Müəllif: Sabirə MUSTAFAYEVA Bakıa
Biz onları görmürük və demək olar ki, heç vaxt xatırlamırıq. Daha doğrusu, biz onları görmək və xatırlmaq istəmirik, onların dərdinə sakitcə şərik olmağa üstünlük veririk. Özü də o vaxt ki onlar təsadüfən gözümüzə sataşırlar. Biz bilirik ki, onların çoxlu problemləri var, ancaq bu barədə nadir hallarda danışırıq. Deyirik ki, onsuz da onlara kömək edə bilməyəcəyik. Amma bununla yanaşı onlar var və demək olar ki, səslərini çıxarmadan yaşayırlar.
Onlar da həyatdan zövq almaq, işləmək, sevmək, dincəlmək, şəhərdə gəzmək, sağlam olmaq, yəni mövcudluğu bütün tamlığı ilə duymaq istəyirlər. Ancaq çətin ki, buna nail olsunlar. Fiziki qüusurlu insanın şəhərdə gəzdiyini nadir hallarda görmək olar (biz onları əlil adlandırırıq, ancaq beynəlxalq terminologiyaya görə bu anlayış dəqiq təyinat deyil). Onlar küçəyə çıxmamağa üstünlük verirlər. Regionlardan danışmağa dəyməz, heç Bakıda da əlil arabasında olan adamın hərəkət etməsi üçün çox vaxt kənar kömək lazımdır. Onların içində çox az adam dəstək, yaxın adam olmadan küçəyə çıxmağa qərar vermir. Bununla yanaşı, fiziki qüsuru olan adamların içində tənhaların sayı az deyil. Onları nə etmək lazımdır?
Bu ağırdır. Özünü yarımçıq hiss etmək, doğma şəhərini şikəstliyi olan insanlar üçün yer tapılmayan düşmən və yabançı dünya saymaq çətin dərddir. Bu şəhərdə onların avtobusa minib-düşməsi, pandusu olmayan yeraltı keçidə enib-qalxması çox çətindir. Binalar barədə isə heç danışmayaq.
Zəif görənlər isə anlamırlar ki, işıqforda hansı rəng yanır, onların yol keçməsi çox çətindir. Ətrafdakılar nəinki onlara yardım etməyə çalışır, sadəcə, yan keçməklə yaxa qurtarırlar. Hətta onlarla ani belə üz-üzə gəlmək istəmirlər...
Oralarda...
Əlillik cinayət və ayıb deyil, ancaq bizim toplumda fiziki qüsuru olan insanlar tərki-dünya həyatı yaşayırlar, çünki hətta ikinci mərtəbədən aşığı düşmək belə onlar üçün çətin məsələdir. Onlar sanki ev dustağıdırlar, "əlil" sözü isə şüurlarda buna uyğun anlam - çoxsaylı problemi olan zəif və bədbəxt insan anlamı yaradır. Əslində bu elə belədir.
Biz, məsələn, Fransada olmuş soydaşlarımızın söhbətlərinə heyrət edirik. Orada fiziki qüsuru olan insanlar özlərini toplumun bərabər hüquqlu üzvü sayırlar, ictimai nəqliyyatda qalxaraq onlara yer verəndə özlərini təhqir olunmuş sayırlar. Onlar heç zaman bu "hörmət"dən yararlanmaq istəmirlər, çünki özlərini bədbəxt və incidilmiş saymırlar. Çünki onlar üçün bütün şərait yaradılıb, - həm işləmələri və karyeraya can atmaları, müstəqil hərəkət etmələri, həm də əlilliyə görə lazımi qədər müavinət almaları üçün hər cür imkan var.
Buna görə də Avropada əlillik xəstəlik deyil, barışmaq mümkün olan həyat tərzidir. Əgər ətrafdakı mühit sağlamdırsa, sənə yazıqları gəlmirsə və adi insanların dünyasına paralel şəkildə fiziki məhdudiyyətli insanların da dünyasını yaradırlarsa, onda xüsusi yox, ümumtəhsil məktəbləriində də təhsil almaq mümkündür. Özü də bu iki dünya bir-birinə yabançı deyil, eyni məkan və zaman ölçülərində yerləşirlər. Düzdür, bizdə ictimai nəqliyyatda əlillərə yer verirlər. Ancaq bunu yazıqları gəldikləri üçün edirlər. Yanlış olaraq düşünürlər ki, bunu etməklə həmin insanlar qarşısında xeyirxahlıq missiyasını bitirmiş olurlar.
Amma demək olar ki, bir saniyə sonra onların mövcudluğunu, qəpik-quruş şəklində əlillik müavinəti almalarını, ayda-ildə bir dəfə şəhərə çıxa bilmələrini və bunların nəticəsi olan dərin psixoloji zədələrini unutmuş oluruq. Özü də bu cür yanaşma möhkəm yer tutub. Nəinki bahalı protezlər, əlil arabaları almağa, çox vaxt onların bir tikə çörək üçün pulları olmur. Həm də nə cürsə evdən çıxa bilən əlillər öz şikəstlikləri üzündən iş tapa bilmirlər, onları sadəcə olaraq, heç yerdə işə götürmürlər. Onların nə yeməyə, nə geyinməyə, nə də bahalı dərmanlara pulu çatır. Çox vaxt əlillik pensiyası bu adamların yeganə dolanışıq mənbəyidir. Və onlar bundan artıq heç nəyə ümid edə bilmirlər.
2008-ci ilin avqust ayında Azərbaycan prezidenti İlham Əliyev sosial müavinətlərin artırılması barədə qərar qəbul edib. Bundan sonra birinci qrup üzrə müavinət 50 manata, ikinci qrup üzrə 35 manata və üçüncü qrup üzrə isə 30 manata çatdırılıb. Həmçinin, orta aylıq pensiya müavinətinin məbləği artırılıb. Birinci qrup əlillər üçün 75 manata, ikinci qrup əlillər üçün 55 manat 75 qəpiyə və üçüncü qrup əlillər üçün 34 manat 7 qəpiyə çatdırılıb. Əlillərin özləri isə diqqətə görə çox minnətdardırlar, ancaq onu da deyirlər ki, bu pullar imkanları məhdud olan insanların bütün ehtiyaclarını ödəyə bilməz.
Bizim əlillərin başqa bir problemi isə əlil statusunun alınması ilə bağlıdır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də etiraf edirlər. Sözügedən qurumun başsçısı Füzuli Ələkbərov APA agentliyinə müsahibəsində bildirib ki, "ölkədə əlilliyin təyin edilməsini biznesə çeviriblər. Bu, xüsusilə də cənub rayonlarında güclüdür". Füzuli Ələkbərov bildirib ki, son zamanlarda yaşı 16-ya çatmamışlar arasında psixi pozuntular və əsəb sistemi xəstəlikləri üzrə əlillik alanların sayı artıb.
"Yoxlamalar zamanı bəlli oldu ki, yalnız bir kənddə 39 psixi xəstə uşaq var. Buna son qoymaq lazımdır",- deyə nazir vurğulayıb. Bundan başqa, Füzuli Ələkbərov yeni doğulmuş uşaqlara əlillik statusu verilməsi ilə bağlı da narazılıq ifadə edib. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik təyin edilməsinin yeni meyarlarını işləyib - hazırlayıb.
"İndi istənilən insana əlillik verməyə imkan yaradan meyarlar təkmil deyil. Yeni meyarların hazırlanmasında Rusiyanın və başqa ölkələrin təcrübəsi öyrənilib",- deyə nazir vurğulayıb. Onun sözlərinə görə, dəyişikliklər artıq gələn il tətbiq ediləcək. Bundan sonra kimi əlil saymaq aydınlaşacaq və prosesin obyektivliyi təmin ediləcək. Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda Azərbaycanda 440 min, yəni əhalinin 5 faizi qədər əlil var. Dünya üzər isə əhalinin 6-8 faizi əlil sayılır.
Zərər vurmadan...
Əlillik məsələləri üzrə "Lotos" mərkəzinin direktoru Yelena Taranova ümid edir ki, prezident İlham Əliyev tərəfindən 12 noyabr 2008-ci il tarixdə ölkənin BMT-nin "Əlillərin hüquqları haqqında" konvensiyasına qoşulması barədə qanunun təsdiqindən sonra vəziyyət yaxşı istiqamətə doğru dəyişəcək.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik dərəcələrinin verilməsi zamanı rüşvətxorluq hallarına yol verilməsinin etiraf edilməsi ümidvericidir. Bunun üzündən imkanları məhdud olan insanların çoxu əlillik dərəcəsi almaqdan sadəcə vaz keçirlər. Çünki bu adamlar üçün növbələrə dayanmaq çox çətindir". Əlillik alınması üzrə meyarların dəyişdirilməsinə gəldikdə isə Yelena Taranova bildirib ki, Rusiyanın o qədər də təkmil olmayan sistemini nümunə kimi istifadə etmək arzuolunan deyil.
"Əlillik orada imkanların məhdud olması ilə deyil, əmək qabiliyyəti ilə ölçülür. Birinci qrup əlillik dərəcəsi başqalarına baxanda yetərincə yüksək müavinət kəsilməsi ilə müşayiət olunur. Ancaq bununla yanaşı, birinci qrup əlillər işləmək hüququndan məhrum olurlar. İkinci və üçüncü qrup əlillik almaq isə müavinətin azalmasını və işləmək imkanını nəzərdə tutur. Ancaq bu adamların işə düzələ biləcəyinə zəmanət hardandır? Rusiyanın əlillik müəyyənetmə sisteminin qeyri-təkmilliyi bununla bağlıdır",- deyə o vurğulayır.
Yelena Taranovanı bu narahat edir ki, əlillik meyarlarına yenidən baxılması imkanları məhdud insanların bir daha komissiyalardan keçməsinə səbəb olacaq. Bu isə onlar üçün əlavə çətinlikdir.
"Fiziki baxımdan onlar üçün yetərincə uzunsürən sənəd toplamaq və müxtəlif tibbi sənədlər əldə etmək prosesini gerçəkləşdirmək çox çətindir. Bir çox uyğun dövlət idarələri ikinci və üçüncü mərtəbələrdə yerləşir. Oralara qalxmaq isə əlil arabası ilə gəzən insanlar üçün qeyri-mümkündür. Bunun nəticəsidir ki, 2007-ci ildə "Lotos"un Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əldə etdiyi əlil arabalarını onların çoxu ala bilməyib. Arabada gəzən əlillərin çoxu gərək olan sənədləri toplayıb, araba almaq üçün ortopediya mərkəzinə təqdim edə bilmirlər. Onların içində elələri var ki, sənədi aparmağa qohumları yoxdur. Bəziləri heç kimə müracət etmək, heç kimi narahat etmək istəmir. Bununla bağlı sosial müdafiə xidmətinə əlil və pensiyaçılar üçün sənəd yığmaq ilə məşğul olan xüsusi adamların işə götürülməsi məsələsi gündəmə gəlir. Axı pensiyaçılar da öz yaşlarının çoxluğundan bir idarədən o birisinə gəzmək imkanında deyillər", - deyə Yelena Taranova vurğulayır.
Qeyd edək ki, bu il Beynəlxalq Əlillər gününün mövzusu "Əlillərin hüquqları haqqında konvensiya: şərəf və ədalət hamı üçün" olub. BMT-nin saytında bununla bağlı qeyd edilib: "Dekabrın 3-də Beynəlxalq Əlillər gününün keçirilməsi onların problemlərinə diqqətin artırılmasına, onların şərəf, hüquq və rifahının müdafiəsinə, əlillərin siyasi, sosial, iqtisadi və mədəni həyatda iştirakından əldə edilə bilən üstünlüklərə ictimai diqqətin cəlbinə yönəldiləcək. Günün mövzusu bugünün həsr edildiyi məqsəddən, yəni əlillərin ictimai həyatda bərabər iştirakını təmin etmək və insan hüquqlarını tam, bərabər təmin etməkdən qaynaqlanır. Bu məqsəd 1982-ci ildə Baş Assambleya tərəfindən əlillərlə bağlı qəbul edilmiş fəaliyyət proqramında əks etdirilib".
Qeyd etmək lazımdır ki, çox şey bizdən - sağlam insanlardan asılıdır. Onlara mərhəmət yox, real yardım və sağlam münasibət lazımdır. Onlar cəmiyyətə qoşulmalıdırlar, təcrid edilməməlidirlər. Onlara yalnız sosial müavinət yox, işləmək və cəmiyyətə yararlı olmaq imkanı lazımdır. Yalnız bu cür onlar hüquqlarının tapdalanmadığını düşünə bilərlər.
Bu gün bizdə də bütün dünyada olduğu kimi, əlillərə qarşı tibbi əlillik konsepsiyası tətbiq edilir, xroniki xəstəlik kimi baxılır. Buraya müalicə, reabilitasiya, sosial yardım, xüsusi təhsil və pensiya daxildir. Başqa sözlə, imkanları məhdud insanların iqtisadi və təhsil azadlıqları əldə etməsi yolu ilə onlara az-çox normal həyat təqdim edilməsinə çalışılır.
Eyni zamanda, hazırda dünyada əlilliyin sosial modeli tətbiq edilməyə başlanıb. Bu isə imkanları məhdud insanların ictimai həyatda tam keyfiyyətli iştirakı yolundakı maneələrin götürülməsi ilə bağlıdır. Sosial model imkanları məhdud insanların fiziki qüsurlarını qabartmamağa imkan verir.
Belə olan halda onlar işləmək, fəal həyat tərzi keçirmək imkanı qazanırlar. Onlar "ayaqüstə qalxırlar". Beləliklə, onların psixologiyası, özlərinə münasibəti və bütövlükdə, sağlam insanların əlillərə qarşı münasibəti dəyişir. Adətən, bu cür toplumları sağlam adlandırırlar.
MƏSLƏHƏT GÖR: