15 Mart 2025

Şənbə, 00:24

OBAMA İLƏ BİR BARAKDA

ABŞ-in yeni prezidenti və onun komandası ölkə qarşısındakı problemlərin öhdəsindən gələ biləcəkmi?

Müəllif:

15.04.2009

ABŞ-ın yeni prezidenti seçilmiş Barak Obama  öz administrasiyasını artıq, demək olar ki, formalaşdırıb. Seçkilərdəki triumfundan sonra elan etdiyi "Amerika liderliyinin yeni erası"nı Obama məhz bu komanda ilə təmin etməli, seçkiqabağı vədlərini onunla reallaşdırmalı, ölkənin üzləşdiyi maliyyə böhranını bu insanlarla birlikdə aradan qaldırmalı olacaq. 

Ağ evin yeni administrasiyasının tərkibinin analizi yaxın 4 ildə dünyanın ən qüdrətli dövlətinin hansı siyasət yeridəcəyi haqda təsəvvür formalaşdırmaq üçün müəyyən əsaslar verir. İstənilən halda, beynəlxalq arenada bu siyasətin əsasını superdövlət kursunun təşkil edəcəyinə şübhə yoxdur.

 

Buşun mirası

İraqla Əfqanıstandakı ağır və qanlı müharibələr, ABŞ-ın imicinin pisləşməsi, hər yerdə anti-Amerika əhval-ruhiyyəsinin baş qaldırması,  nəhəng xarici borclar və nəhayət, bütün dünyaya yayılmış maliyyə böhranı - respublikaçı Corc Buşun demokrat Barak Obamaya qoyduğu miras bundan ibarətdir. Amerikanın necə çətin vəziyyətə düşdüyünü ABŞ-ın kəşfiyyat məsələləri üzrə Milli Şurasının açıqladığı "2025-ci ilədək qlobal tendensiyaları" hesabatı da sübut edir. Ekspertlərin fikrincə, yaxın 20 il ərzində ABŞ-ın iqtisadi və siyasi nüfuzu azalmağa başlayacaq, Uoll-Stritdəki hazırkı maliyyə böhranı isə qlobal iqtisadi düzümün dəyişməsi istiqamətində ilk mərhələdir. Hesabat müəlliflərinin fikrincə, yeni sistemə keçid 20 il çəkəcək. ABŞ-ın yeni prezidentini bu keçid dövrünün "riskləri" haqda məlumatlandıran Şuranın rəhbəri Tomas Finqar hesab edir ki, hadisələrin daha pis istiqamətdə inkişafının qarşısını almaq mümkündür, çünki "bazar mexanizmləri ilə bu problemləri tam olmasa da, qismən həll etmək olar".

Barak Obamanın özü də bu nəticə ilə razıdır. Yaranmış vəziyyətin çətinliyini anlayan yeni prezident (böhranla əlaqədar, hətta onun seçkilərdəki qələbəsi münasibətiilə hazırlanan atəşfəşanlıqdan da imtina edildi) vaxt itirmədən işə başlayıb və artıq öz komandasını formalaşdırdığını bəyan edib. 

Beləliklə, yeni dövlət başçısının inauqurasiyasına hələ 2 ay qalsa da, yeni administrasiyanın əsas simaları artıq məlumdur.

 

Veteran siyasətçilər

 

Barak Obamanın administrasiyasına sadəcə nəzər salmaqla, onun Amerika xalqına verdiyi islahat vədlərini veteran siyasətçilərin köməyi ilə reallaşdırmaq niyyətində olduğunu görmək olar. Bu siyasətçilər əvvəlki prezidentlər - demokrat Bill Klinton və hətta respublikaçılar- Ronald Reyqan və ata-Corc Buşun administrasiyasında yüksək postlar tutublar. 

Obamanın komandasında ikinci şəxs - 66 yaşlı Cozef Bayden 1987-ci ildən 1995-ci ilədək ABŞ Senatının məhkəmə sistemi məsələləri komitəsinə başçılıq edib. 

Ağ evin Şurasına rəhbərlik edəcək Qreqori Kreyq Reyqanın prezidentliyi dönəmində müdafiə, xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi postunu tutub. 

Prezident administrasiyasının gələcək rəhbəri Liza Braun 1999-2001-ci illərdə vitse-prezidentin köməkçisi işləyib.

B.Obama maliyyə naziri postuna Timoti Qeytneri - Federal Rezerv Sisteminin Nyu-York bölməsinin rəhbərini təyin etmək qərarına gəlib. Qeyd edək ki, Qeytner Bill Klintonun administrasiyasında da maliyyə strukturunda çalışıb. 

Həmin dövrdə Maliyyə Nazirliyinə başçılıq etmiş Louren Sammer isə B.Obamanın komandasında Milli İqtisadi Şuranın rəhbəri olacaq. 

Obamanın komandasının formalaşdırılması zamanı diqqəti cəlb edən əsas təyinatlardan biri hazırkı müdafiə naziri Robert Qeytsin öz vəzifəsində qalmasıdır. Yeni prezidentin bu seçimi hazırda ölkə sərhədlərindən uzaqda iki müharibə aparan dövlətin siyasətində qəfil və sərt dəyişiklik etməmək niyyəti ilə bağlıdır. Üstəlik, Qeyts də yaxın perspektivdə İraqdakı silahlı qüvvələrin bu ölkədən çıxarılmasının tərəfdarıdır və bu məsələdə Obama ilə onun baxışları üst-üstə düşür.  

Milli təhlükəsizlik naziri postunu Arizona ştatının hazırkı qubernatoru Canet Napolitano tutacaq. Xatırladaq ki, o, əvvəllər bu ştatın prokuroru olub. 

ABŞ-ın milli kəşfiyyatının direktoru postunu isə Obama ABŞ-ın Sakit okean bölgəsindəki Silahlı Qüvvələrinin sabiq komandanı, istefada olan admiral Denis Blerə etibar edəcək. Yeri gəlmişən, Bler vaxtilə Oksfordda Bill Klintonla birlikdə təhsil alıb.

Amma təbii ki, yeni prezident komandasının formalaşdırılması prosesində daha çox diqqəti cəlb edən xəbər Obamanın dövlət katibi postuna özünün ilkin seçkilərdəki əsas rəqibi Hillari Klintonu təyin etmək istəyidir. Sabiq "birinci ledi"nin ABŞ-ın xarici siyasət idarəsinə başçılıq edəcəyi haqda söz-söhbət H.Klintonun B.Obama ilə keçirdiyi qapalı görüşdən dərhal sonra yayılmışdı. Amma bu təyinat haqda yekun qərar tərəflərin Bill Klintonun rəhbərlik etdiyi xeyriyyə fondunun maliyyəsi ilə bağlı ortaya çıxmış bir sıra "incə" məsələlərə dair ortaq məxrəcə gəlməsindən sonra qəbul olundu. 

Şübhəsiz, H.Klintonun özü də son anadək Obamanın təklifini qəbul edib-etməmək haqqında düşünürdü. Bu seçimin çətinliyi yalnız onunla bağlı deyil ki, yeni dövlət katibi ağır beynəlxalq problemlərlə üz-üzə qalacaq. Sadəcə, bu təklifi qəbul etdikdə, Hillari yeni administrasiyaya daxil olmaq üçün Senatdan getməlidir. Bu isə 4 ildən sonra yenidən Ağ ev uğrunda mübarizəyə qoşulmaq niyyətində olan H.Klintonun gələcək şanslarının xeyli azalması deməkdir. 

Siyasi texnoloqların B.Obamanın H.Klintona təklifini də məhz bununla əlaqələndirməsi vəziyyəti bir qədər də gərginləşdirmişdi: ekspertlərin iddiasına görə, H.Klintonu öz komandasına cəlb etməklə, Obama 2012-ci ildə onun özünə qarşı rəqibə çevrilməsi ehtimalını sıfıra endirir. 

Amma istənilən halda, missis Klinton öz seçimini etdi. Lakin bəzi müşahidəçilərin fikrincə, H.Klintonun hamıya yaxşı məlum olan sərbəst və müstəqil xarakteri Obamanı xarici siyasəti yeridərkən bir sıra problemlərlə üz-üzə qoya bilər.

 

Mənəvi avtoritetin yükü

Bir məsələ şübhəsizdir - Barak Obamanın öz komandası ilə Ağ evə gəlişi ABŞ-ın xarici siyasətində köklü olmasa da, hər halda, açıq sezilən dəyişikliklərin olacağından xəbər verir. Hələ özünün seçkiqabağı çıxışları zamanı Obama Amerikanın Yaxın Şərq və İrana dair siyasətində yumşalmanın vacibliyi haqda fikirlər səsləndirirdi. Özünün prezident qismində Si-bi-es telekanalına verdiyi ilk müsahibəsində isə Obama yeni administrasiyasının əsas fəaliyyət kursu haqda danışıb. Ağ evin gələcək sahibinin sözlərinə görə, o, İraqdakı qoşunların çıxarılması, Əfqanıstandakı ABŞ kontingentinin isə əksinə, gücləndirilməsi ilə bağlı yaxın zamanlarda Birləşmiş Qərargah Rəisləri Komitəsi və xarici siyasət üzrə məsləhətçiləri ilə konsultasiyalara başlamağa hazırlaşır. O, həmçinin "Əl-Qaidə"nin beynəlxalq terror şəbəkəsini tamamilə məhv etməyə, Üsəma ben Ladeni "dizi üstə qoymağa" da söz verərək, "bir nömrəli" terrorçunun yaxalanmasını beynəlxalq ekstremizmlə mübarizədə çox vacib addım adlandırıb.

Bundan başqa, B.Obama seçki kampaniyası zamanı Quantanamo həbsxanasını bağlayacağı haqda verdiyi vədinə əməl edəcəyini də söyləyib: "Mən dəfələrlə demişəm ki, Quantanamonu bağlamaq niyyətindəyəm və bu niyyəti həyata keçirəcəyəm. Mən dəfələrlə bildirmişəm ki, Amerika işgəncələrdən istifadə etmir. Və mən hamıya sübut etmək istəyirəm ki, bu belədir. Amerikanın mənəvi avtoritetini bərpa etmək üçün biz bunu mütləq sübut etməliyik". Beləliklə, Barak Obama, müəyyən  mənada, beynəlxalq gərginliyi aradan qaldıra biləcək addımlar atmağa hazırlaşır. Təbii ki, birmənalı şəkildə, bütün sahələrdə gərginliyin aradan qalxacağını iddia etmək düzgün olmazdı. Çünki məsələn, Yaxın Şərqdə vəziyyəti normallaşdırmaq üçün köklü dəyişikliklər lazımdır. Amma bunun üçün Amerika ərəb dünyasına yanaşmasını və İsraillə müttəfiqlik münasibətlərini dəyişməli olardı.  Obamanın prezidentliyi dönəmində Amerikanın köklü şəkildə qlobal iqtisadi və siyasi düzənin dəyişdirilməsinə çalışacağı  da az inandırıcıdır. Çünki bu düzən hələ ki Vaşinqtonun maliyyə maraqlarına əsaslanır. 

Amma istənilən halda, əksər ölkələr, o cümlədən ABŞ-ın avropalı müttəfiqləri də beynəlxalq münasibətlərdə dəyişikliyi qaçılmaz sayırlar. 

Görəsən, Barak Obama artıq oturuşmuş faktorların aradan qaldırılmasına gedəcəkmi? Axı beynəlxalq iqtisadi böhranın yaranmasında bu faktorların da rolu az deyil. Belə görünür ki, yeni prezident tam səmimi olaraq, "Amerika liderliyinin yeni erası"nın dünya tərəfindən loyal qəbul olunmasını arzulayır və dərk edir ki, bunun üçün yeganə yol qlobal birgəyaşayışın ədalətli qaydalarının müəyyən edilməsidir. İndi əsas məsələ odur ki, yeni prezident Amerikanın siyasi elitasının təsiri altından çıxmağı, bu elitanı dünyanın digər ölkələrinin maraqlarına zidd olmayan siyasət yeritməyə inandırmağı bacaracaqmı? Amerika tarixindəki ilk qaradərili prezidentin səlahiyyətlərinin icrasına başlaması ərəfəsində bu, bütün dünyanı intizarda saxlayan ən önəmli məsələdir.

Böyük ehtimalla söyləmək olar ki, Barak Obama İranın nüvə proqramı ətrafındakı böhranın sülh yolu ilə nizamlanmasına üstünlük verəcək. Amma bu məsələdə İranın özünün mövqeyindən də çox şey asılı olacaq. Xatırladaq ki, hələlik rəsmi Tehran BMT Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsinin dayandırılması haqda tələbini yerinə yetirməkdən imtina edir. 

Dünyanın taleyi baxımından daha bir önəmli məsələ Obamanın Rusiyaya münasibətdə hansı siyasətə üstünlük verəcəyidir. Çox güman ki, demokratların administrasiyası "demokratiyadan uzaqlaşan" Rusiyanın ünvanına daha sərt tənqidlər səsləndirəcək, nəinki Buş administrasiyası. Amma bununla yanaşı, Obama ABŞ-ın Şərqi Avropada Raketəleyhinə Müdafiə Sisteminin elementlərinin yerləşdirilməsi məsələsində ziddiyyətləri aradan qaldırmağa çalışacaq və ola bilsin ki, Moskva ilə qlobal strateji təhlükəsizlik məsələsində əməkdaşlığı daha da genişləndirəcək.

Barak Obamanın yeridəcəyi siyasətdən danışarkən, onun Cənubi Qafqazla bağlı mövqeyinə xüsusi diqqət yetirilməlidir - bu region son bir neçə ay əzində ABŞ-la Rusiya arasındakı dialoqun qurulması yolunda əsas əngələ çevrilib. 

 

Uzaqvuran məqsədlər

Məlum olduğu kimi, Rusiya ilə Gürcüstan arasında avqustda yaşanmış 5 günlik müharibə Vaşinqton-Moskva münasibətlərini xeyli gərginləşdirib. Və belə görünür ki, yaxın illər ərzində Cənubi Qafqazdakı geosiyasətin kökündə məhz bu iki fövqəldövlətin qarşıdurması dayanacaq. Regiondakı vəziyyətin inkişaf tendensiyası elə xarakter alıb ki, Birləşmiş Ştatlarda hakimiyyətə mötədil administrasiyanın gəlməsi belə onun mahiyyətini dəyişə bilməyəcək. Axı bu qarşıdurmada "qalib" tərəf böyük geosiyasi əhəmiyyətə malik dəhlizə nəzarəti öz əlinə götürəcək.

Obamanın Gürcüstana dair siyasətinə gəldikdə, yeni ABŞ prezidentinin əsas məqsədi Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın nəzarəti altına qaytarmaqdan çox (Rusiyanın mövqeyi bunu, faktik olaraq, qeyri-mümkün edir), Rusiyanı Gürcüstanın taleyini həll etmək istəyindən vaz keçməyə razı salmaqdır. Şübhəsiz ki, Amerikanın yeni lideri Gürcüstanın mümkün qədər tez bir zamanda NATO-ya qəbuluna çalışacaq, amma bunun üçün, ilk növbədə, Avropa İttfaqı ilə razılığa gəlməlidir. Avropaya isə Tbilisinin gələcəkdə Köhnə qitə ilə Rusiyanı üz-üzə qoya biləcək "sürpriz"lər etməyəcəyinə dair zəmanət lazımdır. 

İstənilən halda, Obama Qərbin Gürcüstandakı nüfuzunu qoruyub-saxlamağa və artırmağa çalışacaq və bu, Rusiyanın Cənubi Qafqazdakı son uğurları fonunda Ağ ev üçün kompensasiya ola bilər. 

ABŞ-la Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsi zonasındakı qarşıdurmasının nə ilə nəticələnəcəyini də indidən söyləmək çətindir. Moskvanın mövqelərinin möhkəmlənməsi onun Dağlıq Qarabağ nizamlanmasındakı vasitəçilik missiyasının aktivləşməsinə səbəb olub. Və təbii ki, Vaşinqton təşəbbüsü öz əlinə almaq üçün əlindən gələni edəcək. Amma hazırda Birləşmiş Ştatların bununla bağlı imkanları çox məhduddur. 

Son 10 il ərzində Azərbaycan ABŞ-ın Cənubi Qafqazdakı ən enerjili müttəfiqi kimi çıxış edib və istər antiterror koalisiyasında, istərsə də Xəzərdəki neft-qaz layihələrinin reallaşdırılmasında bu ölkəyə lazımi dəstək verib. Amma bunun müqabilində Vaşinqton Qarabağ məsələsində Azərbaycanın maraqlarının qorunması üçün heç bir addım atmayıb. 

Bu gün Azərbaycan regionda lider dövlətdir və beynəlxaq aləmdə də özünün siyasi və iqtisadi maraqlarını güdməyi bacarır. Şübhəsiz ki, Bakı özünün çoxvektorlu xarici siyasət kursuna sadiq qalacaq, amma Vaşinqton və Moskva kimi titanlarla danışıqlar zamanı rəsmi Bakı Azərbaycanın maraqlarının da nəzərə alınmasını tələb edəcək.  Və bu zaman Obamanın Azərbaycan ərazilərini işğal etmiş Ermənistana necə münasibət göstərəcəyindən çox şey asılıdır.

Ola bilsin ki, seçkiqabağı kampaniya zamanı "erməni soyqırımı"nın tanınmasını əsas "şərtlərdən" biri adlandıran B.Obama özünün Cənubi Qafqaz siyasətində əsas "stavkanı" məhz Ermənistana etsin. Belə olarsa, bir müddət sonra ABŞ öz seçiminin doğru olmadığını dərk edəcək (necə ki bu gün Rusiya dərk edir). Əgər Obamanın administrasiyası Ermənistanı Avroatlantik düşərgəyə cəlb etmək xatirinə, Türkiyə və Azərbaycanın maraqlarına zidd addımlar atarsa, onda bu, istər-istəməz Vaşinqtonun Ankara və Bakı ilə münasibətlərini pisləşdirəcək. ABŞ-ın Yaxın Şərq, xüsusilə də İraqdakı problemlərini nəzərə alsaq, Vaşinqtona Türkiyə ilə münasibətləri korlamaq əl vermir. Üstəlik, Vaşinqtonun Ermənistana dəstək verəcəyi təqdirdə, bu, Türkiyə ilə Rusiya arasında artıq açıq sezilməyə başlamış strateji yaxınlaşmanı bir qədər də sürətləndirə bilər. 

Azərbaycanı itirmək isə Amerika üçün, faktik olaraq, özünün regiondakı bütün maraqlarının üstündən xətt çəkmək olardı.

Odur ki, yeni prezidentin yaxın ətrafındakı strateqlərin baş sındırmalı olduğu çox məsələ var.

Hər halda, unutmayaq ki, indiyədək ABŞ-da prezidentliyə namizədlərin əksəriyyəti erməniləri valeh edən vədlər səsləndirsə də, dövlət başçısı seçiləndən sonra erməni lobbisinin nazı ilə oynamaq yox, öz ölkəsinin geosiyasi maraqlarından çıxış etməyi məqsədəuyğun sayıb.

Prezidentliyi ərəfəsində Barak Obama amerikalıların gözündə, bir növ, xalqın taleyi üçün üzərinə düşən məsuliyyəti dərk edən dövlət lideri qismində görünür. Amma onun bu etimadı nə dərəcədə doğrulda biləcəyini zaman göstərəcək. İndidən aydın olan isə odur ki, yaxın illər həm Birləşmiş Ştatlar, həm də bütün dünya üçün asan keçməyəcək. 



MƏSLƏHƏT GÖR:

351