15 Mart 2025

Şənbə, 04:13

GÖZLƏ GÖRÜNƏNİN GÖRÜNMƏZ TƏRƏFLƏRİ

Azərbaycanda muzey işi ilk öncə gənc nəslin təhsilinə və vətənpərvərlik ruhunun aşılanmasına xidmət etməlidir

Müəllif:

01.12.2008

İsraildə Milli Fəlakət Memorialı (Holokost) və  ivritcə  Yad va-Şem adlanan yəhudi xalqının qəhrəmanlıq abidəsi. Boğazlarda qəhər, ürəklərdə ağrı, gözlərdə yaş, beyinlərdə isə dəhşətli düşüncələr; insanlar heç onları başlarından çıxarmaq belə istəmirlər. Bu, yəhudilərin böyük ağrılarına birlikdə şərik olmalarıdır. Məhz birlikdə şərik çıxmaq. Düzdür, bu həmişə var, ancaq burada yüz dəfə daha güclü, daha ağrılı hiss edilir. O, ürəklərdə həmişə qalır. Bu məhz memorialı yaradanların nail olmaq istədikləri hissdir.  Və onlar buna nail olublar.

İstənilən yəhudidən xalqı haqqında soruşun, ağzını açan kimi İkinci Dünya müharibəsində yəhudilərin məhvindən danışacaq, çox dillərdə buna "Holokost" adı veriblər. Əgər siz hər addımda üç dinin müqəddəs şəhəri olduğu anlaşılan Yerusəlimə getməli olsanız, bu qədər görməli və ziyarət etməli yerləri olan bir şəhərdə hər bir yəhudi sizə Milli Fəlakət Memorialı Holokosta və Yad va-Şemə, yəni yəhudi xalqının qəhrəmanlıq abidəsinə getməyi məsləhət verər. 

"Bu yerlərə baş çəkin, bunu heç vaxt unutmayacaqsınız",- deyə onlar vurğulayırlar. Bu, gerçəkdən belədir. Bunu unutmaq mümkün deyil. Və təəccüblü deyil ki, hər il kompleksə milyondan çox adam baş çəkir, özü də baş çəkənlər təkcə xaricilər deyil.  Yəhudilər bura öz ailələri, körpə uşaqları ilə ildə bir neçə dəfə gəlirlər. Məktəblilər və yəhudi ordusu ekskursiyalar təşkil edir. Onlar bütün buna ayrıca gün ayırırlar. Çünki kompleksin ərazisində yerləşən muzeyi gəzmək üçün vaxt lazımdır. Özü də çox vaxt. 

Yad va-Şemdəki mənzərəni sözlə təsəvvür etmək mümkün deyil. Orada verilən məlumatlar insan qəlbinə o qədər yüksək təsir edir ki, istənilən şəkildə sözlərlə təsvir bu təəssüratı məhdudlaşdırır.  Yəhudilər Yad va-Şemin hər bir tamaşaçısına, xüsusilə də uşaqlara ayrıca diqqət yetirirlər. Kompleksə əgər, hətta dördyaşlı uşaq belə daxil olarsa, onun anladığı bütün mümkün vasitələrlə ilə harada olduğunu başa salmağa çalışırlar. Bunu uşaqların valideynləri deyil, daha çox kompleksin işçiləri edirlər. 

Bu, hər bir İsrail vətəndaşının borcudur. Çünki öz ölkələrində patriotları məhz belə yetişdirirlər. Kompleksin yaradılması ideyası, onun arxitekturası, planlaşdırılması, tərtibatı məhz bu missiyanın gerçəkləşdirilməsinə yönəldilib. Burada yüzdən çox televizor ekranı Holokostda yaşanmış faciədən danışır. Bir böyük ekran yəhudi tarixini sənədləşdirən bu muzeyin bütün zal və bölmələrini birləşdirən dəhlizə yerləşdirilib və istənilən bölməyə daxil olmaq istəyən insan arxasında öz faciəsindən danışan adam hiss edir. Bu ekran dəhlizin istənilən nöqtəsindən görünür. Orada uşaqlar, kişilər və qadınlar, qocalar yer alır. 

Burada çox sayda abidə, heykəl və xatirə guşələri elə yerləşdirilib ki, tamaşaçı faciəli hadisələrin bütün inkişaf mərhələlərini dolğunluğu ilə - başlanğıcı, kulminasiyası və sonu ilə birgə hiss edə bilsin. Burada əsir düşərgələrindəki dustaqların rəsmləri və şəkilləri yer almış incəsənət muzeyi də var. Onların geyimləri, nömrələri, daşıdıqları daşlar və arabalar, fabriklərdə onları istehsal etməyə məcbur etdikləri məhsullar təsvir edilib. Eksponatlar arasında milyonlarla cırıq ayaqqabı, miskin yemək, qablar, kameralar və işgəncə mexanizmləri, işgəncələr zamanı çıxarılmış dişlər, krematoriyalar və qaz kameraları da var. Müxtəlif dillərdə Holokost haqqında nəşr edilmiş 87 min kitabın yer aldığı kitabxana da fəaliyyət göstərir. 58 milyon səhifə sənədin toplandığı arxivdə 100 min fotoşəkil var. Onlar yeniləri ilə getdikcə artır.

Yad va-Şem arxivi dünya üzrə yəhudi xalqının təqib tarixini sənədləşdirən ən böyük arxivdir. Yad va-Şemə gələnlərə sonda deyirlər: "Biz anlayırıq ki, indi sizə pis oldu. Amma onlar üçün daha pis olmuşdu. Onlar üçün elə pis olmuşdu ki, heç bir memorial Holokost qurbanlarının yaşadıqları dəhşətin dərəcəsini əks etdirə bilməz. Biz bu kompleksi onun üçün yaratmışıq ki, bu cür faciə bir də və heç yerdə təkrarlanmasın". 

 

Muzeyə ekskursiya... 

Görəsən, muzeylərin, memorialların, tarixi komplekslərin işində nəyi daha vacib saymaq lazımdır? Xüsusilə də onun ekspozisiyaları və yönümü bu və ya başqa ölkənin tarixi və mədəniyyəti ilə bağlı olanda. Doğrudanmı, bu mədəniyyət sahəsinin işi yalnız əşyaların sənədləşdirilməsi və onların detallarının öyrənilməsi, irsin qorunması, təbiət və tarix abidələrinə ictimai marağın təmin edilməsidir? Burada hələ muzeylərin xalqın estetik zövqünü təmin etməkdəki rolundan danışmırıq. Muzeylər həm də böyük elmi işlər görürlər. Ancaq hansı məqsədlərlə?

Onların əsas rolunun təhsillə və vətənpərvərlik hisslərinin tərbiyəsi ilə bağlı olduğunu anlayanda hər şey yerinə düşür. Və bu funksiya onların ekspozisiyalarının məlumatlılıq xüsusiyyətləri ilə bağlıdır. İsrailin muzey komplekslərinin timsalında görmək olur ki, bu funksiyanı təmin etmək mümkündür.  Bu ölkədə ekskursiya rəhbərlərinin uşaqlarla necə işləməsinə baxanda, Azərbaycanın bu sahədə hələ nə qədər çox işlər görməli olduğunu anlamaq olur. Bu, uşaqların hələ ki anlayışlı deyil, hissiyyat səviyyəsində də olsa, öz ölkələrini sevməsi üçün vacibdir. Və bu cür münasibət yalnız İsraildə deyil, qonşu Rusiyada da hiss edilir. Etiraf etmək lazımdır ki, hazırda Moskva muzeylərinin tamaşaçı qıtlığı ilə bağlı problemi yoxdur. 

Biz nədən uşaqların üzərində dayanırıq? Çünki onlar bizim gələcəyimizdir. Onların öz Vətənlərinə necə yanaşmasından, ona hörmət edib-etməməsindən çox şey asılı olacaq. Adama elə gəlir ki, uşaqlarla işləməkdən gözəl iş yoxdur. Əgər ekskursiyaçının müəyyən qədər biliyi də varsa, o həmin bilikləri uşaqlarla bölüşə bilər. Əsas məsələ istəkdir. Amma bizim yerli muzeylərimizdə bu məsələ ilə bağlı böhran olduğu ortaya çıxdı. Buna çox sayda misallar gətirmək olar. Özünə əziyyət verən yaşlı adam, bəlkə də, bizim ekskursiya rəhbərlərinin sürətli və rabitəsiz nitqini anlaya bilər. 8 yaşlı qızı ilə Xalça Muzeyinin tək tamaşaçısı olan bu qadının uşağı isə həmin nitqi anlamır. Muzeyin işçisinin sifətindən isə tamaşaçıların gəlməsi ilə bağlı narazılıq yağırdı.

Sual da vermişdi: "Ekskursiya rəhbəri sizə mütləq lazımdır?". Təsdiqləyici cavab aldıqdan sonra, muzey işçisi Azərbaycan xalçasının tarixi barədə bəsit hekayəsinə başlamışdı. Ekspozisiyadan ekspozisiyaya keçərək, muzey gəzintisini çox sürətlə bitirmişdi. Həmin müddət ərzində ekskursiya rəhbəri olan xanım bir dəfə də olsa, uşaqla əlaqə qurmağa cəhd etmədi. Ondan adını, neçə yaşı olduğunu, muzeyə niyə gəldiyini, ümumiyyətlə, xalçalar barədə nə bildiyini soruşmadı. Ekskursiya rəhbəri öz danışığına yaradıcılıq elementi və hərarəti qatmadı,  muzeyə gəlmiş körpə qızcığazın marağına səbəb olmağa çalışmadı. 

Və bu çox kədərli idi. Nəticədə, uşaq Azərbaycan xalçasının mənşəyi, naxışları və rəmzləri ilə bağlı tarixi faktların bu çoxrəngli palitrasından yalnız bir məlumat əldə edə bildi - xalçalar tiftikli və tiftiksiz olur. Görəsən, buna görə kimi günahlandırmaq lazımdır?  Əslində, estetik tərbiyə və məlumat yükü baxımından milli xalçalarımız əsas funksiyalardan birinə sahibdirlər.  Məhz bu cür sadə görkəmli əşyaların hesabına uşaqlar milli və etnik özünüdərkə başlayırlar. 

Ancaq uşağın milli özünüdərkə marağı yox oldu. Bunun üçün muzeyə getmək bəs etdi. Əfsuslar olsun ki, başqa muzeylərdə də eyni proseslər gedir.  Deyirlər ki, şeytan o adamlara maraq göstərir ki, onlar yolayrıcındadırlar, bilmirlər inansınlar, yoxsa inanmasınlar. Eyni şeyi doğulduqları ölkəyə münasibətlə bağlı müəyyən qərar verməli olan uşaqlar barədə də demək olar. Bu sevgini qazanmaq, bu uşaqların ruhu uğrunda mübarizə aparmaq biz böyüklərə vacibdir. Bunu xüsusilə də yetərincə biliklərə malik insanlar etməlidir. Muzeylərə gəldikdə isə, burada mənə elə gəlir ki, birbaşa böyüyən nəsillə işləməyi bacaran əməkdaşlara böyük ehtiyac duyulur. Elə işçilər ki, uşaqlarla yaşından asılı olmayaraq, anladıqları dildə danışmağı bacarsın. 

 

İş başlayıb

Təbii ki, Azərbaycanda muzey sektorunun bir çox təmsilçiləri öz maaşlarından razı deyillər. Ancaq bizim ölkədə bu sahənin acınacaqlı vəziyyətindən danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, son iki ildə muzey işçilərinin maaşı 90 faiz artırılıb. "Azərbaycan tarixində belə şey heç zaman olmayıb ki, mədəniyyət sahəsinin işçiləri başqa sahələrlə eyni maaş alsın. Buna görə də indiki maaşlarla biz mümkün olan hər şeyi etməliyik ku, öz muzeylərimizlə fəxr edək". 

Nazir həmçinin bildirib ki, bu gün Azərbaycanda muzey işi barədə beynəlxalq səviyyəyə çıxarıla biləcək bir kitab yoxdur. "Tezliklə belə bir kitab təşkil etmək lazımdır və dünya muzeylərinə göndərmək lazımdır. Hər bir ölkə Azərbaycanın mədəniyyət və muzey işi barədə məlumatlı olmalıdır". Əbülfəs Qarayev həm də muzeylərə çox az adamın getməsindən narahatlıq bildirib: "Niyə muzeylərə gedən yoxdur? Bu suala cavabı məhz siz verməlisiniz!" - deyə nazir muzey işçilərinə üz tutub. 

8 mart 2007-ci ildə prezident İlham Əliyev Azərbaycanda muzey işinin yaxşılaşdırılması ilə bağlı sərəncam verib. Sərəncamda dövlət başçısı bildirib ki,  muzeylər ölkənin mənəvi həyat funksiyasının, elmi və mədəni dəyərlərin hərtərəfli istifadə edilməsinin gerçəkləşdiriciləri deyil, həm də vətənpərvərlik tərbiyəsi funksiyasını yerinə yetirirlər. Ermənistanla münaqişə şəraitində bu xüsusilə önəmlidir. Prezident müvafiq qurumlara ölkə muzeylərinin yenidən qurulmasını, beynəlxalq standartlar və azərbaycançılıq ideyası baxımından onların fəaliyyətini yaxşılaşdırmağı tapşırıb. 

Azərbaycanda muzey işinin yaxşılaşdırıması üçün edilənlər barədə suallara cavab verən mədəniyyət naziri bildirib ki, bu çox miqyaslı işdir və zaman tələb edir. "Azərbaycanın Tarix Muzeyinin, Nizami Gəncəvi adına Ədəbiyyat Tarixi Muzeyinin, Üzeyir Hacıbəyovun Ev-Muzeyinin əsaslı təmiri başa çatdırılıb. Azərbaycan Dövlət İncəsənət Muzeyində təmir davam edir. Bununla yanaşı, artıq yeni Xalça Muzeyinin tikintisi üzrə işlərə başlanılıb. Ucar, Zərdab, Goranboy, Salyan və başqa rayonlarda yeni muzeylər açılıb və bu iş davam etdiriləcək. Beləliklə, Azərbaycan muzeylərinin ümumi sayı 160-ı keçir".

Gənclərin muzeylərə cəlb edilməsinə gəldikdə isə Mədəniyyət Nazirliyindən bildirblər ki, bu, çağdaş media texnologiyalarının hesabına mümkündür və gələcəkdə bizim ölkənin muzey sahəsində də tətbiq ediləcək. "Bu sahədə beynəlxalq təcrübəni öyrənmək üçün Mədəniyyət Nazirliyi muzey işi sahəsində xarici mütəxəssislərin Bakıya səfərlərini təşkil edir. Belə ki, oktyabr ayında muzey işində çağdaş media texnologiyalarının inkişafı üzrə tanınmış alman mütəxəssisi Karmen Bekenbax Bakıda olub. O, Azərbaycan muzeylərinin əməkdaşları üçün seminar keçirib və təcrübə mübadiləsi aparıb. Bundan başqa, oktyabr ayında muzey sahəsində təcrübə mübadiləsi üzrə birillik Azərbaycan - Norveç layihəsi başa çatıb. Bu barədə saziş ötən il Azərbaycanın Mərkəzi Muzeyi ilə Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyi arasında bağlanılıb. Saziş əsasında bir il ərzində 3 seminar keçirilib. Bunlardan ikisi Bakıda, biri isə Oslo və Stavangerdə keçirilib. Norveçlilər muzey incilərinin qeydiyyatı üzrə sənədləşmə aparılması üzrə Azərbaycan sistemini yüksək qiymətləndiriblər",- deyə nazirlikdən bildiriblər.

Həmçinin, 2007-ci ildən Azərbaycan Muzey Mərkəzi ilə Rusiyanın "Rus muzeyi. Virtual filial" muzeyi arasında gerçəkləşdirilən layihəni göstərməmək olmaz. "Bu, dünya praktikasında tətbiq edilən və prinsipcə tamaşaçılarla yeni iş üslubudur. Qarşılıqlı əlaqələr hesabına Azərbaycan da fəal olaraq bu sahəyə qoşulur. Bu, multimedia kinoteatrıdır, bunun hesabına tamaşaçılar Rus muzeyi kompleksinə daxil olan bütün saraylara daxil ola bilər, onun eksponatlarını görə bilərlər. Bakı məktəbləri bu virtual filiala tez-tez ekskursiyalar təşkil edirlər. Və bu gün tam əminliklə demək olar ki, Azərbaycanda muzey işinin inkişafı sahəsində geniş iş görülür", - deyə Mədəniyyət Nazirliyindən bildiriblər. 

Muzey  ölkənin "görməli yerlərindədir". Muzey işçilərinin missiyası hörmətli və fövqəladə  vacib işdir. Əgər biz istəyirik ki, bizim "görməli yerlər", məsələn, İsraildəki kimi populyar və nəzərəçarpan olsun, hansısa iri dövlət məmurunun çıxıb hər şeyi düzəldəcəyini gözləməyə dəyməz. Özümüzlə harmoniyada olmaq, iş yerimizdə məsuliyyətli və peşəkar olmaq lazımdır. Əgər dünyanı dəyişmək istəyirsinizsə, özünüzdən başlayın. 



MƏSLƏHƏT GÖR:

469