14 Mart 2025

Cümə, 21:47

ELLADA QİYAMI

Yunanıstanda yaşanan son hadisələr bütün Avropa üçün siqnaldır

Müəllif:

01.01.2009

Yunanıstanda baş verən son hadisələri, tam əminliklə bütün Avropa üçün siqnal adlandırmaq olar. Qədim Ellada ölkəsində yaşanan ağır sosial-iqtisadi böhranın göstəricisi olan gənclərin üsyanı, əslində, ümumilikdə qitənin tarixində yeni dövrün başlandığını göstərdi. Və bu dövrün gəlişi son onilliklərboyu Köhnə Qitədə gedən bir sıra açıq və ya görünməyən proseslərlə birbaşa bağlıdır. 

 

Müqavimət Parfenonu

Kənardan sakit və sabit ölkə təsiri bağışlayan Yunanıstanda vəziyyət qəfildən partlayış həddinə çatdı: dekabrın əvvəllərində "asayiş keşikçiləri" ilə tələbələr arasında baş vermiş insident zamanı güllə yarası alaraq, dünyasını dəyişmiş 15 yaşlı yeniyetmə Aleksanros Qriqoropulosun ölümü ilə bütün aləm bir-birinə dəydi. Bu faciəli hadisədən sonra ölkəni bürüyən etiraz dalğasının başında üç universitet - Afinadakı Politexnik, Afina Universitetinin hüquq fakültəsi və Salonik Universiteti dururdu. Qeyd edək ki, Politexnik Universiteti ümumiyyətlə bu cür hadisələr zamanı daim öndə olur - tələbə təlatümləri zamanı bu ali məktəb, adətən, anarxistlər və solçuların nəzarətinə keçir. Xatırladaq ki, 1973-cü ildə ölkəni idarə edən "qara polkovniklər"in faşist xuntasına qarşı tələbə üsyanı da məhz bu ali məktəbdən başlamışdı. O zaman bu üsyan qəddarlıqla yatırılsa da, sonda bu hərəkat demokratiyanın qələbəsi ilə başa çatdı.

İndi isə vəziyyət fərqlidir: hazırkı qanunvericilik polis və hərbi birləşmələrə rektorat və məhkəmənin qərarı olmadan, ölkənin ali məktəblərinin ərazisinə daxil olmağı qadağan edir. Ön sıralarda anarxistlərin olduğu etirazçı gənclər də bu qanundan istifadə edərək, universitetin ərazisini əməlli-başlı "hərbi baza"ya çevirib: oraya sığınan anarxistlər, sonradan ətraf küçələrə "basqın" edir, mağaza və avtomobillərə od vurur, polislə toqquşmalara gedir və sonradan yenidən "toxunulmaz" məkan olan universitetin ərazisinə qayıdır.

Dekabrın ortalarında isə "etirazçılar"ın taktikasında müəyyən dəyişiklik baş verdi. Artıq onlar yalnız küçə nümayişləri və talanlarla kifayətlənməyərək, daha radikal addımlar atdılar: radio və televiziya studiyalarını ələ keçirən tələbələr bu kanallar vasitəsilə bir neçə dəqiqəlik antihökumət bəyanatları səsləndirərək,  əhalini "etirazçılar"a qoşulmağa çağırdılar.

İğtişaşçı gənclərin hədəflərindən olan dövlət televiziyasının rəhbəri Xristos Panaqopulos hesab edir ki, söhbət yaxşı hazırlanmış aksiyadan gedir. "Onlar rejissor pultları, mexanizmlər və kameralardan yaxşı istifadə etməyi bacarırdılar. Bütün bunlar əvvəlcədən planlaşdırılmış məsələlərdir", - deyə o qeyd edib.

Bundan bir neçə gün sonra yenidən güclənən etiraz dalğası Yunanıstanın şəhərlərini "ağuşuna almağa" başladı. Afinanın mərkəzində keçirilən mitinqə minlərlə radikal qatılmışdı və dinc aksiya tezliklə polislə toqquşmaya çevrildi. Polis Akademiyasının binasına və onun ətrafındakı polis avtomobillərinə od vuran anarxistlər, asayiş keşikçilərinin ofisləri və inzibati binaları ələ keçirmək niyyətində olduqlarını gizlətmirdilər. Gənclər hərəkatının mərkəzi isə məşhur Afina Akropolu idi. Qiyamçılar Parfenonun ətrafında üzərində yunan, ingilis və alman dillərində "MÜQAVİMƏT" sözü yazılmış şüar asmışdılar. "Etirazçılar"ın liderləri əməllərini belə əsaslandırırdı: "Biz dövlət zorakılığına qarşı etiraz səsi ucaltmaq, təhsil və iş tələb etmək üçün məhz bu demokratiya abidəsini, bütün dünyada məşhur olan monumenti seçmişik". 

Bu sözlərə diqqət yetirsək, evlərdən və təhsil ocaqlarından küçələrə çıxmış on minlərlə insanı etiraz aksiyalarına sövq edən motivləri anlayarıq: onlar özlərinə qarşı "dövlət zorakılığı" siyasəti yürüdənlərə qarşı sona qədər mübarizə aparmaq əzmindədirlər.

 

Karamanlis dalanı

Əslində, anarxist gəncin qətli xalqın dolmuş səbir kasası üçün sonuncu damla oldu. Ona görə "xalqın" sözünü işlədirik ki, əslində, tələbələrin aksiyasını Yunanıstan ictimaiyyətinin kifayət qədər böyük hissəsi dəstəkləyir və nümayişlərdə heç də yalnız gənclər iştirak etmir. 

Bir məqamı da qeyd etmək lazımdır ki, məsələn, Paris ətrafında baş vermiş oxşar hadisələrdən fərqli olaraq, Afinada küçələrə kasıb və yoxsullar yox, daha çox rifah halı yüksək olan ailələrin uşaqları çıxıb. Üstəlik, Paris iğtişaşlarından fərqli olaraq, Afinada aksiyalara qoşulanlar digər etnik qruplar yox, yunanlardır. Və əgər cəmiyyətin bu ali təbəqəsi də perspektivsizlik və ümidsizlikdən şikayətlənirlərsə, onda biçarə yoxsul təbəqənin hansı şəraitdə yaşadığını təsəvvür etmək olar. 

Təbii ki, qiyam və kütlənin etirazı toqquşmalarsız ötüşmür, ələlxüsus da nəzərə alsaq ki, küçələrə çıxan anarxistlər iğtişaş törətməyi çox sevirlər. 

Düzdür, yunanların əksəriyyəti xuliqanların əməllərini pisləyir. Amma istənilən halda, indiyədək sakit və sabit həyat sürən şəhərlərin küçələrində yaşananları, qarşılarına çıxan hər bir şeyi alt-üst edən gənclərin hamıya nifrət bəsləməsini, müəyyən mənada, Ellada əhalisinin geniş zümrəsinin etiraz göstəricisi saymaq olar.

Bəs görəsən, ölkədə bu cür əhval-ruhiyyənin yaranmasının səbəbi nədir? 

Yunanıstan əhalisinin böyük bir hissəsi Kostas Karamanlisin rəhbərlik etdiyi hökumətin fəaliyyətindən narazıdır. Xatırladaq ki, o, hakimiyyətə 2004-cü ildə Afina Olimpiadası ərəfəsində vətənpərvərlik əhvalının yüksəldiyi dönəmdə gəlib. Lakin qısa müddətdən sonra çoxsayla korrupsiya qalmaqalları və iflasa uğrayan iqtisadi siyasət hazırkı hökumətin əhalinin gözündən düşməsinə səbəb olub. Çünki Yunanıstan əhalisinin böyük bir hissəsinin yaşayış səviyyəsi məhz bu siyasət nəticəsində pisləşib və bu gün ölkədə baş verən hadisələr də məhz bu siyasətin əks-sədasıdır. İnsanlar əməkhaqlarının aşağı olmasından, mənzil və ərzaq məhsullarının bahalığından şikayətlənirlər. Ölkədə işsizliyin səviyyəsi 10%-ə çatıb, gənclər iş tapa bilmədikləri üçün ölkəni tərk etmək məcburiyyətində qalırlar, hökumətin daxili borcu artır, Afina Olimpiadasının təşkili üçün "xərcə düşmüş" dövlət büdcəsi isə hələ də özünə gələ bilmir. 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (hələ 1961-ci ildə yaradılmış Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının hüquqi varisi) proqnozlaşdırır ki, gələn il Yunanıstanda iqtisadiyyatın səviyyəsi daha 2% aşağı düşəcək. Buna səbəb kimi isə istehsalın rekord sürətlə azalması göstərilir.

Dünyada yaşanan iqtisadi böhran isə vəziyyəti daha da ağırlaşdırır. Təbii ki, bütün bu neqativlər, ölkədə vəziyyəti dəyişmək istəyən insanlarda etiraz əhval-ruhiyyəsini artırır. Nümayişlərin qızğın vaxtında bütün ölkədə başlanmış tətil isə sübut etdi ki, narazılıq yalnız solçu gənclərdən qaynaqlanmır. 

Qeyd edək ki, tətili təşkil edən iki nəhəng həmkarlar ittifaqları təşkilatları özündə 2 milyondan artıq insanı birləşdirir. Bu isə ölkənin əmək qabiliyyətli əhalisinin, təxminən, yarısı deməkdir. Həmkarlar İttifaqları əməkhaqlarının, pensiyaların və işsizlərə ayrılan müavinətlərin məbləğinin artırılmasını, yoxsul ailələrə yardım göstərilməsini  tələb edir.

Tələbələr və etiraz dalğasına qoşulmuş əhalinin digər təbəqələrinin əsas tələbi Kostas Karamanlis hökumətinin istefaya getməsidir. Ölkənin aparıcı müxalifət partiyası olan Ümumyunanıstan Sosialist Hərəkatı (PASOK) da nümayişçilərlə həmrəydir. Partiyanın lideri Georqios Papandreu bildirib ki, "Yeni demokratiya" partiyası tərəfindən formalaşdırılmış hökumət böhranı aradan qaldırmaq iqtidarında deyil və o, yunan xalqının inamını itirib. Müxalifət liderinin fikrincə, yaranmış vəziyyətdən çıxış yolu növbədənkənar parlament seçkisinin keçirilməsindədir.

Göründüyü kimi, özü-özünü dalana dirəmiş hökumət, faktik olaraq, əhalidə ümidsizlik və radikallığı artırmaqdan başqa heç nəyə nail olmayıb. Bu ümidsizlik isə, artıq qeyd etdiyimiz kimi, yanan mağaza və avtomobillərdə özünü göstərir.

Digər tərəfdən, etiraz dalğasının kökündə duran əsas məsələlər yalnız ölkə daxilindən qaynaqlanmır. Yunanların fikrincə, ölkədə yaşayış səviyyəsinin kəskin şəkildə ağırlaşması 6 il əvvəl avroya keçilməsindən sonra başlayıb. Üstəlik, Brüssel rəsmilərinin bir müddət əvvəl Karamanlis hökumətinin iqtisadi siyasətindən razılıq etməsi, xüsusilə, büdcə defisitinin azaldılması və özəlləşdirmənin davam etdirilməsinə görə hökuməti tərifləməsi də Avropa İttifaqının ünvanına səslənən etirazları artırıb. Çünki yunanlar əmindirlər ki, məhz Brüsselin təriflədiyi bu "düzgün" islahatların nəticəsidir ki, bu gün hökumətlə xalq üz-üzə dayanıb. Əhali hesab edir ki, Yunanıstanda tətbiq olunan "vəhşi kapitaliz"min kökləri ultraliberal Avropa İttifaqının "beyin mərkəzləri"ndən qaynaqlanır. Yunan "etirazçılar"ınin bütün Avropa gənclərinə müraciət edərək, onlardan dəstək istəməsi də təsadüfi deyil.

 

"Zülm edilənlərin harayı"

Şübhəsiz ki, yunan gənclərinin etiraz dalğasının ümumi Avropa cəmiyyəti və siyasi həyatına birbaşa aidiyyəti var. Çünki anarxist qiyam sindromu artıq qitənin digər ölkələrində də hiss edilməkdədir. Afinada baş verənlərin ardından yunan həmyaşıdlarına dəstək məqsədi ilə İtaliya, Danimarka, Fransa və Almaniyada da etiraz aksiyaları keçirilib. Onların "demokratiyanın atası" sayılan Periklin vətənindən aldıqları siqnalın isə ümumilikdə Avropa ictimaiyyətinə ünvanlandığını söyləmək olar. Bu çağırışın mahiyyətini yunan üsyançılarının bəyanatlarında və yaydıqları materiallarda görmək mümkündür. Bu çağırışlarda yunan qiyamçıları qlobal dünya düzümünə dair baxışlarını açıqlayırlar, "müasir kapitalist sistemini" və mövcud beynəlxalq münasibətləri kəskin tənqid edirlər.

"Əyninə sülhməramlı maskası keçirmiş demokratik rejim hər gün Aleksisləri öldürməsə də, hər gün minlərlə Əhmədləri, Xorxeləri, Cin Taoları və Benazirləri qətlə yetirir, sistematik olaraq amansızcasına üçüncü dünyanı, yəni dünya proletariatını məhv edir. Və bu gün azadlıq ideyası hər gün həyata keçirilən bu qırğından doğur. Amma bu ideya yalnız ümumbəşəri dəyərlər, hər kəsin təbii hüquqları uğrunda çağırış yox, həm də zülm edilənlərin harayıdır",- deyə Yunanıstanda yeni anarxizmin ifadəçiləri bildirir. Buna nail olmaq vasitəsi kimi "müddətsiz tətillər"in keçirilməsi təklif olunur və bildirilir ki, məhz bu yolla yaşanan kollapsın əvəzinə yeni münasibətlər - həmrəylik və kollektivizm münasibətləri yaranacaq. "Biz sinfi mübarizənin yenidən dirçəlməsinin başlanğıcında dayandığımıza görə çox xoşbəxtik. Çünki məhz bu sinfi mübarizə bizi böhrandan çıxara, inqilabi dəyişikliklərə gətirə bilər",- deyə yunan gənclərinin liderləri bildirirlər. 

Qiyam zamanı onun rəhbərlərindən biri, "antikapitalist solçu qruplar koalisiyası birliyi" adlı təşkilatın mətbuat katibi Panaqiotis Sotiris isə baş verənlərə belə münasibət bildirib: "Biz böyük sosialist inqilabının şahidi oluruq".

Avropanın digər ölkələrində də belə baxışlar üçün bünövrə varmı? Şübhəsiz. Yunanıstanda gözlənilmədən baş qaldırmış antikapitalist üsyanı ümumavropa miqyasında çoxdan yetişib. "Qızıl milyard" ölkələri liderlərinin bütün siyasi forumları zamanı antiqlobalçıların genişmiqyaslı etiraz aksiyalarını xatırlamaq kifayətdir. 

Və tam əminliklə söyləmək lazımdır ki, 3 il əvvəl Avropa İttifaqının vahid Konstitusiya qəbul etmək istəyinin iflasa uğraması da məhz Avropada dolaşan "inqilab kabusu"nun göstəricisi idi. Məhz bu məsələ Avropa elitası ilə vətəndaş cəmiyyəti arasında ciddi ziddiyyətlərin olduğunu üzə çıxardı. Halbuki, bu vətəndaş cəmiyyətinin böyük hissəsini yoxsul təbəqə deyil, inkişaf etmiş Qərb dövlətlərinin əsas dayağı hesab edilən orta təbəqə təşkil edir.

Yunanıstanda baş verənlər ümumilikdə Avropa cəmiyyəti üçün daha bir son dərəcə vacib tarixi dərs sayılmalıdır. Onların timsalında biz yalnız elita ilə xalqın toqquşmasının şahidi olmadıq, həm də hakimiyyətdə təmsil olunan qrupun özbaşınalığının sosial ierarxiyanın aşağı qatındakı təbəqənin özbaşınalığına yol açmasını müşahidə etdik. 

Yunan şəhərlərinin küçələrində yaşanan iğtişaşlar indiyədək yeridilən ultraliberal siyasətin nəticəsi kimi qəbul olunmalıdır. Bu siyasət insana alqı-satqı obyektinə çevrilməkdən başqa, heç bir şans vermir. Bu iğtişaşlar həmçinin marginal və qeyri-təbii reallıqların zorla çoxluğa sırınmasına da cavabdır. Və belə görünür ki, müasir Avropa onu daxildən sarsıtmağa başlayan siyasi sistemə qarşı davam gətirmək üçün çıxış yolları tapmalı olacaq. Çünki siyasi azlıqların maraqlarını əsas götürən bu sistem artıq çat verməyə başlayıb.

Bu mənada, yunan qiyamının dağıdıcı gücü Qərb sivilizasiyasına tutduğu yola yenidən baxmağı zəruri edir. Bu prosesin önündə gənclik, yəni Avropanın gələcəyi dayanır. Təsadüfi deyil ki, bu qiyam bir vaxtlar demokratiya və siyasi azadlıqlar anlayışının yarandığı bir ölkədən başlayıb. Odur ki, əminliklə söyləmək olar ki, gənc yunanın qətlindən doğmuş qığılcım, əslində, Köhnə Qitənin simasını dəyişmək gücündə olan alova çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

459