14 Mart 2025

Cümə, 21:43

MƏSLƏHƏT YAXŞIDIR, İŞ İSƏ DAHA YAXŞI

Beynəlxalq maliyyə institutları Azərbaycanın iqtisadi siyasətinin doğru olduğunu bildiriblər

Müəllif:

15.12.2008

Dünyanı bürüyən maliyyə böhranının fonunda beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri daha çox tənqid edilən qurumlar olublar. Xüsusi proqnozlar və qiymətləndirmələr üzrə ixtisaslaşmış qurumlar dünyamiqyaslı təhlükəni öncədən görə və ən başlıcası qarşısını ala bilmədilər. 

Böhran nəticəsində ən çox zərər çəkmiş ölkələrə  yardım və dəstək barədə gecikmiş vədləri isə acı dərmana birtəhər şirinlik qatmaq cəhdi kimi dəyərləndirmək olar. 

Azərbaycana beynəlxalq maliyyə institutlarının yardımı gərək deyil, onlar bizim ölkədə aparılan iqtsadi siyasətin doğru olması və buna görə də regionda böhrana ən hazırlıqlı ölkə olması fikrində həmrəydirlər. Bununla belə, onlar dəfələrlə bir sıra məsələlər üzrə Azərbaycan hökumətini tənqid atəşinə tutmuşdular. Onların tənqidinə səbəb isə bu məsələlər üzrə Azərbaycanın əvvəllər beynəlxalq maliyyə institutlarının tövsiyələrinə qulaq asması, amma ölkə iqtsadiyyatı dirçəldikdən sonra texniki şəkildə onların yerinə yetirilməsindən imtina edilməsi olmuşdu. Sonrakı hadisələr göstərir ki, bu, hədər  getməyib. 

 

Sonrakı tövsiyələr  

Hazırda bütün aparıcı maliyyə institutları böhran əleyhinə tədbirlər proqramları üzərində işləyirlər. Bu proqramlara həm hökumətlərə tövsiyələr, həm də böhran nəticəsində ən çox zərər görmüş ölkələrə maliyyə dəstəkləri nəzərdə tutulur. 

Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üçün qarşıya qoyulan məsələlərdə dünya üzrə əmtəə və xidmət tələbatının səviyyəsinin dəstəklənməsi, formalaşdırılmaqda olan bazarlara malik ölkələr üçün likvidliyin təqdim edilməsi, iqtisadiyyatı zəif olan ölkələrin müdafiəsi üzrə tədbirlər nəzərdə tutulur. BVF islahatları maliyyə bölməsinin tənzimlənməsi, daha effektiv öncə xəbərvermə sisteminin yaradılması və s. üzrə tədbirlərin işlənməsinə yönəltməyi tövsiyə edir. 

Öz növbəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar  Şurası da 2009-cu il üzrə biznes-planı və büdcəni təsdiq edib və bu, banka gələn il biznesin illik həcmini, demək olar ki, 20% artırmağa, təxminən 7 milyard avroya qədər  çatdırmağa imkan verəcək. Maliyyələşdirmə həcmlərinin artırılması bankın əməliyyat ölkələrində qlobal maliyyə böhranının nəticələrinə cavab olaraq gerçəkləşdirilir. Bank AYİB-in sərmayə qoyduğu, kiçik və orta müəssisələr üçün maliyyə axını təmin etdiyi ölkələrdə bank bölməsinə dəstəyi gücləndirəcək. Bank korporativ sektora da daha geniş dəstək göstərəcək. Cavab tədbirləri zərfinə ticari maliyyələşdirmə proqramı üzrə prosedurların sadələşdirilməsi daxildir.

Dünya Bankının (DB) analitikləri isə ölkə hökumətlərinə sərmayələrə dəstək siyasəti gerçəkləşdirməyi, resursların qorunması üzrə tədbirlərin tətbiqini fəallaşdırmağı  və səmərəliliyi artırmağı təklif edib. DB təmsilçilərinin fikrincə, bu, xammal əmtəələrinin təkliflərini və onlara tələbatı balanslaşdırmağa imkan verər. 

Bu zaman beynəlxalq maliyyə institutlarının ölkələr üzrə fərdi tövsiyələri də var, ayra-ayrı dövlətlərə yardımın məbləği də müəyyən edilib. Ancaq bu siyahıda Azərbaycanın adı yoxdur. "Böyük ehtimalla, dünya maliyyə böhranının nəticələrini aradan qaldırmaq üçün Azərbaycanın beynəlxalq maliyyə institutlarının yardımına ehtiyacı yoxdur",- deyə bu barədə bu yaxınlarda  Dünya Bankının Azərbaycan nümayəndəliyinin başçısı Qriqori Yeceyçak ölkənin bank ictimaiyyəti ilə görüşdə bildirib: "Dünya böhranının Azərbaycana təsiri cüzidir. Çünki ölkə bankları xarici borclar məsələsinə çox ehtiyatla yanaşırlar. Bəlkə də bu onunla bağlıdır ki, azərbaycanlılar tarixən bu cür məsələlərə daha ehtiyatla yanaşıblar". 

Qeyd etmək lazımdır ki, BVF təmsilçiləri də eyni fikirdədirlər. "Dünya maliyyə böhranının Azərbaycana təsiri minimal olacaq. Birincisi, Azərbaycanın bank və maliyyə bölməsinin dünya maliyyə sisteminə inteqrasiyası aşağı səviyyədədir. İkincisi, neft gəlirləri ilə bağlı Azərbaycanın yetərincə valyuta ehtiyatları var. Üçüncüsü, Azərbaycan Milli Bankı bank bölməsində likvidlik problemi ilə bağlı mümkün həll mexanizmlərinə malikdir",- deyə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə nümayəndəsi Koba Qvenitadze bildirib.

 

Məsləhət vermək asandır 

Qısacası, BVF-nin Azərbaycan üçün tövsiyəsi yoxdur, ölkə rəhbərliyinin iqtisadi siyasəti daha uzaqgörən olub. "DB  vitse-prezidenti Şiqeo Katsu Bakıda olarkən prezident İlham Əliyevdən soruşub ki, o, dünya maliyyə bazarlarında baş verənləri öncədən necə anlaya bilib və qabaqcadan ehtiyat tədbirləri görüb. Məsələ bundadır ki, müxtəlif cür maliyyə və bütövlükdə iqtisadi islahatlar keçirən zaman ilk öncə onun ölkə üçün müxtəlif cür risklər yarada bilməsi nəzərə alınırdı",- deyə bu yaxınlarda Azərbaycan Milli Bankının yüksəkçinli təmsilçilərindən biri jurnalistlərə bildirib. 

Məhz bir çox ekspertlər tərəfindən həddindən ehtiyatlı və konservativ sayılan bu siyasətin hesabına Azərbaycanın bu gün yetərincə yüksək valyuta ehtiyatları var. Bu da heç bir problem olmadan ölkənin bütün xarici borclarını ödəməyə imkan verir. Bundan başqa, inflyasiyanı da cilovlamaq mümkün olub, artıq onun səviyyəsi ilin sonuna kimi 19-20% yox, 16-17% gözlənir. 

Bu zaman yetərincə xoşa gələn fakt odur ki, hələ bir neçə ay öncə BVF Azərbaycanda inflyasiyanın 20 faizə çatacağını bildirirdi, təkidlə dövlət xərclərinin daha aşağı artım tempinə keçməyi təklif edirdi ki, investisiyaların keyfiyyəti və effektivliyi artsın.   

"Ölkənin 2008-ci il büdcəsində pensiyaların və əmək haqqının artması nəzərdə tutulur, Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsinə yönəlmiş investisiya büdcəsində isə 48 faizə qədər artım var.  Hökumətin neftdənkənar, sosial və infrastruktur  sahələrinin inkişafı  üçün xərcləri artırmaq istəyi yetirəncə başa düşüləndir, ancaq iqtisadiyyatın indiki durumunda böyük investisiya xərclərinə getmək tələskənlikdir",- deyə fondun məlumatında bildirilirdi. Azərbaycan BVF-yə daxil olduğu 1992-ci ildən bu yana bu cür tövsiyələr alır. Ancaq heç də həmişə onları kor-koranə yerinə yetirməyib və nəticə də göz qabağındadır. 

Qeyd etmək lazımdır ki, 1990-cı illərin birinci yarısında bütün postsovet ölkələrində pul-kredit və maliyyə sabitliyini təmin etmək məhz BVF-nin xidməti idi.  Məhz BVF-nin səyləri ilə həmin illər üçün səciyyəvi olan inanılmaz dərəcədə yüksək inflyasiya templərinin və maliyyə sisteminin məhvinin qarşısını almaq mümkün olmuşdu. Çox böyük səylər nəticəsində qısa müddətdə bu problemlərin qarşısı alınmışdı. Bundan sonra isə real olaraq iqtisadiyyatın qurulması və iqtisadi artımın təmin edilməsi barədə danışmaq imkanı yaranmışdı. 

Ancaq 1990-cı illərin sonuna yaxın BVF və Azərbaycan hökuməti arasında müəyyən məsələlərə baxışda getdikcə daha çox fikir ayrılığı yaranmağa başlayırdı. Bəzən həmin vaxtlar ölkə üçün vacib olan kreditlərin alınmasına görə güzəştə getmək lazım gəlirdi, ancaq elə məqamlar da var idi ki, fondun tövsiyələrinə kəskin olaraq "yox" deyilirdi. 

Məsələn, vaxt var idi ki, hökumətin yeni iş yerləri və böyük gəlirlər vəd edən böyük bir layihəni reallaşdırmaq niyyəti BVF tərəfindən az qala düşmənçiliklə qarşılanırdı. Qurumun bu yanaşmasını hələ də başa düşmək çətindir. 

Belə ki, Fond  Neft Fondunun vəsaitlərinin bir hissəsinin Bakı-Tbilisi-Ceyhanın (BTC) maliyyələşdirilməsi üçün istifadə edilməsinə etiraz etmişdi. BVF hesab edir ki, bu, ARDNF-in qaydalarına uyğun gəlmir. Qaydalara görə, neft gəlirlərinin kommersiya məqsədi ilə istifadəsi qadağandır. Ancaq Bakı-Tbilisi-Ceyhan heç də adi kommersiya layihəsi deyil, axı məhz bu layihə ARDNF-in fəaliyyətini gələcək üçün yararlı etməyə imkan verənlərdəndir. 

Digər mübahisəli məsələ enerjidaşıyıcılarının daxili qiymətlərinin qaldırılması idi. BVF onların dünya qiymətləri səviyyəsinə qaldırılmasını tələb edirdi. Azərbaycanda yoxsulluq səviyyəsinin yüksək olduğu 2000-ci illərin əvvəllərində hökumətin bu addımı  çox böyük etirazlara səbəb ola bilərdi. Hakimiyyət bunu yalnız 2006-cı ildə həyata keçirə bildi, amma əhalinin aztəminatlı hissəsinin müdafiəsi üçün bir sıra tədbirlər də gördü. 

Dövlət büdcəsinin tərtibi və idarəedilməsi, xüsusilə də onun xərc hissəsi ilə bağlı bəzi fikir ayrılıqları da oldu. Bu fikir ayrılıqları böyük ehtimalla Azərbaycanın bu qurumla maliyyə münasibətlərinin erkən dayandırılmasına səbəb oldu. Ölkə Fondun kreditləri olmadan keçinə bilmək səviyyəsinə qədər möhkəmlənən kimi onlardan imtina edildi. Qeyd edək ki, bu beynəlxalq qurum bizim ölkədə kreditləşdirməyə 1995-ci ildən başlayıb. Bu günə kimi BVF Azərbaycana altı proqram çərçivəsində kreditlər verib. 

Respublikanın Fondda kvotası 60,9 mln SDR ($248 mln) təşkil edir.  1 yanvar 2008-ci il tarixinə Azərbaycanın  Fond qarşısında borcu $100,6 mln təşkil edir. 2008-2012-ci illərdə Azərbaycan əvvəl alınmış kreditlərin qaytarılması çərçivəsində Fonda 55,96 mln SDR ($88,9 mln) ödəyəcək.

 

Kredit əvəzinə məsləhət 

Artıq üçüncü ildir ki, Azərbaycan hökuməti BVF ilə IV maddə çərçivəsində məsləhətləşmələr aparır. Buna görə də görüşlərin gedişində proqram əsasında əməkdaşlıq perspektivlərinə, demək olar ki, toxunulmur. Bundan başqa, BVF tərəfindən müxtəlif istiqamətdə göstərilən texniki yardımın həcmi çoxalır.  Ölkə hökuməti ilə IV maddə çərçivəsində məsləhətləşmələr BVF üzvü olan bütün ölkələrdə aparılır. Əsas məqsəd ölkə iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı hökumətin qısamüddətli və ortamüddətli öhdəliklərinə qiymət verilməsi, struktur dəyişiklikləri ilə bağlı planların müzakirə edilməsidir. 

Missiya, adətən, səfərin sonucları ilə bağlı hesabat hazırlayır və sonra o, BVF icraçı direktorlarının baxılması üçün təqdim edilir. 

Bir az sonra isə Azərbaycanla əməkdaşlıq prioritetlərini Dünya Bankı dəyişib. Burda əsas vurğu islahatlara dəstək kreditlərindən investisiya maliyyələşdirilməsinə üstünlük verən dövlət büdcəsinə qədər qarışmışdı.  "Azərbaycana indi maliyyə dəstəyindən çox tövsiyələr lazımdır",-  deyə öz bəyanatında DB-nin Azərbaycandakı təmsilçisi Qreqori Yeceyçak bildirmişdi.

Gerçəkdən də, Azərbaycan dünyanın başqa ölkələri kimi beynəlxalq maliyyə institutları ilə məsləhətləşmələr aparır və onların başqa ölkələrin təcrübəsinə əsaslanan konstruktiv tövsiyələrinə qulaq asır. 

Ancaq bu yaxınlara kimi daha çox ölkənin iqtisadi taleyi barədə mənfi proqnozlar səslənirdi. Yada salaq ki, yayda BVF 2012-ci ildən başlayaraq, Azərbaycan üçün iqtisadi geriləmə proqnozlaşdırmışdı. Fondun ekspertlərinin fikrincə, Azərbaycan MDB-də iqtisadiyyatı uzunmüddətli perspektivdə iqtisadi azalma dövrünə girəcək yeganə ölkə olacaq. Özü də 2012-ci ilə kimi Azərbaycanda ÜDM artımı sürətlə aşağı düşəcək, ancaq təkcə 2012-ci ildə ÜDM 1,7% azalacaq, 2013-cü ildə isə azalma 2,6% təşkil edicək. 

BVF-nin öncəgörməsinə görə, əgər 2007-ci ildə Azərbaycanda ÜDM artımı 23,4% təşkil etmişdisə,  2008-ci ildə bu 18,6%-dən artıq olmayacaq,  2009-cu ildə 15,6%-ə,  2010-cu ildə 4,8%-ə,  2011-cu ildə isə 1,6%-ə düşəcək. Bundan başqa, proqnoz müəllifləri həmin dövrdə başqa yataqların açılması, qaz hasilatının effektiv şəkildə neft hasilatını əvəz etməsi imkanlarına şübhə ilə yanaşırlar. BVF ölkənin neftdənkənar sektorlarının da inkişafına ümid etmir. 

Ancaq zaman göstərdi ki, dünya iqtisadiyyatının ümumi  geriləmə dövründə Azərbaycanın vəziyyəti ən dayanıqlılardan oldu. Yəni necə deyərlər, insanın ən yaxşı həkimi onun özüdür. Bu ifadəyə əsaslanaraq, demək olar ki, çox illik təcrübələr və ekspert qruplarının nəticələrinə əsaslanan tövsiyələr, əlbəttə ki, yaxşıdır, amma qərarı yenə də milli hökumət verməlidir. Çünki əks halda məhz onun rəhbərlik etdiyi xalq zərər görəcək. 


MƏSLƏHƏT GÖR:

363