14 Mart 2025

Cümə, 21:43

ALLAHDAN XEYİR və BARIŞ DİLƏYİ İLƏ

Azərbaycanda dini və milli bayramların bərabər səviyyədə qeyd edilməsi ölkədə dini və dünyəvi dəyərlərin harmoniyasından xəbər verir

Müəllif:

01.12.2008

2008-ci ilin Həcc mərasimi - Səudiyyə Ərəbistanının Məkkə şəhərinə səfər və onun əsas ritualları dekabrın ilk günlərindən başlayır. Müqəddəs yerlərə zəvvarlıq İslamın əsas ibadət ayinləri arasında beşinci və sonuncudur.  Hər bir müsəlman, əgər imkanı varsa, həyatında  heç olmasa bir dəfə Həcc səfərinə getməlidir. Həcc səfəri qəməri tarixlə zilhiccə ayının ilk günlərində gerçəkləşir və bu ayın doqquzuncu günündə öz zirvəsinə çatır. 

Qurban Bayramı hər il bu Məkkə zəvvarlığının başa çatması ilə eyni günə düşür və bu il dekabrın 8-də qeyd ediləcək. Bayram günü Mina vadisində zəvvarlar qoyun və quzu kəsərək, İbrahim Peyğəmbərin öz oğlu İsmayılı Allaha qurban kəsməyə hazır olduğunu xatırlayırlar. 

Bu möminliyin əvəzinə Allah İbrahim Peyğəmbərə iki qoyun göndərib və onlar qurban kəsilib. Bu gün bütün dünya müsəlmanları qurban kəsirlər və heyvanın ətini yoxsullara paylayırlari, ətin bir qismini isə ailə daxilində bayram süfrəsində işlədirlər. Qurban kəsmiş hər bir müsəlman əti yeddi ünvana paylamalıdır. Belə düşünülür ki, bu ənənə xeyirxahlıq, yaxın adamlara yardım hissləri tərbiyə edir. 

Qurban Bayramı xüsusi bayram namazından başlayır. Müsəlman dünyasında bayram üç gün davam edir. Bayram günlərində müsəlmanlar öz yaxınlarından pis əməllərinə görə bağışlanma diləyirlər, əcdadlarının məzarlarına baş çəkirlər, Allahdan sülh və bərəkət diləyirlər. Müsəlmanlar üçün Qurban Bayramı təkcə əsas bayram olmaqla qalmır, həm də Allahdan günahlarının bağışlanmasını diləmək imkanıdır. 

 

Milli və dini bayramlar

Azərbaycanda  Qurban Bayramı həmişə qeyd edilib. Hətta dini bayramların qeyd edilməsinin ciddi qadağan olunduğu sovet illərində belə insanlar onu gizlincə bayram edirdilər. Rəsmi səviyyədə onun  qeyd edilməsinə Azərbaycan müstəqillik qazandıqdan sonra başlanılıb. 2006-cı ildən isə başlayaraq Azərbaycan parlamenti onun keçirilməsinə iki tətil günü ayırıb. Bizim ölkənin dünyəvi dövlət olmasına bayxmayaraq, rəsmi səviyyədə iki dini bayram - Qurban və Ramazan bayramları keçirilir. 

Bu isə dünyəvi və dini normaların çox parlaq yaxınlaşmasından xəbər verir. Amma məsələn, Qazaxıstanda "Əmək haqqında" qanuna görə, Qurban Bayramı üçün yalnız bir gün tətil ayrılır. Həmin  ölkənin bu  məsələ ilə maraqlanan hüquqçularından biri bizim əməkdaşımızla söhbətində onun üçün maraqlı olan faktdan bəhs edib.

"Azərbaycana gəldikdə isə Qurban bayramı yalnız milli bayram olmaqla qalmır, o həm də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tənzim edilir və bu norma qanunlarda təsbit edilib. Qazaxıstan modeli ilə müqayisə etdikdə bu, irəliyə doğru böyük addımdır. Bizdə - Qazaxıstanda, məsələn, Ramazan Bayramı rəsmi bayram sayılmır və ona tətil ayrılmır. Əhalisinin çoxu müsəlman olan bir ölkə üçün bu kədərlidir. Amma hər nə olur-olsun, Konstitusiyaya görə, Qazaxıstan demokratik, dünyəvi, hüquqi və sosial dövlətdir", - deyə müsahibimiz bildirib. 

Yeri gəlmişkən, dünyəvilik və söz azadlığı baxımından Azərbaycan bütün dünyaya örnəkdir. Bu barədə "İslamafobiyanın və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsir və onların qarşısının alınması üçün gənclərin fəaliyyəti" mövzusunda noyabrın əvvəlində Bakıda keçirilmiş beynəlxalq konfransda vurğulanıb. "Dini ayrı-seçkiilyə yox!" devizi altında keçirilmiş tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi, İSESKO, Avropa Gənclər Forumu və İslam Konfransı Təşkilatının "Dialoq və əməkdaşlıq uğrunda" gənclər forumu tərəfindən təşkil edilib. 

Tədbirdə çıxış edən Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hazırda Azərbaycanda 80-ə yaxın millətin və müxtəlif etnik qrupların nümayəndələri yaşayır, onların hamısı Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Və Azərbaycan dövlətinin siyasəti milli, dini və etnik diskriminasiyadan uzaq atmosferin formalaşdırılması ilə bağlıdır. 

Öz növbəsində İSESKO-nun baş katibinin aparat rəhbəri Əhməd Səid Quld Bəx bildirib ki, 11 Sentyabr hadisələrindən sonra islama hücumlar artıb. "Bu, islama və müsəlmanlığa qarşı əsaslandırılmamış düşmənçilikdir. Təəssüf ki, islamafobyia ilə hətta ictimai-siyasi sahələrdə də rastlaşmaq olur. İslama qarşı çıxanların cəzasız qalması da başqalarını bu cür addımlara həvəsləndirir. Bu problemə qarşı birgə mübarizə aparmaq lazımdır". 

Konfrans iştirakçıları islamafobiyanın, antisemitizmin və ksenofobiyanın başqa təzahürlərinin qarşısını almaq və dini ayrı-seçkiliyin kökünü kəsmək üçün gənclərlə iş üsullarını müzakirə ediblər. Konfransın yekunlarına görə, "Bakı Gənclər Təşəbbüsü" adlı bəyannamə qəbul edilib. Sənəd dünyanın bütün gənclər təşkilatlarını bu sahədə əməkdaşlığa çağırır.

 

Allahın birliyi haqqında 

Bu konfransın keçirilməsini təsadüfən xatırlatmadıq. Axı təcrübə göstərir ki, dünyəviliyin və dinin yanaşı yaşaması heç də həmişə birmənalı qarşılanmayıb. Düşünürük ki, Azərbaycanda həmişə çox maraqlı şəkildə müxtəlif konfessiyaların və dövlət idarəetməsi qanunlarının yanaşı yaşamasını xatırlamaq yerinə düşərdi. Bu, gerçək harmoniyadır. Jurnalın nəşrlərində dəfələrlə bildirilib ki, Azərbaycan yalnız geniş deyil, həm də miqyaslı düşünməyi bacaran insanları dünyaya gətirir və yetişdirir. 

Təsadüfi deyil ki, yuxarıda bəhs edilən konfransın emblemi 17 yaşlı İlqar Talıbovun hələ 7 yaşında çəkdiyi "Allahın mövcudluğu və təkliyi" rəsmi olmuşdu. Konfransın təşkilatçıları 10 il sonra İlqarın rəsmini nəinki xatırlayıblar, hətta onu indi təhsil aldığı ABŞ-dan çağıraraq, konfransın işində iştirak etməyə dəvət ediblər. 

O da bütün yaşıdları kimi Azərbaycan üçün çətin olan zamanlarda böyüyüb. Bununla belə, hələ 7 yaşında İlqar anlamışdı ki, bu dünyanı yalnız bir Allah idarə edir. Yuxarılardan gələn bu vəhyi o, öz rəsmində əks etdirmişdi - dünyanın üç əsas dini olan yəhudilik, xristianlıq və islam onun kətanında yanaşı yer almışdı. 

"Mənə elə gəlir ki, İslam bir elm kimi gənclər arasında düzgün təbliğ edilmir. Quran bütün insanlığa Yaradan tərəfindən göndərilmiş əxlaqi dəyərlər, misilsiz biliklər toplusudur.  Bu kitab açılmamış sirlər və dinləyənləri heyrətə gətirən səslərin uzlaşmasıdır. Bu din ədalətə və sülhə işıqlı yol göstərən dindir. İslam bizi zorakılıqdan və şərdən qoruyur",- deyə İ.Talıbov müsahibələrinin birində bildirib. 

Məhz bu dəyərlər Qurban Bayramının əsasında dayanır. İslamda qurban kəsmək adəti  yüksək mənəviyyatın, möminliyin, xeyriyyəçiliyin, müsəlmanın haqq işi naminə öz maraq və istəklərindən vaz keçməsinin rəmzinə çevrilib. Əgər bu adətin və onun postulatlarının gerçək təyinatını hər kəs anlayarsa, onda bizim dünyada şər xeyli azalar. 


MƏSLƏHƏT GÖR:

414