14 Mart 2025

Cümə, 21:43

DAHİNİN İSTƏYİ İLƏ

Böyük maestro Mstislav Rostropoviçə həsr edilmiş II Beynəlxalq Festival Bakının Musiqi Həyatında əsas hadisə olub

Müəllif:

15.12.2008

Oktyabrın axırlarında, yəni bu yaxınlarda ABŞ-ın paytaxtı Vaşinqtonda çağdaş dünyanın böyük musiqiçisi, əfsanəvi violonçel ustası, bakılı maestro Mstislav Rostropoviçə həsr edilmiş festival keçirildi. Bu hadisədən heç iki ay da keçmədi ki, dünyanın başqa bir ucunda, Azərbaycanın paytaxtı Bakıda   maestro Mstislav Rostropoviçə həsr edilmiş II  Beynəlxalq Festivala start verildi.   

Əfsanəvi musiqiçinin dühası mümkünsüzləri mümkün etdi, yalnız öz mövcudluğu ilə iki əks qütbü birləşdirə bildi, dünyanı fəth etdi, onun ayrılmaz hissəsinə çevrildi, onun üzərində trimfual gəzintidən sonra öz kiçik cənub şəhərinə, vətəninə dönməyi bacardı.  O, indi aramızda yoxdur, ancaq  onun istedadı, öz ustalığını və müdrikliyini bölüşməyə can atması, hər bir bakılı üçün doğma olan Mstislav Leopoldoviç Rostropoviç adı və böyük xatirəsi bizimlədir.

Maestro tərəfindən yaradılmış və hazırda qızı Olqa Rostropoviçin başçılıq etdiyi fondun yetirməsi olan gənc musiqiçilər Vaşinqtonu fəth etdilər. Bakını isə fəth etməyə ehtiyac yox idi, çünki  Mstislav Rostropoviç adına festival artıq ikinci il idi ki, keçirilirdi və onda iştirak üçün dirijorlar Yuri Başmet, Maksim Venqerov kimi dünya klassik musiqisinin  ulduzları, Milan orkestri və Verdi xoru kimi dünya səviyyəli kollektivlər, Qalina Vişnevskaya Opera İncəsənəti Mərkəzinin solistləri gəlmişdilər. Festivalın açılışı 9 dekabrda Azərbaycan Dövlət Filarmoniyasında oldu. Həmin gün tamaşaçı ilə dolu olan zalı Rostropoviç Fondunun prezidenti, musiqiçinin qızı Olqa Rostropoviç salamladı.

Festivalın Dövlət Filarmoniyasının, Heydər Əliyev Sarayının, Opera və Balet Teatrının, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının səhnəsində keçirilməsi ərzində Azərbaycan, Rusiya, ABŞ, İtaliya və Fransa kollektivlərinin çıxışları oldu. Orada simfonik musiqi konsertləri, lokal və opera klassikası nümunələri, kamera instrumental əsərləri təqdim edildi. Açılış konsertində həm də Azərbaycan Dövlət Simfonik Orkestri, pianoçu Murad Adıgözəlzadə, violonçel ustası Filipp Ksavye çıxış etdilər.

Yuri Başmetin bədii rəhbərlik və dirijorluq etdiyi "Moskva solistləri" ansamblının konserti ertəsi gün dekabrın 10-da baş tutdu. Filarmoniyada isə Mstislav Rostropoviç Fondunun təqaüdçülərinin, Qalina Vişnevskaya Opera İncəsənət Mərkəzinin solistlərinin konserti isə "uşaq günü"nə təsadüf etdi. Dekabrın 12-də isə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının beşilliyi münasibətilə Verdinin "Rekviem" əsəri Milan orkestrinin ifasında və solistləri Anjela Kieri (soprano), Katarina Karneus (messo-soprano), Mario Malanini (tenor), Zayana Atxa (bas) olan xorun iştirakı ilə gerçəkləşdi. Festivalın təntənəli bağlanmasında isə Motsartın musiqisi, "Fiqaronun toyu" operasının uvertürası səsləndi. Həmçinin Çaykovskinin skripka üçün Konserti ABŞ-lı Reya Çeanın ifasında dirijor Maksim Venqerovun idarəsi altında ifa edildi. Həmçinin Mendelsonun "Şotland simfoniyası" da səsləndi.

Qeyd edək ki, II Beynəlxalq Musiqi Festivalının təşkilatçılığını Rostropoviç Fondu, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi həyata keçirmişdir. Olqa Rostropoviç xarici KİV-lərə müsahibəsində bildirmişdi ki, Bakıda festivalı təşkil etmək Vaşinqtondan daha asandır: "Çünki Bakıda insanlar nəyisə etməyə səy göstərəndə, çox sayda çətinlikdən asanlıqla keçə bilirlər. Amma Vaşinqtonda bunu etmək çətindir. Orada sazişlər bağlamaq lazımdır, çünki orada həmkarlar var. Atamı Bakıda çox sevirlər. Buna görə də burada onun üçün "yox" kəlməsi işlənmir. Əgər onlar deyirlərsə, ediləcək, deməli, problem olmayacaq. Əgər Vaşinqtonda və Bakıda şəhərin ortasında dayanaraq Mstislav Rostropoviçin kim olduğunu soruşsaq, təbii ki, hər iki şəhərdə onu tanıyacaqlar. Ancaq Bakıda onun haqqında hər şeyi bilirlər. Bax, mən öz uşaqlarımı misal göstərə bilərəm. Keçən il çox maraqlı bir hadisə baş verib. Onlar indi İsveçrənin "Beau Soleil" məktəbindədirlər. Bu barədə indi 12 yaşı olan oğlum danışır. O deyirdi: "Ana, sən demə, bizim məktəbdə Bakıdan bir oğlan oxuyur. O biləndə ki Rostropoviç bizim babamızdır, bizi qucaqladı, öpdü və dedi ki, bizimlə tanış olmaq onun üçün böyük şərəfdir". Həmin oğlanın 12 yaşı var!".

Mətbuat konfransında Olqa Rostropoviç xüsusi qeyd etdi ki, doğma şəhərində bu tədbirin keçirilməsi atasının vəsiyyətidir. "Mən son aylarını atamla birgə xəstəxanada keçirdim. O, tez-tez Bakını xatırlayırdı. Buraya gəlmək, ardıcıl konsertlər vermək istəyirdi. Buna görə də Rostropoviç festivalı mənim atamın vəsiyyətidir və mən çox səylə bunu həyata keçirirəm",- deyə o bildirdi.

O.Rostropoviç "svoboda-news.ru"ya müsahibəsində bildirib ki, "atası Bakını çox sevirdi. Orada keçirdiyi bir neçə ili çox böyük xoşbəxtliklə xatırlayırdı. Əlbəttə ki, Azərbaycan prezidenti atamdan xəbərsiz olaraq həmin mənzili boşaltmışdı və orada Mstislav və Leopold Rostropoviçlərin muzeyini yaratmışdı. Bu, atam üçün böyük hədiyyə idi. Çünki atam öz atasını çox sevirdi. Onu erkən, cəmi 14 yaşında itirmişdi. Atasının adının öz adı ilə yanaşı tutulması, həmçinin babamın vaxtı ilə ticarətlə məşğul olduğu küçədə yerləşən məktəbin Mstislav və Leopold Rostropoviçlərin adını daşıması atamı çox həyəcanlandırmışdı. Bu şəhər onun üçün çox önəmli idi. O, xəstə olanda mən iki ay onun yanında xəstəxanada qaldım. O, demək olar ki, Bakıya can atırdı və yazılmış operanı orada ifa etmək istəyirdi. Heç nə alınmadı. Ancaq atamın həmin operanı ifa etmək ideyasından festival yarandı. Atam istəyirdi ki, mən bunu edim. O istəyirdi ki, Bakı musiqi paytaxtına çevrilsin. Müəyyən mənada, o mənə bu göstərişi verib və mən həmin göstərişi yerinə yetirməyə çalışıram". 

O.Rostropoviç danışırdı ki, keçən il festival qısa müddətdə təşkil edilmişdi. "İnsanlar ani razılaşdılar. Yuri Başmet heç nə fikirləşmədən "hə" dedi. Qiya Kançeli atamın xatirəsinə məqalə yazdı. Nataşa Qutman uçub gəldi. İndi festival hər il keçiriləcək. Bu il festivalda Maksim Venqerov dirijorluq edir. 2010-cu ildə Zubin Meta "Di Macio" orkestri ilə gələcək. 2011-ci ildə isə İsrail filarmoniyasının orkestri çıxış edəcək. Düşünürəm ki, atam bunları görsəydi, xoşbəxt olardı. Keçən il bizə elə gəldi ki, atam bizimlə birgə bu zaldadır. Məndən ötrü o hər yerdədir".

Sevindiricidir ki, bakılıları, demək olar ki, bir ay musiqi dünyasına qərq edən festival bizim həmyerlilərimiz olan gənc musiqiçilərin yeni-yeni adlarını ortaya çıxardır. Onlar artıq yerli və xarici müsabiqələrdə öz sözlərini deyiblər. Festival çərçivəsində dünyanın tanınmış musiqiçilərinin də adı sadalandı. Bu, gerçəkdən çox xoşdur ki, bu səviyyədə ulduzlar böyük Rostropoviçlə bağlı layihədə iştirakı özlərinə şərəf sayırlar. Və bu önəmli hadisə məhz Azərbaycan torpağında, bizim böyük həmyerlimizin doğma şəhərində baş tutdu. O məhz bunu istəyirdi...


MƏSLƏHƏT GÖR:

317