14 Mart 2025

Cümə, 21:43

188 DƏQİQƏLİK TƏLİMAT

Vladimir Putinin əhali ilə canlı sual-cavabı yeni prezidentlik kampaniyasının başlanğıcı kimi qiymətləndirilir

Müəllif:

15.12.2008

2012-ci ilədək prezident seçkisi keçirilməyəcək. Gələn ilin ikinci-üçüncü rübünün sonlarına iqtisadi inkişaf gözlənilir, lakin çox güman ki, işlər 2010-cu ilin yazınadək uzanacaq. Rusiyanı yaxın perspektiv üçün bunlar gözləyir. Dekabrın 4-də Vladimir Putinin canlı efirdən ölkə ilə söhbəti, rekord müddət - 188 dəqiqə davam edib. Onun xalqla onlayn rejimində söhbəti, hətta prezident olduğu dönəmdə bu qədər uzun çəkməmişdi. Qeyd edək ki, bu onun xalqla belə rejimdə ümumilikdə 7-ci, baş nazir kimi isə ilk söhbəti idi. Bu dəfə V.Putini rusiyalıların, təxminən, 63%-i dinləyib.

Vətəndaşların suallarını cavablandıran hökumət başçısı hamının üzləşdiyi çətinliklər və onların qlobal səbəblərindən söz açıb. Hakimiyyətin bütün sosial vədlərinə əməl etməyə hazır olduğunu bəyan edən baş nazirin sözlərinə görə, dövlətin maliyyə ehtiyatları makroiqtisadiyyatda mənfi fəsadların qarşısını almaq üçün tamamilə kifayət edir. "Rusiya dünyada yaşanan iqtisadi böhrandan minimal zərərlə çıxmağa tam hazırdır. Lakin böhranla əlaqədar yaşanacaq siyasi baxımdan çətin dövrə də hazırlaşmaq vacibdir", - deyə V.Putin qeyd edib.

Böhranın "siyasi fəsadları" haqda deyilənlər göstərir ki, Rusiya hökuməti "siyasi məsrəflər"in ola biləcəyini etiraf edir və artıq mənəvi cəhətdən buna hazırlaşır.

Putin hökumətin rublun kursunda kəskin sıçrayışlara imkan verməyəcəyini də söyləyib: "Ölkədə yeni pullar çap olunurmu? Bu haqda deyilənlər cəfəngiyatdır", - deyə o vurğulayıb və əlavə edib ki, "ehtiyatların rublla saxlanılması məsləhətdir". 

Bununla yanaşı, V.Putin hər kəsin seçim hüququ olduğunu da əlavə edib.

Rubl isə artıq özünü digər valyutalara nisbətdə "pis hiss edir". 

3 saat davam edən canlı yayımda Nazirlər Kabinetinin rəhbəri "devalvasiya" ifadəsini işlətməyib. Lakin artıq dekabrın 12-də Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Andrey Klepaç ölkədə resessiyanın başlandığını bəyan edib. Onun sözlərinə görə, son yarım ildə iqtisadiyyatda tənəzzül müşahidə olunur və məsələ, çox güman ki, iki rüblə yekunlaşmayacaq. Rəsmi statistika göstərir ki, yalnız oktyabrda Rusiyada yarım milyon insan iş yerini itirib, ümumi işsizlərin sayı isə 4,6 milyon nəfərə çatıb. Bu prosesin özünün pik nöqtəsinə 2009-cu ildə çatacağı bəllidir.

Rusiya Bankı isə ölkənin beynəlxalq ehtiyatının həcminin planlı şəkildə azaldıldığını bildirir. Noyabrın 28-dən dekabrın 5-dək Rusiyanın ehtiyatları 454,9 milyard dollardan 437 milyard dollaracan, yəni, 18 milyard dollar azaldılıb. 

Beləliklə, uzun illər ərzində Putinin özü tərəfindən hazırlanmış "təhlükəsizlik yastığı" astronomik sürətlə yox olmaqdadır.

V.Putin dolayısı ilə etiraf etməli olub ki, iqtisadi baxımdan inkişaf etmiş digər ölkələrdən fərqli olaraq, Rusiya dövləti şişirdilmiş qiymətlərlə yaşayır, müvafiq olaraq, ölkə yalnız partiya quruculuğunda deyil, iqtisadiyyatda da son dərəcə monopoliyalaşıb. Bu cür dövlət isə bazar şəraitində çətin idarə olunur və bütün ağırlıq, əsasən, vətəndaşların çiyinlərinə düşür.

Benzinin qiymətində eniş istənilən sürətlə getmir? Nə etmək olar? Bu, elə Vladimir Putinin etiraf etdiyi kimi, "müəyyən mənada, dövlət siyasətidir". Böhran vəziyyətində neft sektoru da yaşamaq uğrunda mübarizə aparır, heç olmasa daxili istehlak hesabına müəyyən gəlirlərin qorunub -saxlanmasına cəhd göstərir.

Putin iş yerlərinin ixtisarı və banklara kredit borclarının ödənə bilməməsinə (ilk növbədə ipoteka kreditləri) dair çoxlu sayda sualları cavablandırmalı olub. Baş nazirin bununla bağlı cavabları daha balanslaşdırılmış idi. O, bankları həm tənqid edib, həm də dəstəkləyib. Baş nazirin fikrincə, rusiyalıların əksəriyyətinin maliyyə sabitliyi məhz bu qurumların rifahından asılı olacaq.

Prezidentliyi vaxtı olduğu kimi, bu dəfə də Vladimir Putin ən maraqlı bəyanatı desert üçün saxlayıb. Yəni, canlı yayımdan sonraya. O, jurnalistləri əmin edib ki, 2012-ci ilədək prezident postuna qayıtmaq haqda düşünmür və həmin vaxtadək ölkədə növbədənkənar dövlət başçısı seçkisinin keçirilməyəcəyinə zəmanət verir. Baş nazir vəzifəsini fəaliyyət müddətinin başa çatmasınadək icra edəcəyini söyləyən Putin, bununla yanaşı, 2012-ci ildə prezident seçkisinə qatılıb-qatılmayacağı ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirməyib. "Hesab edirəm ki, hər kəs öz yerində olmalı və öz vəzifəsini icra etməlidir. 2012-ci ilədək ölkədə növbədənkənar prezident seçkisinin keçiriləcəyinə dair boş-boş danışmaq lazım deyil. O vaxtadək yaşayarıq, görərik", - deyə hökumət başçısı qeyd edib. 

Bununla da bir sıra yerli mətbuat orqanlarında belə qənaət yaranıb ki, "Putin 2012-ci ildə prezident postuna qayıdacağını istisna etmir".

Yeri gəlmişkən, bir çox ekspertlər V.Putinin xalqa telemüraciətində yalnız baş nazirin yox, həm də ölkənin siyasi liderinin çıxışına xas məqamlar müşahidə ediblər. O, hətta yaşanan böhranla əlaqədar reytinqinin düşəcəyindən qorxub-qorxmaması haqda sualı da cavablandırıb. "Daim nəyinsə aşağı düşməsindən danışmaqla, heç nəyi qaldırmaq olmaz", - deyə baş nazir zarafatyana bildirib. 

O, 2000-ci ildə ölkənin artıq bu cür problemlərlə üzləşdiyini xatırladıb və bu dəfə də çətinliklərin öhdəsindən gələcəyinə söz verib. 

Hökumətdən gedə biləcəyi ilə bağlı söz-sözbətə gəlincə, Vladimir Putin deyib: "Hələ ki buna ehtiyac yoxdur. Problemlərdən qaçmaq heç zaman mənim prinsiplərimə uyğun olmayıb".

Bununla yanaşı, unutmaq lazım deyil ki, V.Putin xalq qarşısında ilk dəfə baş nazir vəzifəsini tutan şəxslə yanaşı, həm də hakim "Vahid Rusiya" partiyasının lideri kimi çıxış edib. 

Bir məqamı da qeyd etmək vacibdir ki, canlı yayım zamanı "Medvedevə aid mövzular" və ya təşəbbüslərə - Konstitusiyaya dəyişikliklər, siyasi islahatlar, məhkəmə islahatlarının inkişafı, korrupsiya ilə mübarizə və s. toxunulmayıb. Belə qənaətə gəlmək olar ki, bu tandem arasında funksiyalar bölüşdürülüb. V.Putinin özü isə D.Medvedevlə tandemlərini "çox effektiv" adlandırıb.

Xarici siyasət mövzusu daha çox ənənəvi üslubu ilə seçilib. Amma ABŞ-a qarşı sərtliyin səviyyəsi bir qədər az olub. Baş nazir cəmi bir neçə dəfə özünəməxsus sərtliyi ilə yadda qalıb və bu, Mixail Saakaşvilinin "bir və bir neçə yeri", Ukraynaya qaz nəqli və çoxpartiyalılıq haqda danışarkən baş verib.

Putin yaşanan iqtisadi böhrana görə məsuliyyəti bir daha ABŞ-ın üzərinə qoyub. Bununla yanaşı, o, Barak Obamanın yeni administrasiyası ilə münasibətlərin qurulması xəttini davam etdirib. "Biz ABŞ-la münasibətlərdə müsbət dəyişikliklərin olacağına çox inanırıq və artıq bunu göstərən siqnallar var. Görürük ki, Ukrayna və Gürcüstanın NATO-ya qəbul edilməsinə, həmçinin Polşada raketdən müdafiə sisteminin yerləşdirilməsinə tələsmirlər", - deyə hökumət başçısı qeyd edib. Bundan başqa, Putinin sözlərinə görə, hazırda ABŞ-ın yeni prezidentinə yaxın olan ekspertlər səviyyəsində Vaşinqtonun Avropada RMS yerləşdirmə planının icrasına tələsməməyin vacibliyi vurğulanır. Bununla V.Putin, faktik olaraq, Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması üçün şərtlərini açıqlayıb: bu, NATO-nun genişləndirilməsi prosesinin dondurulması və Avropada RMS yerləşdirmək probleminin həllidir. 

Bir məqama da toxunmaq vacibdir: baş nazir sərt bəyanatlardan çəkinib, hətta əksinə, bu haqda (məsələn, Kuba və Venesuelada hərbi bazaların yerləşdirilməsinin mümkünlüyü barədə) deyilənləri təkzib edib.

Ukraynanın qazla təchizatı məsələsinə də toxunulub: ucuz "mavi yanacag"ın olmayacağını söyləyən hökumət başçısı müqavilənin bağlanmayacağı təqdirdə, Ukraynaya qaz nəqlinin azaldılacağını bəyan edib.

Daha emosional və geniş müzakirə olunan məsələ isə Gürcüstan probleminə həsr edilib. Saakaşvilinin Cənubi Osetiyaya qarşı siyasətini "cinayət" adlandıran V.Putin onun bu fəaliyyətini Səddam Hüseyn ilə müqayisə edib. 

Beləliklə, Gürcüstan lideri Rusiya üçün tam qəbulolunmaz fiqur olaraq qalır.

Qeyd edək ki, əvvəcə canlı yayıma Cənubi Osetiyanın da qoşulacağı bildirilirdi. Lakin sonradan bu qərar dəyişdirilib. Güman ki, hazırkı mərhələdə Rusiya rəhbərliyi Qərblə münasibətlərin normallaşdırılmasının vacibliyini nəzərə alaraq, mövzu ətrafında əlavə gərginlik yaratmaq istəmir.

Sonda əsas məqsədə nail olunub: Putinin istefa vermək fikrində olmadığı müəyyənləşib. Ölkədə növbədənkənar prezident seçkisinin planlaşdırılmadığını açıq şəkildə bəyan edən Putin bu mövzu ətrafında söz-söhbətə son qoyub.

İstənilən halda "əsaslandırılmış şəkil"də artırılmış prezidentlik müddətindən 2012-ci ilin prezident seçkisində qalib gələcək şəxs yararlana biləcək. O vaxtadək isə iqtisadi böhran nəinki bitməli, hətta iqtisadi inkişaf dövrü başlamalıdır. Çünki seçicilər ürəkləri və ya başları ilə yox, pul kisələrinin vəziyyətinə əsasən səs verəcəklər. Vətəndaşları məhz Vladimir Putinin özünün "sakitləşdirməyə" çalışması da izaholunandır. Hər halda, o, "texniki" baş nazir deyil. Rusiyalıların əksəriyyəti real və əsl liderlərini məhz onun simasında görürlər.


MƏSLƏHƏT GÖR:

359