14 Mart 2025

Cümə, 21:46

AVTOMOBİL DƏBDƏBƏ DEYİL… KREDİTLƏŞDİRMƏ VASİTƏSİDİR

Banklarla avtosalonların əməkdaşlığı yeni şərtlərlə davam edir

Müəllif:

01.12.2008

Azərbaycanda istehlak kreditləşdirməsi bumu davam edir. Vətəndaşlar hər şeyi - mobil telefonları, mebelləri, məişət və kompyuter texnikasını kreditə götürürlər.  Ancaq istənilən halda ən çox tələb olunan kredit növü avtomobil alınmasına borc verilməsidir. Hətta dünyada dəhşətli maliyyə böhranının olmasına baxmayaraq, Bakının avtosalonlarında avtomobili kreditə almaq üçün növbələr yaranır.

 

Gözəl və yeni avtomobillərə tələb çoxdur

Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatına görə, 2004-2007-ci illərdə ölkəyə 250 min avtomobil gətirilib. Hazırda Azərbaycanda 773 min avtomobil qeydiyyatdadır ki, 2007-ci ilin yekununa görə, Azərbaycanın hər min nəfərinə 71 avtomobil düşür.  

Avtomobili kreditə götürməyə belə yüksək tələbatın olması yetərincə sadə izah edilir. Ondan başlamaq lazımdır ki, hazırda ortastatistik Azərbaycan vətəndaşının qazancı ona qısa müddətə  - 2-3 ilə istədiyi avtomobili almaq üçün pul yığmağa imkan vermir.  Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ilin yanvar - oktyabr aylarında Azərbaycan vətəndaşlarının pul gəlirləri 16 mlrd 504,2 mln manat təşkil edib, adambaşına düşən məbləğ 1930,7 manat olub. Özü də əldə edilən gəlirlərin 65,2% -i istehlak ehtiyaclarına, 9%-i isə vergilərə, sosial sığorta ödənişlərinə  və s.-ə yönəldilib. 

Yeni, hətta ən ucuz çağdaş avtomobil ən azı 11 min manatadır. Deməli, "Avtomobil dəbdəbə deyil, hərəkət vasitəsidir" deyimi Azərbaycanın bir çox vətəndaşları üçün işlək deyil.  Düzdür,  Azərbaycan bazarında nisbətən ucuz qiymətə - 7-8 min manata Rusiya istehsalı olan VAZ-2107-lər almaq olar. Ancaq köhnə və doğma olan "O7"-lər çağdaş istehlakçının tələblərinə cavab vermir. 

Şəksiz, təxminən, elə bu qiymətə köhnə və işlənmiş Avropa və Asiya istehsallı avtomobillər almaq olar. Köhnə avtomobil almaqla siz texniki qulluq üçün çox vəsait sərf etmək qorxusu ilə üz-üzə qalacaqsınız. 

Bütün bu amillər ona səbəb oldu ki, hələ ötən ildən avtomobil bazarında meyil dəyişməyə başladı: Azərbaycan əhalisi getdikcə daha çox yeni avtomobillər almağa başladı. Bunun əsas səbəbləri isə 2006-cı ilin sonlarından və 2007-ci ilin əvvəllərindən köhnə avtomobillərin idxalına görə əlavə ödəniş tələb edilməsindən, həmçinin distribüter şirkətləri tərəfindən daha sadə kreditləşdirmə mexanizmi tətbiq edilməsindən qaynaqlandı.  

Qeyd edək ki, avtomobillərin kreditləşdirilməsi bank məhsulu kimi yaxın zamanlardan inkişaf etməyə başlayıb. Hələ bir neçə il qabaq əlverişli faizlərlə maşını kreditə götürmək yetərincə mürəkkəb iş idi, özü də bankların heç də hamısı avtombil almağa kredit vermirdi.  Hazırda avtomobil kreditləşdirilməsi fərdi şəxslər üçün bank kreditləri siyahısında aparıcı mövqelərdən birini tutur. Demək olar ki, bütün avtomobil salonları kreditə avtomobil təklif edirlər. 

Statistikaya görə, Azərbaycanda minik avtomobillərinin 60 faizindən çoxu avtokreditləşdirmə vasitəsiilə alınır (Fineko). Avtomobillərə verilən kreditlərin faizlərinin maşınların bahalaşmasına və inflyasiyaya səbəb olması nəzərə alınanda, maşınalanların avtomobil üçün qiymətindən artıq pul ödəmədiyi ortaya çıxır. Avtomobil krediti üzrə aylara bölünmüş ödəniş isə ailə büdcəsini elə də çətinliyə salmır. 

Avtokredit maşını bu gün alıb, pulunu sonra verməyə imkan yaradır. Qeyd edək ki, xaricdə də avtomobil kreditləri kütləvi haldır, kreditə alınmış avtomobillər bütün bazarın 70 faizini təşkil edir. ABŞ-da və Avropada kreditə avtomobil almaq çoxları üçün xoşagələn avtomobili tezliklə almağın yeganə yoludur. 

Azərbaycanda da avtomobil kreditlərinə tələbat artmaqdadır. Banklarla avtosalonların birgə proqramları geniş populyarlıq qazanıb. İndi bu cür əməkdaşlıq dünyada da geniş yayılıb. Qarşılarına rəqabət mübarizəsini ud mağı məqsəd qoymuş salonlar və dilerlər yeni müştərilər əldə etmək və köhnələri saxlamaq üçün hər şeyə gedirlər. 

Avtomobilin satışı zamanı unikal opsiyalar, yəni avtomobilin istifadəsini daha rahat edən yeniliklər təklif edilir - bəzən alıcıya pulsuz sığorta polisi verilir, ya da bir il müddətinə yağı pulsuz dəyişməyə zəmanət, texniki xidmətdə güzəştlər, firma hədiyyələri təqdim edilir. Diler tərəfindən təklif edilən kreditləşdirmə şərtləri çox vaxt banklar tərəfindən klassik sxemlə təklif olunan standart şərtlərdən daha əlverişli olur. 

 

Satışda azalma yoxdur 

Göründüyü kimi, bizdə yeni avtomobillərə, uyğun olaraq avtokreditlərə tələbat var. Ancaq uyğun təkliflər varmı? Bu suala cavab verərkən istər-istəməz qlobal maliyyə böhranına toxunmaq lazım gəlir. 

"Dünya avtomobil bazarında 2008-ci ilin oktyabr ayında satışlar son 30 il üzrə rekord aşağı səviyyəyə düşüb",- deyə dünya avtomobil konsernlərinin noyabrın əvvəllərində dərc etdirdikləri hesabatda bildirilir. Satışlar ən çox - düz 45% "General Motors" şirkətində azalıb, 30% azalma isə "Ford Motor"un payına düşüb. Amerika bazarında satışların düşməsi Yaponiya avtomobil istehsalçılarından da yan keçməyib. "Nissan Motor" ötən ilə baxanda satışların 33%, "Honda"  30%, "Toyota Motor" 23% azaldığını bəyan edib. Tələbatın düşməsinin başqa səbəbləri ilə yanaşı, analitiklər əhalinin gəlirlərinin azalmasını, işdən kütləvi çıxarmaları, benzinin bahalaşmasını və sabahkı günə inamın azalmasını da göstərirlər. 

Şükür ki, Azərbaycanda vəziyyət fərqlidir. Aparıcı avtomobil istehsalçılarının yerli nümayəndəliklərindən bildirirlər ki, hələ ki satışların səviyyəsində azalma müşahidə edilmir. Bununla belə, Azərbaycan Milli Bankı (AMB) ölkənin bank bölməsinə avtomobil satışına verilən kreditlər üzərində nəzarəti gücləndirməyi və şərtləri sərtləşdirməyi tapşırıb. Bu, bank dairələrinə yaxın mənbədən bildirilib. Milli Bank bu tapşırığı ilə Azərbaycan banklarının risklərini azaltmağa və onları dünya maliyyə böhranının təsirlərindən qorumağa çalışır. Avtomobil kreditləşdirilməsində daha fəal olan banklar maliyyələşdirmə şərtlərinə yenidən baxmağa məcburdurlar və bəziləri hətta kreditləşdirməni dayandırıblar. 

Milli Bankın tələbləri sırasında kreditlərin verilmə müddətinin 5 ildən 3 ilə qədər azaldılması və alıcıdan tələb edilən ilkin ödənişin səviyyəsinin indiki 20 faizdən yuxarı qaldırılması var.  Uçot dərəcəsinin 10 faizə qədər azalması ilə bağlı AMB avtomobil kreditləri üzrə illik faiz dərəcələrini 15 faizə qədər azaltmağa çağırır. Göründüyü kimi, banklarla birgə verilən kreditlərin müddətinin dəyişdirilməsi qərarına gəlinib ki, bu da qlobal maliyyə böhranının fonunda kreditə maşın satan avtosalonların üz tutduğu yeganə dəyişiklik olub. 

Belə ki, "Toyota" avtosalonundan bildiriblər ki, hazırda mütəxəssislər tərəfindən avtomobillər kreditə dörd bank - "Nikoil Bank", "UniBank", "AGBank" və "Pasha Bank" tərəfindən verilir. Avtomobil kreditə 2 il müddətinə ilkin ödəniş 30 faiz olmaqla, illik 24 faiz dərəcəsi ilə verilir. Əvvəllər isə illik faiz dərəcəsi 19-21 faiz, ilkin ödəniş 10 faiz və kredit müddəti 5 il idi. Salonda həm də qeyd ediblər ki, "banklarda kredit verməyə vəsait çatmadığı üçün artıq əməkdaşlıq üçün başqa banklarla danışıqlar aparılır".

Öz növbəsində, "Subaru" avtosalonu "Bank Respublika" ilə əməkdaşlıq edir. O,  avtomobilləri ilkin ödəniş 30 faiz, illik 21 faiz olmaqla 5 ilə kreditə verir. Qabaqlar isə kredit  ilkin ödəniş 20 faiz, illik 22 faiz olmaqla 5 ilə verilirdi. Burada qeyd ediblər ki, "avtomobilin qiyməti istehsalçının siyasətində müvafiq dəyişikliklər olduqdan sonra dəyişdirilə bilər". Ancaq hələ ki vəziyyət sabitdir və buna görə də qiymət səviyyəsində dəyişiklik olacağını gözləməyə dəyəməz. 

"Hyundai" avtosalonu  avtomobil kreditləri verilməsində "Bank of Baku" ilə işləyir və avtomobili kreditə alan zaman ilkin ödəniş 25 faiz, illik dərəcə 24 faiz təşkil edilir və borc 3 ilə verilir. Əvvəl isə şərtlər aşağıdakı kimi idi: ilkin ödəniş 20%, illik dərəcə 22% və müddət  5 il idi. 

"Nissan" və "Ford" avtosalonları avtomobili "NBC Bank"ın yardımı ilə borca verirlər və şərtlər aşağıdakı kimidir: ilkin ödəniş 20%, illik faiz dərəcəsi  23%, kredit müddəti 5 il. "Kredit müddətinin və faiz dərəcəsinin dəyişdirilməsinə yenidən baxılması ehtimal edilmir",- deyə avtosalonlardan və bankdan bildiriblər.

Nəhayət, "Porsche" avtosalonları "Bank Standard" ilə əməkdaşlıq edirlər və onlarda faiz dərəcələrinin, kredit müddətinin dəyişdirilməsi baş verməyib. İndi ilkin ödəniş avtomobilin qiymətindən asılıdır.  Kredit 5 ilə verilir və faiz dərəcəsi illik 19 faizdən 22 faizə qədər dəyişir. Bununla yanaşı, "Bank Standard"dan bildiriblər ki, bank tərəfindən avtomobil kreditlərinə illik dərəcələr 18 faizdən 19 faizə qədər, ilkin ödəniş 20 faizdən 35 faizə qədər artılıb, kreditlərin verilmə müddəti isə 5 ildən 3 ilə azaldılıb. Bankdan bildiriblər ki, avtomobil kreditləri üzrə bütün şərtlərə - faizlərə və müddətlərə yaxın zamanlarda yenidən baxılacaq. Bununla belə, əvvəllər bağlanmış sazişlərə yenidən baxmaq düşünülmür. 

"Nikoil Bank" avtomobil kreditlərini avro ilə birilliyə və illik 20 faizlə verir. Əvvəllər bank kreditləri daha uzun müddətə verirdi, ancaq indi bu borcların verilməsi dayandırılıb. 

Ancaq bir sıra banklarda avtomobil kreditlərinin verilməsi tamamilə dayandırılıb. Bunlar "Atra Bank", "Azərbaycan Sənaye Bankı və "Kapital Bank"dır. Özü də "Kapital Bank"dan bildiriblər ki, müştərilərlə əvvəldən bağlanmış müqavilələr qüvvədə qalır və onlara yenidən baxılmayacaq. Bank kreditləri aşağıdakı şərtlərlə verib: 2 il müddətə, manatla, illik 13 faizlə və 2 il müddətə, manatla, illik 12%-lə. 

 

Strateji akkreditə

Avtomobil satışlarının kreditləşdirilməsi proqramının hansı müddətə məhdudlaşdırılması bəlli deyil. Qeyd edək ki, bir sıra Rusiya bankları da istehlak kreditləşdirilməsini məhdudlaşdırıblar ki, bu da "iqtisadi və maliyyə böhranı şəraitində bu xidmətlərin zərərli olması ilə bağlıdır". Başqa banklar isə borc götürənlərə qarşı tələbləri sərtləşdiriblər. 

İndən belə kreditləri verən zaman potensial borclunun işlədiyi şirkətin reputasiyasına, onun fəaliyyət sahəsinə və profil üzrə ali təhsilinin olub-olmamasına baxılacaq.  Ancaq rusiyalılar avtomobil bazarının gələcəyi barədə müəyyən qədər optimistdirlər və yalnız 30 faiz rusiyalı avtomobil almağı təxirə salmağı qərara alıb. 

Təəssüf ki, Azərbaycan üzrə bu cür statistik məlumatlara malik deyilik. Ancaq bankların avtomobil kreditləşdirməsi proqramını tam təxirə saldığı zaman avtosalonların nə qədər zərərə düşəcəyi aydındır.  "Toyota Center Baku"nın baş direktoru Rəşad Əliyevin sözlərinə görə, əgər əvvəllər ölkə üzrə avtomobillərin 60 faizi bank kreditləri vasitəsiilə satılırdısa, "indi banklar tərəfindən avtomobil kreditləşdirilməsinin dayandırılması ilə bağlı olaraq, satışların ən azı 2 dəfə düşəcəyini gözləmək olar". 

Bir çox avtodilerlər artıq avtomobillərin nağd pula satışı zamanı əlavə qiymət endirimləri barədə xüsusi proqramlar açıqlayıblar. Ancaq R.Əliyevin sözlərinə görə, "bu cür proqramlarla  avtokreditlərin olmadığını kompensasiya etmək problemli görünür". 

Belə bir statistika da var - bu ilin üç rübü ərzində Azərbaycana 55 min minik avtomobili gətirilib, ilin sonuna kimi bu texniki vasitənin ölkəyə idxalının 80 minə çatacağı düşünülürdü. Satışla bağlı problemlər dövlət büdcəsi üçün də problemlər yarada bilər.  Yalnız avqust ayında minik avtomobillərinin idxalı gömrük vergisi hesabına dövlət büdcəsinə 40 milyon dollar ödənilməsinə şərait yaradıb. 

Göründüyü kimi, istehlak kreditləşdirilməsi, o cümlədən avtomobil satışının kreditləşdirilməsi üzrə proqramların tam ləğv edilməsində nə avtomobil istehsalçıları, nə avtosalonlar, nə də banklar maraqlıdır. Yaxşı ki, Azərbaycanın avtosalonlarında satış qaydalarının dəyişməsi satılan avtomobillərin qiymətinə təsir göstərməyib. 

Ancaq avtomobillərin satışı üzrə verilən kreditlərin faiz dərəcələri əvvəlki kimi yüksək olaraq qalır - illik 19 faizdən 24 faizə qədər dəyişir.  Halbuki Milli Bank dərəcələrin 15%-ə endirilməsinə çağırır. Qeyd edək ki, qonşu Rusiyada avtomobili rublla illik 7%-lə də kreditə götürmək mümkündür. Yeni avtomobil üzrə orta dərəcələr rublla 13,5 faizdən 17,5 faizə kimi, dollarla isə 9-11% arasında dəyişir. 

Ancaq gerçəkdən fantastik olan proqramlar da var. Belə ki, avtosalonlardan biri yeni "Ford Fusion" və ya "Ford Fiesta" avtomobilinin dəyərinin 50 faizini ödəməyi və illik 4,9%-lə kredit almağı təklif edir. Başqa sözlə, yerli avtodilerlər də boş dayanmırlar. 

Özü də ki bankların çoxu bütün həyəcanlara və likvidlik böhranına baxmayaraq, əvvəlki kimi avtomobil kreditlərini öz bizneslərinin əsas inkişaf layihələrindən biri kimi seçirlər. Deməli, bankların tərəfdaşı olan daha çox salon avtomobilləri kreditə götürmək üzrə əlverişli şərtlər təklif edəcək. Öz növbəsində həmin bazarda rəqabət artacaq, bu da faiz dərəcələrinin azalması ilə nəticələnəcək. 


MƏSLƏHƏT GÖR:

432