14 Mart 2025

Cümə, 20:53

BRÜSSELLƏ KARAKAS ARASINDA

"Böyük şah mat lövhəsi"ndə sabit münasibətlərin bərqərar olmasından danışmaq hələ tezdir

Müəllif:

15.12.2008

NATO-nun bu il aprelin 2-4-də Buxarestdə keçirilmiş sammitində alyansa üzv dövlətlərin rəhbərləri Ukrayna və Gürcüstana bloka üzvlüklə bağlı fəaliyyət planının (ÜFP) təqdim olunmasını təxirə salmışdılar. Qeyd edək ki, bu sənəd hər hansı dövlətin NATO-nun tamhüquqlu üzvü olması üçün əsas mərhələ sayılır. Həmin vaxt bu məsələyə alyans üzvlərinin XİN başçılarının dekabrın 2-3-də Brüsseldə keçiriləcək iclasında qayıdılması qərara alınmışdı.

 

NATO-nun uzunmüddətli "parovoz"u

Lakin həmin vaxtdan keçən dövr ərzində çox şey dəyişdi - Rusiya ilə Gürcüstan arasında "beşgünlük müharibə", Ukraynada siyasi böhranın dərinləşməsi, Gürcüstanda hakimiyyətlə müxalifət arasında yeni gərginlik, nəhayət, bütün dünyada yaşanan iqtisadi böhran. 

Bununla yanaşı, bir məqam şübhə doğurmur: ABŞ-ın yardımlarına baxmayaraq, hazırkı mərhələdə nə Kiyev, nə də Tbilisi NATO standartlarına cavab verir.

Brüssel toplantısı ərəfəsində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də "Xandelsblat" qəzetinə müsahibəsində açıq şəkildə bildirmişdi ki, Ukrayna və Gürcüstan hələ də Şimali Atlantika Alyansına üzv olmağa hazır deyillər.

Belə də oldu. Düzdür, NATO-ya üzv ölkələrin XİN başçılarının toplantısında Kiyevlə Tbilisinin istənilən halda, alyansa qəbul olunacaqları bəyan edilib. Brüsseldə düzənlənən mətbuat konfransında qurumun baş katibi Yaap de Hoop Sxeffer deyib ki, alyans Ukrayna və Gürcüstanın bloka üzvlüklə bağlı fəaliyyətlərini "maksimum dəstəkləyir". Baş katib əmindir ki, "qatar Brüssel stansiyasından yola düşüb, o hərəkətdədir və dayanmayacaq". 

Amma bununla belə, "NATO qatarı"nın ünvana çatacağı dəqiq tarix yenə göstərilməyib.

Brüsseldə Ukrayna - NATO və Gürcüstan - NATO komissiyalarının fəaliyyətinin gücləndirilməsinə dair də razılıq əldə edilib. Hər iki ölkə üçün illik fəaliyyət planı (İFP) hazırlanacaq və plan bu dövlətlərə demokratiyanın inkişafı, söz azadlığının təmin edilməsi, məhkəmələrin müstəqilliyi və seçkilərin azad keçirilməsi, həmçinin hərbi islahatlar istiqamətində tələb olunan işlərin görülməsinə yardım edəcək. 

Beləliklə, məlum olur ki, Kiyev və Tbilisi alyansa qəbul edilmək üçün tələb olunan islahatları reallaşdırmaq baxımından hələ çox iş görməlidirlər.

Bununla yanaşı, Sxeffer xüsusi olaraq qeyd edib ki, hər iki ölkə üçün ÜFP-nin təqdim olunması əvvəlkitək vacib mərhələ olaraq qalır və ölkələrin NATO-nun tamhüquqlu üzvü olmaları üçün bu vacibdir.

Bəzi müşahidəçilər isə hesab edir ki, Ukrayna ilə Gürcüstana İFP-nin təqdim olunmasına onların alyansa alternativ yolla qəbulu kontekstindən də baxmaq olar. Xatırladaq ki, Qərb mətbuatının yazdığına görə, ABŞ-ın dövlət katibi Kondoliza Rays etiraf edib ki, bu iki ölkəyə ÜFP-nin təqdim olunması mümkün deyil.

Brüssel toplantısından bir neçə gün əvvələdək bu məsələ ilə əlaqədar müxtəlif açıqlamalar səsləndirilirdi. Məsələn, NATO-nun rəsmi nümayəndəsi Ceyms Appaturay bu haqda deyib: "1999-cu ilədək ÜFP proseduru olmayıb. Bir çox ölkələr, həmçinin Çexiya və Polşa NATO-ya bu plan olmadan qəbul ediliblər". 

Kiyev və Tbilisi üçün alternativ yolun NATO - Ukrayna və NATO - Gürcüstan komissiyalarının fəaliyyətinin artırılması ola biləcəyinə dair də fikirlərə rast gəlinirdi.

Qeyd edək ki, hadisələrin sürətləndirilməsinə qarşı çıxan bir sıra Avropa ölkələri - Almaniya, Fransa, İtaliya, Belçika, İspaniya, Lüksemburq və Niderland - Gürcüstan və Ukrayna üçün İFP-nin hazırlanmasına bir şərtlə razılıq veriblər ki, o, ÜFP-ni tam əvəz etməsin. Həmin dövlətlər öz mövqelərini hər iki ölkədə mütəmadi olaraq siyasi böhranların yaşanması ilə əsaslandırır və hesab edirlər ki, bu, Kiyevlə Tbilisinin tərəfdaş kimi etibarlılığını azaldır. Bundan başqa, bir sıra Avropa ölkələri Moskva ilə münasibətləri birdəfəlik pozmaqdan da çəkinir.

Beləliklə, bir məqam aydındır: "alternativ variant"ın qəbulu belə, heç nəyi dəyişmir - Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı fəaliyyət planına qoşulması yaxın perspektiv üçün "dəfn edilib". Lakin bəziləri, ilk növbədə isə Kiyev və Tbilisi belə düşünmür. Gürcüstanın sabiq xarici işlər naziri Eka Tkeşelaşvili bəyan edib ki, NATO - Gürcüstan komissiyası mərkəzi struktura çevriləcək və yaxın zamanlarda ölkənin alyansa qəbulu ilə bağlı məsələni konkretləşdirəcək. 

Onun ukraynalı həmkarı Vladimir Oqrızko isə əmindir ki, Kiyev faktik olaraq, NATO-dan ÜFP-ni əldə edib. Nazirin sözlərinə görə, Ukrayna ilə NATO arasında 2009-cu il üçün nəzərdə tutulmuş Ümumi Fəaliyyət Planında (ÜFP-də) nəzərdə tutulan məsələlərin 95%-i əksini tapıb.

İFP-yə gəlincə, bu, hazırkı mərhələdə çətin vəziyyətdən çıxmaq üçün, həqiqətən də, vasitə sayıla bilər. NATO rəhbərliyi anlayır ki, onların Gürcüstan və Ukraynadan birmənalı imtinası Qərbin Moskva qarşısında geri çəkilməsi kimi qəbul olunacaq. Bunu isə, xüsusilə, avqust hadisələrindən sonra nə Brüssel, nə də Vaşinqton özünə sığışdırmır. Lakin digər tərəfdən, NATO Kiyevlə Tbilisiyə açıq şəkildə "yaşıl işıq" yandırarsa, bu, gözlənilməz nəticələrə səbəb ola bilər.

Dekabrın əvvəlində keçirilmiş toplantıda müzakirə olunan daha bir vacib məsələ Rusiya - NATO Şurasının yenidən fəaliyyətə başlayıb-başlamayacağı ilə əlaqədar idi. Xatırladaq ki, bu Şuranın fəaliyyəti Rusiya ilə Gürcüstan arasında bu ilin avqustunda yaşanmış müharibədən sonra dayandırılıb. 

Brüssel toplanıtsında bu əməkdaşlığın qeyri-formal səviyyədə də olsa, bərpası qərara alınıb. "Biz əvvəlkitək işləyə bilmərik. Lakin bu o demək deyil ki, Rusiya  ilə ümumiyyətlə heç bir əlaqəmiz olmamalıdır. Bu o anlama da gəlmir ki, Rusiyanın qeyri-proporsional güc tətbiqi, qanunsuz olaraq Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə razıyıq. Rusiya qoşunları dislokasiya yerlərindən kənarda yerləşdirilməməlidir", - deyə Sxeffer qeyd edib.

Beləliklə, Rusiya - NATO Şurasının qeyri-formal iclasının yaxın vaxtlarda səfirlər səviyyəsində keçirilməsi qərara alınıb. Toplantının gedişində Rusiya ilə alyans arasında fikir ayrılıqlarının olduğu məqamların müzakirəsi nəzərdə tutulub. Bu fikir ayrılığının isə ilk növbədə NATO-nun Şərqə doğru genişlənməsi ilə bağlı olduğu bəllidir.

Almaniyanın birləşməsindən sonra NATO-nun genişlənməyəcəyinə dair vəd almış Moskva bu gün alyansın onun strateji maraqları sahəsinə daha dərin müdaxiləsinin qarşısını almaq üçün əlindən gələni edir. Bir çoxları bu qənaətə gəliblər ki, Moskva ilə Tbilisi arasındakı avqust müharibəsinin kökündə, əslində, bu məsələ dayanır. Əgər bu, həqiqətən də, belədirsə, deməli, Rusiya öz maraqlarının müdafiəsi üçün çox şeyə hazırdır. 

Digər tərəfdən, NATO da geri çəkilmək fikrində deyil. Və unutmaq olmaz ki, alyansın nizamnaməsində qarşılıqlı hərbi yardım məsələsi də əksini tapıb. İndiki mərhələdə dünyada yaşanan iqtisadi böhranla əlaqədar olaraq, həm ABŞ - da, həm də Rusiyada hərbi əhval-ruhiyyə bir qədər sakitləşsə də, hər halda, bu amil nəzərə alınmaya bilməz.

Məsələn, Brüssel görüşü ərəfəsində Qərb mətbuatında bəzi mənfi proqnozlar yer almışdı. Xüsusilə, qeyd olunurdu ki, ABŞ prezidenti Corc Buş Amerikanın Qara dənizdəki ticarət gəmilərinin hamısının 2009-cu ilin martınadək hərbi risklərdən sığortalanmasına dair sərəncam imzalayıb. Ağ evdə etiraf ediblər ki, sərəncam ABŞ-ın ticarət donanmasının silah və hərbi texnika daşıdığı Gürcüstanda baş vermiş avqust hadisələri ilə əlaqədardır. 

Bununla paralel olaraq, Ukraynanın müdafiə naziri isə ölkə qoşunlarının Qərb sərhədlərindən Rusiya ilə sərhədə göndərildiyini bildirib.

Bununla əlaqədar olaraq, belə fikirlər səsləndirilib ki, Amerika Qafqazda Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna əsas verəcək yeni müharibəyə hazırlaşır. İddia olunur ki, qışda Rusiya tankları aşırımlarda ilişib-qalacaq, Gürcüstan ordusuna isə ABŞ gəmiləri yardım edəcək. Qeyd edək ki, Gürcüstanın hava məkanına məhz bu gəmilərdəki raketdən müdafiə sistemi nəzarət edir.

 

"VENRUS-2008"

Yeri gəlmişkən, ilk baxışdan, bir-biri ilə əlaqəsi olmayan iki hadisə haqda.

NATO-ya üzv ölkələrin XİN başçılarının Brüssel görüşünün başladığı gün Karib dənizinin cənub hissəsində "VENRUS-2008" Rusiya-Venesuela hərbi-dəniz təlimlərinin fəal fazasına start verilib. Təlimlərdə Rusiyanın Şimal donanmasının hərbi gəmiləri, həmçinin "Böyük Pyotr" ağır atom raket gəmisi, "Admiral Çabanenko" gəmisi, həmçinin 2 mühafizə gəmisi iştirak edir. 

Manevrlərdə ümumilikdə 1600-dək Rusiya, 700 Venesuela dənizçisi iştirak edib. 

Bundan başqa, Rusiyanın Şimal donanması və Venesuela Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar da təlimlərə cəlb edilib. 

Qeyd edək ki, bu, "soyuq müharibə"nin bitməsindən sonra Rusiyanın yad sulara ilk dəniz səfəri idi. 

Rusiya donanmasının Venesuelaya yürüşü çoxlarına Latın Amerikasının tez-tez Sovet İttifaqı ilə ABŞ arasında qarşıdurma meydanına çevrildiyi "soyuq müharibə"nin ən qızğın vaxtlarını xatırladıb. Analitiklərin fikrincə, baş verənlər ABŞ-ın Rusiyanın "yaxın ətrafı", xüsusilə də Gürcüstan və Ukraynanın işlərinə müdaxilə etməsinə cavabdır. Rusiya gəmilərinin Venesuela istiqamətində hərəkətini əks etdirən xəbərlər blokunu izləyərkən, dərhal yada avqust hadisələri, daha doğrusu, Moskva ilə Tbilisi arasındakı "beşgünlük müharibə" zamanı Qara dənizdə Amerika gəmilərinin peyda olmasına dair məlumatlar düşürdü.

Məsələ ondadır ki, Gürcüstanla Ukrayna Rusiyanın "yaxın ətrafı" sayıldığı kimi, Latın Amerikası ölkələri də ABŞ üçün eyni dərəcədə "yaxın"dırlar. Latın Amerikasını tez-tez ABŞ üçün "arxa qapı" və ya "qarınaltı" adlandırırlar.

Bununla yanaşı, Kuba və Venesuelanın aşkar antiamerika mövqeləri, bölgənin bir sıra ölkələrində isə ABŞ-la münasibətləri pozmaq istəməsə də, hər halda, Vaşinqtonla yaxın münasibətlərə də can atmayan sol-mərkəzçi qüvvələrin hakimiyyətdə olması faktı Rusiyaya "geosiyasi xəritə"də, az da olsa, uduzduqlarını geri qaytarmaq şansı verir. Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya ABŞ-ın Polşa və Çexiyada raketdən müdafiə sistemi (RMS) yerləşdirməsinə (Moskva Vaşinqtonun bu planını özünün milli təhlükəsizliyinə təhdid hesab edir) imkan verməmək üçün məhz Latın Amerikası ölkələrindən yararlanmağa çalışır. Elə Rusiyanın hərbi obyektlərinin Kubaya qaytarıla biləcəyinə dair yayılan söz-söhbətlərə də bu prizmadan yanaşmaq lazımdır. Söhbət xüsusilə, Rusiya Müdafiə Nazirliyinin Lurdesdəki radioelektrik mərkəzindən gedir. Xatırladaq ki, 2001-ci il oktyabrın 17-də qapalı müzakirələrdən sonra onun bağlanması haqda qərar çıxarılmışdı. Həmin mərkəz Amerikanın peyk rabitəsi, yerüstü telekommunikasiya kabelləri vasitəsiilə ötürülən məlumatları tutmağa, həmçinin, Floridada yerləşən NASA mərkəzinin məlumatlarını əldə etməyə imkan verirdi.

 

Planlı turne

Yeri gəlmişkən, baş verən hadisələrlə üst-üstə düşən daha bir məqam Rusiya prezidenti Dmitri Medvedevin Latın Amerikası ölkələri - Peru, Braziliya, Venesuela və Kubaya noyabrın 22-27-də etdiyi səfərlərdir. Rusiya mətbuatı "Moskvanın Latın Amerikasına dönüşü"nü "tarixi hadisə" adlandırıb. Moskvanı ilk növbədə energetika (Venesuela nəhəng neft istehsalçısıdır, Braziliyada isə hələ aşkarlanmamış neft ehtiyatları var), həmçinin hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıq maraqlandırırdı.

Hazırda Rusiya 1990-cı illərdə, faktik olaraq, ənənəvi iqtisadi və siyasi dəstəkdən məhrum etdiyi Kubanın etimadını yenidən qazanmağa çalışır.

Peruda isə Rusiyanın "Oboronprom" birləşmiş sənaye korporasiyası ilə bu ölkənin Müdafiə Nazirliyi arasında Peru ərazisində Mi-8, Mi-17 və Mi-26T vertolyotları üçün servis xidməti və əsaslı təmir mərkəzinin yaradılmasına dair razılaşma imzalanıb.

V.Medvedevin Braziliyaya səfəri 3 gün davam edib və səfər çərçivəsində energetika və neft hasilatı, ticarət, kənd təsərrüfatı, hərbi və turizm sahələrində bir sıra razılaşmalar imzalanıb.

Rusiya ilə ən "isti" münasibətləri isə Venesuela qurub. İki ölkəni enerji layihələri və hərbi-texniki əməkdaşlıq birləşdirir. Karakas Rusiya hərbi texnikasının əsas istehlakçılarından biridir.

Bundan başqa, Venesuelada D.Medvedev ALBA təşkilatının (ALBA - Bizim Amerika xalqları üçün Bolivia alternativi) sammitinə də qatılıb. Qeyd edək ki, bu qurum 2004-cü ilin sonlarında Kuba və Venesuelanın təşəbbüsü ilə və ABŞ-ın Amerika üçün azad ticarət zonası yaradılması ilə bağlı təşəbbüsünə qarşı yaradılıb. Bu inteqrasiya birliyinə həmçinin Boliviya, Honduras, Dominika və Nikaraqua da daxildirlər. Haiti, Uruqvay, İran, Ekvador və digər ölkələr burada müşahidəçi statusunda təmsil olunurlar.

D.Medvedev Rusiyanın sözügedən təşkilatda assosiotiv üzv kimi təmsil oluna biləcəyini istisna etməyib. 

Xarakterik cəhətdir ki, Medvedev turnesinin antiamerika xarakterli olmadığını nümayiş etdirməyə çalışıb. Elə Rusiya mətbuatı da "VENRUS-2008" təlimlərinə siyasi don geyindirilməməsi üçün əlindən gələni edir.

 

Rusiya yad oyunda

Bütün bunlarla yanaşı, görünən odur ki, Qərb Rusiyanın Latın Amerikası ilə bağlı addımlarına o qədər də ciddi əhəmiyyət verməyib. Burada çoxları Moskva ilə Karakasın əməkdaşlığını daha çox rəmzi məsələ sayır və onun praktiki əhəmiyyətinin olmadığını düşünür. Həmin dairələrin fikrincə, Rusiya gəmilərinin Karib dənizinə gəlməsi, sadəcə, səyahətdir. Ekspertlərin fikrincə, Rusiya-Venesuela birliyinin hərbi baxımdan uğurlu olacağı inandırıcı deyil və bu səbəbdən "VENRUS-2008" təlimləri, sadəcə, ABŞ-ı hirsləndirmək məqsədi güdür.

Rusiyanın Latın Amerikası ölkələrinə "qayıtması" da xüsusi "tarixi hadisə" kimi qiymətləndirilmir. Çünki dünyada neftin qiyməti ucuzlaşır, bütün ölkələrdə iqtisadi böhran yaşanır, yeni yataqların işlənməsinə isə külli miqdarda vəsait tələb olunur. Bundan başqa, Latın Amerikasında, ən azı elə həmin Venesuelada mövcud olan siyasi riskləri, nəhayət, bu bölgənin Rusiyadan çox uzaqda yerləşməsini də nəzərə almaq lazımdır. 

Ümumiyyətlə, Rusiyanın sərbəstliyə can atan Latın Amerikası regionundakı "oyun"u, çətin ki, həlledici olsun. Latın Amerikası ölkələri öz oyunlarını oynayırlar və bu oyunda antiamerkanizm və ya "Amerika hegemonluğu ilə mübarizə", sadəcə gedişlərdən biridir və əsas ideya deyil.

Latın Amerikası və Karib hövzəsi regionuna (LAKH) ümumi əhalisi, təxminən, 550 milyon nəfər olan 33 dövlət daxildir. Bu ölkələrin ümumi daxili məhsulunun həcmi 3 trilyon dollardır və bu, ASEAN (Cənub-Şərqi Asiya ölkələrinin Assosiasiyası) ölkələri ilə müqayisədə 2,5 dəfə çoxdur. Üstəlik, Latın Amerikası ölkələri Avropa İttifaqı formasında birləşməyə doğru gedirlər. Onların arasında artıq vahid regional valyutanın yaradılması və ümumi pasportların tətbiqinə dair razılıq əldə edilib. Bir müddət əvvəl Hondurasda keçirilmiş Mərkəzi Amerika İnteqrasiya Sistemi (Sistema de la Integracion Centroamericana, SICA) sammitinin iştirakçılarının yekun bəyanatındakı əsas maddələr məhz belədir. 

Bundan başqa, görüş iştirakçıları "Mərkəzi Amerikada inteqrasiyanın səviyyəsini yüksəltmək məqsədilə" təhsil, təhlükəsizlik və əmək immiqrasiyası sahələrində "qanunların standartlaşdırılması" haqda razılığa gəliblər.

Bütün bunları çox yaxşı anlayan Rusiya, çox güman ki, sadəcə, bu geosiyasi "oyun"a özü üçün sərfəli olan yolla "qoşulmaq" istəyir. Bununla paralel olaraq, ABŞ-ı "qıcıqlandırmaq" da mümkün olsa, daha yaxşı olar - yəqin ki, Kremldə məhz bu cür düşünürlər və etiraf etmək lazımdır ki, burda müəyyən həqiqət var...

Odur ki, Rusiyanın Latın Amerikasındakı addımları ilə NATO-nun Şərqə doğru genişlənməsini bir-birilə əlaqələndirmək düzgün olmasa da, hər halda, bunlara eyni prosesin tərkib hissələri kimi baxmaq olar. Dünyada yaşanan maliyyə böhranı isə geosiyasi əlaqələr üçün ciddi "imtahan"a çevrilib. Nə qədər ki, böhran aradan qalxmayacaq, enerji bazarlarında qiymətlər sabitləşməyəcək və dünya arenasındakı hər bir dövlətin itkiləri az-çox müəyyənləşməyəcək, "böyük şahmat lövhəsi"ndə sabit münasibətlərin bərqərar olmasından danışmaq çox tezdir.

Bundan başqa, 2009-cu il yanvarın 20-də Ağ evə yeni administrasiya gələcək və bu da dünyadakı proseslərə öz təsirini göstərəcək. NATO üzvü olan ölkələrin XİN başçılarının Brüssel toplantısında qəbul edilmiş qərar da bunun bariz göstəricisidir. 

NATO hələ ki gözləməyi lazım bilir...



MƏSLƏHƏT GÖR:

438