
EHTİYATLI OL: ADEN KÖRFƏZİ!
Vətəndaş müharibəsinin bitmək bilmədiyi somalidə qayda-qanun yaradılmasa, yerli dəniz quldurları ilə mübarizə heç bir effekt verməyəcək
Müəllif: Ramin ABDULLAYEV Bakı
Aden körfəzində piratlıq problemi dünyada getdikcə daha çox narahatlıq mənbəyinə çevrilir. Gəmiçilik üçün təhlükəli ərazi sayılan Cənubi Çin və Karib dənizləri, həmçinin, Malakka boğazları ilə yanaşı, artıq bu akvatoriyaya da "hərbi zona" statusu verilib. Demək olar ki, hər gün Dünya okeanının bu rayonundan 300-dək müxtəlif kateqoriyalı gəmilər keçir. İndi Somali piratları, orta hesabla, hər on gəmidən birinə basqın edirlər. Düzdür, bu basqınların əksəriyyəti quldurlar üçün uğursuz nəticələnir. Amma son vaxtlar onlar əməlli-başlı rekordlar vurmaqdadırlar. Məsələn, ötən il ərzində buradakı piratlar 100-dək gəmi ələ keçirmişdilər, bu ilin əvvəlindən artıq 90 gəmi zəbt edilib, özü də onlardan 12-si ekipajı ilə birlikdə (təxminən, 300 nəfər) əsirlikdə saxlanılır.
Keniya hökumətinin məlumatına görə, son 12 ay ərzində Somali piratları zəbt olunmuş gəmiləri azad etmək müqabilində 150 milyon dollardan artıq girov haqqı alıblar.
Sentyabrın sonlarında piratlar Ukraynanın "Faina" gəmisini ələ keçiriblər. Bu gəmi Ukraynanın "Ukrspetseksport" dövlət şirkətinin sifarişi ilə Afrikaya böyük həcmdə silah, o cümlədən 33 ədəd T-72 tankı, "Şilka" zenit sistemi və qumbaraatanlar aparırmış. Hazırda "Faina" ABŞ Hərbi-Dəniz Donanmasının gəmiləri tərəfindən mühasirəyə alınıb və artıq 2 aya yaxındır, Ukrayna gəmisinin və 20 nəfərlik şəxsi heyətin azad olunması üçün piratlarla danışıqlar aparılır. Bu müddət ərzində Somali piratları onlarca yeni gəmi ələ keçiriblər, onların arasında Türkiyənin "Karagel" gəmisi və heyətində 24 dənizçi ilə birlikdə tutulan Çinə məxsus balıq gəmisi də var.
Yeri gəlmişkən, noyabrın 16-da Somali piratları dünya tarixində görünməmiş əməliyyat keçiriblər: Hind okeanında içində 2 milyon barrel neft olan Səudiyyə Ərəbistanına məxsus "Sirius Star" super-tankerini zəbt ediblər. Qeyd edək ki, gəmidəki 2 milyon barrel neft ABŞ-a çatdırılmalı idi, gəmi isə Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft konserninin "Vela International" tanker donanmasının operatorlarından biridir. 2 milyon barrel neftlə yanaşı, quldurlar gəminin 25 nəfərlik ekipajını - onların arasında Böyük Britaniya, Xorvatiya, Polşa, Filippin və Səudiyyə Ərəbistanının vətəndaşları var - əsir götürüblər.
Bu hadisədən sonra artıq dünya ictimaiyyəti enerjidaşıyıcılarının daşındığı marşrutlarda baş verənlərdən əməlli-başlı təşvişə düşüb. Çünki bu cür marşrutların quldur basqınının hədəfinə çevrilməsi beynəlxalq təhlükəsizlik üçün "Əl-Qaidə" qədər təhlükə deməkdir.
"Törədilmiş hadisənin miqyası adamı heyrətə salır",- deyə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Maykl Mullen bildirib.
Doğrudan da, tarixdə ilk dəfədir ki, dəniz quldurları, göyərtəsi sahəsinə görə 3 futbol meydanını xatırladan nəhəng gəmini ələ keçirə biliblər.
Hadisənin baş verdiyi ərazidə yerləşən bütün hərbi gəmilər dərhal "Sirius Star"ın axtarışına cəlb ediliblər. Gəmi yalnız 2 gündən sonra Somali sahillərində aşkar olunub. ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi Natan Kristensenin sözlərinə görə, quldurlar gəmini Somali paytaxtı Moqadişonun 300 kilometrliyində yerləşən Hararder limanında saxlayırlar. Sonradan məlum olub ki, belə nəhəng gəminin ələ keçirilməsi üçün quldurlara cəmi 16 dəqiqə kifayət edib. Baxmayaraq ki, gəmiyə hücum edən piratların yeganə "silahı" adi kanatlar və qarmaqlar olub.
Bu arada isə gözlənilmədən Somalidəki islamçı dəstələr də dəniz quldurları ilə mübarizəyə qalxıblar. "Əş-Şəbab" qruplaşmasının nümayəndələri bildiriblər ki, müsəlmanlara məxsus olan "Sirius Star" gəmisinə basqın etməklə quldurlar çox ciddi cinayət törədiblər. Buna görə qruplaşmanın üzvləri dəniz quldurlarının cəzalandırılması üçün əllərindən gələni edəcəklər.
Qeyd edək ki, islamçılar, həqiqətən də, Səudiyyə Ərəbistanına məxsus gəmini azad etmək üçün Harardir limanında lövbər salmış quldurlara hücum ediblər. Buna cavab olaraq, piratlar bütün qüvvələrini bu əraziyə toplamağa başlayıblar.
Bundan əlavə, "Sirius Star" gəmisinin ələ keçirilməsi yanacaq daşınması marşrutlarında dəyişikliklərin edilməsinə səbəb olub. Artıq gəmiçilik şirkətlərinin əksəriyyəti Aden körfəzinə çıxmaqdan imtina edir və öz tankerlərini Afrikanın Ümid Burnundan yan keçmək üçün cənuba göndərirlər. Bu marşrut isə o qədər də əlverişli deyil - Asiyadan gələn yüklər bu marşrutla 5, Yaxın Şərqdən gələnlər isə 10 gün artıq yol qət etməli olurlar.
Yaranmış vəziyyətdən ən çox əziyyət çəkən, təbii ki, Misirdir. Çünki Süveyş kanalından keçən gəmilərin sayının azalması istər-istəməz, Misirin valyuta gəlirlərinə təsir edir - yalnız bu ilin 9 ayı ərzində Süveyş kanalı Misir büdcəsinə 4,1 milyard dollar gəlir gətirib.
Qırmızı dənizə çıxışı olan 6 ərəb dövləti artıq problemlə bağlı müzakirələr üçün Misirdə bir araya gəliblər. Bu ölkələr təcili şəkildə gəmilərin erkən xəbərdarlıq sisteminin yaradılmasını təklif edirlər.
Hələlik isə NATO-nun gəmi qruplaşması ticarət gəmiləri üçün təhlükəsizlik dəhlizi yaradıb, ABŞ-ın 5-ci donanması da ərazi sularındadır, üstəlik, Hindistan, Rusiya və daha bir neçə ölkənin gəmiləri piratlara qarşı mübarizəyə qoşulub. Amma bütün bunlar effekt vermir və ərazidə vəziyyəti nəzarətə götürmək mümkün olmayıb. Odur ki, beynəlxalq səviyyədə səylərin koordinasiya olunmasına dair təkliflər səslənməkdədir. Lakin bütün bunların real nəticə verəcəyinə inam azdır.
Əvvəla, "Sirius Star" gəmisinin Hind okeanında ələ keçirildiyini nəzərə alsaq, gəmiçilikdə sığorta haqqının artırılması ehtimalı var. Bundan əlavə, dənizçilərin əmək haqları, yanacaq və s. xərclərin də qat-qat artacağı gözənilir.
Sığorta şirkətləri gəmi sahiblərinə silahlı münaqişə zonalarından istifadə olunan xüsusi tariflər təklif edə, üstəlik, bütün marşrutboyu ərazini bu zonaya aid edə bilərlər. Bu isə o deməkdir ki, şirkətlər yalnız sığorta üçün hər gün yüz minlərlə dollar ödəməli olacaqlar.
Hazırda hökumətlə yükdaşıyan şirkətlər dəniz quldurları ilə mübarizəyə görə kimin məsuliyyət daşıdığını müəyyənləşdirə bilmirlər. Yükləri müşayiət etmək üçün silahlı mühafizə tutmaq çox baha başa gəlir - lisenziyalı mühafizəçilərin xidmətləri bir reys üçün təxminən 60 min ABŞ dolları edir.
Hərbçilər bildirirlər ki, müəyyən mənada, gəmilərin təhlükəsizliyini təmin edə bilərlər, amma bu suları piratlardan birdəfəlik təmizləmək mümkün olmayacaq. Bunun üçün ilk növbədə, uzun illərdir vətəndaş müharibəsi şəraitində yaşayan Somalidə qayda-qanun bərqərar olmalıdır. Hazırda Somali hökuməti sahilboyu zonaya nəzarət edə bilmir və quldurlar burada özlərini tam arxayın və rahat hiss edirlər. Yaxalanan quldurların sonrakı taleyi də maraq doğurur: sahilboyu ərazidə hökumət qanunları işləmədiyindən, saxlanılan quldurların məhkəmə üçün kimə təhvil verilməli olduğu məlum deyil. Məsələn, son aylar ərazidə 60-dək dəniz qulduru yaxalanıb. Amma məhkəmələr olmadığından, onlar tərksilah edilərək azadlığa buraxılıblar.
Amerikanın hərbi-dəniz qüvvələrinin nümayəndələri etiraf edirlər ki, yalnız onların imkanları ilə gəmiləri quldurlardan qorumaq mümkün olmayacaq, odur ki, amerikalılar gəmi sahiblərini özəl strukturların xidmətlərindən də istifadə etməyə çağırırlar.
Təsadüfi deyil ki, Somali sahillərində və Aden körfəzində ticarət gəmilərinə basqınlar Qərbdəki mühafizə agentliklərinin marağını cəlb edib. Onlardan bəziləri gəmilərin mühafizəsi üçün öz nümayəndələrini bu əraziyə göndəriblər və hətta tankerlərdən birinin quldurların əlinə keçməsinin qarşısını da alıblar. Məlumat üçün bildirək ki, mühafizəçilər piratları "səs topu" vasitəsilə qovublar. Bu qurğu 186 desibel gücündə səsi 1,6 kilometr məsafəyədək ötürə bilir. Mütəxəssislərin sözlərinə görə, qurğunun 50 metrliyində olan şəxs bu səsin gücündən ömürlük kar qala bilər. Qeyd edək ki, bu cür silahdan artıq bir neçə ildir ABŞ HDQ istifadə olunur.
Somali piratları ilə mübarizədə Hindistan HDQ də müəyyən uğur əldə ediblər. Onların "Tabar" freqatı (onu ruslar inşa ediblər) piratların gəmilərindən birini məhv etməyi bacarıb. Qeyd edək ki, hərbçilər quldurların qayıqla gəmiyə yaxınlaşmasına və qumbaraatandan atəş açmasına imkan verməyiblər.
Yeri gəlmişkən, məhz bu taktikaya görə xarici hərbi gəmilər piratlarla üz-üzə gəlməkdən yayınırlar. Gəmi sahibləri isə quldurlara pul verib canlarını qurtarmağa üstünlük verirlər.
Bu arada isə Avropa İttifaqı bəyan edib ki, dekabrın 8-dən etibarən Böyük Britaniya Aİ-də Beynəlxalq Müdafiə Məsələləri üzrə Qrupa başçılıq edəcək. Bu qrup "dəniz quldurlarının Aden körfəzindəki fəaliyyətinin qarşısını almaq" üçün Avropanın dəniz qüvvələrindən istifadəni nəzərdə tutur.
Fransanın müdafiə naziri Erve Moren bildirib ki, Avropanın hərbi dəniz qüvvələri "Atlanta" adı altında əməliyyata başlayırlar. Əməliyyatda iştirak edən 27 Avropa ölkəsi Aden körfəzindəki quldurları neytrallaşdırmağa çalışacaq.
Əməliyyatda Avropa İttifaqının HDQ-nin 5-6 hərbi gəmisi iştirak edəcək. Onların qarşısına 3 vəzifə qoyulub: gəmi sahiblərinin müraciəti əsasında ticarət gəmilərinə mühafizə dəstəsinin ayrılması, BMT-nin ərzaq və kənd təsərrüfatı proqramları çərçivəsində humanitar yardım daşıyan gəmilərin mühafizəsi, nəhayət, hərbi-dəniz aviasiyasının da dəstəyi ilə, əraziyə nəzarət etmək üçün əməliyyatların keçirilməsi. Qeyd edək ki, Aİ-nin əməliyyatlarında Rusiya dənizçiləri də iştirak edəcəklər. Bunun üçün əməliyyata "Pyotr Veliki" raket kreyseri cəlb olunacaq.
Amma bir məsələ də var ki, dəniz quldurları ilə mübarizəyə bəzi hüquqi maneələr çətinlik yarada bilər. Belə ki, beynəlxalq dəniz hüququnun bəzi müddəaları xarici gəmilərin Afrika Buynuzu sularında hərəkətini məhdudlaşdırır. Beynəlxalq dəniz hüququna görə, qeyri-sahilyanı dövlətlərin hərbi gəmiləri ərazi sularına daxil ola bilməz. Piratlar isə məhz bu ərazilərdə "at oynadırlar".
Düzdür, Somali hökuməti Avropa İttifaqının gəmilərinə öz ərazi sularında hərbi əməliyyatlar keçirmək hüququ verib. Amma bu, kifayət etmir. Belə olduqda, BMT Təhlükəsizlik Şurası hadisələrə müdaxilə etmək qərarına gəlib. TŞ-nın bu ilin iyununda qəbul etdiyi 1816 saylı qətnaməsi, əvvəla, hərbi gəmilərin Somalinin ərazi sularına daxil olmasına icazə verir, ikincisi isə, "əməkdaşlıq edən dövlət" statusunu müəyyənləşdirir - bu cür dövlətlərə dəniz quldurları ilə mübarizə üçün əraziyə hərbi qüvvə göndərmək hüququ verilir.
Axı hamıya aydındır ki, atəş açmaq hüququ olmayan hərbi gəmilər dəniz quldurları üçün heç bir təhlükə doğurmur.
İndi hərbi dənizçilər quldurların gəmilərini həbs etmək hüququ əldə etsələr, onlar əsirlərlə necə rəftar etməyi bilməlidirlər. Uzun illərdir piratlara qarşı hamının qəbul etdiyi "Hostis humani generis" - "bəşəriyyətin düşmənləri" ifadəsindən istifadə edilir. Bu ifadə isə universal cinayət yurisdiksiyası həyata keçirmək yolunda "yaşıl işıq" yandırır. Bu universal yurisdiksiyaya görə, dəniz quldurunun hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq, istənilən dövlətin istənilən hərbi gəmisinə pirat gəmisini həbs etmək hüququ verilir. Piratların mühakimə olunmasına gəlincə, onlar həbs edən dövlətin məhkəməsi qarşısında dura bilərlər.
Amma bütün bunlara baxmayaraq, Qərbdə də etiraf edirlər ki, təkbaşına heç bir dövlət ən sərt tədbirlərlə belə, bu problemi həll etmək iqtidarında deyil. Axı quldurların supertankerlər və yaxtalara basqınlarını yoxsulların varlılara hücumu kimi də dəyərləndirmək olar. Yəni, Qərb tərəfindən unudulmuş və hətta BMT-nin də yadına düşməyən somalilər indi bacardıqları kimi "dolanırlar"...
MƏSLƏHƏT GÖR: