14 Mart 2025

Cümə, 21:45

EKSPANSİYA PLAN ÜZRƏ GEDİR

Erməni kilsələrinin Gürcüstanın tarixi irsini özününküləşdirmək cəhdi Gürcüstan-Ermənistan münasibətlərində gərginlik yaradıb

Müəllif:

15.12.2008

Gürcüstan-Ermənistan münasibətlərində növbəti gərginlik yaşanmaqdadır. Lakin bu dəfə söhbət ermənilərin Gürcüstanın Cavaxetiya bölgəsinə ərazi iddialarından getmir. Bu mövzunun hər an "partlaya" biləcəyini anlayan hər iki dövlət hökumətlərarası dialoqda ondan yan keçməyə çalışır. Yeni gərginliyin yaranmasına əsas səbəb ermənilərin Gürcüstanın mədəni dəyərlərini və dini ziyarətgahlarını özününküləşdirməyə cəhd göstərməsidir.

 

"Qardaşlıq hissləri" nədən ibarətdir?

Ermənilərin eyni dindən olan gürcü xalqına bəslədiyi "qardaşlıq hissləri"nin nədən ibarət olduğunu bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyan nümayiş etdirib. Rusiya ilə Gürcüstan arasında avqustda baş vermiş müharibədən sonrakı açıqlamasında o bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ermənilərin xeyrinə həll ediləcəyi və Rusiyanın qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıyacağı təqdirdə Yerevan Abxaziya və Cənubi Osetiyanın "müstəqillik"lərini tanımağa hazırdır. İki ölkə arasında münasibətlərin birmənalı xarakter daşımadığını, hətta Sarkisyanın bu günlərdə Gürcüstana etdiyi səfəri də gizlədə bilməyib. Lakin elə bunsuz da hər şey bəlli idi - erməni liderinə gürcüstanlı həmkarı Mixail Saakaşvili ilə "qardaşlıq" etmək sadəcə bir məqsəd üçün lazım idi: Sarkisyan və silahdaşlarının siyasəti nəticəsində təcrid vəziyyətinə düşmüş Ermənistanın  durumunun daha da gərginləşməsinin qarşısını almaq. Axı Yerevanı Moskva və Avropa ilə bağlayan yeganə körpü Tbilisidir. Lakin hətta Gürcüstanla münasibətlərin pisləşməsi perspektivi də erməniləri sevimli peşələri - digərlərinin irsini mənimsəməsindən əl çəkməyə vadar edə bilmir. Cavaxetiyaya daimi iddialarla yanaşı, bu dəfə ermənilər Gürcüstanın mədəni dəyərlərinə "əl uzadaraq", "kilsə davası"na başlayıblar. Onlar Gürcüstanın 4 kilsəsinə, ilk növbədə isə Müqəddəs Məryəm kilsəsinə sahib çıxmaq istəyirlər. 

Hər şey yarım il əvvəl Gürcüstan Pravoslav Kilsəsinin ruhanisi Tariel Sikinçelaşvilinin ermənilərin "Noraşen" adlandırdıqları Müqəddəs Məryəm Kilsəsinin həndəvərinə "gürcü kilsəsi üçün xarakterik olan" elementli metal çəpər çəkməsi ilə başlayıb. Qeyd edək ki, gürcülər XV əsrdə inşa olunmuş bu kilsənin əvvəlcə onlara məxsus olduğunu, sonradan isə "erməniləşdirildiyini" bildirirlər. Bu məsələdə gürcülərlə razılaşmamaq çətindir. Hər halda, həm Azərbaycan, həm də Ermənistan ərazisindəki çoxsaylı alban kilsələrinin də məhz bu yolla "erməniləşdirildiyi" məlumdur.

Gürcüstandakı erməni apostol kilsəsinin yeparxiyası isə Gürcüstan dindarlarının əməlini "erməni kilsəsinin ələ keçirilməsi məqsədi ilə planlı şəkildə atılmış növbəti addım" adlandırıb. Ermənilər israrla iddia edirlər ki, guya Gürcüstan müstəqillik qazandıqdan sonra yerli dini icma onların kilsələrinə iddia edir. Tbilisi kilsələrinin əvvəllər kimə məxsus olmasına dair müzakirələrdən hiyləgərcəsinə yayınan ermənilər iddia edir ki, onlar guya XIX əsrdə Rusiya İmperiyasının rəhbərliyi tərəfindən ermənilərə verilib, Sovet İttifaqı dönəmində isə geri alınıb.

Lakin belə məsələlərlə bağlı əksər hallarda olduğu kimi, bu dəfə də tarixi mübahisə yerini siyasi mübahisəyə verib. Tariel atanın əməlinin şəxsən öz istəyi yox, birbaşa Tbilisi meriyasının tapşırığı olduğunu müəyyənləşdirən ermənilər Gürcüstan hakimiyyətini ayrı-seçkilik etməkdə günahlandırmağa başlayıb. Onların əbədi sindromu - iztirab çəkmələri, hamı və hər kəs tərəfindən sıxışdırılmalarına dair hay-küyləri işə düşüb. Hətta iş o yerə çatıb ki, məsələ ilə bağlı əl-ayağa düşən Ermənistanın siyasi dairələri Gürcüstana "Qarabağ müharibəsinin nədən başladığını" xatırlatmağa başlayıblar.

Hələ bu il mayın sonlarında Yerevanda "Gürcüstanın antiermənistan siyasəti" mövzusunda təşkil olunmuş seminarda belə bir cəfəng fikir səslənmişdi ki, guya "Qarabağ uğrunda mübarizə" "o zaman Azərbaycanda onlara erməni dilində danışmağın qadağan edilməsi" üzündən başlayıbmış. Buna inanmaq olardı. Lakin bir şərtlə ki, Azərbaycan SSR-ə məxsus Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olan Stepanakertdə (tarixən və hazırda şəhərin rəsmi adı Xankəndidir) orta təhsil ocaqlarının 70%-nin erməni məktəbləri olduğunu bilməyəsən. 

Bunu elə-belə, yeri gəlmişkən, qeyd edirik.

Ermənilərin bu gün həyati və tarixi həqiqətlərdən uzaq bəyanatları məntiqi olaraq, erməni xadimlərinin aşağıdakı iddiaları ilə əlaqədardır: "Gürcülər bacardıqları qədər bizim mənəvi dəyərlərimizi oğurlayacaq və özününküləşdirəcəklər". 

Odur ki, ermənilərin Gürcüstana qarşı yeni iddialar irəli sürəcəyi artıq şübhə doğurmur.

 

"Nəticəsi bəlli olmayan" təhlükə

Təxminən, bir ay əvvəl erməni yeparxiyası yeni bəyanatla çıxış edib. Bu dəfə bəyanat "Gürcüstanda yaşayan 400 min erməni adından yayılıb". "Təəssüflə qeyd edirik ki, Gürcüstanda hələ də dini zəmində ayrı-seçkilik hökm sürür", - deyə sənəddə qeyd olunur. Bəyanatda Gürcüstanın dövlət strukturlarından "özbaşınalığa son qoymaq" tələb edilir. Bildirilir ki, əks halda "hadisələrin inkişafı gözlənilməz nəticələrə gətirib çıxara bilər". Söhbətin hansı nəticələrdən getdiyini anlamaq üçün elə Qarabağı yada salmaq kifayətdir.

Hədələrinin təsdiqi kimi, ermənilər beynəlxalq səviyyədə yeni kampaniyaya başlayıblar. Ermənistan parlamentinin elm, təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədri Armen Aşotyan ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə görüşündə deyib: "Biz Ermənistanda Gürcüstan mədəniyyətinə hörmət edirik və Tbilisidən də özümüzə qarşı eyni münasibət gözləyirik".

Bundan sonra Gürcüstanın Ermənistandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilib və ondan Tbilisidəki Noraşen kilsəsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi tələb olunub. Bunun ardınca isə Ermənistanın baş naziri Tiqran Sarkisyan bildirib ki, onun ölkəsinin Tbilisidəki səfirliyi Gürcüstan hökumətinə etiraz notası göndərəcək.

Gürcüstanın erməni əhalisinin dünya ictimaiyyətinin diqqətini özlərinə qarşı həyata keçirilən "ayrı-seçkiliyə" cəlb etmək məqsədi ilə yaydığı müraciət isə "alovun üstünə yağ töküb". Gürcüstanın erməni icmasının müraciətində deyilir: "Biz Gürcüstanda xalqımıza məxsus tarixi və mədəni irsin planlı şəkildə varvarcasına məhv olunmasını dayandıracaq ciddi tədbirlərin görülməsini tələb edirik. Gürcüstan vətəndaşları olan ermənilərin konstitusion hüquqlarının tapdanmasına son qoyulmalıdır". 

Ermənilərin tələbləri arasında "erməni kilsələrinə qəsdə son qoyulması", onların erməni apostol kilsəsinin "ağuşuna qaytarılması", "qardaş erməni və gürcü xalqları arasında dini və etnik zəmində düşmənçilik yaradan və onun qızışmasında bilavasitə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi" də var.

Təbii ki, Gürcüstan tərəfi başqa fikirdədir. Əlbəttə ki, mümkün təhlükəni anlayan Tbilisi erməni planlarının reallaşdırılmasının qarşısını almağa çalışır. Çünki gürcülər ermənilər tərəfindən hansı təhlükələrin ola biləcəyini yaxşı anlayırlar: vaxtilə hələ gürcü klassikləri gələcək nəsillərə eyni dindən olan qonşularından ehtiyat etməyi məsləhət görürdülər.

 

Keçmişin dərsləri

Erməni keşişləri və bu millətin nümayəndələrinin ittihamlarına cavab verən Gürcüstan hökuməti ölkədə heç bir milli azlığın hüquqlarının pozulmadığını bildirir, Noraşen kilsəsində baş verənləri isə təmir işlərinin aparılması ilə izah edir.

Gürcüstan Pravoslav Kilsəsinin mövqeyi isə belədir ki, ölkə ərazisindəki bütün mədəniyyət abidələri onların yaradıcılarının etnik mənsubiyyətindən asılı olmayaraq, Gürcüstanın mədəni irsi və mülkiyyətidir. Gürcüstan Patriarxiyasının Dinlərarası Qarşılıqlı Əlaqə Mərkəzinin rəhbəri Lela Cecelavanın bildirdiyinə görə, gürcü tərəfi hesab edir ki, Noraşen ermənimənşəli kilsə kimi tanınacağı təqdirdə, onun ermənilərin mülkiyyəti elan edilməsi üçün müəyyən hüquqi mexanizmlərin işlənməsi lazımdır.

Aydındır ki, bu, gürcülər üçün qəbuledilməzdir. Noyabrın sonlarında tərəflər mübahisəli məsələləri aydınlaşdırmaq üçün həm dini xadimlərin, həm də hökumət nümayəndələrinin iştirakı ilə birgə komissiyanın yaradılmasına dair razılıq əldə ediblər.

Hər halda, Tariel atanın Müqəddəs Məryəm Kilsəsinin həyətində apardığı işlər müvəqqəti olaraq dayandırılıb. Razılaşmaya əsasən, komissiya kilsənin kimə məxsus olduğunu aydınlaşdıranadək həm Ermənistanda, həm də Gürcüstanda məsələnin müzakirəsinə moratorium qoyulub. Lakin bu razılaşmanın istədikləri hər şeyi özününkü hesab edən ermənilər üçün maneə olacağı inandırıcı deyil. Dəgir tərəfdən, Gürcüstanda ermənilərin maraq dairəsinə daxil olmuş həm ərazi, həm də mədəni abidələr az deyil. Elə isə görünür, gürcülər qonşularının getdikcə artan iştahının qarşısını almaq üçün hələ çox moratoriumlar haqda düşünməli olacaqlar.

Qeyd edək ki, sözügedən razılaşmadan dərhal sonra Ermənistanın apostol kilsəsinin ali dini şurası nədənsə yenidən Gürcüstandakı yeparxiya ətrafındakı məsələnin müzakirəsinə qayıdıb. "Erməni kilsələri və Gürcüstandakı erməni yeparxiyasına qəsddən son dərəcə narahat olduğunu" bəyan edən şura bildirib ki, "qardaş xalqların dostluğu və xristianlıq ruhuna zidd olan addımlar yolverilməzdir". Bundan başqa, Ermənistan kilsəsi öz "oğulları"nı "erməni kilsələri və müqəddəs ziyarətgahları uğrunda mübarizə aparan Gürcüstan erməniləri ilə bir olmağa" çağırıb. Bütün ermənilərin katolikosu II Qaregin isə ayrıca olaraq, xəbərdarlıqla çıxış edərək bildirib ki, erməni kilsəsi bu məsələnin beynəlxalq strukturların diqqət mərkəzində qalmasına çalışacaq.

Eçmiədzinin (katolikosun iqamətgahı) bəyanatları və çağırışları gürcüləri təəccübləndirib. Görünür, gürcülər ermənilərin bu gün əldə edilmiş razılaşmaları sabah pozmaq vərdişini hələ yaxşı bilmirlər. Erməni kilsəsinin demarşından bir gün sonra Lela Cecelava bildirib ki, onlar "Yerevanda baş vermiş hadisələrdən təəccübləniblər". "Ola bilsin, Ermənistan səfirliyinə informasiya çox gec çatıb", - deyə o qeyd edib. 

Ermənistanın adətən "zirək" olan diplomatik nümayəndəliyinə informasiyanın "gec çatması"nın səbəbini təxmin etmək mümkündür. Bir şeyi əminliklə söyləmək olar ki, ermənilərin Gürcüstana qarşı siyasəti ermənilərə xas olan ənənəvi ekspansionizm və Cənubi Qafqazda millətlərarası qarşıdurmanı daim gərginləşdirmək ruhuna uyğundur. Qarabağ müharibəsinin təcrübəsi göstərir ki,  qonşu ölkələrdə lokal qruplar şəklində yaşayan ermənilərin guya mədəni, dini, siyasi, iqtisadi və digər diskriminasiyalara məruz qalmaları haqda əsassız fərziyyələri çox qısa vaxt ərzində işğalçılıq siyasətinə keçmək üçün əsas rolunu oynayır. Amma ümid etmək istərdik ki, Gürcüstan bu aqibətdən yaxa qurtara biləcək.


MƏSLƏHƏT GÖR:

467