14 Mart 2025

Cümə, 20:54

BAKI PROSESİ

Azərbaycan mədəniyyətlərarası dialoq proqramlarının reallaşdırılması mərkəzinə çevrilir

Müəllif:

15.12.2008

Dekabrın əvvəllərində Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövsuzunda  beynəlxalq konfransın keçirilməsi həm geniştərkibliliyinə, həm də Avropa və ümumilikdə dünya üçün əhəmiyyətinə görə böyük rezonans doğurdu. Bu, Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin əhatə dairəsinə görə konkret coğrafi məkanla məhdudlaşmayan ilk konfransı idi. Tədbirdə qonşu regionların nazirləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdilər.

Uzun fasilədən sonra 16 ölkənin mədəniyyət naziri, Avropa Şurasının (AŞ), Avropa İttifaqının, UNESCO, ISESCO, ALESCO və digər nüfuzlu beynəlxalq qurumların təmsilçiləri vacib problemlərin müzakirəsi və onların aradan qaldırılması ilə bağlı qərarların qəbulu məqsədilə Bakıda bir araya gəldilər.

Dünyanın hər tərəfində lokal münaqişələrin mövcud olduğu, tarixi və mədəni irsin məhv edildiyi bir vaxtda Avropa Şurasının bu cür konfrans təşkil etməsi kifayət qədər aktual görünürdü. Tədbirin məhz Bakıda keçirilməsi də təsadüfi deyildi.- AŞ Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu, onun sivilizasiyalararası dialoqun inkişafındakı rolunu etiraf edən ilk beynəlxalq qurum deyil.

"Bakı, Azərbaycan nadir məkandır. Bura bütün tarix boyunca müxtəlif mədəniyyətlərin kəsişdiyi yer, Şərqlə Qərb və Şimalla Cənub arasında təbii körpü olub. Bu tədbir xüsusi əhəmiyyətə malikdir. Çünki bu ilin mayında Avropa Şurası özünün mədəniyyətlərarası dialoqa həsr olunmuş "Ağ kitab"ını yaradır. Bu, əsas qanunların sənədlərinin hazırlanmasından sonra nazirlər səviyyəsində ilk konfransdır və indi biz onların necə reallaşdırılması haqqında düşünməliyik", -  deyə konfransda çıxış edən AŞ-nin baş katibi Terri Deyvis bildirib.

Digər tərəfdən, Azərbaycanda bu qədər böyükmiqyaslı tədbirin keçirilməsi göstərdi ki, nəhəng regional enerji və nəqliyyat layihələrinin mərkəzi olan Bakı mədəniyyətlərarası dialoqun da əsas bəndinə çevrilib. AŞ-nin Mədəni İrs Departamentinin rəhbəri Robert Plamerin dediyi kimi, "Azərbaycan nəhəng layihələrin reallaşdırılması mərkəzinə çevrilməyə hazırdır. Bu baxımdan, konfransın yüksək səviyyədə baş tutduğunu söyləmək olar. Bakı Bəyannaməsi isə, şübhəsiz ki, ölkələr arasında mədəni əməkdaşlıqda və qlobal mədəni siyasətin inkişafında yeni mərhələ olacaq".

Bu faktor, hətta konfransa qatılmağı özünə rəva bilməyən qonşu Ermənistanda da diqqətdən kənar qalmayıb. "Avropa Şurası və onun rəhbərliyi konfransın keçirilmə yerini və onun adını heç də təsadüfən seçməyib. Şübhəsiz ki, Bakının Avropa və islam mədəniyyətlərinin dialoq məkanına çevrilməsinə dair plan mövcuddur. Dövlət Departamentinin akademik və mədəni mübadilə məsələləri ilə məşğul olan əməkdaşı Alina Romanovskaya və Rusiya təmsilçisi Mixail Şvıdskoyun Avropa ilə Şərq arasına mədəni dialoq və körpü yaradılmasının (Azərbaycan vasitəsi lə) vacibliyi haqda açıqlamaları da belə düşünməyə əsas verir", - deyə "Ayots Aşxar" qəzetinin əməkdaşı yazır. 

Elə həmin məqalədə bildirilir ki, "Azərbaycan rəhbəliyi növbəti antierməni təbliğatına başlamaq imkanını əldən verməyib. Bu, ermənilər üçün də  yaxşı şans idi, amma təəssüf ki, onlar bu imkandan yararlanmadılar".

Doğrudan da, görəsən, ermənilər bu imkandan niyə yararlanmadılar? Bu, Serj Sarkisyan administrasiyasının regionda sülhə, dialoqa və əməkdaşlığa hazır olmaları haqda bəyanatlarına zidd deyilmi? Axı məhz Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına və Azərbaycanla  əlaqələrin yaradılmasına çalışır. Ermənistan, hətta Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdə iştirak etmək niyyətini də gizlətmir. Amma bununla yanaşı, bütün tribunalardan Bakını dialoqdan imtina etməkdə günahlandırır. Belə olan təqdirdə, Ermənistanın AŞ mədəniyyət nazirləri konfransı çərçivəsində konstruktiv dialoqdan imtinasını nə ilə əsaslandırmaq olar? Yerevanın konfransa qatılmaqdan imtinasını əsaslandırmaq üçün gətirdiyi arqumentlər də ermənisayağı və gülməlidir. Bu ölkənin mədəniyyət naziri Asmik Poqosyan ölkəsinin Bakıda keçirilən bu konfransda iştirakla bağlı üzərinə öhdəlik götürmədiyini söyləyib. Onun sözlərinə görə, Ermənistan daim belə tədbirlərdə iştirak edib və bu konfransın təşkili haqda  xəbər tutduqda, dəvət alacağını gözləyib. Dəvət, doğrudan da alınıb, lakin nazirin sözlərinə görə, orada "bu sənədə yaraşmayan ifadələr" yer alıb. Bundan başqa, A.Poqosyan onu da vurğulayıb ki, tədbir öncəsində Ermənistanın qətiyyən razı olmadığı sənəd hazırlanıb. 

Əgər belədirsə, onda sual yaranır: görəsən, nəyə görə digər dövlətlər də standart dəvət məktubunda "yaraşmayan ifadələr"ə rast gəlməyiblər? 

Yeri gəlmişkən, Poqosyan təmiz erməni dilində danışsa da, onun nə demək istədiyini heç yerli KİV nümayəndələri də anlamayıblar. Bununla əlaqədar, "Respublika Armeniya" qəzetinin nazirə ünvanladığı sualların siyahısını ayrıca haşiyədə nəzərinizə təqdim edirik.

Hər halda, konfransa qatılsaydı, Ermənistan dünya ictimaiyyətini guya Azərbaycan ərazilərindəki erməni tarixi və mədəni abidələrinin dağıdılmasına inandırmaq üçün yaxşı imkan əldə edərdi. Axı Ermənistan və erməni lobbisi məhz bu məqsədlə mütəmadi olaraq, müxtəlif kitablar və kitabçalar nəşr etdirir, faktları təhrif edərək, sərgi və konfranslar keçirir, filmlər çəkir və s.

Hələ 2008-ci ilin əvvəlində, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında erməni deputatlar Naxçıvanda guya erməni xaçkarlarına qarşı vandalizm aktının həyata keçirilməsi məsələsini qaldırmışdılar. Ermənistanın qurumdakı nümayəndə heyəti bu "faktlar"ın araşdırılması məqsədilə AŞ PA-nın xüsusi nümayəndəsinin Naxçıvana göndərilməsi tələbini də irəli sürmüşdü. Lakin həmin vaxt Azərbaycan nümayəndə heyətinin adekvat cavabı erməniləri pis vəziyyətdə qoydu. Azərbaycan missiyanın Naxçıvanda araşdırma aparmasına razılıq verdi, lakin bir şərtlə ki, həmin nümayəndə heyəti Ermənistan ərazisində və Azərbaycanın işğal altındakı torpaqlarında da abidələrin durumu ilə maraqlansın. Təbii ki, Yerevan bununla razılaşa bilməzdi - Ermənistanın bütün mədəni və tarixi abidələrin məhv edildiyi əraziyə çevrildiyi bəllidir. Ermənistanın hazırkı ərazisində İrəvan xanlığına, həmçinin Zəngəzur, Göyçə, Vedibasar, Hamamlı, Calaloğlu, Alagöz, Karvansaray və digər mahallarda 500-dən artıq türk-Azərbaycan toponimlərindən əsər-əlamət qalmayıb. Azərbaycan məscidləri, qalaları və qəbirləri yer üzündən silinib. Yalnız bir neçə məscid salamat qalıb, onları da indi ermənilər fars məscidləri kimi qələmə verirlər. 

Lakin hələ bu da son deyil. Bu gün bir çox erməni saytlarında Azərbaycanın Gəncə, Yevlax, Şəki, Şamaxı, hətta Bakı kimi qədim şəhərlərinin ermənicə  "adlar"ına rast gəlmək mümkündür. Saxtakar tarixçilər yalnız Azərbaycanın mədəni irsinə təcavüzlə kifayətlənmirlər. Məsələn, akademik Suren Eyvazyana inansaq, Kiyev və Odessanın yaradıcıları da ermənilər olub, Krım isə qədim dövrlərdə "Erməni dənizi" adlandırılıb. 

Bundan başqa, ötən il ermənilər Lvov şəhərinin Aruyts (erməni dilindən tərcümədə  - Şir), Budyonovskın Surb-Xaç, Rostov-na-Donu şəhərinin isə Nor-Naxçıvan (yəni, Yeni Naxçıvan) adlandırılması təklifi ilə də çıxış ediblər.

Bütün bunlardan sonra Azərbaycanın işğal altındakı ərazilərində yerləşən mədəni abidələrinin aqibətini təsəvvür etmək, Füzuli rayonu yaxınlığında yerləşən qədim yaşayış məskəni - Azıx mağarasında, həmçinin Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərinin qala divarlarında aparılan arxeoloji qazıntıların nə ilə başa çatacağını anlamaq çətin deyil.

"2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrində monitorinq keçirib. Bu monitorinq əsasında məruzə hazırlanıb və təqdim edilib. Məruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə salamat bina qalmayıb. Bütün binalar, bütün tarixi abidələr, mədəniyyət ocaqları Ermənistan tərəfindən dağıdılıb, bizim muzeylərimizdə nümayiş etdirilmiş bütün eksponatlar oğurlanıb, muzeylər talan edilib, əcdadlarımızın qəbirləri, məscidlərimiz dağıdılıb" , - deyə Azərbaycan prezidenti İlham Əliyev konfrans iştirakçılarına məlumat verib.

Tarixi və mədəni irsə belə münasibət göstərən Ermənistanın AŞ-nin mədəniyyətlərarası dialoqa həsr edilmiş beynəlxalq konfransında iştirakdan imtinası tamamilə təbii sayılmalıdır. Bu, Bakı forumunun iştirakçılarının da diqqətindən yayınmayıb. Onların fikrincə, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh və dialoqa hazır olduğunu nümayiş etdirib.

Konfransın nəticələrinə gəlincə, iştirakçılar yekdilliklə Bakı Bəyannaməsini imzalayıblar, UNESCO-nun Mədəni İrsin Qorunmasına dair Beynəlxalq Konvensiyasına qoşulmaq və bu istiqamətdə yeni sənədlər işləmək haqda razılığa gəliblər. Avropa İttifaqı, AŞ, ATƏT və BMT təmsilçiləri mədəniyyətlərarası dialoqun inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsinə qərar veriblər. Mədəniyyət nazirləri gələn il ISESCO çərçivəsində Bakıda bir daha toplaşmaq haqda da razılıq əldə ediblər. 

AŞ-nin təhsil, mədəniyyət, gənclər və idman üzrə baş direktoru Qabriella Battani-Draqoninin fikrincə, ISESCO çərçivəsində mədəniyyət nazirlərinin konfransı "Bakı Bəyannaməsinə yeni məzmunun əlavə edilməsinə imkan verəcək". 

Beləliklə, Azərbaycanda mədəniyyətlərarası dialoqun keyfiyyətcə yeni mərhələsinin əsası qoyulub.



MƏSLƏHƏT GÖR:

506