, ABŞ nəzərdə tutulur.
Latın Amerikası və Karib hövzəsi dövlətlərinin əksəriyyətinin birqütblü dünyanı qəbul etməməsi, son illər beynəlxalq arenada birqütblülüyə qarşı əsas mübariz rolunu üzərinə götürmüş Rusiya ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi də buradan qaynaqlanır. Bununla yanaşı, hər şeyə rəğmən, artıq real fakta çevrilmiş yeni Latın Amerikası hərəkatı ilə həm ABŞ, həm də XXI əsrdə ciddi sınaqlar qarşısında olduğu görünən ümumi qlobal siyasi və iqtisadi sistem hesablaşmaq məcburiyyətindədir.
MƏSLƏHƏT GÖR: