14 Mart 2025

Cümə, 20:58

XƏZƏRİN LAP DİBİNDƏ NEFT VARMI?

Tezliklə Azərbaycanın yeni perspektiv neft-qaz strukturlarında kəşfiyyat işlərinə başlanılacaq

Müəllif:

01.12.2008

Neft və qaz geologiyası geologiyanın elə bir sahəsidir ki, onu "karbohidrogen yataqlarının axtarışı elmi" kimi də müəyyən etmək olar. Halbuki geologiya, adətən, belə yataqlarla onların açılmasından sonra da işləyir. Azərbaycanda bu sahə ötən yüzillikdən də qabaq inkişaf etməyə başlayıb. 

Mümkündür ki, məhz bu zəngin təcrübə bugünkü geoloqlarmıza başqa ölkələrin neft çıxaran şirkətlərinin malik olduğu texnoloji yeniliklər olmadan, demək olar ki, heç bir səhv etmədən proqnozlar verməyə, ölkəyə çoxmilyonlu gəlirlər gətirən hesablamalar aparmağa imkan verir. Özü də onlar öz işlərini elə yüksək səviyyədə görürlər ki, hər şeyə irad tutan dünya elmi dairələri Azərbaycan alimlərinin də elmi xidmətlərini qəbul etmək məcburiyyətindədirlər. 

 

Fundamental araşdırmalar gərəkdir 

 

Məhz Akif Nərimanova - Dövlət Neft Şirkətinin  "Azneft" İstehsalat Birliyinin baş geoloqu və baş direktorunun müavini olan, araşdırmaları ilə həm quruda, həm də Xəzərdə neft-qaz yataqlarının açılmasına xidmət etmiş bir insana Amerika Geoloq-Neftçilər Assosiasiyasının xüsusi mükafatı verilib. Mükafat ona 2009-cu ilin iyun ayında assosiasiyanın ABŞ-ın Denver şəhərində hər il keçirilən konfrans-sərgisində veriləcək. 

Öz önəminə görə bunu yalnız Nobel mükafatı və ya Olimpiada medalı ilə müqayisə etmək olar. Hər il Yerin dərin qatlarının iki tədqiqatçısına verilən bu mükafatın nüfuzunu göstərmək üçün ona layiq olmuş bəzi araşdırmaçıları -  elektrik kartoajını tətbiq etdiklərinə  görə həmin mükafatı almış  Konrad və Marsel Şlümberjeləri, ilk dəfə olaraq Aya enməsinə və onun geologiyasını öyrənməsinə görə mükafatlandırılmış Harrison Şmidti göstərmək yetərlidir. 

Azərbaycan alimi mükafata Cənubi Xəzər hövzəsinin elmi dərkinin genişlənməsində, inkişafında və dəstəklənməsində aparıcı roluna, həmçinin Xəzər dənizinin önəmli neft və qaz yataqlarının kəşf edilməsində göstərdiyi əməyinə görə layiq görülüb. Qeyd edək ki, o, Türk Dünyasından bu mükafatı almış ilk, MDB-dən isə ikinci alimdir.  

Akif Nərimanov elmi araşdırmanı praktiki tətbiqlə birləşdirməyi uğurla bacaran nadir mütəxəssislərdəndir. Məhz onun birbaşa iştirakı ilə bu gün ölkəyə yüz milyonlarla dollar gəlir gətirən "Azəri", "Çıraq" və "Günəşli" yataqları açılıb. Görəsən, Xəzərin Azərbaycan sektorunda bu cür kəşflər yenə də ediləcəkmi?

Akif Nərimanovun sözlərinə görə, hazırda Azərbaycan geoloqları yeni yataqların açılmasını nəzərdə tutan fundamental araşdırmalardan çox, mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi, onların altında yeni karbohidrogen laylarının axtarışı ilə məşğuldurlar. Ancaq hətta geologiya elminin son nailiyyətləri belə, neft-qaz yataqlarının axtarışı zamanı təsadüfilik elementini istisna etmir. 

Uğursuz araşdırma-kəşfiyyat quyularının sayının nə qədərsə neft və qaz vermiş quyuların sayına nisbəti 9-un 1-ə nisbətinə bərabərdir. Bundan başqa, ekspert qiymətləndirmələrinə görə, yeni neft və qaz yataqlarının axtarışı məqsədi ilə qazılmış 70 quyudan yalnız biri kommersiya baxımından əlverişli kəşfə səbəb olur. Buna görə də yalnız iri neft şirkətləri geoloji xidmətə malikdirlər, kiçik şirkətlər isə bir qayda olaraq, geoloq neftçiləri məsləhətçi kimi cəlb edirlər. 

Hətta "ExxonMobil", "Chevron" kimi iri şirkətlər də quyu qazmanın rentabelliyinə maksimum inam olduğu Xəzər strukturlarında səhvlərə yol veriblər. Quyu qazmaq özü isə baha başa gələn işdir. Buna görə də heç bir geoloq ətraflı analiz və dərin tədqiqatlar aparmadan quyunun yerləşəcəyi nöqtə barədə hər hansı bir proqnozu verməyə cəsarət edə bilməz. "Etiraf edirəm ki, indi bizdə fundamental araşdırmalar yetərincə deyil, buna görə də indiyə kimi açılmış yataqlardakı ehtiyatlar getdikcə tükənir, amma onları əvəz etməyə isə bir şey yoxdur",- deyə Akif Nərimanov "Region plus"la söhbətində bildirib. 

 

Sirli mezozoy

 

Təəssüf ki, bu gün Azərbaycan geoloqlarının imkanları məhduddur - bu sahədə 1990-cı illərin əvvəllərində baş vermiş geriləmə hələ də özünü göstərir. Bu illər ərzində qərbli həmkarların elmi uğurları xeyli irəli gedib. Onlara çatmaq üçün bizə onilliklər və böyük maliyyə resursları lazımdır. Bundan başqa, yeni kadrların çatışmazlığı da hiss edilir. İndi ARDNŞ onların hazırlığı ilə məşğuldur, amma bunun üçün də vaxt gərəkdir. 

Azərbaycanda neft hasilatının yüksək səviyyəsini saxlamaq üçün yeni neftlilik mərtəbəsi tapılmalıdır. "Bu gün çox inamla demək olar ki, "Azər-Çıraq-Günəşli" kimi iri neft yatağı Azərbaycan ərazisindəki pliosen çöküntülərdə bir daha açılmayacaq, qaz yataqları tapmaq şansı isə hələ var. Ancaq bu o demək deyil ki, başqa çöküntülərdə, məsələn, mezozoyda bu cür yataqlar açılmayacaq. Ancaq bu çöküntünü biz zəif öyrənmişik",- deyə "Azneft"in baş geoloqu bildirir. 

Buna baxmayaraq, hazırda Azərbaycan geoloqlarının mezozoy barədə müəyyən təsəvvürləri var, daha dəqiqi, bu mərhələnin yuxarı çöküntü layı bir qədər öyrənilib.    

"Mən bütün məsuliyyətimlə bildirirəm ki, neft istehsalatı baxımından onun heç bir perspektivi yoxdur. Ancaq qalan iki lay - orta və aşağı lay zəif öyrənilib, yəni kəşf şansı hələ də var. Buna görə də araşdırmaları daha çox qazla bağlı aparıram. Çox az sayda daha dərin horizontlarda bizə keyfiyyətcə məlum olmayan karbohidrogenlərlə və terminal qazlarla rastlaşdığımız hallar da olub. Ancaq planlı şəkildə belə yataqların axtarılması çox mürəkkəb məsələdir",- deyə alim bildirib. 

Qeyd edək ki, Cənubi Xəzər hövzəsində neft yataqlarının formalaşması konsepsiyasının müəllifi məhz Akif Nərimanovdur, alimin 25 illik elmi işinin nəticəsidir. "Azərbaycan sektorunda açılmış bütün yataqlar Volqanın milyon illər öncə gətirdiyi qumlarla bağlıdır. Dünyada bu qumlarla bağlı qolvari yataqlar mövcuddur. Bu, qolların axtarışını öyrənmək üçün əlavə mövzudur. Sovet illərində Volqanın Abşeron yarımadasına qədər uzanan qədim axarını aşkar etmişdik, ancaq onun sonrakı uzanmasını öyrənə bilmədik.  İlk dəfə olaraq, "Günəşli" yatağında rəhbərliyim və bp neft şirkətinin sifarişi ilə bir neçə belə qol tapıldı. Biz indi bu istiqamətdə işləri davam etdiririk. Bu bizim geologiyada, demək olar ki, yeni istiqamətdir", - deyə Akif Nərimanov vurğulayıb. 

 

Yaxın perspektiv

 

Yaxın perspektivə gəldikdə isə, hazırda yeni buruqların qazılmasına zəmin yaratmaq üçün dərinliklərin öyrənilməsi üzrə seysmoloji kəşfiyyat işləri görulur. Məsələn, müəyyən hazırlıq işlərindən sonra bu il, nəhayət, Gürcüstanla sərhəddə yerləşən yeni "Cahandar" strukturunda qazma işlərinə başlanılıb. "Artıq 3 min metrə qədər qazıntı işləri aparılıb, çox ümid edirik ki, bu, uğurlu olacaq. Buna baxmayaraq, risk böyükdür, çünki ərazi bizdən ötrü yenidir, az öyrənilmişdir",- deyə Akif Nərimanov bildirib. 

Bundan başqa, hazırda yeni kiçik "Qərbi Abşeron" yatağında çıxarıla biləcək ehtiyatların dəqiqləşdirilməsi aparılır bu, 10 milyon ton səviyyəsində qiymətləndirilir. Bundan sonra yatağın işlənməsi layihəsi hazırlanacaq. "Gələn il "Atəşgah" yatağında qazma işlərini bərpa edəcəyik, "Əmirxanlı" yatağında da bir neçə quyu qazmaq niyyətindəyik. Çoxdandır ki, orada qazma işləri aparılmır, amma indi əsas tapılıb. Hadisələrin uğurla bitəcəyinə ümid edirik".

Qaz yataqlarının açılması baxımından Azərbaycan geoloqları "Bulla-dəniz", "Ümid" və "Babək" strukturlarına böyük ümid bəsləyirlər. "Ümid-Babək" blokunda çıxarıla biləcək maye karbohidrogenlərin ehtiyatı 100 milyon ton səviyyəsində qiymətləndirilir. Blokun hasilatının zirvəsində ildə 14-15 milyard kubmetr qaz çıxarılacağı düşünülür. 

Ehtimal edilir ki, ilk kəşfiyyat quyusu yeni "Ümid" yatağında açılacaq, ancaq burada karbohidrogenlərin çıxarılması üzrə yeni texnologiyaların tətbiqi üçün ən azı 5 il vaxt tələb edilir. Axı Xəzərdə ilk dəfə olaraq yataqların sualtı istismarı tətbiq ediləcək. Bu, sualtı robotların istifadəsini nəzərdə tutan yetərincə bahalı texnologiyadır və dünya üzrə çox nadir hallarda istifadə edilir. 

"Yaxın zamanlarda "Bulla-dəniz" və "Ümid" yataqlarının hər birində bir kəşfiyyat quyusunun qazılmasına başlanacaq. Risk böyükdür, ancaq biz ciddi ehtiyatlar əldə edəcəyimizə o qədər inanırıq ki, qazmanı üzən qurğudan aparmaq deyil, xüsusi platforma tikmək barədə qərar vermişik",- deyə Akif Nərimanov vurğulayıb. 

Artıq öyrənilmiş yataqlar üzərində işlər də davam etdiriləcək. Azərbaycan geoloqlarının sərəncamında olan çağdaş texnologiyaların tətbiqi ilə yeni laylar açmaq şansı hələ də var. Başlıca məqsəd, neft hasilatının yaxınlaşan azalma dövrünü bir qədər uzatmaqdır. 


MƏSLƏHƏT GÖR:

554